Dohada danışıqlar masası qurulacaqmı?

Dohada danışıqlar masası qurulacaqmı?

Uzanan münaqişəyə çevrilən və bütün dünyanın təsirləndiyi İranla Amerika Birləşmiş Ştatları (ABŞ) - İsrail cütlüyü arasındakı müharibənin yeni mərhələsi müşahidə edilməkdədir. Bəzi ekspertlərin “nə savaş, nə sülh şəraiti” kimi səciyyələndirdikləri indiki mərhələ əslində fırtınaqabağı sakitliyə bənzəyir. İrandan verilən mesajlar, ABŞ-da və İsraildə  müharibə hazırlıqları, yaxın bazalara arası kəsilmədən hərbi texnika daşınması, kəşfiyyat uçuşlarının intensivləşməsi regionun daha dəhşətli və dağıdıcı müharibə riskləri ilə üz-üzə qaldığı barədə ehtimalları gücləndirir.

Ancaq dünya praktikasından da bəlli olduğu kimi, bütün müharibələr nə qədər uzansa da, onların sonu danışıqlar masasından keçir. Necə deyərlər, ən pis sülh ən uğurlu müharibədən daha yaxşıdır. Bəs Yaxın Şərqdə İran ətrafında artan gərginlikdə hansısa bir razılaşmaya ümid varmı?

Yaxın Şərq yeni müharibəyə tab gətirməyəcək - Qətərdən növbəti vasitəçilik təklifi

Çoxlarının yeni müharibəni yeganə perspektiv kimi dəyərləndirdiyi bir vaxtda Qətərin növbəti dəfə vasitəçilik təklifi ilə tərəflərə üz tutması diplomatiyanın qapısının hər zaman açıq olduğu qənaətini möhkəmləndirir.  “Qətər hökuməti Vaşinqton və Tehran arasında danışıqları bərpa etmək üçün səylər göstərir”. Bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani “Əl-Cəzirə”yə deyib. O, “Yaxın Şərqdəki vəziyyətin ABŞ və İran arasında yeni gərginliyə tab gətirə bilməyəcəyini” vurğulayıb. Vaşinqtonla ikitərəfli münasibətlərə gəldikdə isə, Baş nazir Dohanın “müdafiə əməkdaşlığının gücləndirilməsinə” sadiq olduğunu qeyd edib.

Qətər ABŞ və İran arasında dolayı danışıqlarda əsas vasitəçidir. 23 noyabrda Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb. ABŞ Dövlət Departamentinin məlumatına görə, tərəflər Yaxın Şərqdə təhdidlərin qarşısını almaq və sabitliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Noyabrın 22-də ABŞ Prezidenti Donald Tramp “Fox News”a bildirib ki, Vaşinqton və Tehran münaqişəyə son qoymaq üçün dolayı məsləhətləşmələri davam etdirir. Amerika lideri həmçinin bildirib ki, razılaşma əldə olunmazsa, Yeni ildən sonra İrana hücumları bərpa etməyə meyllidir.

Məlumdur ki, münaqişə başlayandan bəri xüsusilə də Pakistanın səyləri ilə tərərfləri danışıqlar masasına əyləşdirməyə çoxsaylı cəhdlər göstərilib. Lakin müxtəlif məkanlarda baş tutan müzakirələr nəticəsiz qalıb.

Bütün bunların ardından Qətərin kritik bir məqamda növbəti dəfə diplomatiyanı işə salmağa  cəhd göstərməsi təsadüfi deyil. Uzanan müharibə yalnız üç ölkənin müharibəsi deyil. İran münaqişə başlayandan sonra ABŞ və İsraillə adekvat olmayan hərbi gücünü müharibənin arealını öz coğrafiyasından kənara çıxarmaqla, o cümlədən Hörmüz boğazını bağlamaqla tarazlaşdırmaq taktikasını seçdi. Beləliklə də, regionun ayrı-ayrı dövlətləri də faktiki olaraq müharibəyə cəlb edilmiş oldular. Qeyd edək ki, bu il fevralın 28-dən körfəz ərəb dövlətlərinin ərazisinə 7 mindən artıq raket və pilotsuz uçuş aparatları ilə hücum olub. Bu hadisələr nəticəsində çoxlu sayda mülki obyektə ziyan dəyib, dinc sakinlər ölüb. Son günlərdə isə İranın ABŞ-ın Bəhreyndəki bazalarına  hücumlarının sayı artıb, həmçinin Hörmüz boğazında tankerlər ardarda atəşə tutulur, partladılır. Region dövlətləri üçün fəsadlar çox ağırdır. Bəzi araşdırmalara əsasən, məlum hərbi əməliyyatlar Körfəz Ərəb Ölkələri İqtisadi Şurası üzvlərinə 200 milyard dollardan artıq zərər vurub. Bundan başqa, Hörmüz boğazı ətrafındakı mövcud gərginlik, blokada, enerji daşıyıcılarının nəqlində yaranmış problemlər region ölkələrinin iqtisadi inkişafına böyük maneə sayılır.

Son qiymətləndirməyə əsasən, bu vəziyyət Şuranın altı ölkəsinə 2026-cı ildən 2030-cu ilin dekabrınadək təxminən 790 mlrd. dollar iqtisadi itkilər yaşada bilər. Habelə, ABŞ-İran qarşıdurmasının indiki səviyyədə davam etməsi BƏƏ-də sahil sularının çirklənməsi, bir sıra şimal əmirliklərində çimərliklərin bağlanmasına səbəb olur. Bu isə həm də regionda turizm sektoruna ziyan vurur.

Qətərin Baş naziri “Yaxın Şərq növbəti müharibə yükünə tab gətirə bilməyəcək” fikrini ifadə edərkən məhz bu kədərli reallığa istinad edir. Ən kritik məqamlardan biri də İranın zərbələrindən sonra region dövlətlərinin təhlükəsizliyinin ciddi təhdid altına düşməsidir. Sübut olundu ki, ABŞ-ın təhlükəsizlik çətiri tam etibarlı deyil. Hələlik regionda Vaşinqtonu əvəzləyəcək başqa bir “qoruyucu” da yoxdur. Buna görə də region dövlətləri Ağ Evdən əlavə dəstək istəməklə yanaşı, regional hərbi-müdafiə ittifaqları yaratmağı da məqbul hesab edirlər. Məkkə Sazişinin imzalanması ilə bu tendensiyanın əsası qoyulub və onun genişlənəcəyi ehtimalı da böyükdür.

Dohaya bəslənən ümidlər

İndiki məqamda Qətərin vasitəçilik təklifi ilə çıxış etməsi ən optimal variantlardan biri kimi görünür. Doha bir növ yeni müharibə arzulamayan bütün region dövlətlərinin istəyini ifadə edir. Bəs ona güvən hara qədərdir?

Danışıqların Qətər mərhələsinin hansısa bir müsbət nəticə verəcəyinə inam ilk növbədə tərəflərin Dohanın vasitəçiliyini qəbul etmələridir. Qətər Vaşinqtonun regionda ən yaxın müttəfiqlərindən biridir. Bu ölkə ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazasına - Əl-Udeydə ev sahibliyi edir. Eyni zamanda, Vaşinqtonla Doha arasında siyasi dialoq da yüksək səviyyədədir.

Paralel şəkildə, Qətər regionda İranla normal münasibətləri olan azsaylı ölkələrdən biridir. Münaqişə başlayandan bəri yüksəksəviyyəli İran rəsmiləri dəfələrlə bu ölkəyə gələrək müzakirələr aparıblar.

Dohaya etimad yaradan həm də o amildir ki, Qətər bundan əvvəl də münaqişədə vasitəçi qismində iştirak edib. Bu istiqamətdə ilk təşəbbüs 2022-ci ildə Dohanın  ABŞ və İran arasında nüvə proqramı üzrə dolayı məsləhətləşmələrə ev sahibliyi etməsi ilə  gerçəkləşib. Bir il sonra - sentyabrda Qətərin vasitəçiliyi ilə tərəflər arasında məhbus mübadiləsi həyata keçirilib. ABŞ-ın 5 vətəndaşı azadlığa buraxılıb, eyni zamanda, Cənubi Koreyada dondurulmuş təxminən 6 milyard dollar məbləğində İran neft gəlirlərinin humanitar məqsədlər üçün Qətər banklarına köçürülməsi təmin olunub.

Bu ilin iyun-oktyabr aylarında rəsmi Dohanın vasitəçiliyi ilə tərəflər arasında sülh müqaviləsi layihəsi üzərində iş aparılıb. İyun ayının sonunda isə Dohada saxlanılan İran aktivlərinin bir hissəsinin sərbəstləşdirilməsi ilə bağlı razılaşmalar gündəmə gəlib. Oktyabrın sonunda Qətər nümayəndə heyəti danışıqları davam etdirmək üçün Tehrana səfər edib və tərəflərə sülh planı layihəsi təqdim olunub.

Yeni müharibə riskini artıran amillər - tərəflər maksimalist mövqedən çıxış edirlər

Dohanın vasitəçilik təklifi ilə çıxış etməsi diplomatiyaya müəyyən ümidlər yaratsa da, müharibə risklərini artıran amillər də var. Bu amillər ilk növbədə tərəflərin maksimalist mövqedən çıxış etmələri ilə bağlıdır. Tehran danışıqlar üçün 7 şərt prinsipindən çıxış edir. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, İranın yeddi şərti yerinə yetirilməyənə qədər heç bir addım atılmayacaq və danışıqlar aparılmayacaq.

Qalibaf onu da vurğulayıb ki, qarşı tərəf İrana qarşı yeni təcavüzkar addımlar atarsa, Tehran “döyüş əməliyyatlarının coğrafiyasını genişləndirməyə” hazırdır.

Tehranın irəli sürdüyü tələblər arasında regionda, o cümlədən Livanda hərbi əməliyyatların tamamilə dayandırılması, sanksiyaların ləğvi, ABŞ-ın dəniz blokadasının aradan qaldırılması, dondurulmuş İran aktivlərinin sərbəst buraxılması və ölkəyə dəymiş ziyana görə kompensasiya ödənilməsi kimi ciddi şərtlər yer alır.

Bu şərtlər ABŞ üçün qəbuledilməz sayılır. Vaşinqton yeni ilədək müharibənin təxirə salına biləcəyinin anonsunu edib. İranın iqtisadi blokadası isə davam etdirilir və daha da sərtləşdirilir. Elə bu günlərdə ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli onlarla şəxs və təşkilata sanksiya tətbiq edib. Bildirilib ki, İslam Respublikasının başqa ölkələrdə yerləşən kölgə bank şəbəkələrini sarsıtmaq üçün məhdudiyyətlər Türkiyə, BƏƏ və Honkonqda yerləşən şirkətlərə də tətbiq olunub. “İqtisadi təcrid” adlanan əməliyyat çərçivəsində Tehranın kölgə bank şəbəkəsi ilə əlaqəli İranın 8 vətəndaşına, 22 şirkət və təşkilata qarşı sanksiyalar qoyulub. O da qeyd edilib ki, bu şəbəkə ilə əlaqəli təxminən 14,7 milyard dollar məbləğində maliyyə əməliyyatları aparılıb. ABŞ-ın maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində bildirib ki, Vaşinqton münaqişənin dayandırılması ilə bağlı ABŞ-ı qane edən razılaşmalar əldə olunana qədər İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək.

Beləliklə, sadalanan faktlar tərəflərin bir-birindən hansı məsafədə dayandığını aydın şəkildə ortaya qoyur. Bu reallıq fonunda Qətərin vasitəçiliyi nə dərəcədə  nəticəyönümlü olacaq?

Mübariz FEYİZLİ