Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

02.10.2026 [20:19]

Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçün müəyyənləşdirilən hədəflər bir-biri ilə əlaqəli şəkildə təhlil olunur. Burada əsas məqam ondan ibarətdir ki, Zəfər Azərbaycanın tarixində mühüm bir səhifəni başlasa da, qarşıda daha böyük məsuliyyət və yeni vəzifələr dayanır. YAP-ın VIII qurultayının siyasi əhəmiyyəti də məhz bu məqamla bağlıdır. Partiyanın yaradılmasının 34-cü ildönümünə yaxın dövrdə keçirilən qurultay müstəqil Azərbaycanın siyasi tarixinin müxtəlif mərhələlərinə nəzər salmaq, Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik xəttinin davamlılığını və yeni şəraitdə qarşıya çıxan çağırışları dəyərləndirmək baxımından xüsusi məna daşıyır. 1992-ci ilin noyabrında Naxçıvanda, ölkənin ağır siyasi, iqtisadi və hərbi böhran yaşadığı bir vaxtda yaradılan Yeni Azərbaycan Partiyası həmin dövrdə cəmiyyətdə sabitlik və güclü dövlət idarəçiliyi tələbinin siyasi ifadəsinə çevrilmişdi. Azərbaycanın müstəqilliyinin təhlükə altında olduğu, torpaqlarımızın işğal edildiyi, daxili qarşıdurmanın dövlətçiliyi sarsıtdığı şəraitdə Heydər Əliyevin siyasi səhnəyə qayıdışı ölkənin gələcək inkişafında həlledici rol oynadı. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət həmin strateji xəttin yeni dövrün tələblərinə uyğun davam etdirilməsi və zənginləşdirilməsi ilə xarakterizə olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova deyib. Deputat bildirilib ki, ölkənin iqtisadi potensialının artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, müasir ordu quruculuğu və diplomatik imkanların genişləndirilməsi uzunmüddətli dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi. Bu prosesin ən mühüm nəticəsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi oldu. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə yalnız hərbi uğur deyildi; o, onilliklər ərzində aparılmış dövlət quruculuğunun, iqtisadi güclənmənin, diplomatik fəaliyyətin və milli həmrəyliyin nəticəsi idi. 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası isə bu tarixi prosesin mühüm yekun mərhələsini təşkil etdi. Prezidentin qurultaydakı çıxışında da vurğulanan əsas məsələlərdən biri budur ki, əldə olunmuş nəticələri qorumaq, yeni təhlükəsizlik mühitinə uyğunlaşmaq və dövlətin müdafiə qabiliyyətini daim gücləndirmək zəruridir.

O deyib ki, Qurultayda səsləndirilən ən mühüm istiqamətlərdən biri də Böyük Qayıdış prosesidir. Qarabağ və Şərqi Zəngəzurda 96 min insanın yaşaması, çalışması və təhsil alması, bu ərazilərin bərpasına indiyədək 28 milyard manat vəsait ayrılması, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin miqyasını göstərir. Ancaq Böyük Qayıdışın mahiyyəti yalnız evlərin tikilməsi, yolların çəkilməsi, elektrik və su təchizatının yaradılması ilə bitmir. Bu, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıtması, orada təhlükəsiz və ləyaqətli həyat qurması, məktəblərin, xəstəxanaların, iş yerlərinin və sosial xidmətlərin formalaşdırılması deməkdir.

E.Akimova qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanın gələcək inkişafı baxımından da strateji əhəmiyyət daşıyır. Bu ərazilər ölkənin iqtisadi xəritəsinə yenidən inteqrasiya olunmalı, kənd təsərrüfatı, turizm, sənaye və xidmət sahələrində potensial reallaşdırılmalıdır. Müasir şəhərsalma prinsipləri, ağıllı kənd və şəhər layihələri, yaşıl enerji imkanları həmin bölgələrin gələcək inkişaf modelini müəyyənləşdirən amillərdir. Ən başlıcası isə qayıdışın davamlı olması, insanların orada yalnız məskunlaşması deyil, öz gələcəklərini də qurmasıdır.

“Bütün bu məsələlər bir-biri ilə sıx bağlıdır: təhlükəsizlik olmadan inkişaf, iqtisadi dayanıqlıq olmadan sosial rifah, güclü dövlət institutları olmadan isə uzunmüddətli sabitlik mümkün deyil. YAP-ın VIII qurultayında səsləndirilən fikirlər də Azərbaycanın qarşısında duran vəzifələrin məhz bu qarşılıqlı bağlılıq kontekstində dəyərləndirilməsini tələb edir. Partiyanın qarşısında duran məsuliyyət yalnız siyasi fəaliyyətlə məhdudlaşmır; cəmiyyətlə canlı əlaqə, insanların problemlərinin öyrənilməsi, dövlət siyasətinin mahiyyətinin izahı və ictimai təşəbbüslərin dəstəklənməsi də bu fəaliyyətin mühüm istiqamətləri olmalıdır”, - deyə o əlavə edib.

 

Paylaş:
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31