2026-2028-ci illər üçün Yol Xəritəsi...

Niderland üçün Azərbaycan regionda önəmli tərəfdaşdır

Bu gün Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları əsas götürür. Uğurlu xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi dövlətimizin beynəlxalq miqyasda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Artıq ölkəmiz nəinki Cənubi Qafqazda yeni reallıqlar yaradıb, eyni zamanda, müxtəlif təşəbbüsləri və mövqeyi ilə dünyanın diqqət mərkəzinə çevrilib. Bu baxımdan, Azərbaycanın Avropa məkanı üçün önəmi də getdikcə artmaqdadır. Niderlandın xarici işlər naziri Tom Berendsenin ölkəmizə səfəri də bu reallığı təsdiqləyir.

Nazirlərin görüşü...

Yeri gəlmişkən, oktyabrın 26-da xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə görüşüb. Görüşdə Azərbaycan-Niderland münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, investisiyalar, enerji, nəqliyyat, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, gəmiqayırma, innovasiya və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. 2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd ediləcəyini vurğulayan nazir Ceyhun Bayramov mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd edib. Yüksəksəviyyəli təmasların və Xarici İşlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyəti diqqətə çatdırılıb. Bununla yanaşı, parlamentlərarası əməkdaşlığın inkişafı istiqamətində səylərin artırılmasının əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin vacibliyi qeyd olunub.

Görüş zamanı Azərbaycan-Niderland münasibətlərinin inkişaf etdirilməsi üzrə 2026-2028-ci illər üçün Yol Xəritəsinin qəbul edilməsinin siyasi dialoqun dərinləşdirilməsi və müxtəlif sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi baxımından təqdirəlayiq olduğu bildirilib. Qarşılıqlı investisiyaların təşviqinin, yeni yaradılmış Azərbaycan-Niderland Ticarət Palatasının imkanlarından səmərəli istifadə edilməsinin, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın Orta Dəhliz çərçivəsində artan rolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının yaratdığı imkanlar diqqətə çatdırılıb. Təhsil, akademik və elmi əməkdaşlığın genişləndirilməsi, ali təhsil müəssisələri arasında mövcud əlaqələr, təlim proqramları, eləcə də mədəni-humanitar sahədə birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycan və Niderland arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, regional və beynəlxalq gündəlikdə duran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Ölkələrimiz arasında 11 saziş mövcuddur

Regional vəziyyətə dair müzakirələr zamanı nazir Ceyhun Bayramov həmkarını Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar və sülh prosesi barədə məlumatlandırıb. Paraflanmış sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasının vacibliyi vurğulanıb. Bununla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verilib. Mina təhlükəsinin yaratdığı humanitar problemlərə toxunularaq, minaların insan həyatı üçün davam edən təhdidinin, bərpa işlərinə və keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələrin aradan qaldırılmasının vacibliyi qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra  mətbuat konfransı keçirilib. Konfransda C.Bayramov bildirib ki, son illərdə Azərbaycan-Niderland siyasi dialoqu inkişaf edir. “Biz Azərbaycan-Avropa İttifaqı münasibətlərini də müzakirə etdik”, - deyən nazir əlavə edib ki, gələn il Azərbaycan-Niderland münasibətləri baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkələrimiz arasında əməkdaşlığın qurulmasının 35-ci ildönümü qeyd olunacaq. C.Bayramov  Yol Xəritəsinin qəbulunu ikitərəfli münasibətlərin inkişafı istiqamətində mühüm irəliləyiş kimi qiymətləndirib: “Hazırda ölkələrimiz arasında 11 saziş mövcuddur, daha 4 saziş üzrə isə iş aparılır. 2025-ci ildə Azərbaycan və Niderland arasında ticarət dövriyyəsi 325 milyon ABŞ dolları təşkil edib. Bununla belə, bu göstərici mövcud potensialı tam əks etdirmir. Qarşılıqlı investisiyalara gəlincə, Azərbaycanın Niderlanda investisiyalarının həcmi 1,3 milyard ABŞ dolları, Niderlandın Azərbaycana yatırdığı investisiyaların həcmi isə 1,6 milyard ABŞ dolları təşkil edir”. O, həmçinin qeyd edib ki, Azərbaycanda Niderland mənşəli 150-dən çox şirkət qeydiyyatdan keçib.

Qarabağda iki Niderland şirkəti fəaliyyət göstərir

Nazir, onu da deyib ki, Niderland su ehtiyatlarının idarə olunması sahəsində dünyada qabaqcıl mövqelərdən birini tutur. Bu sahədə Azərbaycan və Niderland arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Abşeron yarımadasında 12 gölün təmizlənməsi planlaşdırılır. Bu prosesdə Niderlandın təcrübəsindən və müvafiq şirkətlərinin imkanlarından yararlanmaq istərdik. C.Bayramov Qarabağda Niderland şirkətlərinin də fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “Hazırda Qarabağda iki Niderland şirkəti fəaliyyət göstərir. Gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını istisna etmirik”.

“Niderland üçün Azərbaycan regionda önəmli tərəfdaşdır. Biz əməkdaşlığı gücləndirmək istəyirik”. Bu fikirləri isə Niderland Krallığının xarici işlər naziri Tom Berendsen deyib. Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə danışan Tom Berendsen bildirib ki, Niderland hər iki xalq arasında etimadın gücləndirilməsini dəstəkləyir. “Sülhün əldə olunması regionda əlaqələrin möhkəmlənməsinə və əməkdaşlığın genişlənməsinə töhfə verəcək”, - deyə nazir əlavə edib.

Tom Berendsen, həmçinin İranda olan Niderland diplomatlarına göstərdiyi böyük dəstəyə görə Azərbaycana təşəkkür edib: “Dəyişən dünyada Azərbaycan və Niderland arasında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın regional nəqliyyat və logistika qovşağı kimi rolunu nəzərə alaraq, əlaqələrimizi daha da möhkəmləndirmək və əməkdaşlığı genişləndirmək niyyətindəyik”.

Nardar BAYRAMLI