Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfəri zamanı Vyetnam Xəbər Agentliyinə geniş müsahibə vermişdir. Dövlət başçısı müsahibəsində iki ölkə arasındakı münasibətlərin zəngin tarixinə nəzər salmış, siyasi, iqtisadi və humanitar sahələrdə əldə olunan nailiyyətləri təhlil etmiş və gələcək əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşmüşdür.
Prezident İlham Əliyev təxminən yetmişillik tarixi olan Azərbaycan-Vyetnam dostluğunun köklərindən bəhs edərkən, bu münasibətlərin başlanğıc nöqtəsinin 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri olduğunu bildirmişdir. Dövlət başçısı iki böyük liderin əsasını qoyduğu bu dostluğun 1983-cü ildə yeni bir mərhələyə qədəm qoyduğunu vurğulamışdır. Həmin vaxt Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin rəhbərliyi ilə sovet nümayəndə heyəti Vyetnama səfər etmiş, Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə səfərin müddəti səkkiz günə qədər uzadılaraq ölkənin əsas regionlarını əhatə etmişdir. Həmin səfər çərçivəsində imzalanan razılaşmalar Vyetnam iqtisadiyyatının dirçəlişinə güclü təkan vermiş və uzunmüddətli əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirmişdir.
Zamanın sınaqlarından çıxmış bu dostluğa əsaslanan ikitərəfli əlaqələr müasir dövrdə də yüksələn xətlə inkişaf etməkdədir. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri və 2015-ci ilin mayında Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfəri qarşılıqlı faydalı tərəfdaşlığın genişlənməsinə xidmət etmişdir. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə dövlətlərarası münasibətlərdə yeni bir fəsil açmışdır. Energetika, investisiya, müdafiə və kibertəhlükəsizlik kimi geniş sahələri əhatə edən konstruktiv danışıqların məntiqi nəticəsi olaraq, münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıran Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul edilmişdir.
Ali səviyyəli siyasi təmaslarla yanaşı, hökumətlərarası komissiyalar, müvafiq qurumlar, parlamentlərarası dostluq qrupları, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında səmərəli dialoq aparılır. İkitərəfli müstəvidəki bu fəallıq BMT, Qoşulmama Hərəkatı və AQEM kimi nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində də bərabərhüquqluluq və qarşılıqlı maraqlar əsasında sıx qarşılıqlı fəaliyyətlə tamamlanır.
Müsahibədə iqtisadi-ticari əlaqələrin inkişaf dinamikasına da geniş yer verilmişdir. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dolları ötsə də, mövcud potensial bu rəqəmi dəfələrlə artırmağa imkan verir. Tarixən tərəfdaşlığın təməlini təşkil edən neft sektorunda SOCAR ilə “PetroVietnam” arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu yataqların kəşfiyyatı, işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində yeni üfüqlər açır. Bununla yanaşı, 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Vyetnamın “ROX Group” şirkəti ilə tikinti, infrastruktur, Günəş və külək enerjisi layihələri üzrə müvafiq sənədlər imzalanmışdır. Nəqliyyat-logistika sahəsində də əhəmiyyətli irəliləyiş qeydə alınmış, 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımaların həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu keçmişdir. Vyetnamdan Avropaya və əks istiqamətdə yükdaşımalarda Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin imkanlarından istifadə edilməsi hər iki ölkəyə əlavə iqtisadi dividendlər qazandıracaqdır.
Humanitar əməkdaşlıq xalqlarımızı birləşdirən ən möhkəm körpülərdən biridir. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri çərçivəsində ölkə rəhbərləri, yaradıcı ziyalılar və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilmiş, Ha Giang əyalətində ibtidai məktəbin inşası kimi infrastruktur layihələri ilə yanaşı, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilmişdir. Sovet dövründə Azərbaycanda təhsil almış 5 minə yaxın vyetnamlı mütəxəssisin qoyduğu ənənə bu gün ali məktəblər arasındakı tərəfdaşlıq müqavilələri və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış təhsil qrant proqramları vasitəsilə davam etdirilir.
2025-ci ildə Baş katib To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində görkəmli dövlət xadimi Ho Şi Minin anadan olmasının 135-ci ildönümü münasibətilə Memorial otağın açılışı iki xalqın uzunmüddətli dostluğunun rəmzinə çevrilmişdir. Mədəni əlaqələr də öz növbəsində zənginləşməkdədir. 2026-cı ildə dördüncü dəfə təşkil olunan Vyetnam Günləri ilk dəfə olaraq təkcə Bakını deyil, Qəbələ şəhərini də əhatə etmişdir. Vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşri, eləcə də vaxtilə bəstəkar Qara Qarayevin “Vyetnam süitası” və Vyetnam milli kino məktəbinin formalaşmasında böyük rolu olmuş rejissor Əjdər İbrahimovun yaradıcılıq irsi bu bağları daha da möhkəmləndirir. Əjdər İbrahimovun “Vyetnamda gördüklərim” kitabının Vyetnam dilinə tərcümə edilərək 2026-cı ildə Hanoyda təqdimatının keçirilməsi bu mədəni varisliyin bariz nümunəsidir. Dostluq münasibətləri çətin günlərdə də özünü büruzə vermiş, Azərbaycan 2024-cü ildə “Yaqi” fırtınasının, 2025-ci ildə isə irimiqyaslı daşqınların fəsadlarının aradan qaldırılması üçün Vyetnama maliyyə yardımı göstərmişdir.
Müsahibənin sonunda Prezident İlham Əliyev Vyetnama səfərinin qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində mühüm mərhələ olacağına əminliyini ifadə etmişdir. Dövlət başçısı Cənub-Şərqi Asiyada dinamik inkişaf edən Vyetnam ilə Cənubi Qafqazın əsas logistika və energetika mərkəzi olan Azərbaycanın səylərini birləşdirməsinin yeni bazarlara çıxış, biznes və investisiya imkanlarının genişləndirilməsi baxımından böyük quruculuq potensialına malik olduğunu diqqətə çatdırmışdır.