Yeni dövrün hibrid təhdidlərinə qarşı ən real “silah” - TƏHSİL...

Prezident İlham Əliyev: Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq

Qlobal miqyasda genişlənən hibrid təhlükələr cəmiyyətlərin daxili sabitliyini sarsıtmağa, dövlət institutlarına inamı zəiflətməyə və milli maraqlar əsasında müstəqil siyasət yürüdən ölkələrin inkişafına mane olmağa yönəldilir. Bu mübarizədə dini və məzhəb ayrı-seçkiliyi, milli-etnik ziddiyyətlər, tarixi həssaslıqlar, sosial narazılıqlar və informasiya manipulyasiyaları təsir vasitəsi kimi istifadə olunur. Məqsəd yalnız müəyyən siyasi qərara təsir göstərmək deyil, həm də cəmiyyət daxilində parçalanma yaratmaq, insanları qarşı-qarşıya qoymaq və ictimai həmrəyliyi zəiflətməkdir.

İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir

Azərbaycanın son illərdə artan beynəlxalq nüfuzu, müstəqil xarici siyasət kursu, iqtisadi potensialı və regional təhlükəsizlik arxitekturasında güclənən mövqeyi ölkəmizi qlobal siyasi rəqabətin diqqət mərkəzində saxlayır. Ölkəmizin milli maraqlara əsaslanan qərarları, beynəlxalq tərəfdaşlarla bərabərhüquqlu münasibətləri və yeni geosiyasi reallıqların formalaşmasında iştirakı onun mövqelərini günü-gündən gücləndirir. Belə şəraitdə ölkəmizə qarşı təzyiq cəhdlərinin yalnız ənənəvi siyasi və iqtisadi vasitələrlə məhdudlaşmadığını görürük - ölkəmizə qarşı cəmiyyətin həssas mövzuları üzərindən manipulyasiya aparmaq, süni qarşıdurmalar yaratmaq və ictimai rəyi istiqamətləndirmək kimi hibrid təhdidlərin şahidi oluruq. Buna görə milli təhlükəsizliyin qorunması yalnız dövlət sərhədlərinin və iqtisadi maraqların müdafiəsi deyil, həm də cəmiyyətin ideoloji dayanıqlığının təmin edilməsidir. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışında bildirib ki, ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir: “Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında”.

Hibrid hücumlara qarşı cəmiyyətin ideoloji immuniteti gücləndirilməlidir

Müasir dövrdə hibrid təhlükələrə qarşı mübarizənin əsas istiqamətlərindən biri cəmiyyətin ideoloji və informasiya immunitetinin formalaşdırılmasıdır. Çünki kənardan yönəldilən zərərli təsirlərin uğuru çox vaxt insanların həmin təsirləri nə dərəcədə düzgün qiymətləndirməsindən, məlumatları təhlil etmək bacarığından və ictimai proseslərə şüurlu münasibətindən asılıdır. İdeoloji immunitet vətəndaşlarda təhlil etmək, manipulyasiyanı müəyyənləşdirmək və milli maraqlara zidd çağırışları ayırd etmək qabiliyyəti formalaşdırır. Bu istiqamətdə ilk növbədə təhsilin keyfiyyətinin yüksəldilməsi, savadlılığın genişləndirilməsi və analitik düşüncə bacarıqlarının inkişafı vacibdir. İnsanlar sosial şəbəkələrdə və başqa platformalarda yayılan hər məlumatı həqiqət kimi qəbul etməməli, xəbərin mənbəyini, məqsədini və etibarlılığını yoxlamağı bacarmalıdırlar. Xüsusilə dini inanclar, milli kimlik, sosial ədalət və dövlətçilik kimi həssas məsələlərdən istifadə etməklə cəmiyyətdə qarşıdurma yaratmaq cəhdlərinə qarşı diqqətli olmaq lazımdır. Çünki bəzən həqiqətə bənzər məlumatların içərisinə yerləşdirilən yanlış iddialar ictimai rəyi yönləndirmək üçün daha təsirli vasitəyə çevrilir. Prezident İlham Əliyev çıxışında bildirib ki, biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq: “Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq”.

Gənclər rəqəmsal mühitdə milli maraqları qorumağı bacarmalıdırlar

XXI əsrdə informasiya texnologiyalarının sürətli inkişafı gənclərin dünyagörüşünə, düşüncə tərzinə və ictimai mövqeyinə ciddi təsir göstərir. İnternet, sosial şəbəkələr və süni intellekt əsaslı platformalar bilik əldə etmək, ünsiyyət qurmaq və yeni imkanlar qazanmaq üçün geniş şərait yaradır. Bununla yanaşı, həmin imkanlardan dezinformasiya yaymaq, ictimai rəyi manipulyasiya etmək və müxtəlif cəmiyyətlərdə süni qarşıdurmalar yaratmaq məqsədilə də istifadə olunur. Gənclərin rəqəmsal mühitin ən fəal iştirakçıları olduğuna görə bu təhlükələrin mahiyyətini anlaması və onlara qarşı hazırlıqlı olması xüsusilə vacibdir.

Gənclərin əsas vəzifəsi internetdə qarşılarına çıxan məlumatları düşünmədən paylaşmaq deyil, onların doğruluğunu yoxlamaq, fərqli mənbələri müqayisə etmək və hadisələrə müstəqil qiymət verməkdir. Emosional təsir yaratmaq üçün hazırlanmış videolar, kontekstdən çıxarılmış fikirlər, saxta hesablar və süni intellekt vasitəsilə yaradılan saxta görüntülər insanları yanlış qənaətlərə yönəldə bilər. Belə hallarda təhsil, savad və rəqəmsal texnologiyadan anlayış gənclərin əsas müdafiə vasitələrinə çevrilir. Onlar həmçinin şəxsi məlumatların qorunmasına, kibertəhlükəsizlik qaydalarına və internetdə məsuliyyətli davranış prinsiplərinə əməl etməlidirlər.

Bununla belə, milli maraqların qorunması gənclərin yalnız xarici informasiya təsirlərindən uzaq durması demək deyil. Əsas məsələ dünyada baş verən prosesləri dərindən öyrənmək, müxtəlif mövqeləri müqayisə etmək və Azərbaycan dövlətinin maraqlarını elmi bilik, tarixi yaddaş və müasir düşüncə əsasında dərk etməkdir. Vətənə bağlılıqla açıq dünyagörüşü bir-birinə zidd anlayışlar deyil. Əksinə, savadlı, araşdırma aparan və texnologiyalardan səmərəli istifadə edən gənc həm milli kimliyini qoruyur, həm də qlobal rəqabətdə uğur qazanır. Bu baxımdan gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi müasir biliklərin, peşəkar bacarıqların və informasiya məsuliyyətinin inkişafı ilə tamamlanmalıdır.

Rəqəmsal bacarıqların inkişafı dövlətin prioritet istiqamətlərindəndir

Vurğulanan hibrid təhlükələrə qarşı dayanıqlı cəmiyyət qurmaq üçün gənclərin müasir texnologiyalara çıxış imkanlarının genişləndirilməsi və onların rəqəmsal bacarıqlarının inkişafı mühüm əhəmiyyət daşıyır. Bu gün dövlətlərin rəqabət qabiliyyəti yalnız təbii resurslar və iqtisadi göstəricilərlə deyil, həm də insan kapitalının keyfiyyəti, innovasiya potensialı və informasiya mühitində üstünlük qazanmaq bacarığı ilə müəyyənləşir. Buna görə gənclərin keyfiyyətli təhsil alması, yeni texnologiyaları mənimsəməsi və rəqəmsal iqtisadiyyatda fəal iştirak etməsi milli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Azərbaycanda hər zaman dövlət siyasətinin mərkəzində məhz insan faktoru dayanır. Təhsil sisteminin müasirləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi və rəqəmsal bacarıqların inkişafı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Gənclər üçün yaradılan təhsil və inkişaf imkanları onların yalnız müasir əmək bazarına uyğunlaşmasına deyil, həm də informasiya təhlükəsizliyi sahəsində daha hazırlıqlı olmasına xidmət edir. Məktəblərdə və ali təhsil müəssisələrində media savadlılığı, kibertəhlükəsizlik, süni intellektdən məsuliyyətli istifadə və informasiya mənbələrinin yoxlanılması üzrə biliklərin artırılması bu mənada olduqca vacib şərtdir. Bu istiqamətdə dövlət qurumları ilə yanaşı, təhsil müəssisələrinin, medianın və vətəndaş cəmiyyətinin də üzərinə mühüm vəzifələr düşür.

Rəqəmsal imkanların genişlənməsi gənclərə yalnız hazır məlumatları istehlak etmək deyil, həm də yeni bilik və məzmun yaratmaq, elmi araşdırmalar aparmaq, innovativ layihələr hazırlamaq və Azərbaycanın beynəlxalq informasiya məkanında təmsilçiliyini gücləndirmək imkanı verir. Gənclərin texnoloji yeniliklərdən səmərəli istifadəsi ölkənin intellektual potensialını artırmaqla yanaşı, zərərli informasiya təsirlərinə qarşı müqaviməti də möhkəmləndirir. Bunun üçün texnologiyaya çıxışla bərabər, ondan düzgün istifadə mədəniyyəti formalaşdırılmalıdır. Çünki rəqəmsal cəhətdən inkişaf etmiş, milli maraqları dərk edən və müstəqil düşünən gənclik dövlətin gələcək təhlükəsizliyinin mühüm təminatlarından biridir. Hibrid təhdidlərin mürəkkəbləşdiyi müasir dünyada bilik, texnoloji hazırlıq və milli həmrəylik Azərbaycanın dayanıqlı inkişafına xidmət edən əsas amillər sırasındadır. Cəmiyyət təhsilli, bilikli, savadlı olarsa, yalanlara və dezinformasiyalara uymaq imkanı da azalar.

P.İSMAYILOV