Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gələcəyimizin müdafiəsi

Gələcəyimizin müdafiəsi

09.02.2023 [10:36]

Valideyn himayəsindən məhrum olan uşaqlar üçün dövlət uşaq müəssisələrinin inkişaf tarixində Heydər Əliyev Fondunun rolu

Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətin himayəsi ilə dövlət uşaq müəssisələrində sosiallaşırlar. Bu, olduqca əhəmiyyətli bir prosesdir. Cəmiyyət və dövlətin həssas təbəqədən olan insanları himayə etmək, onların şəxsiyyət və vətəndaş kimi qazanılmasına yardımçı olmaq məqsədilə qurulan internat müəssisələrində ailə və valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə yararlı vətəndaşlar kimi yetişdirilməsinə təkan verir. Ölkəmizdə dövlət uşaq müəssisələri və burada təlim-tərbiyə alan, müxtəlif kateqoriyadan olan, həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqların sosial təminatı və rifahının yüksəldilməsi məqsədilə çox mühüm tədbirlər həyata keçirilmişdir. Bu səpkidə 2004-cü ildən fəaliyyətə başlamış, Heydər Əliyev Fondunun fəaliyyəti və təşəbbüslərini vurğulamaq çox vacibdir.

Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Heydər Əliyev Fondunun fəaliyyətində uşaqların müdafiəsi başlıca yer tutur. Cəmiyyət həyatında fəal mövqe tutan Heydər Əliyev Fondunun reallaşdırdığı ilk layihə, təsadüfi deyil ki, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” olmuşdur. Bu layihə ölkədəki uşaq evləri və internat məktəblərinin çoxunda mövcud vəziyyəti kökündən dəyişməyə, uşaqların sosial şəraitini yaxşılaşdırmağa, təlim-tərbiyənin səviyyəsini yüksəltməyə, ən başlıcası isə, ailə mühitinə yaxın olan şəraitdə böyümələrinə imkan yaratmışdır. “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində respublika üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar inşa edilmiş və kommunal şərait yaxşılaşdırılmışdır. Müəssisələrdə kitabxanalar yaradılmış, onlar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuş, əksər uşaq evləri və internat məktəblərində kompüter avadanlığı quraşdırılmış, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılmışdır.

Ötən dövrdə uşaqların müdafiəsi mexanizminin müəyyən edilməsi və yeni alternativ qayğı formalarının yaradılması sahəsində vacib irəliləyişlər əldə edilmişdir. Ailə qayğısından məhrum olan uşaqların problemlərinə diqqəti artırmaq məqsədi ilə 2005-ci ildə qurumun təşəbbüsü ilə Azərbaycan hökuməti, beynəlxalq və qeyri-hökumət təşkilatları, uşaq evləri və internat məktəbləri nümayəndələrinin iştirakı ilə “Uşaq evlərindən uşaqların ailələrə verilməsi və Azərbaycan Respublikasında alternativ qayğı” mövzusunda “dəyirmi masa” keçirilmiş, səmərəli diskussiyalar  aparılmışdır.

Bu baxımdan Azərbaycan Prezidentinin 2006-cı il 29 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)” qəbul edilməsi böyük əhəmiyyətə malikdir. Proqramın uğurla həyata keçirilməsinə Heydər Əliyev Fondu hərtərəfli dəstək vermişdir.

25 yanvar 2007-ci ildə Heydər Əliyev Fondu ilə ABŞ-ın “Uşaqların Xilası” (Save the Children) təşkilatı arasında Azərbaycanda uşaqlar üçün inkişafa doğru yönəlmiş səylərin birləşdirilməsini nəzərdə tutan Anlaşma memorandumu imzalanmışdır. Heydər Əliyev Fondu ilə imzalanmış Anlaşma memorandumu uşaqların fiziki və psixososial kömək vasitəsilə müdafiəsi, onlara zəruri qayğının göstərilməsi, təhsil almasının təmin edilməsi, sağlamlığı və keyfiyyətli qidalanması sahəsində birgə fəaliyyəti nəzərdə tuturdu.

Həmçinin Fondun dəstəyi ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binaları tikilir və istifadəyə verilir. Həmin binalarda kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar və internet zalları, camaşırxana var. Mənzillərin hamısı mebel, inventar və avadanlıqla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Binada fəaliyyət göstərən xidmət sahələrində də məzunların işlə təmin olunmasına dair işlər görülür.

Nümünə olaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Nizami rayonunda yaşayış binasının inşa olunmasını göstərmək olar. 50 mənzildən ibarət olan bina 100 nəfərin yaşayışı üçün nəzərdə tutulub. Bütün mənzillər müvafiq mebel və məişət avadanlığı ilə təmin olunub.

“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə təhsil ocağı tikilib istifadəyə verilmişdir. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” və “Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində 100-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. “Təhsilə dəstək” və “İnklüziv təhsil” proqramları, eləcə də “Məzun Evi Sosial” Müəssisəsini Fondun xidmətləri sırasında vurğulamaq olar.

Heydər Əliyev Fondu tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların müdafiəsi sahəsində həyata keçirilmiş layihələr, yeni məktəblərin inşası, körpələr evi, internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, uşaq hüquqların müdafiəsi sahəsində yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir.

Raidə Əmirbəyova,

Azərbaycan Universitetinin dissertantı, Ombudsman Aparatının əməkdaşı

Paylaş:
Baxılıb: 426 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31