“Citadel” qlobal maliyyə böhranı riskinə dair xəbərdarlıq edib

“Citadel” qlobal maliyyə böhranı riskinə dair xəbərdarlıq edib

“Citadel Securities” ticarət şirkəti ABŞ Federal Ehtiyat Sisteminin (FED) daha sərt pul siyasətinə yönəldiyi bir vaxtda iqtisadi artım perspektivlərinin zəiflədiyinə diqqət çəkərək mövcud bazar şəraitinin 2018-ci ilin sonlarında müşahidə olunan kəskin satış dalğası ərəfəsindəki vəziyyəti xatırlatdığı barədə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, şirkətin strateqləri FED-in getdikcə daha sərt mövqe tutduğu bir şəraitdə bazarlarda iqtisadi artım perspektivləri ilə bağlı narahatlıqların artdığını bildiriblər.

Şirkətin makrostrategiya üzrə rəhbəri Frenk Flayt hazırkı şəraitin 8 il əvvəlki dövrə bənzədiyini qeyd edib. Onun sözlərinə görə, həmin vaxt ABŞ iqtisadiyyatının güclü inkişafı iqtisadi perspektivlərin pisləşməsini gizlədirdi və bu vəziyyət zəiflik əlamətləri bazarın digər seqmentlərinə də yayılana qədər davam etmişdi.

F.Flаytın fikrincə, həmin dövrdə olduğu kimi, hazırda da ABŞ dolları möhkəmlənir, iqtisadi tsiklə həssas səhmlər isə ucuzlaşır. Pul siyasətini sərt saxlamaqda qərarlı olan FED-in mövqeyi istiqrazların gəlirliliyinin yüksək səviyyədə qalmasına da təsir göstərir.

O bildirib: “Hər iki dövrdə ABŞ iqtisadiyyatının digər ölkələrlə müqayisədə daha yaxşı nəticələr göstərməsi və daxili iqtisadi fəallığın güclü olması gələcək artım perspektivlərinin pisləşməsini kölgədə qoyurdu. Həmin dövrdə Çinlə ticarət müharibəsi, hazırda isə İranla müharibə bu vəziyyəti daha da ağırlaşdırıb. Son korreksiyanın iqtisadi perspektivlərdəki pisləşmənin böyük hissəsini artıq qiymətlərdə əks etdirdiyini düşünmək təbiidir. Lakin 2018-ci ilin təcrübəsi bu məsələdə nikbin olmağa əsas vermir”.

Qeyd edək ki, FED 2018-ci ildə də pul siyasətinin sərtləşdirilməsi mərhələsində idi. Həmin vaxt qurumun sədri Cerom Pauellin faiz dərəcələrinin neytral səviyyədən “çox uzaqda” olduğunu bildirməsi maliyyə bazarlarında ciddi narahatlıq yaratmışdı.

Həmin ilin dekabrında “S&P 500” indeksi sentyabr ayındakı zirvə göstəricisi ilə müqayisədə təxminən 20 faiz geriləmişdi. Bu satış dalğası investorlar Stenli Drakkenmiller və Kevin Uorşun FED-i pul siyasətinin sərtləşdirilməsinə fasilə verməyə çağırmasına səbəb olmuşdu.

Kevin Uorş may ayında Cerom Pauelli FED sədri vəzifəsində əvəz edib. “Citadel Securities” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə sabit gəlirli qiymətli kağızların satışı bölməsinin rəhbəri Nohşad Şah investorların səhmlərdəki zəifliyin pul siyasətinin yumşaldılmasına gətirib çıxaracağını düşünməməli olduqlarını bildirib.

Onun sözlərinə görə, 2018-ci ildən fərqli olaraq, hazırda baza inflyasiyası 3 faizdən yüksəkdir və FED-in 2 faizlik hədəf göstəricisini əhəmiyyətli dərəcədə üstələyir.