Avropa qaz böhranı astanasında...

Yanacaq ehtiyatlarının azalması Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyində rolunu daha da gücləndirir

Avropada təbii qazın topdansatış qiymətləri son həftələrdə yüksək artım nümayiş etdirməkdədir. “Mavi yanacağın” 1000 kubmetrinin qiyməti noyabrın 25-də 1000 dolları ötərək 2022-ci ilin sonlarından sonrakı ən yüksək qiymət diapazonuna daxil olub. Qaz İxrac edən Ölkələr Forumunun (GECF) hesabatına əsasən, ötən ilin eyni dövrünə nisbətən qiymətlər 163 faiz artıb.

Qiymət artımının əsas səbəbləri Yaxın Şərqdəki gərginlik, qlobal LNG təchizatı və marşrutlarla bağlı risklərin güclənməsi, soyuq hava proqnozları fonunda Aİ-nin qaz anbarlarının doluluq səviyyəsinin qənaətbəxş olmamasıdır. Hazırda Avropanın qaz anbarlarının doluluq əmsalı təxminən 69 faizə bərabərdir. Oktyabrın sonunda bu rəqəm 74,6 faiz təşkil edirdi. Qış mövsümünün başlanması isə ehtiyatların aylıq azalmasını 3-4 dəfə artıra bilər.

Ehtimallara görə, körfəz bölgəsindən LNG ixracının uzunmüddətli kəsilməsi qarşıdakı dövrdə təbii qaz qiymətlərinə daha çox yuxarı istiqamətli təzyiq göstərəcək, çünki belə olan halda Avropa Asiya alıcıları ilə daha intensiv rəqabət aparmalı olacaq. “Wood Mackenzie” tədqiqat və konsaltinq şirkətinin məlumatına görə, Avropanın tarixən aşağı təbii qaz saxlama səviyyələri 2026-2027-ci illərin qış fəslində təchizat təhlükəsizliyini riskə atır.

Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur

Hidrometeoroloji proqnozlar da psixoloji olaraq bazara öz təsirlərini göstərməkdədir. Avropada qış mövsümünün sərt keçəcəyi ilə bağlı proqnozlar enerji bazarında narahatlığı daha da artırır. Bu isə enerji istehlakının artacağı gözləntiləri fonunda təbii qazın qiymətində sürətli bahalaşmanın davam edəcəyinə işarə edir. Avropanın əsas qaz ticarət mərkəzi hesab olunan Niderlandın “TTF” seqmentində qiymətlərin qısa müddətdə kəskin yüksəlməsi qitənin qarşıdakı qış aylarında enerji təminatı ilə bağlı riskləri yenidən gündəmə gətirir. Paralel olaraq, mayeləşdirilmiş təbii qaz tədarükündəki məhdudiyyətlər, Hörmüz boğazındakı gərginliklər və Avropanın ən böyük LNG ixracatçısı olan Qətərin qaz istehsalı qurğularına endirilən zərbələr nəticəsində nəqlin azalması, habelə Asiya bazarlarında artan rəqabət Avropanın enerji təhlükəsizliyinə əlavə təzyiqlər yaradır.

Beynəlxalq enerji institutları Avropanın bu mövsümdə ciddi çətinliklərlə üzləşəcəyini istisna etmir. Beynəlxalq Enerji Agentliyinin (IEA) açıqladığı “Qlobal Qaz Təchizatı Təhlükəsizliyinin Qiymətləndirilməsi” hesabatında Aİ-nin 2026- 2027-ci illərin qış mövsümünə son 13 ilin ən aşağı təbii qaz ehtiyatları ilə daxil olduğunu xatırladır.

Azərbaycanın Pan-Avropa qaz təchizatçısı kimi mövqeyi güclənir

Belə bir şəraitdə Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı kimi rolu və qaz ixracının əhəmiyyəti bir daha aktuallaşır, Aİ-nin ölkəmizin qazına olan tələbatı daha da artır. Azərbaycan 2026-cı ilin doqquz ayında Avropaya 8,6 milyard kubmetr təbii qaz ixrac edib. Ötən dövr ərzində Avstriya və Almaniyaya da qaz tədarükünə başlanmaqla, Avropa regionuna qazın nəql olunduğu ölkələrin sayı 12-ə çatıb. Hazırda TAP kəməri ilə birbaşa 10 Aİ ölkəsinə qaz çatdırılır.

Ötən illərdə müxtəlif regionlardakı qaz infrastrukturlarında yaranan fasilələr və innektorlardakı dayanmalara baxmayaraq, Azərbaycan qaz nəql etdiyi ölkələrin heç birinin təchizatında ara verməyib. Bu, ölkəmizin bir daha etibarlı və məsuliyyətli tərəfdaş olduğunu təsdiqləyir. Azərbaycanın bu həssas davranışı Avropa ölkələri tərəfindən təqdir edilib.

Azərbaycanın Avropanın qaza olan tələbatının ödənilməsi üçün imkanları isə olduqca genişdir. Ölkəmizin təsdiq olunmuş təbii qaz ehtiyatları, təxminən, 2,5 trilyon kubmetrdən 2,6 trilyon kubmetrədək qiymətləndirilir. Həmin ehtiyatların əsas hissəsi “Şahdəniz”, “Abşeron”, “Babək” və “Ümid” kimi iri yataqların payına düşür. Son illər hasilatı artırmaqla Avropa bazarlarına daha çox qaz çıxarılmasına nail olmaq məqsədilə ölkəmizdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Avropada qaza olan ehtiyacların artması reallığı nəzərə alınaraq TAP-ın səhmdarları kəmərin genişləndirilməsi işlərinə də başlayıb. Azərbaycan təbii qazını Avropaya nəql edən TAP boru kəmərinin genişləndirilməsi üzrə bazar araşdırması başlayıb. Boru kəmərinin operatoru “TAP AG” şirkəti bəyan edib ki, TAP hazırda 3 genişləndirmə ssenarisi təklif edir: məhdud genişləndirmə (təqribən ildə 14,4 milyard kubmetr), qismən genişləndirmə (illik 17,1 milyard kubmetr) və tam genişləndirmə (ildə təxminən 20 milyard kubmetr). Nəticədə Azərbaycanın Aİ-yə qaz tədarükləri üçün yeni imkanlar açılacaq.

TransXəzər qaz kəməri aktuallaşır

Beynəlxalq Enerji Agentliyinin analitikləri hesab edirlər ki, Avropada qaz böhranı Xəzərin digər resurs nöqtələrini - Türkmənistan yanacaq mənbələrini də səfərbər etməyə ehtiyacları artırır. Bu baxımdan TransXəzər qaz kəmərinin çəkilişi aktual olaraq ön plana çıxır. Türkmənistan qazı bu kəmərlə Azərbaycana və Türkiyəyə, oradan isə Avropaya nəql oluna bilər. Xatırladaq ki, 3 il əvvəl Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri Türkmənbaşı şəhərində üçtərəfli görüşdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin yaradılması ilə yanaşı, Türkmənistan qazının Avropaya nəql olunması yollarını müzakirə ediblər. Həmçinin, Avropa İttifaqı ölkələri digər türk dövlətlərinin - Özbəkistan və Qazaxıstanla yanacağın Cənub Qaz Dəhlizinə ötürürülməsi istiqamətində aktiv danışıqlar aparmaqdadır. Bu isə Cənub Qaz Dəhlizinin daha da genişlənməsinin təmin edilməsi deməkdir. Bu nəhəng coğrafi enerji arteriyasının qurulması üçünsə Avropa böyükhəcmli sərmayə yatırmalı və TransXəzərin maliyyələşməsini təmin etməlidir. Hazırda Aİ bu məsələni müzakirə edir və infrastrukturun yaradılması üçün sərmayə proqramı təmin olunsa, Azərbaycan və Türkiyə Avropaya qaz nəqlində tranzit ölkə kimi çıxış edəcək.

Beləliklə, enerjinin şaxələndirilməsi ilə bağlı mükəmməl siyasət yürüdən Azərbaycanın çoxşəbəkəli ixrac blokları qurması bir çox region ölkələrinin, o cümlədən Avropa İttifaqının kritik dövrdə enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanqılı rol oynayır, risklərdən qoruyur.

E.CƏFƏRLİ