“Schneider Electric” şirkəti ilə pilot layihələr həyata keçiriləcək
SOCAR ilə “Schneider Electric” şirkəti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın vitse-prezidenti Fuad Musayev və “Schneider Electric” şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə klaster prezidenti və baş icraçı direktoru Mehmet Özalp imzalayıblar. Memorandum enerji sektorunda elektrik paylayıcı infrastrukturu, sənayenin avtomatlaşdırılması, rəqəmsallaşma və enerji səmərəliliyi sahələrində tərəfdaşlığın genişləndirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində SOCAR aktivlərində elektrik və avtomatlaşdırma sistemlərinin modernləşdirilməsi, enerji istehlakının və avadanlıqların fəaliyyətinin optimallaşdırılması üçün rəqəmsal həllərin tətbiqi, həmçinin seçilmiş obyektlərdə pilot layihələrin qiymətləndirilməsi və həyata keçirilməsi planlaşdırılır.
Enerji sisteminin rəqəmsallaşması
Mövcud saziş Azərbaycanın milli neft korporasiyasının xarici ölkələrdə müasir təchizat və idarəetmə sistemləri qurmaqla qlobal investor kimi artan nüfuzunun daha bir göstəricisidir. Dövlət Neft Şirkəti ilə xarici sərmayədarlar arasında neft, kimya, sənaye, mühəndislik sahəsində əməkdaşlığın fəal mərhələyə daxil olduğunu təsdiqləyir. Həmin investorlardan biri olan “Schneider Electric” enerji paylanması və idarəetməsi, sənaye avtomatlaşdırılması, data mərkəzləri, ağıllı binalar, rəqəmsal həllər, yaşayış məkanlarının elektrikləşdirilməsi və rəqəmsallaşdırılması üzrə ixtisaslaşmış fransız mənşəli qlobal enerji texnologiyaları şirkətidir. Dünyada 100-dən çox ölkədə fəaliyyət göstərən şirkətin 160 min əməkdaşı var və illik gəliri təxminən 40 milyard avro səviyyəsindədir. Şirkətin tərəfdaşlıq etdiyi neft korporasiyaları ilə birgə layihələrin əsas hədəfləri enerji sektorunda rəqəmsal infrastrukturların yaradılmasıdır.
Mərkəzi Asiya-Körfəz regionu ölkələri ilə tərəfdaşlıq
Azərbaycan Dövlət Neft Şirkəti son dövrlərdə bir çox ölkənin nüfuzlu şirkətləri ilə sazişlər imzalayıb ki, həmin sənədlərin əsas məzmunu yeni kəşfiyyat və idarəetmə texnologiyalarının tətbiqini nəzərdə tutur. Belə ki, Neft Şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Emirates National Oil Company Group” (“ENOC Group”) arasında kəşfiyyat, hasilat, rəqəmsallaşma, ticarət, marketinq istiqamətlərində əməkdaşlığın qurulması, BƏƏ-nin “Dragon Oil” şirkəti arasında imzalanan Anlaşma Memorandumuna əsasən, birgə neft-qaz hasilatında yer alması, eləcə də “Crescent Petroleum” şirkəti ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə tərəfdaşlıq qlobal etimadın nümunəsidir. SOCAR-ın Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlığı da bölgənin enerji təchizatı və şaxələnməsi üçün əhəmiyyət daşımaqla, qlobal nüfuzun bir göstəricisidir.
SOCAR və ABŞ-ın SLB şirkəti arasında əldə edilmiş razılığa əsasən, Xəzərin Azərbaycan sektorundakı “Bahar” və “Qum-Dəniz” yataqlarının yenidən işlənməsinə start verilib. Bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyən edilməsini, hərtərəfli rezervuar modelləşdirməsinin hazırlanmasını və bu yataqlarda erkən hasilat sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur. Azərbaycan Dövlət Neft Şirkəti ilə İsrailin “Union Energy” şirkəti arasında Aralıq dənizi hövzəsindəki ən iri qaz yataqlarından biri olan “Tamar” layihəsi üzrə 10 faiz payın əldə edilməsinə dair sazişin imzalanması da mühüm qlobal dəyərin rəmzlərindən biridir.
Ötən ay SOCAR Çin Xalq Respublikasının “China Petroleum & Chemical Corporation” şirkəti ilə Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb ki, sənəd şirkətlər arasında satınalma və təchizat zəncirinin idarə olunması sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır.
“Yaşıl enerji”də etibarlı tərəfdaş
Dövlət Neft Şirkəti “yaşıl enerji” sektorunda da etibarlı tərəfdaş kimi qlobal sektorda etimad ünvanlarından birinə çevrilir. Şirkətin törəmə müəssisəsi olan “SOCAR Green” bərpaolunan enerji mənbələri ilə bağlı layihələrdə öz tərəfdaşları ilə “yaşıl kapital”ın cəlb olunması və idarə edilməsində nümunəvi model qurub. Bu fəaliyyət də beynəlxalq reytinqin yüksəldilməsində mühüm amillərdən biridir. Məhz bu amili nəzərə alan “Moody’s” beynəlxalq reytinq agentliyi ötən il Azərbaycanı iqlim dəyişikliyi ilə mübarizə sahəsində təsirli addımlar atan ölkələrdən biri kimi dəyərləndirib və yeni reytiniqdə bu faktoru da nəzərə alıb.
“Yaşıl enerji” strategiyasının reallaşmasında Avropa və Asiyanın nəhəng investorları ilə anlaşma sənədlərinə imza atan SOCAR-ın nailiyyətləri də bu müsbət nəticənin bir hissəsidir. SOCAR və bp arasında Cəbrayıl rayonunda “Şəfəq” layihəsinin icrasına dair saziş imzalanıb, qlobal investorlar - “Fortescue Future Industries”, “China Gezhouba Group”, “Total Energies”, “Nobel Energy”, “Czech Engineering”, “Baltech” və digər şirkətlərlə bərpaolunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlanılıb.
E.CƏFƏRLİ