Avropa demokratiyadan geri çəkilir?

Bir qədər bundan əvvəl məktəb və liseylərdən başlayan etirazlar dalğası tezliklə Fransanın bütün ərazisinə yayıldı. Etirazların oktyabrın 17-dən başlayan ikinci mərhələsi daha kütləvi hal alıb. Bu dəfə dinc nümayişlər iğtişaşlar və qarətlərlə müşayiət olunub, müxtəlif ünvanlarda avtomobillər, mağazalar, iaşə obyektləri yandırılıb.

Hökumət qüvvələri isə iğtişaşların qarşısını tam şəkildə almaqda aciz qalıblar. Çoxlu sayda həbsə alınanlar var. Daxili işlər naziri vəzifəsinin öhdəsindən gələ bilmədiyinin etirafı olaraq istefa ərizəsi yazsa da, Makron vəziyyətin həssaslığını və vaxt itirmədən operativ tədbirlər görülməsinin zəruriliyini nəzərə almaqla istefanı qəbul etməyib. Bir sıra analitiklər tarixdə Paris küçələrində baş verənləri, barrikadalar qurulmasını yada salmaqla müqayisələr aparır və bu gün izlənilənləri  yeni Fransa inqilabının başlanğıcı kimi səciyyələndirirlər.

Yeni Fransa inqilabının əks-sədası bütün Avropa məkanında

Zamanında Fransada baş verən inqilablar tezliklə qonşu ölkələrə yayıldığı kimi, hazırda “yeni Fransa inqilabı”nın əks-sədası da bütün Avropa məkanında eşidilməkdədir. Fransada başlayan və İtaliya da daxil olmaqla digər Avropa ölkələrinə yayılan sosial etirazların bu payız və qış aylarında Avropa İttifaqında genişmiqyaslı iğtişaşlara səbəb ola biləcəyi proqnozlaşdırılır.

Bu barədə “Politico” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, yaşayış xərclərinin və yanacaq qiymətlərinin artması bir sıra ölkələrdə, xüsusilə gənclər arasında narazılığı gücləndirir.

Yunanıstanda minlərlə tələbə və müəllim təhsilə ayrılan vəsaitin artırılması, məktəblərin təhlükəsizliyi və mənzillərin əlçatan olması tələbi ilə nümayişlərə qatılıb. İspaniyada isə mənzil böhranı kütləvi etirazlara səbəb olub və noyabrın 11-də ümumi tətilin keçirilməsi planlaşdırılır.

İtaliyada vəziyyət daha kəskindir. Yük maşını sürücüləri və fermerlər yolları bloklayırlar.  Ölkə üzrə supermarketlərdə məhsul çatışmazlığı yaranıb. Yük maşını sürücülərinin yanacağın qiymətinin və yaşayış xərclərinin yüksək olmasına qarşı etirazları məhsulların mağazalara çatdırılmasına mane olur. İtaliyada kəskin iqtisadi qeyri-sabitlik hökm sürür. Bu vəziyyət Fransada olduğu kimi, oktyabrın 17-də başlayan həftəsonu iğtişaşlara və talanlara səbəb olub.

Hökumət artıq yanacağın bahalaşmasının təsirlərini azaltmaq və daha az yanacaq sərf edən yeni avtomobillərin alınmasını maliyyələşdirmək məqsədilə yük maşını sürücülərinə dəstək üçün 1 milyard avro vəsait ayırıb.

İnfrastruktur və nəqliyyat naziri Edoardo Riksi bildirib ki, etirazlar bəzi xəstəxanalara məhsul tədarükünü də dayandırıb. O, yolların bağlanmasına son qoymağa çağırıb və hökumətin daha qətiyyətli tədbirlər görə biləcəyini vurğulayıb.

Aİ enerji sınağı qarşısında - qaz ehtiyatları tarixin ən aşağı səviyyəsinə düşüb

Avropada etirazlar müxtəlif səbəblərdən qaynaqlanır. Xüsusilə də Avropa İttifaqı (Aİ) məkanının qışqabağı dönəmdə kəskin enerji sınağı ilə üzləşməsi vəziyyəti kritik dərəcədə ağırlaşdırıb. Avropa Komissiyasının sözçüsü Anna-Kaisa İtkonen çərşənbə günü bildirib ki, Avropa İttifaqında qaz anbarlarının səviyyələri tarixi orta səviyyədən aşağıdır

İtkonen jurnalistlərə bildirib ki, Aİ qaz saxlama səviyyələrini yaxından izləyir və blok daxilində vəziyyəti qiymətləndirmək üçün üzv dövlətlərlə daha tez-tez koordinasiya görüşləri keçirir. “Çətin qışa doğru irəliləməyimizə baxmayaraq, təhlükəsizlik təchizatı problemimiz yoxdur, lakin Yaxın Şərqdəki böhran enerji qiymətlərinə təsir göstərir və bu, qaz anbarlarında səviyyələrə də təsir göstərir”, -deyə sözçü qeyd edib.

İtkonen, həmçinin qeyd edib ki, Aİ-nin qanuni olaraq məcburi strateji qaz ehtiyatları yoxdur. Bu, strateji qaz ehtiyatlarının yaradılması ilə bağlı müzakirələr aparmaq ehtimalını artırır.

Hörmüz boğazından keçən gəmiçilikdəki fasilələr Avropada qaz ehtiyatlarının artırılması səylərini çətinləşdirir, Yaxın Şərqdən LNG tədarükünün azalması isə qlobal bazarı sıxışdırır.

Fransa sərt qadağalara keçir - Avropa demokratiyadan üz döndərir?

Etirazların episentri olan Fransada yaxın vaxtlarda tətillərin yeni dalğası gözlənilir. Ölkənın aparıcı həmkarlar ittifaqlarından biri olan Ümumi Əmək Konfederasiyası (CGT) hökumətin sosial gərginliyi idarəetmə üsulunu və oktyabrın 17-də keçirilən aksiyalar zamanı baş verən zorakılıqları tənqid edərək, noyabrın 5-də ümummilli tətil və etiraz aksiyaları keçirməyə çağırıb. Ye?li medianın məlumatına görə, CGT oktyabrın 19-da yaydığı bəyanatda işçiləri iş yerlərində toplantılar keçirməyə, tələblərini müəyyənləşdirməyə və mümkün tətilin formaları barədə qərar verməyə dəvət edib.

Həmkarlar ittifaqı oktyabrın 17-də baş vermiş zorakılıq hallarının və təhlükəsizlik qüvvələrinin müdaxilələrinin araşdırılması üçün istintaq komissiyasının yaradılmasını da tələb edib. Təşkilatın məlumatına görə, həmin gün Fransanın müxtəlif şəhərlərində keçirilən aksiyalarda 800 min nəfər iştirak edib. Etirazçılar yaşayış xərclərinin artmasına qarşı çıxıb və gənclərin tələblərini dəstəkləyiblər.

CGT hakimiyyətin ictimai asayişin qorunması siyasətini tənqid edərək, dinc nümayişçilərin, o cümlədən gənclərin ağır xəsarətlər aldığını bildirib. Konfederasiyanın məlumatına görə, 17 yaşlı iki yeniyetmədən biri gözünü, digəri isə əlini itirib. Təşkilat Parisdə oktyabrın 18-19-da baş vermiş iki ölüm hadisəsi hallarının da aydınlaşdırılmasını tələb edib.

Belə görünür ki, Fransa hökumətinin irəli sürülən sosial tələbləri qarşılamaq imkanı yoxdur. Buna görə də siyasi hakimiyyət etirazların qarşısını sərt qadağalarla almaq yolunu seçib. Xəbər verildiyi kimi, Fransada oktyabrın 17-də baş vermiş zorakılıq və dağıntılardan sonra Paris və Lion şəhərlərində bir sıra nümayişlərin keçirilməsi qadağan olunub. Məhdudiyyətlər paytaxtın bir neçə ərazisində razılaşdırılmamış aksiyalara, eləcə də Paris və Lionda planlaşdırılan iki şagird və tələbə yürüşünə şamil edilir. Həmçinin Paris Polis Prefekturası ayrı-ayrı ünvanlarda kütləvi yürüşlərin keçirilməsinə qadağa qoyub və aksiyalara icazə verilməyib.  Parisin bəzi ərazilərində tətbiq edilən komendant saatı bazar ertəsinə qədər uzadılıb. Bundan əlavə, cümə səhərinədək Parisin Yelisey Sarayı, Milli Assambleya, Senat, Yelisey Şanzı prospekti və dəmiryol stansiyaları ətrafındakı ərazilərdə icazəsiz toplantılar qadağandır. Qadağa həm böyüklərə, həm də yetkinlik yaşına çatmayanlara şamil olunur.

Bu kimi qadağalar Yelisey Sarayının çarəsizliyinə işarədir. Ənənəvi olaraq Avropa İttifaqı strukturları, xüsusilə də rəsmi Paris ayrı-ayrı ölkələrdə oxşar hadisələrin qarşısı güc yolu ilə alınanda  buna etirazlarını bildiririblər və “demokratiyanın boğulmasını” yolverilməz adlandırıblar. Bəs indi niyə  özünü demokratiyanın beşiyi sanan Fransadan nümayişlərə sərt basqılar gəlir. Nə baş verir - Avropa demokratiyadan geri çəkilir?

Mübariz FEYİZL