Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 20 Sentyabr – Zəfərdən Böyük Qayıdışa: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin yeni tarixi

20 Sentyabr – Zəfərdən Böyük Qayıdışa: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin yeni tarixi

17.09.2026 [11:37]


Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 20 Sentyabr dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa olunmasını təcəssüm etdirən əlamətdar tarixdir. Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.

20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi bərpa edildi. Bu hadisə Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. Cəmi bir neçə həftə sonra – 15 oktyabr 2023-cü ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bununla həmin şəhərlərin həyatında yeni dövr başlandı.
İşğaldan azad edilmiş ərazilərin yeni inkişaf mərhələsində mühüm addımlardan biri Ağdərə rayonunun yenidən yaradılması oldu. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanunla mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı. Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə müvafiq dəyişikliklər edildi və bir sıra yaşayış məntəqələri Ağdərə rayonunun tabeliyinə verildi.
Ağdərə rayonunun yaradılması bu ərazidə idarəetmənin, bərpa-quruculuq işlərinin, sosial-iqtisadi inkişafın və Böyük Qayıdış prosesinin daha sistemli şəkildə həyata keçirilməsi üçün mühüm hüquqi və inzibati əsas yaratdı.
Bu gün Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin əsas məqsədlərindən biri insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. “Böyük Qayıdış” proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur, yaşayış evləri, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, yollar və digər sosial infrastruktur obyektləri yaradılır. Minlərlə keçmiş məcburi köçkün artıq doğma torpaqlarına qayıdıb.
Xocalıya qayıdış 2024-cü ilin mayından başlanıb. 2025-ci ilin sentyabrında isə Xocavəndin yaşayış məntəqələrinə qayıdış prosesi genişlənib. Dövlət başçısının 2025-ci il səfərləri zamanı Xocalının Ballıca, Təzəbinə, Xanyurdu, Şuşakənd, Seyidbəyli, Daşbulaq və Badara kəndlərində, Xocavəndin Hadrut qəsəbəsində, Sos və Qırmızı Bazar yaşayış məntəqələrində, Ağdərənin Həsənriz və Suqovuşan kəndlərində görülən işlərlə tanış olması qayıdış prosesinin ardıcıl şəkildə həyata keçirildiyini göstərir.
Prezident İlham Əliyevin Xankəndiyə səfərləri şəhərin yeni inkişaf mərhələsinin mühüm hadisələri ilə müşayiət olunub.

15 oktyabr 2023-cü ildə dövlət başçısı Xankəndidə Azərbaycan Bayrağını ucaltdı və Kərkicahan qəsəbəsinə baxış keçirdi. 8 noyabr 2023-cü ildə Xankəndidə Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. 21 dekabr 2023-cü ildə isə Prezident Xankəndidə “Qarabağ” – MOİK futbol oyununu izlədi və 2023-cü ilin idman yekunları ilə bağlı mərasimdə iştirak etdi.
7 fevral 2024-cü il Prezident seçkiləri isə Xankəndinin tarixində xüsusi yer tutur. Həmin gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs verdilər. Beləliklə, Xankəndidə Azərbaycan Respublikasının prezident seçkiləri keçirildi. Bu hadisə şəhərin ölkənin vahid siyasi və hüquqi məkanına qayıdışının mühüm göstəricilərindən biri oldu.

18 mart 2024-cü ildə Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı. 5 iyul 2024-cü ildə Qarabağ Universitetində görülən işlərlə tanış oldu, “Qarabağ” hotelinin açılışında iştirak etdi, Xankəndi Konqres Mərkəzinin təməlini qoydu və “Palace” hotelinin açılışında iştirak etdi. 19–20 sentyabr 2024-cü ildə isə Xankəndidə bir sıra sosial və təhsil obyektlərinin, o cümlədən Qarabağ Universitetinin əsas tədris binasının və tələbə yataqxanasının açılışında iştirak etdi.

19 fevral 2025-ci ildə Prezident Xankəndidə “Bulud” hotelinin açılışında iştirak etdi, Zəfər parkının təməlini qoydu və Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış oldu. 3–4 iyul 2025-ci ildə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimində iştirak etdi, Zəfər parkında görülən işlərlə tanış oldu, “Xankəndi” Biznes Mərkəzinin və Konqres Mərkəzinin açılışlarını həyata keçirdi və İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etdi. 19 iyul 2025-ci ildə isə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə Xankəndidə görüşdü.

Prezident İlham Əliyevin Xocalıya səfərləri də xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. 15 oktyabr 2023-cü ildə Xocalıda və Əsgəran qəsəbəsində Azərbaycan Bayrağı ucaldıldı. 20–22 dekabr 2023-cü ildə dövlət başçısı Xocalı rayonunun Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərinin ərazilərinə baxış keçirdi.

26 fevral 2024-cü ildə Prezident Xocalıya səfər edərək Xocalı Soyqırımı Memorialının təməlini qoydu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. 28 may 2024-cü ildə Xocalı şəhərində bərpa olunmuş yaşayış binalarına baxış keçirdi və şəhərə köçən sakinlərlə görüşdü. 2025-ci il fevralın 19-da Xocalının Ballıca kəndində bərpa işləri ilə tanış oldu və kəndə qayıdan sakinlərlə görüşdü. Həmin ilin may və iyul aylarında Xanabad, Təzəbinə və Xanyurdu kəndlərində, sentyabrda isə Şuşakənd, Seyidbəyli, Daşbulaq və Badara kəndlərində görülən işlərlə tanış oldu, sakinlərlə görüşlər keçirdi.

15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xocavənd şəhərində Azərbaycan Bayrağını ucaltdı. 20 dekabr 2023-cü ildə Qırmızı Bazar qəsəbəsinə və Şıx Dursun kəndinə baxış keçirdi.
2025-ci il sentyabrın 14-də dövlət başçısı Xocavənd rayonunun Hadrut qəsəbəsində oldu, burada inşa edilmiş məscidin açılışında iştirak etdi, Sos kəndinə və Qırmızı Bazar qəsəbəsinə baxış keçirdi və sakinlərlə görüşdü. Bu səfər Xocavənddə Böyük Qayıdış prosesinin yeni mərhələsinin mühüm hadisələrindən biri oldu.
15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə Ağdərənin həyatında yeni mərhələnin başlanğıcı oldu.
18 mart 2025-ci ildə Prezident İlham Əliyev Ağdərədə Sərsəng su anbarından Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak etdi. Həmin səfər çərçivəsində Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırdı, Suqovuşan kəndində inşa edilmiş yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etdi və yeni mənzillərə köçən sakinlərə evlərin açarlarını təqdim etdi.
Beləliklə, 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü yalnız tarixi hadisələrin xatırlanması deyil, Azərbaycanın dövlət suverenliyinin tam bərpasının və Qarabağda yeni həyatın başlanmasının rəmzidir. Bu gün həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, müasir infrastruktur yaradılır, yeni müəssisələr fəaliyyətə başlayır və insanlar uzun illərdən sonra öz doğma yurdlarına qayıdırlar.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu gün Azərbaycanın yeni inkişaf tarixinin mühüm ünvanlarına çevrilir. Bu şəhərlərin və rayonların bərpası, məskunlaşdırılması və gələcək inkişafı Qarabağın dirçəlişinin mühüm tərkib hissəsidir.

Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 49 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30