ABŞ münaqişənin nizamlanması üçün konsepsiya hazırlayıb

ABŞ münaqişənin nizamlanması üçün konsepsiya hazırlayıb

Lakin konsepsiyanın Rusiya-Ukrayna müharibəsini həll edəcəyi məlum deyil

Son zamanlar ABŞ Rusiya-Ukrayna müharibəsinin həlli üçün təşəbbüslərini daha da artırıb. Prezident Donald Trampın xüsusi elçisi və kürəkəni Cared Kuşner bildirib ki, ABŞ Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı konsepsiya hazırlayıb. Onun sözlərinə görə, son iki ay ərzində avropalılarla sıx əməkdaşlıq aparılıb, sülhə nail olmaq üçün ümumi mövqenin formalaşdırılması və uyğun çərçivənin hazırlanması müzakirə edilib.

Kuşner: Qarşıdakı bir neçə həftə ərzində nəticələri biləcəyik

Kuşner deyib ki, Rusiya tərəfi ilə də müxtəlif ideyalar dəfələrlə qapalı müzakirə olunub: “Düşünürəm ki, artıq nizamlanma ilə bağlı konsepsiyamız və yanaşmamız var. Bunun uğur gətirib-gətirməyəcəyini bilmirəm, lakin kifayət qədər məntiqli hesab oluna bilər. Görünür, hazırda hər iki tərəf bunu sınamağa hazırdır. Ümid edirəm ki, qarşıdakı bir neçə həftə ərzində məqsədə nə dərəcədə yaxın olduğumuzu görə biləcəyik”.

Xatırladaq ki, ABŞ-ın vasitəçiliyi ilə Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı üçtərəfli danışıqlar 10-11 noyabr tarixlərində BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində baş tutmuşdu. Bu danışıqlardan sonra Kuşner bəyan etmişdi ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşma ABŞ-ın Avropadakı müttəfiqlərinin danışıqlarda iştirakı olmadan əldə edilə bilməz. O qeyd edib ki, ABŞ son bir neçə ay ərzində Avropa ölkələri ilə bu məsələ üzrə sıx əməkdaşlıq edir: “Son bir neçə ay ərzində avropalılarla çox sıx əməkdaşlıq etmişik və hesab edirəm ki, bu, olduqca vacibdir. Avropalılar danışıqlar masasında olmadan bu razılaşmanı əldə edə bilmərik”.

Kuşner həmçinin, deyib ki, ABŞ Avropa ölkələri ilə qitədə təhlükəsizlik arxitekturasını müzakirə etməyə başlayıb. Vaşinqton Avropa ölkələrinin danışıqlarda iştirak etməyə və Ukraynadakı münaqişənin başa çatmasına kömək göstərməyə hazır olduğunu görür. “Ukrayna üzrə danışıqlar çərçivəsində yaxın həftələrdə Avropada gələcək təhlükəsizlik arxitekturasına dair müzakirələr aparmağı planlaşdırırıq” - deyən xüsusi elçi əlavə edib ki, Stiv Vitkoffla birlikdə Ukrayna, Avropa tərəfdaşları və Rusiya ilə ikitərəfli görüşlər və çoxtərəfli müzakirələr keçirməyi nəzərdə tuturlar. Məqsəd gələcək təhlükəsizlik arxitekturası ilə bağlı ortaq mövqenin formalaşdırılmasıdır.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukraynada yeni münaqişənin baş vermə ehtimalının minimuma endiyinə əmin olacağı təqdirdə Kiyevə güclü təhlükəsizlik zəmanətləri verməyə razılaşa bilər. “Tramp Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsində nəzərdə tutulan təminatlara bənzər təhlükəsizlik zəmanətləri vermək imkanını nəzərdən keçirir” -deyən Kuşner vurğulayıb ki, belə bir öhdəlik üçün ABŞ ciddi məsuliyyət daşıyır və onun təsdiqi üçün təkcə Prezidentin deyil, Konqresin də razılığı, eləcə də Konstitusiyaya uyğun prosedurlar tələb olunur. O, Rusiyanın bu cür zəmanətləri müzakirə etməyə hazır olmasını sülh istiqamətində mühüm addım kimi qiymətləndirib. Kuşner bildirib ki, Vaşinqton Ukraynanın təhlükəsizliyinin təmin olunduğu, Avropanın daha güclü olduğu, Rusiyanın isə NATO-nun qarşıdurma axtarmadığına əmin olduğu gələcək naminə çalışır.

Zelenski: Vaşinqton sülh sazişinin mümkün qədər tez imzalanmasını istəyir

Ukrayna Prezidenti Volodimir Zelenski isə  Vaşinqtonun sülh sazişinin mümkün qədər tez imzalanmasının istədiyini açıqlayıb: “C.Kuşner və S.Uitkoff sazişin ilin sonunadək imzalanmasında israr edirlər. Prosesi çox sürətləndirmək istəyi var və həm biz, həm də ruslar bunu başa düşürük. Nəyin bahasına başa gələcəyini də anlayırıq. Biz də sülhü çox istəyirik, lakin bunun yalnız Ukrayna hesabına əldə olunmasını istəmirik”. Ukrayna liderinin sözlərinə görə, ölkəsi mühüm güzəştlərə getmək məcburiyyətində qala bilər. Bununla yanaşı, Rusiya Prezidenti Vladimir Putin müharibəni dayandırmağa hazır olduğuna dair heç bir əlamət göstərmir.

V.Zelenski bildirib ki, Kiyev üçün məqbul olan sülh sazişi imzalanmasa, Ukrayna ABŞ-dan mühüm hərbi yardım paketi tələb edəcək. Kiyev, həmçinin Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqini istəyəcək. “Ukraynaya dəstəyin və sanksiyaların səviyyəsi ruslar üçün aydın siqnal olacaq dərəcədə olmalıdır. Danışıqlar masasına əyləşməyin və müharibəni dayandırmağın vaxtıdır”, - deyə dövlət başçısı vurğulayıb.

Yeri gəlmişkən, Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov jurnalistlərə açıqlamasında Ukrayna, Rusiya, ABŞ və Avropa tərəfdaşlarının danışıqlar qruplarının iştirakı ilə işçi görüşün Milad bayramına qədər baş tuta biləcəyini deyib. Rusiyanın mövqeyi nəzərə alınmaqla avropalı nümayəndələrin danışıqlar masası arxasında fiziki iştirak ehtimalını şərh edən Budanov, belə bir formatın real olduğunu qeyd edib.

Öz növbəsində, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya, ABŞ və Ukrayna danışıqları dayandırılmayıb və ləngiməyib, lakin növbəti raundun tarixi hələ ki müəyyən edilməyib: “Növbəti raundun nə vaxt keçiriləcəyi barədə məlumat yoxdur. Lakin onun baş tutacağına şübhəm yoxdur”. Onun sözlərinə görə, Moskva danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirilən formatdakı kimi davam etdirməyə hazırdır. S.Ryabkov əlavə edib ki, BƏƏ-dəki danışıqlar zamanı Rusiya ABŞ və Ukraynaya Moskvanın münaqişənin gələcək həllinə dair çərçivəni necə gördüyünün təfərrüatlı təsvirini təqdim edib.

S.Ryabkov, həmçinin qeyd edib ki, Avropa nümayəndələri ilə təmaslar barədə ona heç nə məlum deyil. Bununla yanaşı, o vurğulayıb ki, əgər onlar şərtlər irəli sürürlərsə, o zaman “dialoq üçün öz şanslarını sıfırlayırlar”.

Aİ danışıqlara güclü komanda göndərəcək

Bu arada Avropa İttifaqı  Ukraynada müharibənin dayandırılması üzrə danışıqların növbəti raunduna güclü Avropa komandası göndərmək niyyətindədir. Avropa Komissiyasının prezidenti  Ursula fon der Lyayen deyib ki, son həftələrdə biz müharibənin dayandırılması səylərində yeni dinamika müşahidə edirik: “Danışıqların növbəti raundunda güclü Avropa komandası iştirak edəcək. Bu vacibdir, çünki Ukraynanın təhlükəsizliyi birbaşa bizim təhlükəsizliyimizə təsir edir”. Onun sözlərinə görə, Aİ danışıqların gedişatını təkcə Rusiyanın bəyanatlarına deyil, həm də atdığı addımlarına əsaslanaraq qiymətləndirəcək. “Rusiya enerji infrastrukturuna qarşı qış atəşkəsinə, həmçinin Qara dəniz vasitəsilə ərzaq ixracının təhlükəsiz keçidini təmin etmək üçün atəşin dayandırılmasına razılaşmalıdır. Bunlar mühüm addımlar olardı, çünki Rusiyanın danışıqlara ciddi yanaşdığını göstərərdi”, - deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb. O qeyd edib ki, Aİ-nin strategiyası Ukraynaya maksimum dəstəyi, Rusiyaya təzyiqin gücləndirilməsini və Avropanın uzunmüddətli sülh üzrə danışıqlarda tamhüquqlu iştirakını nəzərdə tutur.

Fon der Lyayen xatırladıb ki, bazar ertəsi Aİ-nin Rusiyaya qarşı 22-ci sanksiyalar paketi təqdim edilib. Onun sözlərinə görə, genişmiqyaslı müharibə başlayandan bəri Aİ Ukraynaya 235 milyard avrodan çox yardım göstərib. O həmçinin bildirib ki, Avropa Komissiyasının təklif etdiyi maliyyə dəstəyi mexanizmi 2027-ci ildə Ukraynaya 45 milyard avronun ayrılmasını nəzərdə tutur. Belə ki, həmin vəsait büdcə ehtiyacları üçün 20 milyard avronu və hərbi dəstək üçün 25 milyard avronu əhatə edir. Xanım Lyayen deyib ki, Ukrayna bu vəsaiti yalnız Rusiya müharibənin vurduğu ziyanı ödədikdən sonra geri qaytarmalı olacaq.

N.BAYRAMLI