Nazirlərin görüşü...
18.07.2026 [12:20]
2026-2027-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb
Azərbaycanın xarici siyasəti isə beynəlxalq hüquq prinsiplərinə əsaslanan, mehriban qonşuluq, qarşılıqlı hörmət və humanizm prinsiplərinə söykənən uğurlu bir xəttdir. Regionda sabitliyin təmin olunması, münaqişələrin dinc yolla həlli və humanitar siyasəti bu kursun əsasını təşkil edir. Ölkəmiz qonşu dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin qurulmasına böyük önəm verir. Bu baxımdan, Azərbaycan-Rusiya əlaqələri diqqət mərkəzindədir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri də bu baxımdan əhəmiyyətlidir.
Ceyhun Bayramovla Sergey Lavrov nədən danışıblar?
Qeyd edək ki, iyulun 17-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər Azərbaycan-Rusiya ikitərəfli gündəliyini, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Tərəflər iki ölkə arasında əldə olunmuş razılaşmaların icra vəziyyətini nəzərdən keçiriblər.
Müzakirələrdə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti və Azərbaycan-Rusiya Biznes Şurasının rolu da daxil olmaqla, iqtisadi və ticarət əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərinə diqqət yetirilib. Qeyd olunub ki, nəqliyyat əlaqələrinin və regional nəqliyyat layihələrinin inkişafı yalnız iştirakçı dövlətlərin deyil, bütövlükdə regionun iqtisadi dayanıqlığının möhkəmlənməsinə xidmət edir. Nazirlər, həmçinin, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin, multimodal daşımaların genişləndirilməsinin və logistika marşrutlarının səmərəliliyinin artırılmasının əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı humanitar sahədə əməkdaşlıq, mədəniyyət, təhsil, elm və idman sahələrində əlaqələrin inkişafı, insanlar arasında təmasların, akademik və gənclər mübadilələrinin təşviqi məsələləri də müzakirə olunub. Xəzər dənizində ekoloji vəziyyətə, o cümlədən su səviyyəsinin azalmasından irəli gələn çağırışlara diqqət çəkilib və bu istiqamətdə əməkdaşlığın vacibliyi vurğulanıb.
Nazirlər regional və beynəlxalq gündəmdə duran aktual məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Cənubi Qafqazdakı vəziyyətə toxunan Ceyhun Bayramov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşmış yeni reallıqlar beynəlxalq hüququn prinsiplərinə - dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına əsaslanır. Qeyd edilib ki, Azərbaycanın sülh gündəliyinə sadiqliyi, konstruktiv təşəbbüsləri və etimad quruculuğu istiqamətində atdığı addımlar normallaşma prosesinin irəliləməsinə mühüm töhfə verib.
Görüşdə Yaxın Şərqdəki vəziyyət, Rusiya-Ukrayna münaqişəsi və digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb. Sülh və sabitliyin təmin edilməsində diplomatik dialoqun, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi vurğulanıb.
Səfər çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Rusiyanın Xarici İşlər Nazirliyi arasında 2026-2027-ci illər üçün Məsləhətləşmələr Planı nazirlər tərəfindən imzalanıb.
C.Bayramov: Mürəkkəb mərhələni geridə qoymağa nail olmuşuq
Sonra xarici işlər nazirləri mətbuat konfransı keçiriblər. C.Bayramov bildirib ki, yaxın keçmişdə ikitərəfli münasibətlərimizdə müəyyən çətinliklərlə üzləşmişdik: “Bu məsələ bugünkü müzakirələr zamanı da qeyd olunub. Məmnunluq hissi ilə vurğulamaq istəyirəm ki, dövlətlərimiz həmin mürəkkəb mərhələni geridə qoymağa və Rusiya-Azərbaycan münasibətlərinin bütün spektrini tam şəkildə normallaşdırmağa nail olub. Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub. Münasibətlərin tam formatda bərpası məhz bu səylərin nəticəsində həyata keçirilib”.
Nazir qeyd edib ki, Azərbaycan və Rusiya çoxəsrlik tarixi, mədəni və humanitar əlaqələrlə birləşən qonşu dövlətlərdir: “Ölkələrimiz arasında münasibətlər möhkəm xarakter daşıyır, xalqlarımız arasında sıx və dərin əlaqələr mövcuddur. Bu əlaqələr öz növbəsində dövlətlərarası münasibətlərin əsasını təşkil edir”.
C.Bayramov deyib ki, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar və yeni təhlükəsizlik formatı yaradıb. Onun sözlərinə görə, bu təhlükəsizlik formatı beynəlxalq hüququn aliliyinə əsaslanır: “Ermənistan və Azərbaycan arasında normallaşma prosesi çərçivəsində son dövrlərdə baş verən tarixi hadisələr, o cümlədən sülh sazişi layihəsinin paraflanması regionda davamlı sülhün, təhlükəsizliyin və rifahın təmin olunması üçün unikal imkan yaradır. Əminliklə demək olar ki, bu gün Ermənistan və Azərbaycan arasında faktiki olaraq sülh mövcuddur”.
Nazir vurğulayıb ki, Azərbaycan tərəfinin həyata keçirdiyi müsbət və sülhyönümlü təşəbbüslər, o cümlədən etimad quruculuğu tədbirləri Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin sürətlənməsinə və irəliləməsinə mühüm töhfə verib. O əlavə edib ki, sülh prosesində qalan məsələlərin həlli regionda uzunmüddətli sabitlik, təhlükəsizlik və rifah üçün zəruri şərait yaradacaq.
“3+3” formatı çərçivəsində növbəti görüşə ev sahibliyi etməyə hazırıq
“3+3” regional əməkdaşlıq platforması da görüşdə diqqət mərkəzində olub. Azərbaycanın XİN başçısı qeyd edib ki, Prezident İlham Əliyev bu təşəbbüsü ilk dəfə 2021-ci ildə irəli sürüb: “Qeyd etmək vacibdir ki, həmin dövrdə Cənubi Qafqazda vəziyyət və regional dinamika indiki ilə müqayisədə tamamilə fərqli idi. İndiki mərhələdə vəziyyət köklü şəkildə dəyişib. İndiyədək platforma çərçivəsində müvafiq olaraq Moskva, Tehran və İstanbulda üç iclas keçirilib. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bu format vacib regional əməkdaşlıq mexanizmidir. Məhz bu baxımdan, 2024-cü ildə keçirilən son görüşdən təxminən bir ay sonra Azərbaycan növbəti iclasın ölkəmizdə keçirilməsini təklif edib. Biz hesab edirik ki, bu platforma iştirakçı dövlətlər üçün qarşılıqlı maraq doğuran bütün məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Məhz belə bir yanaşma əsasında növbəti görüşün Azərbaycanda keçirilməsinə ev sahibliyi etməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”.
Onun sözlərinə görə, görüşdə Xəzər mövzusu çərçivəsində məsələlərin bütün spektri də müzakirə edilib. Belə ki, Xəzər dənizinin səviyyəsinin azalması probleminə xüsusi diqqət çəkilib. Qeyd olunub ki, bu problemin həlli üçün bütün Xəzəryanı dövlətlərin səylərinin birləşdirilməsi, birgə elmi tədqiqatların aparılması və kompleks praktiki tədbirlərin həyata keçirilməsi zəruridir.
Bununla yanaşı, Azərbaycan ilk gündən Şimal-Cənub marşrutunun razılaşdırılması və inkişaf etdirilməsi prosesində ən fəal iştirak edən tərəflərdən biri olub. Nazir bildirib ki, regional ölkələr arasında nəqliyyat və logistika bağlantılarının gücləndirilməsi böyük əhəmiyyət kəsb edir: “İki böyük qonşumuzun Azərbaycan ərazisi vasitəsilə birləşdiyi Şimal-Cənub layihəsi ölkəmiz üçün mühüm və prioritet istiqamətlərdən biridir. Bu kontekstdə bir neçə il əvvəl Rusiya Federasiyası ilə ikitərəfli əsasda Azərbaycan hissəsinə dair konkret məsələlər razılaşdırılıb. Mən deyə bilərəm ki, həmin razılaşmalar vaxtında və plan üzrə icra olunur. Hazırkı mərhələdə Şimal-Cənub marşrutunun Azərbaycan istiqaməti ilə dəmir yolu vasitəsilə daşınan yüklərin həcminin 2028-ci ildə 5 milyon tona çatdırılması nəzərdə tutulur. Bu istiqamətdə hər hansı problem mövcud deyil”.
Görüşdə Rusiya və Ukrayna arasında davam edən silahlı münaqişə ilə bağlı Azərbaycanın narahatlığı da ifadə olunub. C.Bayramov deyib ki, bu münaqişə daha geniş regionda sabitliyə ciddi mənfi təsir göstərməkdə davam edir: “Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini ardıcıl şəkildə təsdiqləyir, gərginliyin azaldılmasına və münaqişənin sülh yolu ilə həllinə çağırır”. Onun sözlərinə görə, regional və beynəlxalq məsələlər kontekstində Yaxın Şərqdəki vəziyyət də müzakirə edilib: “Davam edən qeyri-sabitlik şəraitində diplomatik əməkdaşlıq, dialoq və beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunması gərginliyin daha da artmasının qarşısını ala, humanitar vəziyyətin pisləşməsini önləyə və regional, hətta daha geniş əməkdaşlıq üçün minimal şərait yarada biləcək əsas vasitələr kimi gündəlikdədir”.
Lavrov: Rusiya tərəflərə dəstək verməyə hazırdır
Sergey Lavrov isə deyib ki, Rusiya ilə Azərbaycan arasında hökumətlərarası əlaqələr, ilk növbədə ölkələrin Baş nazirlərinin rəhbərlik etdiyi Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq inkişaf edir, eləcə də parlamentlərarası dialoq fəallaşıb. Onun sözlərinə görə, iki ölkə arasında bütün səviyyələrdə xarici siyasət xətti üzrə də intensiv dialoq davam edir. İkitərəfli görüşdə müzakirə edilən əsas mövzulardan birinin ticarət-iqtisadi əməkdaşlıq olduğunu deyən Lavorov bu sahədə artım dinamikasını xüsusi qeyd edib: “Tərəflərin qarşılıqlı ticarət dövriyyəsinin daha da artırılmasında qarşılıqlı maraqlı olduğu təsdiqləndi. Ötən il ikitərəfli ticarətin həcmi təxminən 5 milyard dollara çatıb. Rusiya Azərbaycanın əsas ticari tərəfdaşlarından biri olaraq qalır və ticarət dövriyyəsinin, eləcə də birbaşa investisiyaların artırılması üçün əhəmiyyətli potensial mövcuddur”.
Rusiyanın XİN başçısı deyib ki, Rusiyanın Azərbaycana yatırdığı investisiyaların həcmi təxminən 11 milyard dollar təşkil edir. O vurğulayıb ki, görüşdə mədəni-humanitar və təhsil sahələrində tamformatlı əməkdaşlığın bərpası məsələlərinə xüsusi diqqət yetirilib. “Regional və beynəlxalq gündəmdə duran aktual məsələləri ətraflı müzakirə etdik. Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin təmin edilməsində qarşılıqlı əməkdaşlığımızın vacibliyini xüsusi vurğuladıq”, - deyə Rusiya XİN başçısı əlavə edib.
S.Lavrov diqqətə çatdırıb ki, Rusiya Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, eləcə də humanitar məsələlərin həllinə dəstək verməyə hazırdır: “Əvvəlki kimi, həm Bakıya, həm də İrəvana nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması, humanitar məsələlərin həlli istiqamətində kömək göstərməyə hazırıq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55

