Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası böyük seçki təcrübəsinə malikdir

Yeni Azərbaycan Partiyası böyük seçki təcrübəsinə malikdir

17.07.2013 [11:16]

Prezident seçkiləri kampaniyası dövründə prezidentliyə namizədin qeydə alınması üçün imza toplayacaq YAP fəalları üçün seminar keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının qərargahında partiyanın Bakı şəhəri üzrə rayon təşkilatları, Abşeron rayon və Sumqayıt şəhər təşkilatlarından prezident seçkiləri kampaniyası dövründə prezidentliyə namizədin qeydə alınması üçün imza toplayacaq fəalların iştirakı ilə müşavirə keçirilib. Müşavirədə partiyanın qarşıdan gələn prezident seçkilərinə hazırlığı, prezidentliyə namizədin qeydiyyatı ilə bağlı imzatoplama, Prezident İlham Əliyevin 10 illik fəaliyyəti ərzində qazandığı uğurlar, ölkə iqtisadiyyatının inkişafı, ölkədəki ictimai-siyasi proseslər və digər məsələlər barəsində müzakirələr aparılıb.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, Seçki Məcəlləsinə uyğun olaraq irəli sürülən hər bir namizədin namizədliyinin qeydə alınması üçün seçici imzalarının toplanması və Mərkəzi Seçki Komissiyasına təqdim olunması əsasdır: “Seçki Məcəlləsinə uyğun olaraq hər bir namizədin müdafiəsi üçün 40 min seçici imzası tələb olunur. Bundan əlavə, 10 faiz də artıq seçici imzasının toplanması tələb edilir. Ümumilikdə 50 min seçici imzası toplanmalıdır. Təbii ki, Yeni Azərbaycan Partiyasının potensialı bu gün nəinki 50 min, qısa müddət ərzində yarım milyon, bir milyon seçici imzası toplamağa imkan verir. Lakin qarşıda duran vəzifələr məhz Seçki Məcəlləsinin tələblərinə uyğun qurulmalıdır. Seçki Məcəlləsinin bir tələbi də imzaların 60 dairədən 50 imzadan az olmamaq şərti ilə toplanılmasıdır. Azərbaycan ərazisində 125 seçki dairəsi vardır. Bu seçki dairələrinin ən azı 60-nın ərazisindən 50 imzadan az olmamaq şərtilə imzalar toplanıb təqdim olunmalıdır”.
Siyavuş Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyi, İdarə Heyəti belə bir qərar qəbul edib ki, partiya nəinki 60 dairədən, ümumiyyətlə, 125 dairənin hər birindən imza vərəqələri toplayıb Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.
Daha sonra S.Novruzov qeyd edib ki, prosesdə qanunun aliliyi hər zaman qorunmalıdır. Ona görə də, imzanı yaşı 18-ə çatmış, seçki hüququna malik olan, dövlət və bələdiyyə qulluğunda çalışmayan insanlar toplamalıdır. İmzanı toplayacaq şəxslərlə bağlı siyahıların artıq tərtib edildiyini deyən S.Novruzov bildirib ki, imzaların toplanacağı yerlər də qanunla müəyyən olunub: “Qanunla qadağan olunmayan istənilən yerdə imza toplamaq mümkündür. Qanunla qadağan olunan yerlər qapalı müəssisələr, dövlət, şəxsi, bələdiyyə, özəl mülkiyyətlərdir. İmzaların toplanması üçün ən önəmli yer yaşayış yerləridir”.
İmzaların toplanması qaydalarından danışan YAP-ın İcra katibinin müavini partiya fəallarına ətraflı tövsiyələrini bildirib.
YAP-ın İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı isə vurğulayıb ki, YAP seçki kampaniyası ilə bağlı çox böyük təcrübəyə malikdir. Ona görə də, partiyanın rayon və şəhər təşkilatları seçki kampaniyasının mühüm mərhələsini-imzaların toplanmasını çox qısa zamanda həyata keçirəcək. M.Qurbanlının sözlərinə görə, seçki kampaniyasının çox mühüm mərhələləri var: “Əsas mərhələlərdən biri imzaların toplanması və bundan sonrakı təbliğat və təşviqat kampaniyasıdır. Təşviqat kampaniyası seçkinin elan olunmasından və seçkidə namizədlərin qeydə alınmasından sonra həyata keçiriləcək. Təşviqat sentyabrın 18-dən sonrakı dövrü əhatə edəcək. Amma buna qədər seçkiyə hazırlıqla bağlı bəzi işlər görülməlidir. YAP-ın İcra Katibliyi bu məsələlərlə bağlı müvafiq plan və proqramını çoxdan hazırlayıb və hazırda nəzərdə tutulan işlər həyata keçirilməkdədir. Rayon və şəhər təşkilatlarında görüşlər keçirilir, qarşıda duran vəzifələrlə bağlı fikir mübadilələri aparılır”.
YAP İcra katibinin müavini daha sonra qeyd edib ki, partiyanın 600 mindən artıq üzvü ilə yanaşı, xalqın böyük əksəriyyəti cənab İlham Əliyevin namizədliyini dəstəkləyir, Onun qələbəsini təmin etmək üçün ciddi səylər göstərir.
Müşavirədə son 10 ildə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında görülən işlərdən, əldə olunan uğurlardan geniş bəhs edilib. Bildirilib ki, bu dövr ərzində Azərbaycan Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində yüksək zirvələri fəth edir. Hər dövrün çağırışlarını yüksək səviyyədə həyata keçirən ölkəmizin qarşısında yeni hədəflər müəyyənləşdirilir. Çıxışlarda bu inam ifadə olunub ki, Azərbaycan yaxın 10 ildə dünyanın yüksək gəlirli ölkəsinə çevriləcək.
Bu uğurların bələdçisi olan xalqımız cənab İlham Əliyevin namizədliyini dəstəkləyir, Onun ətrafında sıx birləşir. Təbii ki, seçkilərin yüksək səviyyədə keçirilməsi seçici fəallığından çox asılıdır. Seçicilərə xoş əhval-ruhiyyə bəxş edən isə ölkəmizin bugünkü reallıqlarıdır.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 1324 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31