Ortaq tarix və dəyərlərimiz...

Ortaq tarix və dəyərlərimiz...

Bakıda Azərbaycan və İraq türkmanları arasında əlaqələrin inkişafı müzakirə olunub

Bakıda  Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) birgə təşkilatçılığı ilə “Azərbaycan və İraq türkmanları arasında ictimai əlaqələr: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın əsas xarici qonaqları sırasında İraqda yaşayan türkmanları təmsil edən elm və ictimaiyyət nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, eləcə də “Azərbaycan və İraq türkmanları arasında mədəni münasibətlər üzrə Koordinasiya Şurası”nın üzvləri yer alıblar.

Tədbirdə BMTMM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev müasir dövrdə Azərbaycan və İraq türkmanları arasında ictimai-mədəni əlaqələrin inkişaf mərhələlərindən bəhs edib. O, İraq türkmanlarının ortaq tarix, dil və mədəni bağlarına əsasən Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilməli olduğunu diqqətə çatdırıb.  F.Şəfiyev bildirib ki, Azərbaycan İraqın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməklə yanaşı, bu ölkədə yaşayan soydaşlarımızın vəziyyəti ilə də maraqlanır. Bu, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olan dövlətlərin suverenliyinə hörmət prinsipi ilə tam uzlaşır: “Son 20-30 il ərzində İraqda müxtəlif hadisələr, o cümlədən faciəli proseslər baş verib. Azərbaycan isə İraqın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu, ölkəmizin xarici siyasətinin əsas xətlərindən biridir. Bununla yanaşı, Yaxın Şərqdə və Cənubi Qafqazda, eləcə də digər coğrafiyalarda müxtəlif ölkələrdə yaşayan çoxsaylı soydaşlarımız var. Təbii ki, onların vəziyyəti ilə maraqlanmağımız və imkan daxilində onlara dəstək göstərməyə çalışmağımız normaldır”.

Mərkəzin İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, bu dəstək müxtəlif istiqamətləri əhatə edə bilər. Buraya təhsil proqramları, humanitar təşəbbüslər, eləcə də iqtisadi və siyasi dəstək daxildir. Əsas məqsəd İraqda yaşayan soydaşlarımızın hüquq və imkanlarının genişləndirilməsinə, onların cəmiyyətin həyatında fəal iştirakına töhfə verməkdir. “Siyasi dəstək heç bir halda hər hansı dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilməməlidir. Burada siyasi dəstək dedikdə hər hansı ölkənin daxili işlərinə müdaxilə nəzərdə tutulmur. Söhbət ondan gedir ki, biz İraqda yaşayan soydaşlarımızın həmin ölkənin qanunvericiliyi çərçivəsində bütün hüquqlarla təmin olunmasında maraqlıyıq. Onların hüquqlarının qorunması və cəmiyyət həyatında bərabər imkanlara malik olması bizim üçün vacibdir”, - deyə Fərid Şəfiyev bildirib.

“Koordinasiya Şurası”nın sədri, Bağdad Universitetinin professoru, səfir Mahmud Xəlil Cayırlı Azərbaycan və İraq türkmanları arasında ictimai əlaqələrin inkişafında ortaq dil amilinin əhəmiyyətinə, eləcə də İraqda türkman dilinin qarşılaşdığı problemlərə toxunub. Onun sözlərinə görə, Azərbaycan və İraq türkmanları arasında əlaqələrin dərin tarixi, dil və mədəni əsasları var: “Hər iki xalqı birləşdirən ortaq köklər, xüsusilə Oğuz irsi, dil və ləhcə yaxınlığı bu münasibətlərin inkişafı üçün mühüm zəmin yaradır. Bu bağlılığın qorunması və gələcək nəsillərə ötürülməsi, eləcə də mövcud əlaqələrin yeni əməkdaşlıq istiqamətləri üzrə genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.

Cayırlı qedy edib ki, Azərbaycan və İraq türkmanları arasındakı yaxınlığı, ilk növbədə, dil amili ilə izah etmək mümkündür. Hər iki xalqın dil və ləhcəsindəki oxşarlıqlar onların ortaq Oğuz köklərinə bağlılığını göstərir. “Biz Azərbaycanla birik. Ləhcəmiz, dilimiz yaxındır. Tarixi köklərimizə nəzər salsaq görərik ki, hər ikimiz Oğuz irsinə bağlıyıq. Azərbaycan xalqı ilə İraq türkmanlarını birləşdirən əsas amillərdən biri də məhz bu ortaq dil və ləhcədir”, - deyə professor qeyd edib.

ABİA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov isə İraq türkmanları ilə həyata keçirilən birgə təşəbbüslər, bu təşəbbüslərin nəticələri və gələcək fəaliyyət planları barədə ətraflı məlumat verib.

Tədbirin əsas spikeri qismində çıxış edən Azərbaycanın xarici işlər nazirinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov İraq türkmanlarının tarixi baxımdan Azərbaycan mədəniyyət coğrafiyasının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. O, İraq türkmanlarının Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Əfşarlar kimi tarixi dövlətlərin formalaşmasında mühüm rol oynayan tarixi-mədəni irsin daşıyıcıları olduğunu qeyd edib. Eyni zamanda, onların bu gün də Azərbaycan xalqının mədəni kimliyinin bir parçası və mənəvi qardaşı olaraq qaldığını diqqətə çatdıraraq, gələcəkdə Azərbaycan-İraq türkmanları münasibətlərinin də məhz bu ortaq tarixi və mədəni bağlılıq əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tematik mövzular üzrə davam etdirilən müzakirələrdə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Cavid Vəliyev Azərbaycan-İraq türkmanları münasibətlərində vətəndaş cəmiyyəti institutlarının rolundan bəhs edib.

Konfransın ikinci hissəsində İraqın Təl-Afər şəhərinin meri Xəlil Habiş “Azərbaycan və İraq türkmanları: ortaq tarix və taledən qardaşlaşmış şəhərlərədək”, AMEA Şərqşünaslıq İnstitutu direktorunun müavini Elnur Mustafayev “Milli kimlik, dil və tarixi varislik: qloballaşma və çağırışlar”, İraq Gənclər və İdman Nazirliyi baş direktorunun müavini Muhəmməd Macul Şəkur Əl-Bayati isə “Azərbaycan və İraq türkmanları arasında gənclər siyasəti və ictimai əməkdaşlıq imkanları” mövzularında çıxış ediblər. Bununla yanaşı, panellər çərçivəsində keçirilən müzakirələrdə İraq parlamentinin IV çağırış deputatı, Ninəva regionu Bələdiyyə Komitəsinin sədri Leylal Muhəmməd Əli Yunis, “İraq Türkman Cəbhəsi”nin bölgə sədri Qasim Muhəmməd əl-Bayati və digər iştirakçılar çıxış ediblər. Çıxışlar zamanı Azərbaycan ilə İraq türkmanları arasında münasibətlər müxtəlif aspektlərdən təhlil olunub, əməkdaşlığın genişləndirilməsi, ortaq təşəbbüslərin inkişafı və perspektivlərlə bağlı bir sıra təkliflər səsləndirilib.

Tədbir çərçivəsində bir neçə mühüm nəşr və rəqəmsal layihənin təqdimatı da keçirilib. Belə ki, “İraq türkman dilinin qrammatikası” kitabı İraq türkman dilinin akademik səviyyədə hazırlanmış ilk qrammatika əsəri kimi təqdim olunub. Azərbaycan və İraq türkman alimlərinin birgə iştirakı ilə Azərbaycan dilinin bazasında hazırlanaraq nəşr edilən kitab türkman dilinin elmi əsaslarla öyrənilməsi və tədrisi baxımından mühüm əhəmiyyət daşıyır.

“Türkman dili” tədris vəsaiti isə Azərbaycan və İraq türkman alimlərinin iştirakı ilə hazırlanmış, türkman dilində nəşr olunan ilk tədris vəsaiti kimi diqqət çəkib. İraq orta məktəblərinin I-IV sinif şagirdləri üçün nəzərdə tutulan vəsaitin əsas məqsədi türkman dilinin gənc nəsillərə öyrədilməsi və tədrisinin inkişafına töhfə verməkdir.

Tədbirdə, həmçinin “turkoman.org” və “turkomanheritage.org” portalları təqdim olunub. Bu platformalar son bir əsrdə türkman dili, ədəbiyyatı və tarixi ilə bağlı həm türkman, həm də digər dillərdə nəşr edilmiş kitabların və dövri mətbuat nümunələrinin rəqəmsallaşdırılması, qorunması, araşdırılması və gələcək nəsillərə ötürülməsi məqsədilə yaradılıb. Qeyd edək ki, hər üç layihə Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) dəstəyi ilə həyata keçirilib.

Nardar BAYRAMLI