Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 20 Sentyabr – Azərbaycan dövlətçiliyinin tarixi zəfəri

20 Sentyabr – Azərbaycan dövlətçiliyinin tarixi zəfəri

17.09.2026 [15:01]

Hüseyn Süleymanov

YAP Kəngərli rayon təşkilatının sədr müavini

            Hər bir xalq üçün müstəqil dövlətə sahib olmaq və öz taleyini özü müəyyənləşdirmək ən böyük tarixi nailiyyətlərdən biridir. Dövlətin suverenliyi isə bu müstəqilliyin əsas dayaqlarından olmaqla, ölkənin bütün ərazisində dövlət hakimiyyətinin və qanunlarının tam şəkildə tətbiqini, milli iradənin qorunmasını təmin edir. Azərbaycan xalqı uzun illər ərzində ərazi bütövlüyünün və suverenliyinin pozulması ilə üzləşsə də, dövlətçilik əzmini və doğma torpaqlarına qayıtmaq iradəsini heç zaman itirməyib.

            20 Sentyabr məhz bu baxımdan Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan gündür. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Sərəncamda 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq bu günün təsis edildiyi bildirilir.

            Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycan dövlətçiliyinin müasir tarixində baş vermiş mühüm hadisənin siyasi və tarixi əhəmiyyətinin rəsmən təsdiqidir. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində Azərbaycanın konstitusiya quruluşunun bərpası təmin edildi. Bir gündən az davam edən tədbirlər nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələrinin çıxarılması və qanunsuz separatçı rejimin fəaliyyətinə son qoyulması ilə Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu

            Bu tarixi nəticəyə gedən yol isə uzun və mürəkkəb olmuşdur. 1990-cı illərin əvvəllərində Azərbaycanın ərazilərinin işğal olunması nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsində dövlət hakimiyyətinin fəaliyyəti faktiki olaraq məhdudlaşdırılmışdı. İşğal nəticəsində yüz minlərlə insan doğma yurdlarından didərgin düşmüş, şəhər və kəndlərimiz dağıdılmış, Azərbaycanın tarixi-mədəni irsinə ciddi ziyan vurulmuşdu. Ərazi bütövlüyünün və suverenliyin bərpası Azərbaycan xalqının qarşısında duran əsas milli məqsədlərdən birinə çevrilmişdi.

            2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi bu istiqamətdə həlledici dönüş yaratdı. Azərbaycanın Silahlı Qüvvələri tərəfindən əldə olunan Zəfər nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi. Bununla yanaşı, Qarabağda Azərbaycanın dövlət suverenliyinin tam təmin olunması istiqamətində qarşıda mühüm vəzifələrin qaldığı da aydın idi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri həmin tarixi prosesin tamamlanmasını təmin etdi.

            20 Sentyabrın mahiyyəti yalnız hərbi uğurla məhdudlaşmır. Bu tarix Azərbaycan Respublikasının Konstitusiyasının bütün ölkə ərazisində hüquqi qüvvəsinin təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlət suverenliyinin bərpası ilə Azərbaycanın bütün ərazisində vahid hüquqi və idarəçilik sisteminin fəaliyyət göstərməsi üçün tam şərait yarandı. Beləliklə, ölkənin ərazi bütövlüyü ilə yanaşı, dövlət hakimiyyətinin ərazi üzərində tam və effektiv həyata keçirilməsi təmin edildi

            20 Sentyabr həm də Azərbaycan xalqının birlik və həmrəyliyinin təcəssümüdür. Vətən müharibəsində olduğu kimi, 2023-cü ildə əldə edilən nəticə də dövlət, ordu və xalq birliyinin əhəmiyyətini nümayiş etdirdi. Şəhidlərin qanı bahasına əldə olunan tarixi Zəfər Azərbaycan xalqının milli yaddaşında daim yaşayacaq. Bu baxımdan Dövlət Suverenliyi Günü həm şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi, həm də gələcək nəsillərə dövlət müstəqilliyinin və suverenliyin dəyərinin aşılanması baxımından mühüm tarixdir.

            Suverenliyin bərpasından sonra qarşıda duran əsas vəzifələrdən biri isə azad edilmiş ərazilərin yenidən qurulması və insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yaşayış məntəqələri salınır, infrastruktur yaradılır, sosial obyektlər inşa edilir və Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir.

            Bu proses dövlət suverenliyinin yalnız hüquqi və siyasi anlayış olmadığını, onun insanların gündəlik həyatında da özünü göstərdiyini nümayiş etdirir. Dövlət bayrağının dalğalandığı, qanunların işlədiyi, insanların təhlükəsiz və firavan yaşadığı şəhər və kəndlərin yaradılması suverenliyin real nəticələrini ortaya qoyur. Bu baxımdan Qarabağda aparılan quruculuq işləri 20 Sentyabr tarixinin mahiyyətini daha da tamamlayır.

            Bu gün Azərbaycan bütün ərazisində Dövlət Bayrağının dalğalandığı, Konstitusiyanın və qanunların qüvvədə olduğu müstəqil dövlətdir. 20 Sentyabr isə bu reallığın tarixə həkk olunduğu günlərdən biri kimi xalqımızın yaddaşında daim yaşayacaq. Dövlət Suverenliyi Günü gələcək nəsillərə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin necə böyük fədakarlıqlar hesabına qorunduğunu xatırladan mühüm tarixi simvol olaraq qalacaq.

Paylaş:
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30