Qayıdışın yeni ünvanı: yaşıl meydan...

 

Bu dəfə Xankəndidə sakitliyi azarkeşlərin səsi pozdu

Bir vaxtlar səssizliyə qərq olmuş Xankəndi stadionunda bu dəfə futbol topunun səsi, azarkeşlərin alqışları və qələbə uğrunda mübarizənin həyəcanı eşidilirdi. Tribunlarda yerini alan insanlar yalnız iki komandanın qarşılaşmasını izləmək üçün deyil, həm də doğma şəhərin yeni həyatına şahidlik etmək üçün buraya toplaşmışdılar. Yaşıl meydanın hər qarışı sanki bir qayıdışın, yenidən başlanğıcın və gələcəyə uzanan yolun hekayəsini danışırdı.

Noyabrın 19-da Xankəndidə keçirilən “Xankəndi” - “Karvan-Yevlax” oyunu məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Şəhərin yenilənmiş stadionunda illər sonra futbol həyəcanı yenidən yaşanırdı. Noyabrın 7-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən stadionda baş tutan ilk rəsmi futbol qarşılaşması idman hadisəsindən daha artıq məna kəsb edirdi.

Xankəndiyə doğru uzanan yolun özü belə insanda fərqli hisslər oyadırdı. Bir zamanlar müharibənin, dağıntıların və ayrılığın adı ilə xatırlanan bu şəhərdə indi idmanın, rəqabətin, azarkeş coşğusunun səsi eşidilir. Stadionun qapısından içəri daxil olanda isə açıq-aydın hiss olunurdu ki, burada baş tutan qarşılaşma adi çempionat oyunu olmaqdan daha böyük məna daşıyır.

Oyundan əvvəl yaşanan ən təsirli an...

Qarşılaşmanın başlanmasını gözləyən azarkeşlər üçün günün ən yaddaqalan məqamlarından biri hələ hakim fitindən əvvəl yaşandı. Belə ki, meydanda ilk topa rəmzi toxunuş mərasimi keçirildi. Bu şərəf 44 günlük Vətən müharibəsində şəhid olmuş Fikrət Məmmədovun oğlu İbrahimə həvalə edildi.

Xankəndi futbolunun veteranları Samir Ələkbərov, Emin Salmanov və Münis Abdullayevin müşayiəti ilə meydana çıxan İbrahim topa ilk toxunuşu etdi. Bu, sadəcə, oyunun başlanğıcını bildirən simvolik bir mərasim deyildi. Həmin an şəhidlərimizin əziz xatirəsinə ehtiramın, onların övladlarının cəmiyyətimizdə tutduğu xüsusi yerin ifadəsi idi.

Kiçik bir uşağın ayağından hərəkətə gələn top sanki böyük bir mənəvi mesaj daşıyırdı: bu torpaqlarda gələcək nəsillər böyüyür, arzular qurulur, həyat davam edir. Şəhid övladının Xankəndi stadionunun yaşıl meydanında belə bir məqamın qəhrəmanına çevrilməsi günün emosional yaddaşında xüsusi yer tutdu.

Yaşıl meydanda futbol həyəcanı

Rəmzi mərasimdən sonra diqqətlər meydanda mübarizəyə kökləndi. Azərbaycan I Liqasının VIII turu çərçivəsində keçirilən qarşılaşmada ilk dəqiqələrdən hər iki komanda oyuna ciddi yanaşdığını nümayiş etdirdi. Meydan sahibləri doğma stadionda azarkeşlərinin dəstəyini qələbəyə çevirməyə çalışır, qonaq komanda isə təşəbbüsü ələ almaq üçün mübarizə aparırdı. İlk hissədə komandalar fərqlənə bilmədi və fasiləyə qolsuz bərabərliklə yollandılar.

İkinci hissədə isə oyunun taleyi dəyişdi. “Karvan-Yevlax”ın futbolçusu İbrahim Əliyev 67-ci dəqiqədə hesabı açdı. On dəqiqə sonra, 77-ci dəqiqədə Obicon Onyeka fərqi iki topa çatdırdı. Beləliklə, qarşılaşma Yevlax təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Nəticə etibarilə meydan sahibləri istədikləri nəticəni əldə edə bilməsələr də, həmin gün Xankəndi stadionunda yaşananların əhəmiyyəti hesab tablosundakı rəqəmlərlə ölçülmürdü.

Stadiondan daha artıq məna daşıyan məkan

Xankəndi şəhər stadionunun yenidən qurulması və burada rəsmi futbol qarşılaşmasının keçirilməsi Qarabağda həyatın bütün sahələrdə canlanmasının daha bir göstəricisidir. Stadionun tribunlarında əyləşən azarkeşlər, meydana çıxan futbolçular, uşaqların sevinci və futbol ətrafında yaranan birlik mühiti bu şəhərdə yeni bir həyat ritminin formalaşdığını göstərirdi.

Futbolun gözəlliyi də elə bundadır: o, insanları bir araya gətirir, fərqli duyğuları eyni sevincdə birləşdirir. Xankəndidə keçirilən bu qarşılaşma isə idman mübarizəsi ilə yanaşı, şəhərin dirçəlişini, insanların doğma torpaqlarda gündəlik həyata qayıdışını simvolizə edən hadisələrdən biri kimi yadda qaldı.

Günün sonunda stadiondan ayrılarkən bir həqiqət daha aydın görünürdü: futbol meydanında bir komanda qalib gəldi, digəri məğlub oldu. Amma Xankəndidə futbolun yenidən nəfəs alması, şəhid övladının rəmzi ilk toxunuşu və minlərlə insanın eyni həyəcanı bölüşməsi həmin günün ən böyük mənəvi qələbəsi idi...

Yeganə BAYRAMOVA