Növbəti uğur!

Növbəti uğur!

Bəyannamənin BMT-nin rəsmi sənədi kimi yayılması itkin düşmüş şəxslər probleminin beynəlxalq səviyyədə diqqət mərkəzində saxlanılması baxımından önəmlidir

Ermənistan torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı çoxsaylı cinayətlər törədib. Azərbaycana qarşı hərbi təcavüz zamanı dinc insanlar kütləvi qətlə yetirilib, girov götürülüb, eləcə də yaşayış məntəqələri tamamilə dağıdılıb. Eyni zamanda, müharibə dövründə itkin düşmüş minlərlə azərbaycanlının taleyi bugünədək məlum deyil.

4 min nəfərdən çox itkin...

Ermənistanın Azərbaycana qarşı otuz ildən artıq davam edən hərbi təcavüzü nəticəsində uşaqlar, qadınlar və ahıllar da daxil olmaqla, 4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınıb. Vətən müharibəsində qazandığımız tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi isə itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb. Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyətini daha da genişləndirərək itkin düşmüş vətəndaşların yerinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların aşkar edilməsi məqsədilə intensiv tədbirlər həyata keçirir.

Eyni zamanda, bu istiqamətdə həqiqətlər beynəlxalq tribunalardan dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Ötən ay Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində keçirilən interaktiv dialoq zamanı bu mövzuya diqqət çəkmişdi. O bildirib ki, keçmiş münaqişə nəticəsində itkin düşmüş 4 mindən çox şəxsin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün münaqişədən sonrakı dövrdə əsas prioritetlərdən biri olaraq qalır. Keçmiş münaqişə ilə əlaqədar 4 mindən çox şəxs itkin düşmüş hesab olunur və onların arasında 288 qadın, 71 uşaq və 319 yaşlı şəxs var.

Beynəlxalq konfransda vacib müzakirələr aparılıb

Eyni zamanda, oktyabrın 7-dən 10-dək Bakıda bu mövzuya həsr olunmuş beynəlxalq konfrans keçirilib. Belə ki, “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda keçirilən  IV beynəlxalq konfransda vacib məsələlər müzakirə olunub. Konfransda vurğulandığı kimi, itkin düşmüş şəxslərin axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından bilavasitə asılıdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır. Tədbirdə, həmçinin vurğulanıb ki, əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə bu il oktyabrın 7-10-da Bakı Dialoqu çərçivəsində keçirilmiş “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfransın yekununda qəbul edilmiş Bəyannamə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi qismində yayılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin BMT-nin Baş katibinə ünvanladığı 27 oktyabr 2026-cı il tarixli məktuba əlavə edilmiş Bəyannamə A/81/462-S/2026/849 nömrəsi ilə Baş Assambleyanın 81-ci sessiyasının gündəliyinin müvafiq bəndləri üzrə və Təhlükəsizlik Şurasının sənədi kimi dövriyyəyə buraxılıb.

Bəyannamədə nələr deyilir?

Bəyannamədə silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, ailələrin yaxınları barədə məlumat almaq hüququnun təmin edilməsi, fərdi və kütləvi dəfn yerlərinə dair məlumatların mübadiləsi, insan qalıqlarının təhlükəsiz və elmi əsaslarla aşkar edilməsi, identifikasiyası və qaytarılması, habelə 

beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı mühüm müddəalar yer alıb. Sənəddə dövlətlər, beynəlxalq və qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsinin, müasir məhkəmə-ekspertiza metodlarının və yeni texnologiyaların tətbiqinin genişləndirilməsi təşviq edilir. Xüsusilə BMT və digər beynəlxalq təşkilatlar silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslər probleminin həllinə yönəlmiş xüsusi beynəlxalq mexanizmin yaradılmasına dəstək göstərməyə çağırılır.

Bəyannamədə Bakı Dialoqunun beynəlxalq təcrübə mübadiləsi, etimadın möhkəmləndirilməsi və ailələrin yaxınlarının taleyi barədə cavab almasına yönəlmiş praktiki əməkdaşlıq üçün getdikcə daha əhəmiyyətli platformaya çevrildiyi vurğulanır. Həmçinin ?onfransın təşkilinə və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində milli və beynəlxalq səylərin konstruktiv müzakirəsinə imkan yaradılmasına görə Azərbaycan Respublikasının Dövlət Komissiyasına minnətdarlıq ifadə olunur.

Bəyannamənin BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılması Azərbaycanın itkin düşmüş şəxslər probleminin beynəlxalq səviyyədə diqqət mərkəzində saxlanılması və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüslərinin davamı baxımından mühüm əhəmiyyət daşıyır.

Nardar BAYRAMLI