Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zəfərdən yeni həyata uzanan yol

Zəfərdən yeni həyata uzanan yol

17.09.2026 [16:55]

Toğrul Zeynalov

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

20 Sentyabr Azərbaycan tarixinin yaddaşına mühüm hadisələrlə həkk olunan əlamətdar günlərdəndir. 2023-cü il sentyabrın 19–20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin bütün ərazidə bərpa olunması bu tarixə xüsusi məna qazandırdı. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli sərəncamı ilə 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edildi. Beləliklə, dörd şəhərin tarixində yeni mərhələnin başlanğıcını ifadə edən bu gün dövlət səviyyəsində rəsmiləşdirildi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanın tarixi, mədəni irsi və ictimai yaddaşında mühüm yer tutur. 20 Sentyabrın mahiyyəti yalnız həmin gün baş verən hadisələrlə məhdudlaşmır, həm də sonrakı dövrdə bu şəhərlərdə dövlət idarəçiliyinin, sosial həyatın və şəhər infrastrukturunun yenidən qurulması ilə tamamlanır.

Bu gün həmin ərazilərdə yeni həyatın qurulması istiqamətində ardıcıl işlər görülür. Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması, mədəniyyət və iqtisadi obyektlərin yaradılması şəhərin təhsil, elm, mədəniyyət və biznes mərkəzinə çevrilməsi istiqamətində mühüm addımlardır. Xocalıda bərpa işləri ilə yanaşı, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı həyata keçirilir, yaşayış evləri və sosial infrastruktur yenidən qurulur. Xocavənddə Hadrut və digər yaşayış məntəqələrinin bərpası, tarixi-mədəni irsin qorunması və əhalinin qayıdışı üçün şərait yaradılması diqqət mərkəzindədir. Ağdərədə isə rayonun inzibati idarəçiliyinin yenidən formalaşdırılması, infrastrukturun qurulması və gələcək məskunlaşma üçün hazırlıq işləri aparılır. Prezident İlham Əliyevin bu ərazilərə mütəmadi səfərləri zamanı yeni layihələrin təməlinin qoyulması, müxtəlif obyektlərin açılışında iştirakı və görülən işlərlə yerində tanış olması prosesin dövlət səviyyəsində diqqətdə saxlanıldığını göstərir. Yol, elektrik, qaz, su və rabitə xətlərinin çəkilməsi, məktəb və tibb müəssisələrinin yaradılması, yaşayış binalarının inşası bu ərazilərin tədricən əvvəlki həyat ritminə qovuşmasına imkan yaradır.

20 Sentyabrın əhəmiyyəti də məhz bu tarixi proseslərin bütövlüyündə özünü göstərir. Bu tarix bir tərəfdən Azərbaycanın dövlət suverenliyinin bərpası ilə bağlı mühüm hadisəni, digər tərəfdən isə Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin yeni inkişaf mərhələsini ifadə edir. Böyük Qayıdış çərçivəsində insanların doğma torpaqlarına dönməsi bu tarixin məzmununa xüsusi insani anlam qatır.

Paylaş:
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30