Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Qara fələyin ağ maskası

Qara fələyin ağ maskası

29.08.2026 [10:21]

Herman Melvillin “Mobi Dik, yaxud Ağ balina” romanı haqqında

əvvəli ötən sayımızda

“Pekod” balina sürüsünə rast gələndə belə kapitanın dərin çapıqlı üzündə sevinc işartısı görünmür. Adət üzrə balıqçılar bir balina ovlayırlar, ancaq Axav vaxt itirməmək üçün sürüyə bənd olmağa, ova aludə olmağa imkan vermir. Starbek onu yola gətirməyə çox çalışsa da, kapitan inadından dönmür. Baş köməkçi bu səfərdən sırf kommersiya məqsədi güdür, onun arzusu ovdan əlidolu dönüb evinə, ailəsinə qovuşmaqdır. Rasional düşüncəli Starbek üçün balina şəhərləri, kəndləri işıqlandıran enerji mənbəyindən artıq bir mahiyyət daşımır, onun xəyalı mistik-romantik çırpıntılardan, yüksək qraduslu vəcd bayılmalarından xalidir. Bununla belə, nə qədər ağıllı, realist olsa da, Axavın çılğın öcəşkənliyinin gəmini labüd fəlakətə sürüklədiyini aydın görsə də, baş köməkçi vəziyyəti dəyişməyə göstərdiyi hər cəhddə kapitanın dəmir inadına, daş-qayadan yonulu xarizmasına dirənib durur, nə ağlını itirmiş başçını həbs eləməyə cəsarəti çatır, nə də onu öldürməyə əli qalxır. Silahını hədəfinin bir addımlığında hazır tutmuş köməkçisinin düz gözlərinə zillənən kapitan deyir ki, heç vaxt dənizi, səmanı seyrə dalmaqdan xüsusi zövq almayıb, ondan ötrü ən maraqlı mənzərə insan üzü, insan gözüdür (sonralar buna bənzər fikri Folkner də dilə gətirəcək).

Gəmi heyətinin marağına açıq-aşkar zidd getsə də, kapitan Axav matrosları tilsimləyib cazibə dairəsində saxlaya bilir. Starbeki sui-qəsddən daşındıran başlıca səbəb də bəlkə matrosların despota kölə sədaqətiylə bağlanması olur. Axav üçün gəmi heyəti ayrı-ayrı adamlardan ibarət deyil, bu heyət ondan ötrü kərpic-kərpic hörülmüş divar yox, ayağının altına alıb məqsədinə doğru boylandığı monolit bir qayadır, eynən ayağındakı protez kimi bədəninin bir üzvü, canının bir parçasıdır. Axav usta rejissor sayaq matrosları qurduğu tamaşanın könüllü aktyorlarına çevirə bilir. Köməkçiləri çılğın qocanın ağlını qaçırdığını anlasalar da, ona təsir göstərməyə, yaxud sərbəst addım atmağa, heyəti xilas eləməyə cəsarətləri çatmır. Onlardan biri deyir ki, beyni qızmış cəsur adam qorxaqdan qat-qat təhlükəlidir. “Pekod” gəmisindəki vəziyyət eynən iki yüz il sonra şimal qonşumuzun düşdüyü vəziyyətə bənzəyir...

Günün birində onlar bir ingilis gəmisiylə rastlaşırlar. Gəminin kapitanıyla söhbət əsnasında məlum olur ki, ağ balinanı ovlamaq istəyəndə o da dirsəkdən aşağı bir qolunu itirib. Ancaq ingilis kapitanın balinadan qisas almaq ağlına da gəlmir. Axav ondan Mobi Dikin getdiyi səmti öyrənib gəmini o səmtə sürdürür, bir müddət sonra “Pekod” Sakit okeana çıxır. Starbek yenə kapitana yalvarıb şüursuz bir varlığa kin, nifrət bəsləməyin, dilsiz-ağızsız heyvanla illər uzunu münaqişə aparmağın mənasız olduğuna onu inandırmağa çalışır. Fəqət kapitan Axavın öz fəlsəfəsi var: onun fikrincə, canlı-cansız bütün varlıqlar hansısa mübhəm qüvvənin üzünə taxdığı karton maskalardan başqa bir şey deyil. Başqa sözlə, Axav şüursuz məxluqla yox, həmin o fövqəlgüclə, min-min maska arxasında gizlənmiş nəhəng qüdrətlə, qarı fələyin özüylə çarpışıb vuruşur.

Ağıllı-başlı baş köməkçi belə sərsəm fəlsəfəni qanmaq iqtidarında deyil, ancaq kapitanın hipnoz altında saxladığı kütləni də otarmağa gücü yoxdur. Ağ balina ilk dəfə uzaqdan görünəndə kapitan göyərtədə şadyanalıq eləyib matroslara içki payladır, bütün heyət onun ovqatına yoluxur, matroslar səs-səsə verib Mobi Dikin ölümü şərəfinə şərab içirlər. İndi artıq Axav kimi onların da tək arzusu adamyeyən balığın qara qanına qəltan olmuş ağ cəmdəyini suyun üzündə yırğalanan görməkdir.

***

Gəmi iyerarxiyasının başında kapitan Axav durursa, ən aşağı pilləsində matrosluğa namizəd yeniyetmə zənci balası Pipi görürük. Bu iki qütb arasında qəribə əlaqə var, qalan bütün xarakterlər daşıdıqları vəzifələrlə birgə bu qütblərin arasında yerləşirlər. Kapitan Axav əsərdə hakimiyyət ehtirasının, kor nifrətin, aqressiv gücün zirvəsini, şagird Pip isə bunların tərs üzünü - can qorxusunun, ölüm xofunun, reqressiv çöküşün dibini təmsil eləyir. Bu da həyatın, taleyin ironiyasıdır ki, güclü, sağlam adamları şikəst, ərköyün bir qoca barmağında oynadır. Onun magik qüdrəti tabeliyində olanların fiziki qüvvəsindən qat-qat ötədir, başqa sözlə, instinkt əzələdən çox-çox güclüdür.

Ovçular balina ovlamaq üçün qayıqla dənizə enəndə yeniyetmə Pip də onlara qoşulur. Ovun qızğın çağında dalğa vurub Pipi qayıqdan salır, oğlan yalnız boş xilas çəlləyinin hesabına suyun üzündə qalır. Ovlanmış nəhəng balığın cəmdəyini gəmiyə qaldırandan sonra matroslar çox çətinliklə gecənin zülmətində axtarıb zənci balasını tapırlar. Ancaq amansız okeanın qoynunda uzun müddət köməksiz qalan Pip artıq əvvəlki istiqanlı, üzüyola oğlan deyil - bir yandan balıqlara yem olmaq qorxusu, bir yandan da suyun iliyə işləyən soyuğu onun ağlını başından alıb. Havalı oğlan artıq başqalarıyla yox, yalnız özünün bildiyi dildə özüylə danışır, öncəgörməyə bənzər anlaşılmaz sözlər söyləyir, baş-ayaq cümlələr qurur. Axav zavallı Pipi yanına götürür, ona öz kayutunda sığınacaq verir. Axavla Pipin birgəliyinə təhkiyəçi qəhrəman İzmail çox dəqiq diaqnoz qoyur: “Budur, iki dəli gəlir, biri gücündən, o biri zəifliyindən havalanıb...”

Doğrudan da, bu gəmidə Axava Pipdən yaxın kimsə yoxdur, yeniyetmə şagird qoca kapitanın astar üzüdür. Alışıb-yanan ehtirasdan, sönməyən nifrətdən gözü bağlanmış Axava - şizofreniya, ucsuz-bucaqsız okeanın vahiməsindən, keçirdiyi şokdan nitqi qurumuş Pipə - paranoya diaqnozu qoyula bilər, zənnimcə; çünki şizofreniya yaşamaq ehtirasının, paranoya isə ölüm qorxusunun qabını doldurub daşması, patologiyasıdır. Bir medalın iki üzü, özünüqoruma adı verdiyimiz bir instinktin iki qütbü olsa da, bir kökə, bir gövdəyə bağlı bu bir cüt yarasa qanadı bir-birindən əsla aralı deyil, bir-birindən ayrı uçmur, qoşa çırpınır. Bu baxımdan Axavın Pipi cəzb eləməsi rəmzi məna daşıyır. Eynən şizofreniya ilə paranoya da maddi-bioloji həyatın iki qütbü kimi əbədi izdivacdadır, bir-biriylə iç-içədir, bir-birinə asanlıqla çevrilir.

Əlbəttə, bütün bunlar tibbi-psixiatrik sahədə təcrübə toplamış peşəkarın yox, sıradan bir həvəskarın mülahizələridir.

***

Kapitanın ikinci köməkçisi, müdam narahat, qaraqabaq, bədbinliyə qapılmaq dərəcəsində realist Starbekdən fərqli olaraq daim şən, qayğısız, söhbətcil, taleyindən gileylənməyən, ölümü vecinə almayan, damağından qəlyan düşməyən, ən ağır problemləri belə zarafatla yola verən Stabb nə təhlükədən qorxur, nə də qəhrəmanlıq iddiasındadır. Axavın üzünə qayıtmaq, kapitana sui-qəsd eləmək onun ağlına da gəlmir, çünki həyatda hər şeyin taleyin hökmündən asılı olduğuna inanır, ona görə də gələcək sarıdan həyəcan keçirmir, ən təhlükəli məqamlarda belə ruhdan düşmür. Stabb peşəkar dənizçi kimi kapitanın əmrlərini canla-başla, sorğu-sualsız yerinə yetirir. Bədheybət ağ balina ondan ötrü şər timsalı, fələyin itilənmiş qılıncı yox, sadəcə, nəhəng piy torbası, dolanışıq mənbəyidir. Kapitanın ikinci köməkçisi təbiətinə görə həm Axava, həm də Starbekə daban-dabana zidd xarakterdir, o, həyatla ölüm arasındakı qıl körpünün üstündə bir kəndirbaz məharətiylə yeriyir. Stoiklərin fatalizmiylə epikürçülərin hedonizmi Stabbın şəxsiyyətində qovuşur.

davamı növbəti sayımızda...

F.UĞURLU

Paylaş:
Baxılıb: 202 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31