İslam dünyası üçün gözəl nümunə

İslam dünyası üçün gözəl nümunə

 

Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də ICESCO-nun xoşməramlı səfiri seçilib

Tarixin bu günündə - 2006-cı il noyabrın 24-də Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İslam ölkələrinin təhsil, elm və mədəniyyət təşkilatı olan ICESCO-nun xoşməramlı səfiri seçilib. Mehriban xanım Əliyeva bu yüksək ada layiq görülən ilk qadın ictimai-siyasi xadimdir. O, ICESCO-nun xoşməramlı səfirləri proqramı çərçivəsində fəaliyyətini böyük uğurla davam etdirir.

Keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksələn qarşılıqlı münasibətlər

Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu ilə ICESCO arasında müxtəlif istiqamətləri əhatə edən sıx əməkdaşlıq əlaqələri qurulub. Mehriban xanım Əliyeva təşkilatın xoşməramlı səfiri adına müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi sahəsindəki fəaliyyətinə, təhsilin, elmin və mədəniyyətin inkişafına verdiyi davamlı töhfələrə və əlbəttə ki, sərhəd tanımayan xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb.

Azərbaycan 1991-ci ildən sıralarında 50-dən çox dövləti birləşdirən ICESCO-nun üzvüdür. Bu münasibətlər Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəlib. 

Bunun nəticəsidir ki, indiyədək təşkilatın bir sıra mühüm tədbirləri məhz Bakıda keçirilib. Bu sırada “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfransı (1-2 noyabr 2007-ci il), Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ICESCO-nun dəstəyi ilə baş tutan “Mədəniyyətlər?rası dialoqda qadınların rolu” mövzusunda forumu (10-11 iyun 2008-ci il), İslam ölkələrinin mədəniyyət və təhsil nazirlərinin konfranslarını, Dünya dini liderlərinin Bakı Sammitini (26-27 aprel 2010-cu il), Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarını və digərlərini xüsusilə qeyd edə bilərik. ICESCO üzrə Azərbaycan Milli Komissiyasının fəaliyyəti özünün geniş spektiri ilə fərqlənir. Hər bir azərbaycanlı üçün çox əziz şəhər olan Şuşa 2024-cü ildə zəngin İslam mədəniyyətinin qovuşduğu bir məkan kimi diqqət mərkəzində olub. 2023-cü il sentyabrın 25-i və 26-da Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürülüb. Konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri bu şərəfli ada layiq görülüb. 2024-cü ilin may ayında şəhərin Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin iştirakı tədbiri xüsusilə rövnəqləndirib. Festivalın iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alıblar.

İslam dünyasının yüksək mükafatı

Heydər Əliyev Fondu ilə İCESCO arasında genişlənən münasibətlər bütün İslam dünyası üçün gözəl nümunədir. Fondun xoş mərama, humanizm, həmrəylik prinsiplərinə əsaslanan fəaliyyəti İslam dünyasında böyük rəğbətlə qarşılanır. Ötən il Heydər Əliyev Fondunun adının “Həmdan-ICESCO” mükafatının qalibləri sırasında yer alması son dərəcə qürurvericidir.

Bəhs olunan mükafat İslam dünyası ölkələrində tədris müəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsi təşəbbüslərinə töhfələrə görə təqdim edilir. Yeddi ölkədən doqquz təhsil təşəbbüsü birincilik uğrunda mübarizə aparıb. Heydər Əliyev Fondunun qeyd olunan istiqamətlərdə fəaliyyəti həqiqətən çox geniş əhatə dairəsinə malikdir. Təşəbbüslər isə bir qayda olaraq Fondun prezidenti Mehriban xanım Əliyevadan gəlir. Onun təşəbbüsü ilə 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla icra olunur.

 Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi də özünün humanist mahiyyəti ilə diqqəti çəkir. Layihə çərçivəsində həm ölkə daxilində, həm də Azərbaycanın hüdudlarından kənarda, o cümlədən də Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Niderlandda bir sıra məktəblər yenidən qurulub.

Mübariz ABDULLAYEV