Ədalətə aparan məsuliyyətli xidmət

Ədalətə aparan məsuliyyətli xidmət

 

22 noyabr - Ədliyyə işçilərinin peşə günüdür

Cəmiyyətin inkişafını yalnız qurulan binalar, həyata keçirilən iqtisadi layihələr və əldə olunan sosial nailiyyətlərlə ölçmək olmaz. Həm də insanların qanuna inamı, hüquqlarının qorunması, ədalətə çıxış imkanları bu inkişafın mühüm göstəricilərindəndir. Bütün bunların təmin olunmasında isə ədliyyə sisteminin üzərinə mühüm və məsuliyyətli vəzifələr düşür. Qanunun möhkəmləndirilməsi, hüquqi dövlət prinsiplərinin qorunması və vətəndaş məmnunluğunun təmin edilməsi naminə çalışan ədliyyə işçiləri noyabrın 22-də peşə bayramlarını qeyd edirlər.

Tarixin müəyyən etdiyi əlamətdar gün

Azərbaycan ədliyyəsinin zəngin tarixi 1918-ci il noyabrın 22-dən - Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ədliyyə Nazirliyinin Əsasnaməsini təsdiq etdiyi gündən başlayır. Bu tarix müasir dövlətçilik tariximizdə hüquqi idarəetmənin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Beləliklə, bir əsrdən artıq inkişaf yolu keçən Azərbaycan ədliyyəsi dövlətçilik ənənələrinin qorunmasında mühüm institutlardan birinə çevrilib.

İslahatlar və müasirləşən ədliyyə sistemi

Müstəqillik dövründə ölkədə aparılan hüquqi islahatlar ədliyyə sisteminin fəaliyyətinə də yeni məzmun qazandırıb. Xüsusilə, son illərdə idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın artırılması, hüquqi xidmətlərin əlçatanlığının genişləndirilməsi və vətəndaşların müraciətlərinə çevik münasibətin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Ədliyyə Nazirliyinin fəaliyyətində rəqəmsal transformasiya bu dəyişikliklərin əsas istiqamətlərindən biridir. Nazirliyin məlumatına görə, 40-dan çox rəqəmsal alət və həll, informasiya sistemi və portal yaradılıb. Yenilənmiş “Elektron icra” sistemi və istifadəyə verilən “Mobil icra” tətbiqi icra prosesinin daha şəffaf və operativ təşkilinə, vətəndaşların işlərinin gedişini elektron qaydada izləməsinə imkan yaradır. Bu yeniliklər insan amilindən asılılığı azaltmaqla yanaşı, dövlət xidmətlərinin keyfiyyətini də yüksəldir.

Vətəndaşa yaxın, əlçatan hüquqi xidmətlər

Ədliyyə sisteminin gündəlik həyatımıza təsiri yalnız məhkəmə və qanunvericiliklə məhdudlaşmır. Notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, hüquqi maarifləndirmə, məhkəmə qərarlarının icrası və digər xidmətlər insanların müxtəlif həyat mərhələlərində ehtiyac duyduğu mühüm mexanizmlərdir.

Bu sahələrdə elektron xidmətlərin genişləndirilməsi və prosedurların sadələşdirilməsi vətəndaşların vaxtına qənaət edir, bürokratik maneələri azaldır. Eyni zamanda, hüquqi məlumatların elektron resurslar vasitəsilə əlçatan olması insanların qanunvericiliklə tanışlığını və hüquqi biliklərini artırır. Əsas məqsəd isə hüququn yalnız kağız üzərində deyil, hər bir vətəndaşın gündəlik həyatında real təminat vasitəsinə çevrilməsidir.

Peşəkarlıq, məsuliyyət və gələcəyə baxış

Güclü ədliyyə sisteminin təməlində, ilk növbədə, savadlı, prinsipial və peşəkar kadrlar dayanır. Bu baxımdan gənc hüquqşünasların hazırlanması, kadr potensialının gücləndirilməsi, peşəkar inkişaf və etik davranış prinsiplərinin təşviqi xüsusi əhəmiyyət daşıyır. Ədliyyə Akademiyasının fəaliyyəti, qulluğa qəbul prosesinin təkmilləşdirilməsi və əməkdaşların bilik və bacarıqlarının artırılması bu istiqamətdə görülən işlərin mühüm hissəsidir.

Bu gün Azərbaycan ədliyyəsi qarşısında dayanan əsas vəzifə əldə olunan nəticələri qorumaqla yanaşı, müasir çağırışlara uyğun daha çevik, şəffaf və səmərəli sistem qurmaqdır. Rəqəmsallaşma, innovativ idarəetmə, hüquqi maarifləndirmə və insan hüquqlarının etibarlı müdafiəsi bu yolun əsas istiqamətləridir.

Yeganə BAYRAMOVA