BMT-nin Baş katibi Antonio Quterreş bazar günü COP31 iqlim danışıqlarının iflasından dərin məyusluq ifadə edərək qazıntı yanacaqları, iqlim maliyyəsi və həssas ölkələrə dəstək məsələlərində daha güclü tədbirlərin görülməsinə çağırıb.
AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, Barbadosda keçirilən süni intellekt təhlükəsizliyi üzrə sammitdən əvvəl jurnalistlərin suallarını cavablandıran Baş katib Türkiyənin Antalya şəhərində keçirilən konfransın ümumi razılaşma olmadan başa çatmasından sonra hökumətlərin iqlim böhranının təcililiyini aradan qaldıra bilmədiyini deyib. O əlavə edib: “İqlim böhranının sürətləndiyi vaxtda hökumətlər bu problemin tələb etdiyi ambisiya səviyyəsinə yüksələ bilmədi”.
Quterreş qeyd edib ki, problemə az töhfə verməsinə baxmayaraq, Barbados və inkişaf etməkdə olan digər kiçik ada dövlətləri qlobal istiləşmədən daha çox ziyan çəkir.
Baş katib dünyanın beynəlxalq səviyyədə razılaşdırılmış 1,5°C istiləşmə limitini aşmaq üzrə olduğu barədə xəbərdarlıq edib, kömür, neft və qazdan sürətə uzaqlaşmaq çağırışını təkrarlayıb: “Kömür, neft və qazdan davamlı asılılıq iqlim xaosunu artırır. Bu atəşə yanacaq tökməklə yanğını söndürə bilmərik”.
O, bərpaolunan mənbələrin ölkələrə daha böyük enerji təhlükəsizliyi, aşağı xərclər və dayanıqlı iqtisadiyyatlar üçün yol təqdim etdiyini iddia edərək, əsas emissiya edənləri tullantıları azaltmaq üçün səylərə rəhbərlik etməyə və inkişaf etmiş ölkələri iqlim maliyyələşdirməsi öhdəliklərini yerinə yetirməyə çağırıb. “Bu böhrana səbəb olan ölkələr onun ən pis nəticələri ilə təkbaşına üzləşməli deyil”, - deyə o bildirib.