Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tarixi qələbədən davamlı inkişafa

Tarixi qələbədən davamlı inkişafa

20.10.2026 [14:52]

2020-ci il oktyabrın 20-si Azərbaycan xalqının yaddaşına Zəngilan şəhərinin işğaldan azad edildiyi tarixi gün kimi həkk olunub. Vətən müharibəsinin 24-cü günündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı bu qələbə dövlətimizin hərbi qüdrətini, xalqımızın birliyini və azadlıq iradəsini bütün dünyaya nümayiş etdirdi. Zəngilanın azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm strateji əhəmiyyət daşıyan hadisələrdən biri oldu.

Bu qələbə ilə Azərbaycanın İranla dövlət sərhədinin işğal altında qalmış hissəsində suverenliyimiz bərpa edildi. Zəngilanın azadlığı həm də uzun illər doğma yurdlarından ayrı düşmüş insanların qayıdışına, bölgənin iqtisadi potensialının yenidən reallaşdırılmasına və Şərqi Zəngəzurun gələcək inkişafına yol açdı.

Artıq altı ildir ki, Zəngilanda yeni həyat qurulur. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri ilə dağıdılmış yurdlarımızı müasir yaşayış məkanlarına çevirir. Bu siyasətin əsas məqsədi yalnız şəhər və kəndləri yenidən qurmaq deyil, eyni zamanda sakinlərin təhlükəsiz, rahat və firavan yaşayışını təmin etməkdir.

Böyük Qayıdış prosesinin ilk ünvanı olan Ağalı kəndi bu istiqamətdə həyata keçirilən uğurlu layihələrin rəmzinə çevrilib. “Ağıllı kənd” konsepsiyası əsasında yaradılan yaşayış məntəqəsində müasir infrastruktur, sosial xidmətlər və məşğulluq imkanları formalaşdırılıb. 2025-ci ilin oktyabrında Ağalı kəndinin ikinci mərhələsinin və Məmmədbəyli kəndinin açılışı doğma torpaqlara qayıdışın növbəti mühüm mərhələsi oldu. Bu hadisə uzun illər yurd həsrəti ilə yaşayan ailələrin öz evlərinə qovuşmasının dövlət siyasətinin mərkəzində dayandığını bir daha təsdiqlədi.

2026-cı il mayın 10-da Zəngilan şəhərində 104 mənzilli ilk yaşayış kompleksinin istifadəyə verilməsi şəhərin yenidən məskunlaşması baxımından əlamətdar hadisə oldu. Müasir tələblərə uyğun inşa edilmiş kompleks sakinlərin rahat yaşayışı üçün zəruri şərait yaradır. Həmin gün şəhərdə yeni hotel kompleksinin təməlinin qoyulması isə Zəngilanın turizm, xidmət və iqtisadi inkişaf potensialına verilən önəmin göstəricisidir. Bu layihələr şəhərin yalnız yaşayış məkanı kimi deyil, gələcəkdə mühüm iqtisadi mərkəz kimi formalaşmasına da xidmət edir.

Zəngilanın dirçəlişində yol-nəqliyyat, enerji və kommunal infrastrukturun inkişafı xüsusi əhəmiyyət daşıyır. Bölgənin strateji coğrafi mövqeyi onun Azərbaycanın digər əraziləri ilə əlaqələrinin genişləndirilməsinə, regional nəqliyyat və logistika imkanlarının gücləndirilməsinə şərait yaradır. Zəngəzur dəhlizinin reallaşması istiqamətində görülən işlər də gələcəkdə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının təmin olunması, eləcə də regionda ticarət və əməkdaşlıq əlaqələrinin genişlənməsi baxımından mühüm perspektivlər vəd edir.

Bütün bu proseslər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Zəngilanda aparılan quruculuq işləri dövlətimizin iqtisadi gücünü, müasir şəhərsalma yanaşmalarını və gələcəyə hesablanmış inkişaf strategiyasını əks etdirir. Eyni zamanda, tarixi-mədəni irsin qorunması, ekoloji tarazlığın təmin edilməsi və yeni iş imkanlarının yaradılması bölgənin davamlı inkişafının əsas istiqamətlərindəndir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 20 oktyabr Zəngilan Şəhəri Günü kimi təsis edilib. Bu əlamətdar tarix xalqımız üçün təkcə hərbi qələbənin deyil, həm də milli iradənin, ədalətin və doğma torpaqlara qayıdışın rəmzidir.

Bu gün Zəngilan öz tarixinin yeni mərhələsini yaşayır. Altı il əvvəl hərbi Zəfərlə azadlığına qovuşan şəhər bu gün quruculuq, inkişaf və dirçəliş yolu ilə gələcəyə addımlayır. Zəngilanın yenidən canlanması Azərbaycanın suverenliyinin möhkəmliyini, xalqımızın birliyini və dövlətimizin doğma torpaqlarımızı əbədi yaşayış məkanına çevirmək əzmini nümayiş etdirir.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31