Avropa üçün çətin seçim: Rüşvət, yoxsa enerji?
22.12.2022 [10:41]
Son vaxtlarda Avropa Parlamentinin (AP) imicinin zədələndiyi barədə çox yazılır. Od olmayan yerdən tüstü çıxmaz, deyiblər.
AP-nin ünvanına səslənən ittihamlarda da həqiqət payı böyükdür.
Məsələn, burada müxtəlif ölkələrlə bağlı qərarların verilməsində ədalət tərəzisinin əyilməsinə, beynəlxalq prinsiplərin arxa plana keçirilməsinə, lobbi maraqlarının önə çəkilməsinə, imperialist güc mərkəzlərinin maraqlarının birtərəfli qaydada təmin edilməsinə dair çoxsaylı faktlar sadalamaq mümkündür. Açıq deyək ki, bu qurum son zamanlarda bir növ üçüncü ölkələrə qarşı həm də bir təzyiq alətinə çevrilib.
Avropa Parlamentində rüşvət qalmaqalı
Bütün dünyaya, xüsusilə də Şərq aləminə demokratiya, şəffaflıq və əxlaq dərsi keçmək iddiasında olan qoca qitənin mühüm təsisatlarından olan Avropa Parlamentinin adı dekabrın birinci ongünlüyündə yeni bir rüşvət qalmaqalı ilə gündəmə gəldi. Belçika Federal Prokurorluğunun Avropa Parlamentinin vitse-prezidentlərindən biri olan yunanıstanlı deputat Eva Kailinin də iştirak etdiyi korrupsiya üzrə istintaqın başlandığını və AP-də çalışan 10 nəfərin kompüter sistemlərinə girişinin bloklandığını açıqlaması qoca qitədə bir növ soyuq duş effekti yaratdı. Hətta Avropa İttifaqı (Aİ) məkanından kənar coğrafiyalar üzrə də müxtəlif məsələlərlə bağlı qərarlar və qətnamələr imzalayıb bunları etalon sənədlər kimi təqdim edən AP-də korrupsiya? Əgər belə bir iddia quruma üzv olmayan kənar bir dövlətdən gəlsə idi, AP dərhal bunu qərəzçiliklə əlaqələndirər və deputatlar həmin ölkəni, yumşaq desək, ağ yuyub qara sərərdilər. İndiki halda isə AP ilə bağlı rüşvət ittihamları qoca qitənin siyasi mərkəzlərinin birindən eşidilirdi və burada özünümüdafiəyə yer yox idi. Hadisələr ildırım sürəti ilə inkişaf etdi. Artıq dekabrın 11-də məlum oldu ki, Avropa Parlamentinin vitse-prezidenti, yunan əsilli siyasətçi Eva Kaili və daha 3 nəfər Qətərdə keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiya faktı üzrə ittiham olunaraq həbsə alınıblar. Bundan əvvəl isə Avropa Parlamentinin plenar iclasında deputatlar böyük korrupsiya qalmaqalı fonunda AP-nin vitse-prezidenti Eva Kailinin vəzifəsindən azad edilməsinin lehinə mütləq səs çoxluğu ilə səs veriblər. Belçika Prokurorluğundan verilən məlumata görə, indiyədək istintaq çərçivəsində evlərdə və ofislərdə olmaqla təxminən 20 ünvanda reyd və axtarışlar aparılıb. Axtarışlar nəticəsində şübhəli şəxsin evində 600 min avro, Brüsseldə otel otağında çantada bir neçə yüz min avro, Avropa Parlamenti deputatının mənzilində isə 150 min avro aşkar edilib.
Şübhəsiz ki, lobbiçilik müqabilində rüşvətalma faktının üzə çıxması Avropa Parlamentinin imicini palaz kimi yerlə bir edib. Buna görə də indi burada reabilitasiyaya cəhdlər göstərilir. Avropa Parlamentinin prezidenti Roberta Metsola daxili araşdırmaya başlandığını və AP-nin deputatlarının digər ölkələr və nüfuzlu şəxslərlə münasibətlərinə nəzarəti gücləndirmək üçün islahatlara başlanıldığını elan edib. Burada istər-istəməz “sonradan atılan daş topuğa dəyər” zərb-məsəlini xatırlayırsan.
Bu arada məlum olub ki, Yunanıstan da AP-də rüşvət qalmaqalında adı keçən Eva Kailinin cəzalandırılması prosesinə start verib. Belə ki, Yunanıstan hökuməti Avropa Parlamentinin 14 vitse-prezidentindən biri olan Eva Kailinin aktivlərini dondurub. Bir vaxtlar adıçəkilən deputata Yunanıstanda bu ölkəni AP-də yüksək səviyyədə təmsil etdiyinə görə böyük hörmət-izzət bəslənilirdi. İndi isə istintaq prosesi yekunlaşmadan hörmətli xanım deputatın linç edilməsinə başlanılıb. Yunanıstan hökuməti belə sərt yanaşma sərgiləməklə, bəlkə, demək istəyir ki, “biz rüşvətdə yoxuq”.
Rüşvəti alan da, verən də məsuliyyət daşıyır
Ayrı-ayrı ölkələrin qanunvericiliyində həm rüşvəti alana, həm də onu qarşı tərəfə verənə məsuliyyət nəzərdə tutulur. İndiki halda Qətər də ittihamlar obyektindədir. Düzdür, hələlik bu ölkədən konkret olaraq hansı məmurun əlinin rüşvətə bulaşdığı ilə bağlı hər hansı bir açıqlama yoxdur. Ancaq faktın özü ölkə üçün arzuedilən deyil. Təbii ki, Yunanıstandan olan deputatın və onun şəriklərinin futbol üzrə son dünya çempionatı ilə əlaqədar rüşvət almalarına dair faktlar aşkarlanıbsa, bu rüşvəti təklif edənlər və verənlər də olub. Bu günlərdə başa çatan son dünya çempionatının keçirildiyi məkanın Qətər olduğunu nəzərə alsaq, diqqətin məhz bu ölkəyə yönəlməsi başadüşüləndir. İstisna deyil ki, istintaq çərçivəsində bu istiqamətdə də araşdırmalar aparılacaq və AP-dəki rüşvətxor deputatların Qətərdə kimlərlə arzuolunmaz iş birliyinə girdikləri aydınlaşacaq.
AP-dəki rüşvət qalmaqalında Qətərin adının hallanması bu ölkədə narazılıqla qarşılanıb. Sual edilir ki, nə üçün qurumda lobbiçilik maraqlarının təmin olunmasına görə yaranan rüşvət qalmaqalında yalnız Qətərin adı hallanır? Qətər təmsilçilərinin narahatlığı başadüşüləndir. Axı bundan əvvəl də AP-nin təcrübəsində bir çox ali dəyərlərin asanlıqla lobbi maraqlarına qurban verildiyini heç kim inkar edə bilməz. Bunun təsdiqi üçün uzağa getmək lazım deyil. Biz zamanında AP-də Azərbaycana qarşı bir neçə qərəzli qətnamənin qəbul edildiyinin şahidi olmuşuq. Həmin qətnamələrin müddəaları, ölkəmizə ünvanlanan ittihamlar ağ kağız üzərində qara ləkəyə bənzəyirdi. Ədalətdən, hüquqdan uzaq olan belə qətnamələrin sifarişi AP-nə yalnız bir ünvandan - Avropada, xüsusilə də Fransada güclü olan erməni lobbisindən gəlirdi. Burada da “əl əli yuyar, əl də üzü” prinsipi işləyirdi. Ancaq nəyə görəsən həmin qətnamələrin ətrafında hansısa bir qalmaqal yaşanmırdı. O nəticə hasil olur ki, erməni lobbisi ənənəvi erməni hiyləgərliyi və bicliyi ilə işləyib və arxalarınca iz qoymayıblar. Qətərdə keçirilən futbol üzrə dünya çempionatına gəldikdə isə burada hər şey çox asanlıqla faş olub.
Enerji təhdidi ilə rüşvətin günahını yumaq mümkün olacaqmı?
Mətləbdən uzaqlaşmayaq. Qətər rəsmiləri rüşvət qalmaqalını ölkələrindən uzaqlaşdırmaq üçün əllərindəki ən mühüm silahlarını işə sala biləcəklərinin xəbərdarlıqlarını edirlər. Bu, enerji amilidir. Hazırda istehsalçı və istehlakçı ölkələr enerji amilini bir-birlərinə qarşı təzyiq vasitəsinə çevirməkdən çəkinmirlər. Yəni enerji siyasətində də ədalət prinsipi tez-tez pozulur. İndiki halda Qətərdə hesab edirlər ki, Avropada ölkənin adının rüşvət qalmaqalı ilə əlaqələndirilməsi və bu məsələyə görə
AP-nin Doha ilə münasibətlərinin məhdudlaşdırılmasına qərar verilməsinin bədəli qoca qitə üçün ağır ola bilər. Qətər AP-nin rüşvət qalmaqalı fonunda bu ölkə ilə əlaqələrinin dayandırmasını pisləyib və bunun münasibətlərə və qoca qitəyə mavi yanacaq tədarükünə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. Belə ki, Qətər diplomatı ölkəsinin Avropa Parlamentinin qərarlarına təsir etmək üçün strateji mövqedə olan insanlara rüşvət verməsi iddiaları ilə başlanan istintaqın münasibətlərə xələl gətirə biləcəyini bildirib. “Qətər məsələsində hüquqi proses başa çatmadan dialoq və əməkdaşlığı məhdudlaşdıran bu cür ayrı-seçkilik xarakterli məhdudiyyət qərarı regional və qlobal təhlükəsizlik əməkdaşlığına, eləcə də qlobal enerji məsələsi və təhlükəsizliyinə dair davam edən müzakirələrə mənfi təsir göstərəcək”, - bəyanatda deyilir.
Bu məzmunda bəyanatlar Qətərin digər rəsmilərindən də gəlib. Qətər rəsmilərinin öz bəyanatlarında enerji amilinə istinad etmələri heç də təsadüfi deyil. Qətər zəngin enerji resurslarına malik olan bir ölkədir, təsdiq edilmiş 23,9 milyard barrel neft ehtiyatlarına malikdir. Bu ölkə təsdiq edilmiş 25,06 trilyon kubmetr qaz ehtiyatları ilə dünyada İran və Rusiyadan sonra üçüncü yerdə gəlir.
Məsələ burasındadır ki, Rusiya-Ukrayna müharibəsi fonunda qoca qitədə enerji aclığı yaşanır. Müharibə başlayanadək Rusiya Avropaya ildə təxminən 150 milyard kubmetr həcmində mavi yanacaq tədarük edirdi. İndi sanksiyalar səbəbindən bu ənənəvi təchizat mexanizmi pozulub. Avropa Rusiyadan almadığı qazı digər mənbələrdən əldə etməyə çalışır. Qoca qitənin enerji tələbatını qarşılamaq üçün üz tutduğu belə mənbələr sırasında Qətər öndə gəlir. Qeyd edək ki, Avropa İttifaqı məkanına daxil olan bir sıra ölkələrlə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün müqavilələr bağlayan Qətərin Rusiyadan asılılığa son qoymağa çalışan Avropanın enerji böhranın aradan qaldırılmasında rolu getdikcə artır. Qətərin Avropa qarşısında digər “xidmətləri” də yada salınır. Qoca qitənin Əfqanıstanla əlaqələrində vasitəçi olan Qətər Taliban hakimiyyətə gələndən sonra minlərlə Avropa vətəndaşının bu ölkədən təhlükəsiz şəkildə çıxarmışdı. Belə qənaət hasil olur ki, Avropanın çörəyi dizinin üstündədir.
Bəs Qətərin enerji təhdidləri qarşısında Avropanın seçimi necə olacaq? İndi qoca qitə üçün sual budur. Bir tərəfdə böyük coğrafiyada artan enerji tələbatı, digər tərəfdə bu tələbatı qarşılamaq iqtidarında olan Qətərə qarşı rüşvət ittihamları. Qoca qitə bu dəfədəmi öyündüyü dəyərlərini qurban verəcək?
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49

