Tarixi dostluqdan strateji tərəfdaşlığa doğru

Tarixi dostluqdan strateji tərəfdaşlığa doğru

 

Azərbaycanın xarici siyasətində müxtəlif regionlarla qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan əlaqələrin inkişaf etdirilməsi mühüm istiqamətlərdən biridir. Bu baxımdan Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən dövlətlərindən olan Vyetnam ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan-Vyetnam əlaqələri zəngin tarixi ənənələrə, möhkəm dostluq təməllərinə və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə söykənir. Təxminən 70 illik tarixə malik olan bu münasibətlər ötən dövr ərzində siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə davamlı inkişaf yolu keçərək yeni mərhələyə qədəm qoyub.

Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyətini, əldə olunmuş nailiyyətləri və gələcək əməkdaşlıq perspektivlərini ətraflı şəkildə ortaya qoyur. Dövlət başçısı müsahibəsində Azərbaycan-Vyetnam dostluğunun tarixi əsaslarına toxunaraq, bu əlaqələrin formalaşmasında böyük şəxsiyyətlərin müstəsna rolunu xüsusi vurğulayıb. Prezident qeyd edib ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri münasibətlərimizin tarixində mühüm hadisə olub. 1983-cü ildə isə Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri ikitərəfli əlaqələrin inkişafına güclü təkan verib. Həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı, uzunmüddətli əməkdaşlığın əsasını formalaşdırıb.

Azərbaycan-Vyetnam münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd edilməlidir. Onun 1983-cü ildə Vyetnama səfəri iki xalq arasında dostluq əlaqələrinin möhkəmlənməsində mühüm mərhələ olmaqla yanaşı, ölkəmizin beynəlxalq əməkdaşlıq tarixində də əlamətdar hadisə kimi yadda qalıb. Prezident İlham Əliyev müsahibəsində bu tarixi məqamlara müraciət etməklə bugünkü münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu bir daha diqqətə çatdırıb. Beləliklə, keçmişdən gələn dostluq ənənələri müasir dövrdə yeni siyasi məzmun və praktiki əməkdaşlıq istiqamətləri ilə zənginləşdirilir.

Azərbaycan-Vyetnam əlaqələrinin yeni inkişaf mərhələsinə yüksəlməsində Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl xarici siyasət mühüm rol oynayır. Dövlət başçısının 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında Vyetnam Prezidenti Çıonq Tan Sanqın Azərbaycana səfəri münasibətlərin genişlənməsinə yeni imkanlar yaradıb. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə ikitərəfli əməkdaşlığın tarixində xüsusi əhəmiyyət kəsb edib. Həmin səfər çərçivəsində qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, yüksək səviyyəli siyasi dialoq bərabərlik və qarşılıqlı maraqlara hörmət prinsipləri əsasında davamlı şəkildə inkişaf edir. Bu əməkdaşlıq hökumətlərarası komissiya, parlamentlərarası dostluq qrupları, aidiyyəti dövlət qurumları və hər iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında da davam etdirilir. Eyni zamanda, BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi beynəlxalq platformalarda əməkdaşlıq əlaqələrin siyasi əhəmiyyətini daha da artırır.

İki ölkə arasında iqtisadi və ticarət əlaqələri də yüksələn xətt üzrə inkişaf edir. Prezident İlham Əliyev müsahibəsində 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötdüyünü diqqətə çatdırıb. Bununla belə, dövlət başçısı mövcud göstəricinin iqtisadi əlaqələrin real potensialını tam əks etdirmədiyini və qarşılıqlı ticarətin artırılması üçün geniş imkanların mövcud olduğunu vurğulayıb. Xüsusilə enerji sahəsində əməkdaşlıq ənənəvi tərəfdaşlıq istiqamətlərindən biridir. SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, mütəxəssislərin hazırlanması kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur. Bununla yanaşı, Vyetnam şirkətlərinin Azərbaycanda investisiya layihələrinə maraq göstərməsi iqtisadi tərəfdaşlığın daha da genişlənəcəyinə inam yaradır. ROX Group şirkətinin tikinti, infrastruktur, günəş və külək enerjisi sahələrində layihələrə maraq göstərməsi bu istiqamətdə mühüm nümunələrdəndir.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat-logistika infrastrukturu Vyetnamla iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Prezident İlham Əliyev müsahibəsində Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətinə xüsusi diqqət yetirib. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın tranzit imkanlarından istifadə etməklə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınmasını daha səmərəli təşkil etmək mümkündür. Diqqətəlayiq məqamlardan biri də 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit yükdaşımalarının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötməsidir. Bu göstərici nəqliyyat sahəsində əməkdaşlığın inkişaf perspektivlərini aydın nümayiş etdirir. Enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi imkanlarının daha səmərəli reallaşdırılmasına xidmət edə bilər.

Azərbaycan-Vyetnam münasibətlərində humanitar, təhsil və mədəni əlaqələr də xüsusi yer tutur. Prezident İlham Əliyev müsahibəsində bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək Fondun iki xalq arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələri diqqətə çatdırıb. Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, müxtəlif təhsil proqramlarına göstərilən dəstək bu fəaliyyətin mühüm nümunələridir. 2025-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri, keçirdiyi görüşlər və Hanoi Ticarət və Turizm Kollecinə göstərilən maliyyə yardımı humanitar əməkdaşlığın inkişafına yeni töhfə verib. Bu əlaqələrin tarixi kökləri də olduqca zəngindir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması xalqlarımız arasında formalaşmış möhkəm dostluğun bariz göstəricisidir. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirə otağının açılması da bu tarixi bağlılığın rəmzi ifadəsidir.

Mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişlənməsi də xalqlarımızın bir-birini daha yaxından tanımasına xidmət edir. Azərbaycanda mütəmadi olaraq Vyetnam Günlərinin keçirilməsi, 2026-cı ildə bu festivalın ilk dəfə Bakı ilə yanaşı Qəbələdə də təşkil olunması mədəni əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir. Vyetnam şairi May Van Phanın şeirlər toplusunun Azərbaycanda nəşr edilməsi, görkəmli bəstəkarımız Qara Qarayevin 1955-ci ildə yaratdığı “Vyetnam süitası” və kinorejissor Əjdər İbrahimovun Vyetnam kinosunun inkişafına verdiyi töhfələr bu əlaqələrin zənginliyini nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın 2024-cü ildə Yagi tayfunundan, 2025-ci ildə isə güclü daşqınlardan zərər çəkmiş Vyetnama maliyyə yardımı göstərməsi ölkəmizin humanizm və həmrəylik prinsiplərinə sadiqliyinin ifadəsidir.

Prezident İlham Əliyev müsahibəsinin sonunda qarşıdakı rəsmi Vyetnam səfərinə böyük ümidlərlə yanaşdığını bildirərək bu səfərin qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşməsində mühüm addım olacağına əminliyini ifadə edib. Dövlət başçısının vurğuladığı kimi, Vyetnam Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən ölkələrindən, Azərbaycan isə Cənubi Qafqazın mühüm nəqliyyat, logistika və enerji mərkəzlərindən biridir. Bu imkanların birləşdirilməsi yeni bazarlara çıxış, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı investisiyaların artırılması baxımından geniş perspektivlər açır.

Beləliklə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin bugünkü vəziyyətini və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm siyasi məzmunlu çıxışdır. Müsahibə bir daha göstərir ki, Azərbaycan öz xarici siyasətində ənənəvi dostluq münasibətlərinin qorunmasına, yeni tərəfdaşlıqların qurulmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Tarixi dostluğa, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan Azərbaycan-Vyetnam əlaqələri gələcəkdə də hər iki xalqın rifahına və dövlətlərimizin inkişafına xidmət edəcək.

 

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı