Kəlbəcərin yenidən dirçəliş dövrü

Kəlbəcərin yenidən dirçəliş dövrü

 

Azərbaycan xalqının yaddaşında elə günlər var ki, həmin tarixlər təkcə təqvimin bir səhifəsi deyil, milli qürurumuzun, sarsılmaz iradəmizin və dövlətçilik tariximizin parlaq rəmzidir. 25 noyabr 2020-ci il də məhz belə günlərdəndir. Həmin gün qədim və füsunkar Kəlbəcər rayonu uzun illər davam edən işğaldan azad edildi, doğma yurd həsrəti ilə yaşayan kəlbəcərlilərin qəlbində ümid və sevinc yenidən alovlandı.

Kəlbəcər Azərbaycanın zəngin təbiəti, tarixi-mədəni irsi, saf bulaqları, uca dağları və bənzərsiz yaylaqları ilə seçilən diyarıdır. 1993-cü il aprelin 2-də rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi xalqımıza ağır faciə yaşatdı. Dinc əhali doğma ev-eşiyindən didərgin salındı, yaşayış məntəqələri dağıdıldı, tarixi və dini abidələrimizə, təbiətə ciddi ziyan vuruldu. Kəlbəcərlilərin illərlə davam edən yurd həsrəti bütün Azərbaycanın ağrısına çevrildi. Lakin xalqımız doğma torpaqların bir gün mütləq azad ediləcəyinə inamını itirmədi.

Bu inamın möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun müstəsna əhəmiyyəti oldu. Müstəqil Azərbaycanın güclənməsi, milli birliyin möhkəmləndirilməsi, ordu quruculuğunun əsaslarının yaradılması və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi gələcək Qələbənin mühüm zəminini formalaşdırdı. Ulu Öndərin siyasi irsi bu gün də Azərbaycanın inkişafına və milli maraqlarının qorunmasına xidmət edir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz şücaət göstərərək torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Döyüş meydanında qazanılan uğurlar Azərbaycanın siyasi və diplomatik mövqeyini də gücləndirdi. Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat əsasında Kəlbəcərin Azərbaycana qaytarılması təmin edildi.

25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu, o cümlədən Kəlbəcər şəhəri və rayonun yaşayış məntəqələri Azərbaycanın nəzarətinə qaytarıldı. Bu tarixi hadisə xalqımızın yaddaşına qürur və sevinc günü kimi həkk olundu. Kəlbəcərin qaytarılması bir daha göstərdi ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir və milli maraqlarını qətiyyətlə müdafiə etməyə qadirdir. Düşmən torpaqlarımızı tərk etməyə məcbur oldu; illərlə davam edən işğalın səhifəsi bağlandı.

Kəlbəcərin azad olunmasında şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və Ali Baş Komandanın siyasi iradəsi həlledici rol oynadı. Bu Qələbənin arxasında Vətən sevgisi, sarsılmaz döyüş ruhu və Azərbaycan xalqının yenilməz iradəsi dayanır. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilir, qazilərimizin xidmətləri heç vaxt unudulmur.

İşğaldan azad edildikdən sonra Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Yol-nəqliyyat infrastrukturu yenilənir, enerji və kommunikasiya xətləri qurulur, yaşayış və sosial obyektlər inşa edilir. Dövlətimizin həyata keçirdiyi layihələr Kəlbəcərin iqtisadi potensialının üzə çıxarılmasına, turizmin inkişafına və Böyük Qayıdışın təmin edilməsinə xidmət edir. Doğma yurda qayıdan sakinlər üçün müasir yaşayış şəraitinin yaradılması bu siyasətin əsas istiqamətlərindəndir.

Kəlbəcərin dirçəlişi təkcə dağıdılmış binaların bərpası deyil. Bu, doğma torpağa qayıdan insanların həyatının yenidən qurulması, ailələrin öz ocaqlarına qovuşması, məktəblərin və mədəniyyət ocaqlarının fəaliyyətinin bərpası, milli-mənəvi dəyərlərimizin yaşadılması deməkdir. Kəlbəcər yaxın gələcəkdə Azərbaycanın ən abad və inkişaf edən bölgələrindən birinə çevriləcəkdir.

Bu gün Kəlbəcərin azadlığı Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və ordumuzun qəhrəmanlığının rəmzidir. 25 noyabr tarixi bizə bir daha xatırladır ki, Vətən torpağı müqəddəsdir, onun azadlığı uğrunda mübarizə aparmaq hər bir nəslin şərəf borcudur. Kəlbəcər yenidən Azərbaycanın qoynunda inkişaf edir və üçrəngli bayrağımız bu qədim diyarın səmasında qürurla dalğalanır.

Kəlbəcərin işğaldan azad olunması münasibətilə bütün xalqımızı, xüsusilə kəlbəcərliləri təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayıram! Bu Zəfəri bizə yaşadan Müzəffər Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna və bir yumruq kimi birləşən xalqımıza eşq olsun!

 

Qadir İbrahimov

Yeni Azərbaycan Partiyası
Culfa rayon təşkilatının sədri