Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / “Embraer” müəmması...

“Embraer” müəmması...

25.08.2023 [10:50]

“ Cəhənnəmin ən yaxşısına”a sui-qəsd ehtimalı

“Vaqner”in “ölüm mələyi”ni kim aradan götürmək istəyirdi?

Aylardır Rusiyanın siyasi gündəminin əsas elementlərindən biri olan Yevgeni Priqojin “serialı” başa çatdı. Xəbər verildiyi kimi, iki gün öncə Tver əyalətində qəzaya uğrayan biznes təyyarədə Yevgeni Priqojin də olub. Xatırladaq ki, Tverdə qəzaya uğrayan “Embraer” tipli təyyarədə olan 10 nəfərin hamısı həlak olub və hadisə şahidlərinin söylədiklərinə görə, təyyarə qəzaya uğramazdan saniyələr əvvəl iki partlayış səsi eşidilib. Təyyarədə, həmçinin “Vaqner”in komandanı Dmitri Utkin də olub. Hadisə Kujenkino kəndi yaxınlığında baş verib. Qeyd edək ki, Yevgeni Priqojinə yaxın olan “Gray Zone” teleqram kanalı “Vaqner”in rəhbərinin ölümünü ilk elan edənlərdən olub. Kanal yazıb: “Yevgeni Viktoroviç Priqojin Rusiyadakı xainlərin əməlləri nəticəsində öldü. Ancaq Cəhənnəmdə də o, ən yaxşısı olacaq!”

Priqojinin həyat hekayəsi  - Həbsxanadan zirvəyə...

“Vaqner” Qrupu yaxud “Vaqner” ÖHŞ (Özəl Hərbi Şirkət) Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmə kimi tanınırdı. Qrupa daxil olan muzdlular Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bissau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası (MAR) da daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərib. Bəzi məlumatlara görə, onlar Suriyadakı, Donbas bölgəsindəki hərbi əməliyyatlarda da iştirak ediblər və prezident Ömər əl-Bəşirə dəstək vermək üçün Sudana göndəriliblər. Qrupun rəhbəri Yevgeni Priqojinin haqqında isə mətbuatda yer alan məlumatlar daima ziddiyyətli olması ilə diqqəti cəlb edirdi. Hətta bir zamanlar Prezident Putinə yaxın adam kimi tanınan qrupun “ölüm mələyi”nin 1980-ci illərdə quldurluq, soyğunçuluq və dələduzluğa görə məhkum olunduğunu sübut edən məhkəmə sənədlərinin olduğu da bildirilirdi. Bu barədə Rusiyada fəaliyyəti yasaqlanan “Meduza” saytı araşdırma aparmışdı - həmin dövrdə Priqojinin apellyasiya şikayəti üzrə kassasiya instansiyasının qərarı sayt redaktorlarının əlinə keçibmiş. Burada gələcək-keçmiş iş adamının mühakimə olunduğu cinayətlər sadalanırdı. Məlum olmuşdu ki, Leninqradın (Sankt-Peterburq-red.) Jdanovsk Rayon Xalq Məhkəməsinin 6 oktyabr 1981-ci il tarixli hökmünə əsasən, Priqojin 3 başqa şəxslə birlikdə küçədə bir qadını bıçaqla hədələyərək quldurluq edib, onun 50 rubl dəyərində qızıl sırğalarını əlindən almışdı. Üstəlik, Priqojin qurbanını huşunu itirənə qədər boğubmuş... Nəticədə sənədlərdə göstərildiyi kimi, Yevgeni Priqojin öncə 1979-cu ildə Leninqrad şəhərinin Kuybışev rayon məhkəməsinin 29 noyabr 1979 - cu il tarixli qərarı ilə 2,5 il, Jdanovsk rayonunun 6 oktyabr 1981-ci il tarixli qərarı ilə “gücləndirilmiş rejim”də çəkilməklə 13 il həbs cəzası almışdı.

Yüz milyonlarla dollarlıq büdcə, ən müasir silahlar, xüsusi missiyalar...

Qrupun başçısı və təyyarə qəzasında ölən digər şəxs - “Vaqner” çağırış siqnalı ilə əlaqəyə girən QRU-nun sabiq zabiti Dmitri Utkin idi. Utkin nasistlərə rəğbəti ilə tanınırdı və qruplaşmanın adını seçərkən də Hitlerin ən sevdiyi musiqiçi Riçard Vaqnerin adından istifadə etmişdi. Onun hələ 2013-cü ildən “Slavyanskiy korpus” adlı muzdlular briqadasının tərkibində Yaxın Şərqdə olduğu söylənilirdi.

“The Bell” saytı 2015-ci ildə qruplaşmanın illik büdcəsinin 10,3 milyard rubl (166 milyon dollar) olduğunu yazmışdı. “Vaqner qrupu”unun əsgərlərinə pulu nəğd verirdilər, onlar rəsmən heç yerdə işə götürülməmişdilər, silahların və təchizatın alınması isə məxfiləşdirilmişdi. Həmin xərcləri dövlət və adları açıqlanmayan “yüksək rütbəli biznesmenlər” öhdələrinə götürmüşdü. Məlumatlara görə, 6 min

muzdlu əsgərdən ibarət olan “Vaqner”də muzdlu döyüşçülər aylıq 2-3 min dollar maaş alırmış. Bununla yanaşı, uğurlu əməliyyatlarda mükafatlar da əldə edirmişlər - ölən əsgərin ailəsinə isə 50-80 min dollar təzminat ödənilirdi. Üsyandan öncə “Vaqner qrupu”nun düşərgəsi Krasnodar diyarında, Krasnodar şəhərindən 30 kilometr cənubda, M-4 “Don” yolunun üzərindəki Molkino qəsəbəsinin yaxınlığında yerləşib. QRU-nun 10-cu əlahiddə xüsusi təyinatlı briqadası da orada dislokasiya olunmuşdu.

İki ay öncə - 23 iyun 2023-cü ildə isə “Vaqner” Qrupunun lideri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun qüvvələrinə qarşı hücuma keçməkdə və onun qüvvələrinin “nəhəng” hissəsini öldürməkdə ittiham etmişdi. Priqojin Müdafiə Nazirliyinin rəhbərliyindən qisas alacağına söz verərək Moskvaya tərəf yürüşə başlamış və iki gün çəkən “silahlı üsyan cəhdi” dayandırılmışdı. Belarus lideri Aleksandr Lukaşenkonun işə qarışması və vasitəçiliyi ilə Priqojinin yürüşü başa çatdı. Priqojin “rus qanını tökməmək məsuliyyəti ilə” geri çəkildiklərini bildirdi. Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti ilə razılaşaraq “Vaqner” Özəl Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinlə danışıqlar aparmışdı - bu barədə Belarus prezidentinin Mətbuat Xidməti məlumat yaymışdı. Məlumata əsasən, gün ərzində davam edən danışıqlar nəticəsində tərəflər Rusiya ərazisində qanlı döyüşün başlanmasının yolverilməzliyi barədə razılığa gəlmişdilər.. “Nəticədə onlar Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəliblər. Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib. Hazırda “Vaqner” döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə bağlı məsələ müzakirə olunur” - Lukaşenkonun ofisindən bildirilmişdi.

Priqojin Moskvada niyə peyda olmuşdu?

Qrup Belarusa köçsə də, Priqojin özü yenə də “dinc dayanmırdı”. Yevgeni Priqojinin iyulun sonunda yayılan fotosu sosial şəbəkələrdə maraqla qarşılanmışdı. Belə ki, onun Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində iştirak etdiyi məlum olmuşdu. O, sammitdə olan Mərkəzi Afrika ölkələrinin nümayəndələri ilə görüşmüşdü. Priqojin hələ də yeni “iş yeri” axtarmaqda idi. O, Nigerdəki hərbi çevrilişi yüksək qiymətləndirərək ölkədə asayişi bərpa etmək üçün Nigerə “Vaqner” döyüşçülərinin göndərilməsini təklif etmişdi. Priqojinin “Telegram” qruplarında yayılmış səs yazısında da çevriliş “Niger xalqının keçmiş müstəmləkəçilərindən qurtulmaq üçün apardığı mübarizə” kimi xarakterizə edilirdi. “Keçmiş müstəmləkəçilər Afrika xalqlarını nəzarətdə saxlamağa çalışırlar. Bunun üçün bu ölkələri terrorçu və quldurlarla dolduraraq təhlükəsizlik böhranları yaradırlar”, -  o demişdi.

“Sui-qəsd” iddiası - Rusiya “şübhəlilər siyahısında”...

Amma Priqojinin bu qəfil “təyyarə qəzasına” qurban getməsi Qərb mətbuatı tərəfindən birmənalı qarşılanmır. Qərbin aparıcı analitikləri təyyarə qəzasının baş vermə situasiyasını nəzərdən keçirərək bəzi qənaətlərini açıqlayırlar. Məsələn, Yevgeni Priqojinin içində öldüyü “Embraer Legacy 600” təyyarəsinin birdən-birə  səkkiz kilometrdən çox qalxması və ardından sürətlə hündürlüyünü itirməyə başlaması bəzi ziddiyyətlərə yol açıb. “Flightradar24” uçuş izləmə xidmətinin hesabatına əsaslanan siyasi təhliliçilərin fikrincə, burada düz gəlməyən bir sıra məqamlar var - belə ki, hesabata görə, nəqliyyatın yeri haqqında məlumat ötürməməsinə baxmayaraq, “Flightradar24” uçuş hündürlüyündəki dəyişiklikləri və təyyarənin sürətini izləyə bilib.  Biznes-jet Moskva vaxtı ilə saat 18:10-da 8,5 kilometr hündürlüyə qalxıb. Yerdən bu məsafədə saat 18:19-a qədər uçduğu deyilir. Daha sonra təyyarə kəskin şəkildə maksimum 9,2 kilometr yüksəkliyə qalxıb, bir müddət sonra isə altı kilometrə düşüb. Saat 18:20-dən sonra nəqliyyat məlumat ötürülməsini dayandırıb. “Flightradar24”ün sözçüsü Yan Petçenik bildirib ki, “Embraer Legacy” uçuşun 30 saniyəsində 2,4 kilometr yüksəklik itirib. Qərbin bəzi hərbi təhlilçiləri isə bəzi qarşılaşdırmalar aparıb. Belə ki, qəza yeri ilə Moskvanın yaxınlğı onları şübhəyə salır - qeyd edilir ki, bu məsafə səssis raketlərin uçuş trayektoriyası üçün olduqca münbitdir. Hətta həmin raketlərin məhz qeyd edilən hündürlüklərdə aktivliyi də vurğulanır. Qəza şahidlərnin eşitdikləri “iki partlayış” isə onları üçün ən mühüm əsaslardan birini təşkil edir.

Üsyana təhrik edən güclərin “ölüm planı”...

Bəzi Rusiya siyasətçiləri isə Priqojinin “həlakına” tamam fərqli prizmadan yanaşma sərgiləyib. Onların fikrincə, Priqojinin ölümü “sui-qəsd”dirsə belə, bunu planlayanlar tamam fərqli güclərdir - o güclər ki, Priqojini üsyana “təhrik etmişdilər”. Hətta öz fikirlərini belə arqumentləşdirirlər ki, son Afrika sammitinin ardından Rusiya məhz Priqojinin əli ilə “qoca qitə”də möhkəmlənmək istəyirmiş. Hətta son dövrlərdə “Vaqner”in Afrikada aktivləşməsi də misal olaraq önə çəkilir - Priqojin sonuncu videomüraciətini “Afrikanı xilas edirik” formasında etmişdi. Onun təyyarəsi də Afrikadan Rusiyaya qayıdarkən qəzaya uğradı - onlar istisna etmirlər ki, qiyamdan sonra “toxunulmayan” Priqojinin yeni missiyası “Vaqner”i Afrikada gücləndirmək olub, onun Rusiya-Afrika sammitində boy göstərməsi də bu ehtimalı gücləndirir. Priqojinin yenidən Rusiyaya “xidmət” etməsi isə daha əvvəl razılaşdığı güclərin mənafeyi ilə düz gəlməyib...

Baydenin ikibaşlı “açıqlaması”...

ABŞ Prezidenti Baydenin də bu qəza ilə bağlı açıqlaması birmənalı qarşılanmayab. Ağ Ev sahibi Priqojinin ölümündən danışarkən bildirib ki, baş verənlər onu təəccübləndirməyib. “Lakin mən hələ nəyin baş verdiyini dəqiq bilmirəm”, - C.Bayden fikrinin davamında söyləyib. ABŞ prezidenti, həmçinin əlavə edib ki, qəzanın səbəbləri ilə bağlı sualın cavabını bilmək üçün kifayət qədər məlumata sahib deyil.

Əslində, bu açıqlama da müəyyən ziddiyyətlərə yol açır. Birincisi, ABŞ Prezidentinin təəccüblənməməsi özü maraq kəsb edən məsələlərdəndir və bunun səbəbləri olmalıdır. Bu sitata istinad edən Qərb mətbuatı yazdığına görə, Baydenin baş verənləri qiymətləndirməsini iki istiqamətdə izah etmək olar:

- Birincisi, Priqojin ölməyib və bu növbəti siyasi gedişdir;

- İkincisi isə Rusiya növbəti dəfə özünün başağrısından canını qutardı - yəni bu, adi qəza deyil.

Hər iki halda məsələnin nəticələnməsi üçün araşdırmaya ehtiyac var. Qərb analitikləri isə ABŞ kəşfiyyatının məsələ ilə bağlı yeni araşdırmasını və ya açıqlamasını səbirsizliklə gözləyir.

“Vaqner” fəallaşır, yoxsa fəallaşdırılır?

Bu arada “Vaqner”in yenidən “fəallaşması” ilə bağlı da açıqlamalar verilməkdədir. Belə ki, “Vaqner” ÖHŞ döyüşçüləri video yayaraq hədələyiblər. Yayılan videoda “Vaqner”çilər, artıq startda olduqlarını, hücuma keçdiklərini bildiriblər. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin də təyyarə qəzasının ardından təcili olaraq Kremlə gəlib. Bu barədə “telegram” kanallarında məlumat və videogörüntülər yayılıb. Görüntülərdə Putinin kortejinin sürətlə Kremlə irəlilədiyi əks olunub. Qeyd edək ki, Putin Kursk döyüşünün 80 illiyinin qeyd edilməsi üçün Kurska getmişdi. Bundan başqa, bir çox “telegram” kanalında “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojinin və komandiri Dmitri Utkinin Tver vilayətində təyyarə qəzasında həlak olduqdan sonra “Vaqner”çilərin qiyama hazırlaşdığı da qeyd olunub.

Amma “Vaqner”in hər hansı bir ciddi müqavimət göstərə biləcəyi istisna olunur. Çünki Belarusa köç öncəsi qrupun demək olar ki, bütün pulları əllərindən alınmışdı, silah-sursatları müsadirə edilmişdi. Hətta bununla bağlı görüntülər də paylaşılmışdı - həmin görüntülərdə “Vaqner”in pullarının ikitutumlu maşınlarla daşındığı göstərilirdi. Beləliklə, “başsız Vaqner”in Rusiyaya hər hansı bir müqavimət göstərəcəyi inandırıcı deyil. Təbii ki, bəzi güclərdən dəstək alacağı təqdirdə proses tam fərqli məcrada da inkişaf edə bilər...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 750 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31