Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ucuzluğun cazibəsi və keyfiyyət sınağı

Ucuzluğun cazibəsi və keyfiyyət sınağı

24.09.2026 [08:39]

Trendyol və Temu müqayisəsi...

Hansını seçək?

Bir vaxtlar alış-veriş üçün mağaza-mağaza gəzdiyimiz halda indi demək olar ki, mağazalar əlimizin içindədir. Bir neçə dəqiqə ərzində yüzlərlə məhsula baxır, qiymətləri müqayisə edir, rəyləri oxuyur və sifarişi bir neçə toxunuşla tamamlayırıq. Amma bu rahatlığın içində başqa bir sual gizlənir: ucuz olan məhsul həqiqətən sərfəli və keyfiyyətlidirmi?

Son illər ölkəmizdəki istehlakçıların onlayn alış-veriş ünvanları arasında iki ad xüsusilə diqqət çəkir: Trendyol və Temu. Hər ikisi nəhəng məhsul çeşidi, kampaniyalar və cəlbedici qiymətlərlə alıcını özünə çəkir. Hər iki tətbiqdə saatlarla “gəzmək”, səbətə məhsul əlavə etmək və istədiyimiz məhsulu tapmaq mümkündür.

Amma bu iki platformanı tərəzinin iki gözünə qoyanda mənzərə o qədər də eyni görünmür. Bir tərəfdə qiyməti ilə heyrətləndirən Temu, digər tərəfdə isə keyfiyyət, marka seçimi və daha formalaşmış alış-veriş təcrübəsi ilə seçilən Trendyol dayanır.

Alıcı hansına üstünlük verməlidir?

Temunun ən böyük “silahı” qiymətdir. Bəzən istifadəçilər məhsulun qiymətini görəndə istər-istəməz eyni sualı verir: “Bu qədər ucuz necə ola bilər?”. Məhz bu sual Temunun marketinq strategiyasının ən güclü tərəflərindən biridir.

Platformada geyimdən ev əşyalarına, telefon aksesuarlarından müxtəlif gündəlik məhsullara qədər çox geniş çeşid təqdim olunur. Qiymətlər isə bir çox hallarda ənənəvi mağazalarla müqayisədə olduqca aşağı görünür. Bu da xüsusilə büdcəsinə qənaət etmək istəyən istehlakçıları cəlb edir.

Temunun məntiqi sadədir: daha çox məhsul, daha aşağı qiymət və daha çox alış-veriş. Lakin qiymət aşağı düşdükcə alıcının üzərinə başqa bir məsuliyyət düşür: məhsulu daha diqqətlə seçmək. Çünki Temuda eyni məhsul kateqoriyasında keyfiyyət baxımından ciddi fərqlər ola bilir. Şəkildə çox cəlbedici görünən məhsul real həyatda gözlənilən təsiri yaratmaya bilər. Xüsusilə, geyim, ayaqqabı, elektronika və uzunmüddətli istifadə üçün nəzərdə tutulan məhsullarda bu məsələ daha çox əhəmiyyət daşıyır. Yəni, Temuda ucuz məhsul tapmaq asandır, ən yaxşısını tapmaq isə bir qədər çox araşdırma tələb edir.

Trendyolun əsas üstünlüyü isə yalnız məhsul sayında deyil. Platforma xüsusilə Türkiyənin geniş moda və pərakəndə sektorunu onlayn alış-verişlə birləşdirərək böyük istehlakçı auditoriyası formalaşdırıb. Geyim, ayaqqabı, kosmetika, ev əşyaları və gündəlik istifadə məhsullarında tanınmış markaların geniş seçimi alıcı üçün əlavə üstünlük yaradır.

Burada istehlakçının diqqət etdiyi başqa bir məsələ də var: məhsulun nə qədər keyfiyyətli olması. Alıcı 10 manata bir məhsul alıb bir neçə həftə sonra yenisini almaqdansa, 20-30 manat ödəyərək daha keyfiyyətli və uzunömürlü məhsul əldə etməyə üstünlük verə bilər. Bu halda kağız üzərində baha görünən məhsul əslində daha sərfəli seçimə çevrilir.

Trendyolun üstünlüyü məhz burada hiss olunur. Satıcı reytinqləri, istifadəçi rəyləri, məhsul haqqında məlumatlar, müxtəlif marka seçimləri və alıcı təcrübəsinin daha geniş olması istehlakçının qərarını nisbətən asanlaşdırır. Bu səbəbdən Trendyolun qiyməti bəzi hallarda Temudan yüksək olsa da, keyfiyyət baxımından daha etibarlı seçim təsiri yaradır.

“Onsuz da ucuzdur”

Onlayn alış-verişin psixologiyasında maraqlı bir məqam var. İnsan 100 manatlıq məhsulu alarkən uzun müddət düşünür. Amma 3-5 manatlıq məhsulu səbətə əlavə edəndə eyni tərəddüdü göstərmir. “Onsuz da ucuzdur” düşüncəsi səbəti böyüdür. Bir məhsul beş məhsula, beş məhsul on məhsula çevrilir. Nəticədə alıcı əvvəlcə qənaət etdiyini düşünür, amma sifarişin sonunda kifayət qədər böyük məbləğ ödəyir. Temu bu baxımdan xüsusilə maraqlı nümunədir. Platformadakı çoxsaylı ucuz məhsullar istifadəçidə “fürsəti qaçırmayım” hissi yarada bilər.

Trendyolda da endirimlər və kampaniyalar alıcını alış-verişə təşviq edir. Lakin burada daha çox marka, məhsul və qiymət müqayisəsi aparmaq imkanı alıcının seçim prosesini fərqli istiqamətə yönəldə bilir.

Bu məhsulun seçimi daha çətindir...

Geyim alarkən məsələ bir qədər də mürəkkəbləşir. İnternet üzərindən paltarın materialına toxunmaq, tikişinə baxmaq, ölçüsünü yoxlamaq mümkün deyil. Ekranda ideal görünən məhsulun real həyatda necə görünəcəyini əvvəlcədən dəqiq bilmək çətindir. Bu baxımdan alıcı rəyləri xüsusi əhəmiyyət daşıyır.

Trendyolda geyim və moda məhsullarının geniş yer tutması, müxtəlif markaların təqdim edilməsi və alıcıların məhsullar barədə yazdığı rəylər seçim prosesində üstünlük yaradır.

Temuda isə qiymət cazibəsi daha güclüdür. Lakin burada alıcının məhsulun ölçüsünü, materialını, satıcı məlumatlarını və istifadəçi rəylərini daha diqqətlə yoxlaması məsləhətdir.

Trendyolun üstünlüyü etibardır!

Marketinq üzrə ekspert Nurlan Hüseynli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, marketinq baxımından Trendyol və Temunun uğuru təsadüfi deyil. Onun sözlərinə görə, hər iki platforma müasir istehlakçının davranışını çox yaxşı anlayır: “İnsanlar həm sərfəli qiymət, həm də rahatlıq istəyirlər. Bu platformalar isə həmin iki tələbi rəqəmsal mühitdə birləşdirir. Lakin istehlakçı davranışında mühüm dəyişiklik baş verir: insanlar getdikcə yalnız qiymətə deyil, məhsulun yaratdığı ümumi dəyərə diqqət yetirirlər. Təbii ki, ucuzluq alıcını platformaya gətirə bilər, amma onu platformada saxlayan əsas amillərdən biri etibardır. Alıcı bir dəfə keyfiyyətsiz məhsulla qarşılaşdıqda növbəti sifarişində daha ehtiyatlı olur. Əksinə, yaxşı məhsul və müsbət alış-veriş təcrübəsi müştərinin həmin platformaya yenidən qayıtmasına səbəb olur.

Bu baxımdan Trendyolun daha böyük üstünlüyü qiymət deyil, istehlakçıda formalaşdırdığı seçim və etibar hissidir”.

Son seçim istehlakçınındır...

Temunun aşağı qiymət strategiyasının güclü olduğunu vurğulayan ekspert qeyd edib ki, uzunmüddətli müştəri münasibətləri baxımından yalnız ucuzluq kifayət etmir: “Məhsulun keyfiyyəti, satıcıya etibar, məhsul haqqında düzgün məlumat və alıcının gözləntisinin qarşılanması da böyük rol oynayır. Ona görə bu iki platformanı belə xarakterizə edərdim: Temu alış-verişə qiymətlə başlayır, Trendyol isə alış-verişdə dəyəri ön plana çıxarır. Əlbəttə, son seçim yenə istehlakçınındır. Bəzən 5 manatlıq məhsul kifayət edir. Bəzən isə 15 manat artıq ödəmək daha ağıllı investisiyadır. Çünki alış-verişdə əsl qənaət ən az pulu xərcləmək deyil, verdiyin pula ən çox dəyəri əldə etməkdir. Məhz bu meyarla yanaşdıqda, Trendyol və Temu arasında tərəzi keyfiyyət tərəfinə əyilir”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30