Azərbaycanın xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini dünyanın müxtəlif regionlarında qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi təşkil edir. Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və ənənəvi dostluq münasibətlərinin yeni məzmunla zənginləşdirilməsi istiqamətində mühüm addımdır.
Azərbaycan ilə Vyetnam arasında münasibətlər dərin tarixi köklərə malikdir. Ötən əsrdə formalaşmış dostluq və əməkdaşlıq ənənələri bu gün müstəqil dövlətlər arasında strateji tərəfdaşlığın möhkəm əsasını təşkil edir. İki ölkənin siyasi rəhbərliyi tərəfindən münasibətlərin inkişafına göstərilən diqqət qarşılıqlı etimadın güclənməsinə və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər ikitərəfli münasibətlərin iqtisadi perspektivlərini aydın şəkildə ortaya qoydu. 2025-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi iqtisadi əlaqələrdə müsbət dinamikanın mövcudluğundan xəbər verir. Bununla belə, hər iki ölkənin iqtisadi potensialı mövcud göstəricilərin daha da yüksəldilməsinə imkan verir.
Energetika sahəsi Azərbaycan–Vyetnam əməkdaşlığının prioritet istiqamətlərindən biridir. Azərbaycanın neft sənayesində zəngin təcrübəsi və Vyetnamın enerji sektorunun inkişaf perspektivləri birgə fəaliyyət üçün əlverişli zəmin yaradır. SOCAR ilə “PetroVietnam” arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu bu sahədə münasibətlərin daha sistemli şəkildə inkişaf etdirilməsinə xidmət edir. Neft və qaz yataqlarının kəşfiyyatı, müasir texnologiyaların tətbiqi, texniki xidmətlərin göstərilməsi və ixtisaslı kadrların hazırlanması əməkdaşlığın əsas istiqamətləri sırasındadır.
İkitərəfli iqtisadi münasibətlərin şaxələndirilməsi baxımından Vyetnam şirkətlərinin Azərbaycanda həyata keçirilən investisiya layihələrinə marağı da diqqətəlayiqdir. “ROX Group” şirkətinin tikinti, infrastruktur və bərpaolunan enerji sahələrində əməkdaşlıq təşəbbüsləri ölkələr arasında biznes əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar açır. 2026-cı ilin sentyabrında Bakıda keçirilmiş İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanan sənədlər bu istiqamətdə atılan praktiki addımlardandır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu Vyetnamla əməkdaşlığın digər perspektivli istiqamətini müəyyənləşdirir. 2026-cı ilin ilk doqquz ayında tranzit daşımalarının həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artması bu sahədə mövcud imkanların göstəricisidir. Orta Dəhliz və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Vyetnam məhsullarının Avropa bazarlarına çıxarılması üçün əlavə logistika imkanları yarada bilər.
Vyetnam Prezidenti To Lamın Azərbaycanla münasibətlərə verdiyi yüksək qiymət iki ölkə arasında qarşılıqlı hörmətin və siyasi etimadın ifadəsidir. Vyetnamın milli müstəqillik mübarizəsi və sonrakı inkişaf mərhələlərində Azərbaycanın göstərdiyi dəstəyin bu gün də minnətdarlıqla xatırlanması xalqlarımız arasındakı dostluğun davamlı xarakter daşıdığını göstərir.
Azərbaycan–Vyetnam münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əməkdaşlığın gələcək inkişafı üçün mühüm siyasi və hüquqi zəmin formalaşdırıb. Qarşıdakı mərhələdə əsas məqsəd mövcud potensialın konkret iqtisadi layihələrə çevrilməsi, qarşılıqlı investisiyaların artırılması və yeni tərəfdaşlıq mexanizmlərinin yaradılmasıdır. Bu istiqamətdə görülən işlər hər iki ölkənin iqtisadi inkişafına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə töhfə verəcək.
Elvin Əliyev
YAP Babək rayon təşkilatı sədrinin müavini