Azərbaycan - İƏT: Davamlı şəkildə genişlənən tərəfdaşlıq

Müstəqil Azərbaycan İslam dünyasının ayrılmaz bir parçasıdır. Ölkəmiz qısa müstəqillik tarixində İslam dünyasını təmsil edən ayrı-ayrı dövlətlərlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri qurub.  Azərbaycan, eyni zamanda, bu coğrafiyada yerləşən dövlətləri birləşdirən beynəlxalq təsisatlarda fəal şəkildə təmsil olunur. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da bu sırada yer alır.

Ölkəmizlə İƏT arasında müxtəlif istiqamətləri əhatə edən əməkdaşlıq dinamik səciyyə daşıyır. Fəal siyasi dialoq mövcuddur.  Elə bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib.

Söhbət zamanı Prezident İlham Əliyev İsmayıl Ould Şeyx Əhmədin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçildikdən sonra Azərbaycana səfər etməsinin əhəmiyyətinə toxunb, bunu ölkəmizlə Təşkilat arasında güclü tərəfdaşlığın nümunəsi kimi qiymətləndirib.

İƏT-in ən fəal üzvlərindən biri

İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə müsəlman ölkələri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi, İslam dəyərlərinin və irsinin qorunması məqsədilə təsis edilib. Qurum 2011-ci ilədək İslam Konfransı Təşkilatı adlandırılıb. Baş qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən qurumun hazırda 60-dək üzvü var. Təşkilat BMT yanında müşahidəçi statusa malikdir. İƏT-in fəaliyyət istiqamətləri üzrə siyasi qərarlar üç ildən bir keçirilən İslam Zirvə görüşündə verilir. Hər il keçirilən İslam ölkələri Xarici İşlər nazirlərinin konfranslarında Zirvə görüşündə qəbul edilmiş qərarların icrası nəzərdən keçirilir. Təşkilatın icraedici orqanı Baş Katiblikdir. Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət ünvanlayıb və 1991-ci il dekabrın 8-də qurumun Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilib.

Həmin vaxtdan etibarən Azərbaycanla İƏT arasında davamlı şəkildə genişlənən tərəfdaşlıq münasibətləri qurulub. İƏT-in Azərbaycan üçün əhəmiyyəti təşkilatın beynəlxalq münasibətlər sistemindəki mövqeyi ilə yanaşı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü məsələlərində nümayiş etdirdiyi dəstəklə də bağlıdır. Qurum Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini  həmişə birmənalı şəkildə pisləyib. İƏT ötən dövr ərzində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edib. 2016-cı ildə Təmas Qrupunun təsis edilməsi İƏT-in Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə necə böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir. Dünyada nüfuzu getdikcə artan İƏT Azərbaycana növbəti birmənalı dəstəyini 44 günlük Vətən müharibəsində göstərdi.

 Azərbaycan da öz növbəsində İƏT-in mütərəqqi məqsədlərinin həyata keçirilməsinə, üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsinə və İslam dünyasının ümumi problemlərinin həlli istiqamətində birgə fəaliyyətə davamlı töhfə verməkdədir. Qəbulda dövlətimizin başçısı Azərbaycanın həmişə İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu deyərək, bunun gələcəkdə də davam edəcəyini vurğulayıb.

İndiyədək İƏT-in bir sıra tədbirləri Azərbaycanda uğurla baş tutub. Gələn il isə respublikamız təşkilatın Zirvə görüşünə ev sahibliyi edəcək. İslam dünyası üçün yaranan çağırışlara məhz ölkəmizdə cavab aranacaq. Hazırda Zirvə görüşünə ciddi hazırlıqlar görülür. Ümumiyyətlə, məsuliyyətli dövlət olan Azərbaycan ev sahibliyi hüququnu öz üzərinə götürdüyü bütün mötəbər beynəlxalq tədbirlərə böyük məsuliyyətlə hazırlaşır. Adətən, Bakıda yeni standartlar müəyyənləşdirilir və sonradan bu standartlar dünyada nümunə kimi qəbul olunur. Ölkəmzdə İƏT-in növbəti Zirvə görüşünün də böyük uğurla keçəcəyinə heç bir şübhə yoxdur.

Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verməkdə davam edəcək

Qəbulda Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verdiyinə xüsusi diqqət çəkilib. Dövlətimizin başçısı ölkəmizin bundan sonra da İslam həmrəyliyinin möhkəmləndirilməsinə, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmaya, təhlükəsizliyə və sabitliyə töhfə vermək üçün səylərini əsirgəməyəcəyini deyib.

Bu gün İslam dünyası ciddi sınaq qarşısındadır. Xüsusilə də ayrı-ayrı güc mərkəzləri tərəfindən ixrac olunan müharibələr, məqsədli şəkildə qızışdırılan münaqişələr, daxili çəkişmələr, sonu görünməyən məzhəb davaları son nəticədə İslam dünyasının inkişafına mənfi təsir göstərir. Bundan faydalananlar isə kənar güclərdir. Onlar xaotik vəziyyətdən sui-istifadə etməklə İslam ölkələrinin təbii sərvətlərini talayırlar.

İslam dünyasını geri salan belə vəziyyətin hökm sürməsinin əsas səbəblərindən biri ölkələr və xalqlar arasında həmrəyliyin zəif olması və yaxud heç olmamasıdır. Azərbaycan İslam dünyasında parçalanmaya son qoyulması üçün davamlı olaraq həmrəylik təşəbbüslərindən çıxış edir və buna özünün real töhfələrini verir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi İslam aləminə və bütün dünyamıza əmin-amanlıq, həmrəylik çağırışları kimi qiymətləndirilməlidir.

Eyni zamanda Azərbaycan İƏT, eləcə də quruma üzv olan ayrı-ayrı dövlətlərlə humanitar-mədəni sahədə əməkdaşlıq əlaqələrini də genişləndirməyə çalışır. Respublikamız 1991-ci ildən İslam ölkələrinin təhsil, elm və mədəniyyət təşkilatı olan və sıralarında 50-dən çox dövləti birləşdirən ICESCO-nun üzvüdür. 1991-ci ildə qurulmuş sıx münasibətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 24 noyabr 2006-cı il tarixində ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə keyfiyyətcə yeni bir inkişaf mərhələsinə yüksəlib. Mehriban Əliyeva - təşkilatın bu yüksək adına layiq görülmüş ilk qadın ictimai-siyasi xadimdir.

Müxtəlif dövrlərdə ayrı-ayrı Azərbaycan şəhərləri - 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Həmçinin hər bir azərbaycanlı üçün son dərəcə əziz olan Şuşa şəhəri 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilib. Bu tədbirlər çərçivəssində Azərbaycan İslam coğrafiyasında yer alan dövlətləri bir çətir altında birləşdirməyə nail olub.

Mübariz FEYİZLİ