Mingəçevir Dövlət Universitetinin tələbələrinin iştirakı və Mingəçevir Gənclər Evinin "Vətənpərvərlik klubu"nun təşkilatçılığı ilə xeyriyyə aksiyası keçirilib. Aksiyanın məqsədi kitab almağa imkanı olmayan uşaq və gənclərə dəstək olmaqdı. Gənclərin birgə səyi nəticəsində çox evlərdə olan lakin istifadə etmədikləri 200-dən artıq kitab toplanaraq imkansız ailələrdən olan uşaq və gənclərə təqdim edilib.
Burada orta məktəb kitabları, müxtəlif fənlərin sınaq testləri, ali məktəbə hazırlıq kitabları, xəritələr və atlaslar var. Aksiya müddətsiz davam edəcək. Mingəçevir Gənclər Evində "Vətənpərvərlik klubu"nun sədri Elçin Məhərrəmli bildirib ki, Azərbaycan gənci olaraq millətimiz, cəmiyyətimiz üçün xeyirli bir iş görməyi özümüzə borc bilib qarşımıza məqsəd qoymuşuq. Gənclərimizin heç bir vəsait ödəmədən, dərs vəsaitlərindən istifadəsi üçün bu aksiyanın keçirilməsini zəruri bildik. Heç bir ödəniş ödəmədən ehtiyacı olan hər kəs Mingəçevir Gənclər Evində sərgilənən bu kitablardan istifadə edə bilərlər. Elçin Məhərrəmli onu da deyib ki, təkcə Mingəçevirdə deyil Azərbaycanın hər bir bölgəsindən aksiyaya dəstək ola və yararlana bilərlər.