Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərə söykənən dostluq ənənələri, qarşılıqlı hörmət və etimad prinsipləri əsasında inkişaf edir. Tarixi əlaqələrin qorunması, siyasi dialoqun genişləndirilməsi və iqtisadi-humanitar əməkdaşlığın gücləndirilməsi iki ölkənin münasibətlərində mühüm yer tutur. Cənab Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan–Vyetnam əlaqələrinin mövcud vəziyyətini, tarixi əsaslarını və gələcək inkişaf perspektivlərini əhatə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan–Vyetnam münasibətlərinin möhkəm tarixi təməlləri vardır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri xalqlarımız arasında dostluğun inkişafında mühüm hadisə olmuşdur. 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri ikitərəfli əməkdaşlığa yeni təkan vermişdir. Bu tarixi əlaqələr sonrakı illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlər və siyasi dialoq vasitəsilə daha da möhkəmlənmişdir.
Müsahibədə xüsusi diqqət yetirilən məsələlərdən biri strateji tərəfdaşlığın inkişafıdır. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Ölkə Başçısının vurğuladığı kimi, bu sənəd əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənəd oldu. Siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı fəaliyyətin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından Birgə Bəyannamə mühüm əhəmiyyət kəsb edir.
2014-cü ildə Cənab Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri, eləcə də 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri münasibətlərin inkişafına mühüm töhfə vermişdir. Bu təmaslar çərçivəsində energetika, investisiya, müdafiə və kibertəhlükəsizlik daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilmişdir.
İqtisadi-ticari əlaqələrin genişləndirilməsi də müsahibənin əsas istiqamətlərindən olmuşdur. 2025-ci ilin yekunlarına əsasən, Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla yanaşı, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində yaratdığı imkanlar Vyetnamla iqtisadi əlaqələrin inkişafı üçün yeni perspektivlər açır.
Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda qarşılıqlı təmaslar dövlətlərarası münasibətlərin inkişafına xidmət edir. Eyni zamanda, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələrin mövcudluğu siyasi əməkdaşlığın partiyalararası müstəvidə də davam etdiyini göstərir.
Müsahibədə humanitar əməkdaşlığa xüsusi yer ayrılmışdır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır. Bu əlaqələr təhsil, mədəniyyət, incəsənət və xeyriyyəçilik sahələrində həyata keçirilən təşəbbüslərlə daha da möhkəmlənir. Heydər Əliyev Fondunun Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək göstərməsi, Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri çərçivəsində keçirdiyi görüşlər humanitar əlaqələrin inkişafına verilən töhfələrdəndir.
Xalqlarımız arasında mədəni dialoq onilliklərdir davam edir. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Vyetnam süitası” əsəri, tanınmış rejissor Əjdər İbrahimovun Vyetnamda fəaliyyəti bu əlaqələrin tarixi nümunələridir. Bu gün də mədəni mübadilə ənənələri davam etdirilir. 2026-cı ildə dördüncü Vyetnam festivalının Bakı və Qəbələ şəhərlərində keçirilməsi, vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” adlı şeirlər toplusunun Azərbaycanda nəşri xalqlarımızın mədəni yaxınlaşmasına xidmət edir. Əjdər İbrahimovun “Vyetnamda gördüklərim” kitabının vyetnam dilinə tərcümə edilərək Hanoyda təqdim olunması da bu baxımdan əlamətdar hadisədir.
Humanitar münasibətlərin mühüm göstəricilərindən biri də çətin anlarda qarşılıqlı dəstəkdir. Azərbaycanın 2024-cü ildə “Yagi” tayfununun, 2025-ci ildə isə Vyetnamda baş vermiş daşqınların nəticələrinin aradan qaldırılması üçün maliyyə yardımı göstərməsi iki ölkə arasında dostluq və həmrəylik münasibətlərinin əməli ifadəsidir.
Ümumilikdə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin tarixi əsaslarını, mövcud inkişaf dinamikasını və gələcək əməkdaşlıq imkanlarını əks etdirir. Müsahibədə diqqətə çatdırılan fikirlər göstərir ki, strateji tərəfdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, humanitar və mədəni əməkdaşlığın inkişafı iki ölkənin qarşılıqlı münasibətlərində əsas prioritetlərdəndir. Tarixi dostluq ənənələrinə söykənən bu əlaqələrin yeni təşəbbüslərlə zənginləşdirilməsi Azərbaycan və Vyetnam xalqları arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri