Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Türk dünyasında, Qafqazda sülhün qorunması mühüm məsələdir

Türk dünyasında, Qafqazda sülhün qorunması mühüm məsələdir

17.09.2026 [12:18]

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan bir sıra məsələlərə toxunub. Vurğulanıb ki, Türk dünyası ilə İslam aləmi arasında əməkdaşlığın möhkəmləndirilməsi, dini liderlərin sülh və həmrəylik naminə rolu, Qarabağın işğaldan azad olunmasından sonra aparılan bərpa-quruculuq işləri və regionda sülhün təmin edilməsi kimi mövzular geniş yer alıb. Həmçinin Prezident İlham Əliyev Bakıda eyni günlərdə keçirilən iki mühüm tədbirin – Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan şairi, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Seyid Yəhya Bakuvinin zəngin irsinin yalnız Azərbaycan üçün deyil, bütövlükdə İslam dünyası və bəşəriyyət üçün mühüm mənəvi dəyər olduğunu qeyd edən dövlət başçısı Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətləri də xatırladıb.

Ölkə başçısı Azərbaycanın həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsi kimi xüsusi mövqeyinə diqqət çəkərək bildirib ki, müxtəlif ölkələrdən dini liderlərin Bakıda bir araya gəlməsi Türk dünyası, Qafqaz və İslam aləmi arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək. Azərbaycanın tarixən bu coğrafiyaların kəsişməsində yerləşməsi dövlət başçısının çıxışında tarixi faktlarla əsaslandırılıb. Qafqaz Albaniyasının qədim Azərbaycan ərazilərində mövcud olması, Atabəylər dövlətinin paytaxtının Naxçıvan şəhəri olması Azərbaycan torpaqlarının regionun siyasi və mədəni tarixində mühüm rolunu göstərən faktlar qeyd edilib.

Prezident İlham Əliyev İslam həmrəyliyinin möhkəmləndirilməsinin Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. Həmrəylik yalnız bəyanatlar və çağırışlarla məhdudlaşmamalı, konkret tədbirlər və birgə təşəbbüslərlə möhkəmləndirilməlidir.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində çoxsaylı tədbirlərə ev sahibliyi etməsi, 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları bu siyasətin nümunələri kimi təqdim olunub. Dövlət başçısı həmin Oyunların yalnız idman yarışı deyil, eyni zamanda müsəlman ölkələrinin həmrəyliyini nümayiş etdirən böyük bir birlik tədbiri kimi qəbul edildiyini göstərib.

Dövlət başçısı çıxışında gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçirilməsinin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Azərbaycanın bu platformada əməkdaşlıq və dialoqa töhfə vermək niyyətində olduğunu bildirib. Prezident eyni zamanda dini liderlərin sözünün milyonlarla insan üçün mühüm mənəvi əhəmiyyət daşıdığını diqqətə çatdıraraq, onların sülh, əməkdaşlıq, qarşılıqlı hörmət və əmin-amanlıq çağırışlarının cəmiyyətlərə mühüm təsir göstərə biləcəyini xüsusi olaraq bildirib.

Prezident İlham Əliyev nümayəndə heyətinin Qarabağa və Şərqi Zəngəzura səfərinin də əhəmiyyətini vurğulayıb. Qonaqların Ağdam, Xankəndi, Xocalı və Şuşa şəhərlərinə səfər edərək həm işğal dövrünün nəticələrini, həm də hazırda həyata keçirilən genişmiqyaslı quruculuq işlərini yerində görəcəklərini də diqqətə çatdırılıb..

Ölkə başçısı Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin dağıdılması, əhalinin doğma torpaqlarından didərgin salınması və münaqişənin uzun illər ərzində həll olunmaması məsələlərinə də toxunub. Cənab Prezident Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, bundan sonra isə əsas diqqətin azad edilmiş ərazilərin yenidən qurulmasına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına yönəldiyini bildirib. Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yaşayış məntəqələrinin yenidən qurulması və əhalinin mərhələli şəkildə öz doğma yurdlarına qayıtması davam edir. Prezident bu prosesi Azərbaycanın qarşısında duran əsas tarixi vəzifələrdən biri kimi diqqətə çatdırıb. Ölkə başçıssı İlham Əliyev bərpa prosesinin Ağdam məscidindən başlanmasını da xüsusi qeyd edib. Bildirilib ki, işğal dövründə Qarabağda bir sıra məscidlər dağıdılıb və dini-mədəni irsə ciddi ziyan vurulub. Həmçinin Ağdam məscidinin bərpasının 2021-ci ildən başlanması Azərbaycanın azad edilmiş ərazilərdə quruculuq siyasətində dini-mənəvi irsin qorunmasına verdiyi əhəmiyyətin göstəricisi olduğunu bildirib.

Cənab Prezident çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasını ölkənin müasir tarixinin mühüm hadisələrindən biri kimi qiymətləndirib. Bildirib ki, Azərbaycan xalqı uzun illər davam edən münaqişə və işğal şəraitindən sonra öz ərazi bütövlüyünü təmin edib. Dövlət başçısı bu prosesdə şəhidlərin və Azərbaycan hərbçilərinin fədakarlığını xüsusi qeyd edib, onların qəhrəmanlığının ölkənin ərazi bütövlüyünün bərpasında həlledici rol oynadığını vurğulayıb.  

Prezident İlham Əliyev regionda sülhün və sabitliyin qorunmasının vacibliyini vurğulayaraq Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu bildirərək qeyd edib ki, müharibədən sonrakı mərhələdə sülhə keçidin regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, uzunmüddətli sülhün təmin edilməsi üçün tərəflərin siyasi iradə nümayiş etdirməsinin və qarşılıqlı etimadın möhkəmləndirilməsinin vacibliyi önə çəkilib.

Dövlət başçısı çıxışında “Zayed İnsan Qardaşlığı Mükafatı”nın ona və Ermənistanın Baş nazirinə təqdim edilməsinə də toxunub. Mükafatın sülh və insan qardaşlığı ideyalarına verdiyi töhfəni xüsusi qeyd edən cənab Prezident İlham Əliyev bunu Azərbaycan-Ermənistan arasında sülh gündəliyinə verilən beynəlxalq dəstəyin nümunəsi kimi dəyərləndirib. Görüşdə səsləndirilən fikirlər Azərbaycanın öz milli-mənəvi dəyərlərinə bağlılığını, Türk dünyası və İslam aləmi ilə əlaqələrin inkişafına verdiyi əhəmiyyəti, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq prosesini və regionda davamlı sülhün təmin olunmasına, sülhün qorunmasına yönəlmiş mövqeyini əks etdirib.

Qadir İbrahimov

YAP Culfa rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30