Əlverişli sərmayə mühitində...

Xarici investisiyaların həcmi 18 faizdən çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18,3 faiz artaraq 3 milyard 537,2 milyon manat təşkil edib.

Hesabat dövründə xarici investisiyaların 3 milyard 433 milyon manatı və ya 97,1 faizi Böyük Britaniya, Türkiyə, BƏƏ, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa, Hindistan və Çin sərmayədarlarına məxsus olub. Yerdə qalan kapital qoyuluşları digər xarici mənbələrin payına düşür.

Ümumilikdə, cari ilin üçüncü rübünə qədər Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,9 faiz çoxdur. Son 1 ildə neft-qaz sektoruna investisiya qoyuluşu 30,8 faiz artaraq 4 milyard 875,2 milyon manat, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu isə 3,1 faiz artaraq 9 milyard 813,4 milyon manat təşkil edib.

Beləliklə, qeyd edilən dövr ərzində ölkə iqtisadiyyatına kapital yatırımlarının təxminən 25 faizi və ya dörddə biri xarici ölkələrin sərmayələrindən ibarət olub.

Siyasi sabitlik sərmayələri təşviq edir

Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının artmasında ən mühüm amillərdən biri ölkədə təmin edilmiş sağlam və münbit investisiya mühitidir.

Ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm verərək dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atıb. İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər fəaliyyət şəraitinin yaradılması, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunların qəbul edilməsi, Rəqabət Məcəlləsinin qüvvəyə minməsi sərmayə cəlbediciliyini artırıb.

Azərbaycan hökumətinin bir sıra xarici ölkələrlə ikiqat vergi tutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalaması da investisiya qoyuluşunu təşviq edib. Ölkəmiz beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb ki, həmin dövlətlərin investorlarının ölkəmizin iqtisadiyyatında potensial sərmayədar kimi xüsusi payı artmağa başlayıb.

Beləliklə, qeyd edilən təşviqedici tədbirlər, dövlətin xarici investorlara olan dəstəyi sayəsində 2004-2025-ci illər ərzində iqtisadiyyatımıza 350  milyard dollar həcmində sərmayə qoyulub, onun əhəmiyyətli hissəsi və ya 220 milyard dolları qeyri-neft sektorunun inkişafına yönəlmişdir. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.

Ölkəmizdə minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir

Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə edilmiş etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər.

Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir.

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpaolunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir.

“BBB” reytinqi  xarici iş adamları üçün əlverişli imkanlar yaradır

Azərbaycanda həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, əlverişli hüquqi və institusional mühitin formalaşdırılması nəticəsində Azərbaycanın investisiya cəlbediciliyi, xarici və yerli sərmayədarların marağı daha da artır. Ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri “Moody’s”, “Fitch Ratings” kimi beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini tapır, ölkəmizin kredit reytinqi yüksəlir. “Standart & Poor’s” və “Moods” reytinq agentlikləri cari ildə Azərbaycanın investisiya və kredit reytinqini artıraraq “BB+” səviyyəsinə qaldırıb. “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “pozitiv” proqnozu ilə “BBB” səviyyəsində təyin edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investitorlarının daim diqqət mərkəzindədir.

Beynəlxalq Valyuta Fondu (BVF) dünya ölkələrində investisiya cəlbedicliyi mühiti ilə bağlı 2024-cü ilə dair hesabatında Azərbaycanı ən yaxşı ölkələr qrupunda qərarlaşdırıb. Belə ki, ölkəmiz ən yaxşı investisiya mühitinə malik “Top-7”qrupunda yer alıb. BVF-nin reytinqində xarici investorlar üçün əlverişli münbit iş şəraitinin yaradılması, bütün hüquqi təminatlarla əhatə olunması təqdir edilir.

Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mindən artıqdır. Təkcə, 2025-ci ildə Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin təxminən 900-ü xarici investisiyalı şirkətlər olub.

E.CƏFƏRLİ