Bakı: sülh və təhlükəsizliyin intellektual və siyasi konsensus mərkəzi

Bakı: sülh və təhlükəsizliyin intellektual və siyasi konsensus mərkəzi

       

 

Bu gün yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın gücünün-qüdrətinin artması, ölkəmizin sülh tərəfdarı və sabitlik adası kimi tanınması dünya dövlətlərini bizimlə əməkdaşlıq etməyə sövq edir. Şərqlə Qərb arasında geostrateji məkanda yerləşən Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır.  Azərbaycan qlobal məsələlərin müzakirə edildiyi məkan olaraq beynəlxalq tədbirlərə ev sahibliyi edir və keçirilən tədbirlərin miqyası, müzakirə olunan mövzular bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun, malik olduğu imkanların yüksək səviyyədə olduğunu göstərir.

Hər hansı bir dövlətin beynəlxalq münasibətlərdə nüfuzu yalnız iqtisadi və hərbi potensialı ilə deyil, eyni zamanda fərqli maraqlara malik tərəfləri dialoq ətrafında birləşdirmək, ortaq gündəliyin formalaşmasına töhfə vermək bacarığı ilə də ölçülür.

Azərbaycanın son illərdə ev sahibliyi etdiyi tədbirlərə diqqət yetirdikdə coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən ölkəmizin Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rola malik olduğu aydın şəkildə görünür.

Həmin tədbirlər sırasında ənənəvi keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları da ölkəmizin mövqeyini dünyaya bir daha nümayiş etdirir və daha geniş mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa mühüm töhfələr verir.

Məhz Oktyabrın 27-də Bakıda öz işinə başlayan “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən 500-dən artıq nümayəndənin, dövlət və hökumət rəsmilərinin, din xadimlərinin, gənclərin, beynəlxalq və QHT təmsilçilərinin bir araya gəlməsi bunu əyani şəkildə təcəssüm etdirir. Bu forum Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi” çərçivəsində təşkil olunur. Bu il “Bakı Prosesi”nin 15-ci ildönümü qeyd olunur. Bu proses illər ərzində həm miqyasına, həm də iştirakçı auditoriyasının əhatə dairəsinə görə genişlənib.

Məhz, tarixi və konseptual təməl üzərində ucalan, "Bakı Prosesi"nin ən mühüm institusional platforması hesab olunan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda rəsmi açılışı bəşəriyyətin gələcək birgəyaşayış prinsiplərini müəyyən edən növbəti mühüm mərhələdir. “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusuna həsr olunmuş bu mötəbər toplantı sadəcə mədəniyyətlərin nümayişi deyil, qlobal sülhün təmin olunması üçün hüquqi, siyasi və humanitar çağırışların vahid koordinasiya müstəvisində birləşdirilməsidir.

Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki proqram xarakterli nitqi qlobal tərəfdaşlığın mövcud mənzərəsini və gələcəyə hədəflənən strateji addımları özündə ehtiva edən fundamental yol xəritəsidir. Dövlət başçısı öz çıxışında müasir beynəlxalq sistemin qarşısında duran aktual məsələlərə toxunaraq, beynəlxalq hüququn selektiv tətbiqinin yaratdığı fəsadları və tərəfdaşlıq münasibətlərində obyektivliyin qorunmasının vacibliyini diqqətə çatdırdı. Bu baxımdan, Forumun ilk dəfə təşkil olunduğu dövrdən bu günədək keçdiyi təkamül yolu Azərbaycanın müstəqil xarici siyasət kursunun və beynəlxalq hüququn sarsılmaz prinsiplərinə söykənən ədalətli nizam axtarışının real təntənəsidir.

Cənubi Qafqaz regionunda formalaşmış yeni geosiyasi reallıqlara və sülh prosesinə toxunaraq, Azərbaycanın hər zaman ədalətin və beynəlxalq hüququn tərəfində olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin öz imkanları daxilində tarixi ədaləti bərpa etməsini və Cənubi Qafqazda daimi sülh, sabitlik və əməkdaşlıq üçün fundamental baza yaratmasını qeyd etməsi beynəlxalq ictimaiyyətə ötürülən mühüm mesaj oldu. Dövlət başçısının bu qətiyyətli və konstruktiv tezisləri regionda dayanıqlı inkişafa yönəlmiş strateji hədəflərimizin təzahürüdür.

Bu gün beynəlxalq ictimaiyyəti narahat edən əsas məsələlərdən biri sivilizasiyaların dinc yanaşı yaşaması üçün universal hüquqi təminatların zəifləməsi, humanitar böhranların kökündə duran ən böyük amil isə dialoqun kəsilməsidir. Bakı Forum məhz dialoq kanallarını bərpa etmək və beynəlxalq institutların funksionallığını artırmaq üçün unikal intellektual poliqon rolunu oynadı. Tədbir çərçivəsində keçirilən panel müzakirələri göstərdi ki, müasir dövrdə təhlükəsizlik məslələri yalnız hərbi balansla ölçülmür, eyni zamanda mədəni təhlükəsizlik, media savadlılığı, dinlərarası harmoniya və gənc nəsillərin tolerantlıq ruhunda tərbiyəsini əhatə edir. Qlobal etimadsızlıq mühitini aradan qaldırmağın yeganə yolu isə fərqlilikləri təhdid deyil, zənginlik kimi qəbul etməkdir.

Prezident İlham Əliyev hər zaman çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin qorunmasına əsaslanan müstəqil xarici siyasət həyata keçirir və dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə mövqe sərgiləyir. Ölkə rəhbərinin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir.

Azərbaycan sadəcə coğrafi baxımdan deyil, həm də sivilizasiyaların, dinlərin və mədəniyyətlərin kəsişməsində yerləşən unikal bir məkandır. Multikulturalizm və tolerantlıq Azərbaycanda sonradan qəbul edilmiş subyektiv siyasi xətt deyil, xalqımızın minilliklərdən süzülüb gələn genetik kodu, həyat tərzidir. Şirvanşahlar və Səfəvilər dövlətinin böyük idarəçilik ənənələrindən gələn bu irs müasir mərhələdə Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyası ilə dövlət siyasətinin sarsılmaz sütununa çevrilmişdir.

Bu gün ölkəmizdə müxtəlif etnik qruplar və dinlərin nümayəndələri vahid dövlətçilik maraqları ətrafında sıx birləşiblər. Vətən müharibəsində və ondan sonra keçirilən lokal xarakterli antiterror tədbirlərində bütün xalqın bir yumruq kimi birləşməsi bu interkultural modelin ən bariz praktiki sübutudur. Bakıdan dünyaya yayılan sülh çağırışları bu zəngin etnomədəni mozaikaya və daxili sabitliyə əsaslanır. Daxilində sülh və qarşılıqlı hörməti təmin edə bilməyən bir dövlət qlobal dialoqa rəhbərlik edə bilməz. Azərbaycan məhz daxili monolit birliyi sayəsində bu missiyanı qürurla yerinə yetirir.

Forum zamanı Prezident İlham Əliyevin gələn il 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə sədrlik və ev sahibliyi edəcəyimizi vurğulayaraq, bunun siyasətimizə, dinimizə, ənənələrimizə və dəyərlərimizə olan münasibətin, hörmətin əlaməti olduğunu, 2028-ci ildəisə 50-dən çox ölkənin üzv olduğu Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcəyimizi bildirməsi ölkəmizə göstərilən beynəlxalq hörməti bir daha nümayiş etdirir.

Beləliklə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan diplomatiyasının və ümumilikdə dövlətçiliyinin növbəti parlaq uğuru oldu və Bakının sülh və təhlükəsizliyin qorunmasında intellektual və siyasi bir konsensus mərkəzi olduğunu dünyaya nümayiş etdirdi.

 

Vüqar İsayev,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri