Fransa Azərbaycana qarşı qərəzli mövqeyinə son qoymalıdır
Fransa Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkmir. Belə ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyində xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazir Nikola Forissye parlamentin iclasında deputatların suallarını cavablandırarkən Azərbaycana qarşı əsassız fikirlər səsləndirib. Xatırladaq ki, bugünlərdə Marseli təmsil edən senator Karlotti Fransa hökumətinin Qarabağdan “məcburi köçürülmüş sakinlərə göstərdiyi dəstək, eləcə də Bakıda saxlanılan erməni məhkumların taleyi ilə bağlı” sual verib.
Forissyenin əsassız iddiaları...
Senatorun sualına cavab olaraq, Forissye 14 yanvar 2026-cı ildə dörd erməni məhkumun vətəninə qaytarılmasını “alqışlayıb” və digər həbsdə olan erməni cinayətkarların azad edilməsinə “çağırıb”. O iddia edib ki, Qarabağda yaşamış ermənilər qayıtmaq istəyərsə, onlar bunu sərbəst və təhlükəsiz şəraitdə həyata keçirə bilməlidir.
Azərbaycanın Xarici İşlər Nazirliyi isə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin və xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazirinin ölkəmizə qarşı iddialarını tamamilə qəbuledilməz hesab edir. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Fransanın nümayiş etdirdiyi selektiv yanaşma, birtərəfli qiymətləndirmələri və siyasi motivli narrativlərə əsaslanmaqda davam etməsi regionda sülh gündəliyinin irəliləməsinə xidmət etmir. Onun sözlərinə görə, 2023-cü ilin sentyabr ayında Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri Ermənistan silahlı qüvvələrinin və onlara bağlı strukturların Azərbaycanın suveren ərazilərində qanunsuz hərbi mövcudluğuna və fəaliyyətinə son qoyulmasına, ölkənin konstitusiya quruluşunun bərpa edilməsinə, suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına yönəlmiş və BMT Nizamnaməsinin müvafiq müddəaları da daxil olmaqla, beynəlxalq hüquqa uyğun həyata keçirilib. Bu tədbirləri beynəlxalq hüququn pozulması kimi təqdim etmək cəhdləri, eyni zamanda, onilliklər ərzində davam etmiş işğalı, etnik təmizləməni və yüz minlərlə azərbaycanlının hüquqlarının sistematik şəkildə pozulmasını nəzərə almamaq qəbuledilməzdir.
XİN: Bu cəhdlər hüququn aliliyi prinsipi ilə uzlaşmır
Humanitar məsələlərə gəldikdə, A.Hacızadə deyib ki, Azərbaycan ölkədə məhkəmə araşdırmasına cəlb edilmiş və ya məhkum olunmuş şəxslərin “özbaşına həbs edilmiş” şəxslər kimi təqdim edilməsi cəhdlərini rədd edir: “Məsuliyyətə cəlb edilən şəxslər arasında müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə ittiham olunan və məhkum edilmiş şəxslər var. Onların işlərinə Azərbaycanın milli qanunvericiliyi və müvafiq beynəlxalq öhdəlikləri çərçivəsində baxılıb. Xarici tərəflərin ağır müharibə cinayətlərinə görə məhkum edilmiş şəxslərin azad edilməsini tələb etmək cəhdləri hüququn aliliyi prinsipi ilə uzlaşmır”.
XİN rəsmisi mədəni və dini irsin dağıdılması və ya qəsdən dəyişdirilməsi ilə bağlı iddiaları da rədd edib. A.Hacızadənin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin qorunması və bərpası ölkəmizin davamlı prioritetlərimiz sırasındadır. Eyni zamanda, Ermənistanın onilliklər boyu davam etmiş işğalı zamanı Azərbaycan xalqının mədəni və dini irsinə, o cümlədən məscidlərə, qəbiristanlıqlara və digər tarixi abidələrə qarşı törədilmiş genişmiqyaslı dağıntı və mənimsəmə hallarının diqqətdən kənarda saxlanılmaması vacibdir. “Ermənistandan və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində öz evlərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının, o cümlədən təhlükəsiz və ləyaqətli qayıdış hüququnun da eyni səviyyədə diqqətə alınmasının vacibliyini xatırladırıq. Humanitar məsələlərə selektiv yanaşma beynəlxalq hüquq və insan hüquqları ilə bağlı çağırışların etibarlılığını sarsıdır” - deyən A.Hacızadə əlavə edib ki, Fransa hökumətinin özünün insan hüquqları və idarəçilik sahəsindəki vəziyyəti ilə bağlı ciddi narahatlıqları aradan qaldırmaq əvəzinə, digər dövlətlərin daxili işlərinə qiymət vermək mövqeyindən çıxış etməsi də diqqət çəkir.
Paris daxili problemlərinin həllinə fikir verməlidir
XİN nümayəndəsi qeyd edib ki, Fransa hüquq-mühafizə orqanları tərəfindən nümayişçilərə, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərə qarşı həddindən artıq güc tətbiqi dəfələrlə ciddi narahatlıqlara səbəb olub: “Fransada tələbə etirazları zamanı ağır xəsarət alanların olması, habelə polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı çoxsaylı araşdırmaların başlanması bu narahatlıqları daha da artırır. Bundan əlavə, Fransa siyasi xadimləri, o cümlədən parlament üzvləri ilə bağlı davam edən məhkəmə prosesləri və korrupsiya araşdırmaları şəffaflıq, ictimai hesabatlılıq və dövlət institutlarının dürüstlüyü ilə bağlı əsaslı suallar doğurur. Fransa digər ölkələrə qarşı selektiv tənqid və siyasi motivli qiymətləndirmələrə yol vermək əvəzinə, ilk növbədə öz daxilindəki bu problemlərin həllinə diqqət yetirməlidir”.
A.Hacızadə Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırıb.
Qeyd edək ki, son vaxtlar Parisin anti-Azərbaycan ritorikasının intensivləşməsi sistemli xarakter alır. Sentyabr ayında Fransanın Xarici İşlər Nazirliyi Azərbaycanın məhkəmə sistemi ilə bağlı ittihamlar irəli sürüb, oktyabrda isə bu ölkənin xarici işlər naziri Jan-Noel Barro Fransanın dənizaşırı ərazilərində baş verən hadisələr kontekstində Bakıya qarşı yenidən əsassız iddialar səsləndirib. Noyabr ayındakı bəyanatlar da həmin siyasi xəttin davamıdır. Bütün bunlar ikitərəfli münasibətlərdə müəyyən müsbət siqnalların müşahidə olunmasına, o cümlədən sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüşünə baxmayaraq baş verir.
Fransanın Cənubi Qafqaza təsir imkanları məhdudlaşıb
Əslində, Parisin bu mövqeyinin səbəblərini daha geniş geosiyasi kontekstdə axtarmaq lazımdır. Qarabağ münaqişəsinə son qoyulması, ATƏT-in Minsk qrupunun ləğvi, Bakı ilə İrəvan arasında birbaşa dialoqa keçid Fransanın regional proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Belə şəraitdə Parisin tərəflərdən birini dəstəkləməklə Cənubi Qafqazda öz siyasi mövcudluğunu qoruyub saxlamaq cəhdi regional sabitliyin obyektiv maraqları ilə ziddiyyət təşkil edə bilər. Bütün bunlarla yanaşı, daxili siyasi amillərin təsirini də istisna etmək olmaz. Sosial-iqtisadi çətinliklər, kütləvi etirazlar və ictimai etimad böhranı fonunda Fransa rəhbərliyi beynəlxalq siyasətdə öz əhəmiyyətini nümayiş etdirməkdə maraqlıdır. Lakin daxili problemləri xarici siyasi fəallıq hesabına kompensasiya etmək cəhdlərinin Fransanın beynəlxalq nüfuzunu gücləndirəcəyi inandırıcı görünmür.
Nəzərə alaq ki, bu gün Azərbaycan Avropa dövlətləri ilə əməkdaşlığını ardıcıl şəkildə genişləndirir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və yeni beynəlxalq nəqliyyat marşrutlarının formalaşdırılmasında öz rolunu möhkəmləndirir. Belə bir şəraitdə Parisin qarşıdurma siyasəti Azərbaycanın imkanlarını məhdudlaşdırmaqdan daha çox Fransanın özünün Cənubi Qafqazdakı perspektivlərini daraldır. Fransa rəhbərliyi anlamalıdır ki, Cənubi Qafqaz artıq xarici aktorların həll olunmamış münaqişələrdən təsir vasitəsi kimi istifadə edərək siyasi gündəliyi müəyyənləşdirə bildikləri məkan deyil. Bu gün regionda suverenliyə, ərazi bütövlüyünün qarşılıqlı tanınmasına və birbaşa dövlətlərarası dialoqa əsaslanan prinsipial olaraq yeni münasibətlər modeli formalaşır. Əgər Fransa həqiqətən Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlıdırsa, ikili standartlar siyasətindən imtina etməlidir.
Nardar BAYRAMLI