Tarixi Zəfərin və Böyük Qayıdışın təntənəsi

Tarixi Zəfərin və Böyük Qayıdışın təntənəsi

Səyyad Mirzəyev

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq əlamətdar günlərdən biri də 25 Noyabr – Kəlbəcər Şəhəri Günüdür. Bu tarix xalqımızın uzun illər həsrətində olduğu doğma torpaqlarına qovuşmasının, milli iradəsinin, dövlətimizin siyasi və hərbi qüdrətinin təcəssümüdür. Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi hadisə olmaqla yanaşı, xalqımızın ədalətə və tarixi torpaqlarına bağlılığının təntənəsidir.1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonu uzun illər ağır dağıntılara, talanlara və məcburi köçkünlük faciəsinə məruz qaldı. Doğma yurdlarından didərgin düşmüş kəlbəcərlilər illərlə öz evlərinə qayıtmaq arzusu ilə yaşadılar. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bu hadisə dövlətimizin qətiyyətli siyasətinin və Azərbaycan Ordusunun gücünün növbəti təsdiqi oldu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi tarixi reallığa çevrildi. Kəlbəcərin azad olunması bu böyük Zəfər salnaməsinin mühüm səhifələrindən biridir. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri, burada aparılan bərpa və quruculuq işləri bölgənin gələcək inkişafına xüsusi diqqət yetirildiyini göstərir.Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Müasir infrastrukturun yaradılması, yolların çəkilməsi, elektrik enerjisi və digər kommunal təminat sistemlərinin qurulması, sosial obyektlərin inşası bölgənin iqtisadi və sosial potensialının inkişafına xidmət edir.Eyni zamanda, tarixi və mədəni irsin qorunması, təbii sərvətlərin səmərəli istifadəsi Kəlbəcərin gələcək inkişafında mühüm əhəmiyyət daşıyır.Kəlbəcərin azadlığı həm də milli yaddaşımızın, tarixi kimliyimizin və mənəvi dəyərlərimizin bərpasıdır. Bu torpaq Azərbaycanın zəngin təbiəti, qədim tarixi, mədəni irsi və mineral su ehtiyatları ilə seçilən nadir guşələrindəndir. İllər boyu işğalın ağır nəticələri ilə üzləşən Kəlbəcər bu gün yenidən qurulur, öz əvvəlki şöhrətinə qovuşur. Əminliklə demək olar ki, dövlətimizin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Kəlbəcər yaxın gələcəkdə Azərbaycanın ən inkişaf etmiş turizm, iqtisadiyyat və yaşayış mərkəzlərindən birinə çevriləcək.Kəlbəcərin dirçəlişi yalnız dağıdılmış şəhər və kəndlərin yenidən qurulması deyil, həm də uzun illər doğma torpaq həsrəti ilə yaşayan insanların öz yurdlarına qayıdışının təmin edilməsidir. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər bu məqsədə xidmət edir. Doğma yurdda yenidən həyatın canlanması, ailələrin öz evlərinə qayıtması və yeni sosial-iqtisadi imkanların yaradılması dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdəndir.

25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın qəhrəmanlıq tarixini, milli birliyini və sarsılmaz iradəsini nümayiş etdirən mühüm bayramdır. Bu əlamətdar tarix bizə bir daha xatırladır ki, Azərbaycan xalqı öz torpaqlarının azadlığı uğrunda mübarizədən heç vaxt geri çəkilməyib və dövlətimizin gücü, xalqımızın birliyi sayəsində tarixi ədalət bərpa olunub. Bu gün Kəlbəcər azadlığın, dirçəlişin və gələcəyə inamın rəmzi kimi Azərbaycanın Zəfər tarixində öz layiqli yerini tutur.