2032-ci il hədəflərinə doğru...

“Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi nəticələri ilk dəfə beynəlxalq investorlara təqdim olunub

Bakıda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin investisiya və tərəfdaşlıq imkanlarına həsr olunmuş “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumda layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələri ilk dəfə beynəlxalq investorlar, maliyyə institutları və biznes tərəfdaşlarına təqdim edilib. Tədbirdə Azərbaycan və tərəfdaş ölkələrin dövlət qurumlarının, Avropa İttifaqının, beynəlxalq maliyyə institutlarının, investisiya fondlarının, enerji şirkətlərinin, elektrik enerjisi alıcılarının, ötürücü sistem operatorlarının, kabel istehsalçılarının, texnologiya təchizatçılarının, mühəndislik və sığorta şirkətlərinin nümayəndələri iştirak edib.

Forumda Dünya Bankı, Avropa İnvestisiya Bankı (EIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB), Qara Dəniz Ticarət və İnkişaf Bankı, İslam İnkişaf Bankı, “Brookfield Asset Management”, “ACWA Power”, “Masdar”, “SOCAR Green”, “China Datang”, “State Grid Corporation of China”, “PowerChina”, “Siemens Energy”, “ABB”, “Hitachi Energy”, “Xlinks”, “Zhero”, “TotalEnergies”, “Jan De Nul”, “Prysmian”, NKT, “Hellenic Cables”, ZTT, “Hengtong”, “Orient Cable”, “Mitsui”, CESI və digər beynəlxalq şirkətlər təmsil olunub ki, bu da “yaşıl enerji” koalisiyasının hədsiz dərəcədə geniştərkibli olduğunu təsdiqləyir.

Yekun investisiya qərarına hazırlıq

Energetika naziri Pərviz Şahbazov “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin regional enerji təhlükəsizliyi, təchizatın şaxələndirilməsi və yaşıl keçid baxımından strateji əhəmiyyətinə toxunub. Bildirib ki, 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış strateji tərəfdaşlıq Sazişi ilə əsası qoyulan layihənin cari ilin iyulunda başa çatmış tədqiqatı onun texniki cəhətdən həyata keçirilə biləcəyini və iqtisadi baxımdan cəlbediciliyini təsdiqləyib. Layihə Avropa İttifaqı (Aİ) tərəfindən də dəstəklənib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin bir neçə ay əvvəl Bakıya səfəri zamanı “Yaşıl Enerji Dəhlizi”nə siyasi dəstəyin bir daha ifadə edib. Hazırda layihənin PMI (Ortaq Maraqlar Layihəsi) statusuna yüksəldilməsi investisiya perspektivlərini də gücləndirir.

Hazırda layihənin Qara dəniz komponenti üzrə 2200 metrədək dərinliyində sualtı kabelin çəkilməsi üçün qabaqcıl texnoloji həllərin tətbiqi işləri aparılır. Layihənin kommersiya dayanıqlılığının təmin edilməsi məqsədilə tənzimlənən və kommersiya komponentlərini birləşdirən hibrid biznes modeli nəzərdən keçirilir ki, bu, modelin uzunmüddətli elektrik enerjisi alqı-satqı müqavilələrinə, özəl kapitalın iştirakına və transsərhəd elektrik enerjisi ticarətinin inkişafına əsaslanır. Beləliklə, beynəlxalq maliyyə institutlarının və özəl investorların iştirakının, etibarlı biznes modelinin və uzunmüddətli kommersiya razılaşmalarının təmin edilməsi yekun investisiya qərarını da gerçəkləşdirəcək. Ümumilikdə, “Yaşıl Enerji Dəhlizi”nin yekun investisiya qərarının 2029-cu ildə tamamlanması nəzərdə tutulur.

Avropaya ildə 20 milyard kilovat-saat elektrik enerjisi ixracı

Forum çərçivəsində investisiya şirkətləri ilə maraqlı müzakirələr aparılıb ki, bu da layihənin qlobal maraq daşıdığını əks etdirir. Belə ki, “SOCAR Green”, “Xlinks”, “Zhero” və “DNV Global” şirkətlərinin nümayəndələri layihənin təklif olunan kommersiya modeli, idarəetmə və mülkiyyət strukturu variantları, inkişaf yol xəritəsi və strateji investorların iştirakı imkanlarını müzakirə edib. Eləcə də, MVM, “Transelectrica”, “Masdar”, “ACWA Power” və “PowerChina” şirkətlərinin nümayəndələrinin iştirakı ilə Avropa bazarlarında “yaşıl enerji”yə tələbat, uzunmüddətli elektrik enerjisi alqı-satqı müqavilələri, transsərhəd elektrik enerjisi ticarəti və kommersiya tərəfdaşlıqları ətrafında fikir mübadiləsi aparılıb. Bu prosesdə Azərbaycanın imkanları və Avropanın təchizatında etibarlı ölkə olması diqqətə çatdırılıb. Xarici şirkətlərin ölkəmizin “yaşıl enerji” sektorunda icra edilən layihələrdə iştirakının genişlənəcəyi, yeni günəş və külək stansiyalarının inşasına sərmayə qoyuluşlarını artıracağı bəyan olunub. Dünyada irimiqyaslı enerji infrastrukturu və ölkələrarası elektrik bağlantıları üzrə böyük təcrübəsi olan “Zhero” şirkətinin Azərbaycandakı layihələrə cəlb edilməsi nəzərdə tutulur ki, bu da “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin koalisiyasının genişlənməsinə imkan verəcək.

3000 kilometr uzunluğunda “Yaşıl Enerji Dəhlizi”nin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi və ötürmə gücünün 4 QVt-a çatdırılması nəzərdə tutulur. Texniki-iqtisadi əsaslandırmaya görə, layihə regionda ən azı 8 QVt bərpaolunan enerji gücünün inkişafına, 2040-cı ildən Avropaya ildə təxminən 20 milyard kilovat-saat elektrik enerjisinin ötürülməsinə və karbon emissiyalarının 3,6 milyon tonadək azaldılmasına imkan yaradacaq.

“Yaşıl enerji geoiqtisadiyyatı” formalaşır

Ekspertlər də hesab edirlər ki, “Yaşıl Enerji Dəhlizi” layihəsi Asiya-Xəzər və Avropa regionları arasında enerji əməkdaşlığını gücləndirməlklə bərabər, həm də bölgədə yeni “yaşıl geoiqtisadiyyatı” formalaşdıracaq. Azərbaycan Cənub Qaz Dəhlizi kimi böyük enerji layihələrində mühüm tranzit və strateji tərəfdaş rolunu təsdiqləyib, hazırda isə eyni geoiqtisadi modelin ‘yaşıl enerji’ formatını yaradır. Bu isə ölkəmizin regional enerji arxitekturasında mövqeyini daha da gücləndirir. Azərbaycan yeni enerji ixracı imkanları və tranzit gəlirləri əldə etməklə yanaşı, Xəzər hövzəsini yalnız neft-qaz regionu kimi deyil, həm də “yaşıl enerji platforması” kimi beynəlxalq enerji xəritəsinə yazdırmış olur. Strateji baxımdan bu layihə Azərbaycanın dünya enerji xəritəsində yeni rolunu müəyyənləşdirir.

Bir sözlə, “Yaşıl Enerji Dəhlizi” aydın biznes modelinə, dayanıqlı maliyyə strukturuna və investorlar üçün cəlbedici şərtlərə malik regional infrastruktur layihəsinə çevrilməkdədir. Azərbaycanın strateji mövqeyi, beynəlxalq enerji layihələrində zəngin təcrübəsi və tərəfdaş ölkələrlə etibarlı münasibətləri bu məqsədə nail olmaq üçün möhkəm zəmin yaradır.

Qeyd edək ki, Forumun yekununda tərəfdaşlıq üzrə yol xəritəsinin hazırlanması, yaşıl enerji dəhlizi layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi ilə bağlı növbəti addımlar razılaşdırılıb.

E.CƏFƏRLİ