Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gənclərn elmi-mədəni mühitə inteqrasiyasında könüllülük fəaliyyətinin rolu

Gənclərn elmi-mədəni mühitə inteqrasiyasında könüllülük fəaliyyətinin rolu

23.09.2026 [10:25]

Azərbaycanda qarşılıqlı yardım, xeyriyyəçilik və ictimai həmrəylik ənənələri tarixən mövcud olmuşdur. Müasir dövrdə isə dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri kimi formalaşmışdır. Ölkəmizdə könüllü fəaliyyətinin təşəkkülü və sistemli inkişafı dövlət gənclər siyasətinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi ilə bilavasitə bağlıdır. Bu siyasətin ideoloji və mənəvi əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış, müasir dövrdə isə Prezident İlham Əliyev tərəfindən yeni mərhələyə yüksəldilmişdir. Dövlət başçısı gəncləri ölkənin strateji inkişaf resursu kimi dəyərləndirərək onların ictimai fəallığının artırılmasına, dövlət və cəmiyyət həyatında yaxından iştirakına xüsusi önəm vermişdir. Bu yanaşma, könüllülük fəaliyyətinin də dövlət səviyyəsində təşviq olunmasına və dəstəklənməsinə geniş imkanlar yaratmışdır.

Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda könüllülük fəaliyyəti hüquqi və təşkilatı baxımdan ardıcıl şəkildə möhkəmləndirilmişdir. 2009-cu ildə “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi könüllülük fəaliyyətinin hüquqi çərçivəsini müəyyən etmişdir. Sonrakı dövrdə həmin qanunun icrası dövlət proqramları və müxtəlif mexanizmlər vasitəsilə daha da genişləndirilmişdir. Bu siyasətin davamı kimi ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2020-ci ilin respublikamızda “Könüllülər ili” olaraq qeyd edilməsi bu fəaliyyət növünün ölkəmizdə genişlənməsinə təkan oldu.

Uğurlu nəticələrindən biri kimi 2012-ci ildə ASAN Xidmət mərkəzlərinin yaradılması və könüllülərin bu prosesə fəal şəkildə cəlb edilməsi olmuşdur. ASAN Xidmət modeli Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyində şəffaflığın, vətəndaş məmnunluğunun və gənclərin fəal iştirakının təmin olunmasına yönəlmiş mühüm islahatlardan biri kimi dəyərləndirilmişdir. Bu model ilk dəfə olaraq könüllülüyü dövlət xidmətləri, gənclərin iştirakı və ictimai məsuliyyət anlayışı ilə birləşdirərək davamlı və nümunəvi platforma formalaşdırdı. ASAN Könüllüləri hərəkatı könüllülüyün epizodik yardım fəaliyyəti deyil, peşəkar təcrübə, sosial bacarıqlar və vətəndaş məsuliyyəti məktəbi olduğunu cəmiyyətə nümayiş etdirdi və qısa müddətdə digər sahələr üçün də örnəyə çevrildi. Bununla yanaşı, Bir Könüllü proqramı gənclərin dövlət qurumlarında, ictimai tədbirlərdə və sosial layihələrdə fəal iştirakını təşviq edən mühüm platforma kimi formalaşdı. Sosial yönümlü könüllülük fəaliyyəti isə cəmiyyətin həssas təbəqələrinə dəstək göstərilməsini, xeyriyyə və humanitar təşəbbüsləri əhatə etdi. Bu istiqamətdə DOST Könüllüləri proqramı mühüm rol oynayaraq yaşlılar, əlilliyi olan şəxslər və aztəminatlı ailələrlə işin genişlənməsinə töhfə verdi. Eyni zamanda bir sıra humanitar təşəbbüslər Heydər Əliyev Fondu çərçivəsində həyata keçirilən könüllü fəaliyyətlər vasitəsilə reallaşdırıldı.

Nəticə etibarilə, Azərbaycanda könüllülük fəaliyyəti tədricən dövlət qurumlarını, təhsil müəssisələrini, mədəniyyət və elm sahələrini əhatə edən geniş ictimai hərəkat xarakteri aldı. Gənclərin könüllülük fəaliyyətinə marağı artdı, müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış könüllü proqramları formalaşmağa başladı. Könüllülük gənclər üçün sosial fəallıqla yanaşı, şəxsi inkişaf peşə yönümü və ictimai fayda anlayışlarının vəhdətinə çevrildi.

Son illər könüllülük fəaliyyəti təhsil, ekologiya, media, mədəniyyət və  kitabxana sahələrində daha da genişlənmişdir. Təhsil könüllülüyü gənclərin bilik və təcrübələrini paylaşmasına, mentorluq və maarifləndirmə fəaliyyətlərində iştirakına imkan yaradır. Ekoloji könüllülük ətraf mühitin mühafizəsi, ağacəkmə və ekoloji maarifləndirmə təşəbbüsləri vasitəsilə gənclərdə davamlı inkişaf düşüncəsini formalaşdırır. Rəqəmsal və media könüllülüyü isə sosial media, kontent istehsalı və informasiya dəstəyi vasitəsilə müxtəlif sosial, mədəni və elmi layihələrin tanıdılmasında mühüm rol oynayır. Kitabxana könüllülüyü isə gənclərin kitabxana və informasiya resursları ilə işləmək, biblioqrafik və informasiya xidmətlərinin təşkilində iştirak etmək, kitabxana fondlarının və mədəni irsin təbliğinə töhfə vermək, eləcə də elmi-mədəni tədbirlərin keçirilməsində praktiki təcrübə qazanmasına şərait yaradır.

AMEA Mərkəzi Elmi Kitabxanası da öz fəaliyyətində könüllülük prinsipinə və könüllülərin inkişafına xüsusi önəm verir.

“MEK könüllüləri” proqramı 9 iyun 2009-cu il tarixli 828-IIIQ nömrəli “Könüllü fəaliyyəti haqqında” Qanun əsasında formalaşdırılmış, 24 iyun 2024-cü il tarixli 238 nömrəli əmr ilə bu dövlət siyasətinin məntiqi davamı olaraq rəsmiləşdirilmişdir. “MEK könüllüləri” hərəkatı kitabxananın gündəlik işi ilə gənclərin enerjisini birləşdirən, bilik mühitini cəmiyyətə daha yaxın edən xüsusi bir təşəbbüs kimi qısa müddətdə diqqət çəkdi. Bu hərəkat MEK üçün sadəcə “könüllü dəstəyi” deyil: elektronlaşma, informasiya xidmətinin yenilənməsi və oxucu ilə əlaqənin güclənməsi kimi strateji istiqamətlərin gənclərin iştirakı ilə sürətlənməsidir.

Hüquqi dayağın olması könüllülüyü “təsadüfi yardım” çərçivəsindən çıxarır, onu məqsədli, ölçülə bilən və davamlı institusional mexanizmə çevirir. Yəni burada könüllülük həm gəncin inkişafı, həm də kitabxananın modernləşməsi üçün qarşılıqlı fayda yaradan əməkdaşlıq modeli kimi  qurulur.

Bu layihənin gerçəkləşməsi AMEA Mərkəzi Elmi Kitabxanası rəhbərliyinin kitabxanaya, oxucuya və ümumilikdə milli mədəniyyətə verdiyi yüksək dəyərin bariz ifadəsidir. Könüllülük təşəbbüsünün AMEA miqyasında ilk dəfə məhz MEK-də reallaşmasına dəstək göstərən, bu ideyanın həyata keçməsinə prinsipial mövqeyi və strateji baxışı ilə “yaşıl işıq” yandıran AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli elmi-mədəni mühitə inteqrasiyasına verdiyi önəmi bu təşəbbüslə bir daha nümayiş etdirmişdir.

Layihənin ilk günündən etibarən onun uğuruna inanaraq təşkilati proseslərdə yaxından iştirak edən, könüllülük ideyasının real və davamlı mexanizmə çevrilməsi üçün bütün imkanları səfərbər edən MEK-in direktoru, texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov bu proqramın formalaşmasında əsl komanda lideri mövqeyi sərgiləmişdir.

“MEK könüllüləri” proqramı gənclərlə elm arasında canlı və davamlı körpü yaradaraq onların elmi düşüncə tərzinin formalaşmasına, tədqiqat mədəniyyətinə yiyələnməsinə və biliklə məsuliyyətə davranış vərdişlərinin inkişafına şərait yaradır. Könüllülər kitabxananın müxtəlif struktur bölmələrində fəaliyyət göstərməklə elmi-informasiya dövriyyəsinin real iştirakçısına çevrilir, bu isə onların gələcək akademik və peşəkar inkişafına mühüm töhfə verir.

Bu proqram eyni zamanda dövlətin könüllülük siyasətində gənclərin intellektual inkişafına verilən önəmin praktik təzahürüdür. Sosial fəallıqdan intellektual fəallığa keçidi təmin edən “MEK könüllüləri” təşəbbüsü könüllülüyün yeni mərhələsini - bilik yönümlü, elmi əsaslı və davamlı könüllülük modelini formalaşdırır. Bu model gənclərin elmin inkişafına töhfə verən fəal subyektlər kimi yetişməsinə xidmət edir.

“MEK könüllüləri” təşəbbüsünün ideyası mahiyyət etibarilə sadə, lakin strateji baxımdan çoxşaxəlidir: gənclərə kitabxana işini öyrətmək və kitabxananın müasir dönüşümünü məhz gənclərin fəal iştirakı ilə sürətləndirmək. Bu ideyanın mərkəzində gənclərin kitabxana işi üzrə praktiki biliklər qazanması, peşə yönümünün formalaşması və real iş mühitində özünü sınaması dayanır. Eyni zamanda proqram MEK-də elektron kataloq və elektron kitabxananın inkişafını, rəqəmsallaşdırma prosesinin daha dinamik şəkildə həyata keçirilməsini hədəfləyir. Könüllülərin iştirakı oxuculara xidmətin həm ənənəvi, həm də elektron mühitdə daha çevik, funksional və müasir səviyyədə qurulmasına imkan yaradır. Bütün bu proseslər kitabxananın cəmiyyətlə əlaqələrinin möhkəmlənməsinə, MEK-in sosial platformalarda tanınırlığının artırılmasına və kitabxananın açıq, canlı ictimai məkan kimi təqdim olunmasına xidmət edir.

“MEK könüllüləri” proqramında iştirak edən gənclər təsadüfi şəkildə seçilmir. Könüllülük burada əvvəlcədən elan olunmuş müsabiqə əsasında aparılan ciddi seçim prosesinin nəticəsidir. İntizam, operativlik, işgüzarlıq, kompüter və dil bilikləri, eləcə də ixtisas uyğunluğu əsas meyarlar kimi qiymətləndirilir. Seçim əvvəlcə CV-lərin dəyərləndirilməsi ilə başlanır, növbəti mərhələdə isə namizədlərlə müsahibələr keçirilir. Bu yanaşma proqramın gəncləri sadəcə işə cəlb etmədiyini, onları məqsədli şəkildə seçdiyini, ölçdüyünü, hazırladığını və formalaşdırdığını göstərir.

Seçilmiş könüllülər üç aylıq proqram çərçivəsində təlimlərdə iştirak edir, sosial bacarıqlar və əmək vərdişləri qazanır, kitabxanaçılığın müxtəlif istiqamətlərini real iş mühitində öyrənirlər. Proqramı müvəffəqiyyətlə tamamlayan könüllülərə sertifikat təqdim olunur. Fəaliyyəti ilə seçilən gənclər isə tövsiyə məktubu ilə mükafatlandırılır.

“MEK könüllüləri”nın fəaliyyəti kağız üzərində yazılmış bəndlərlə məhdudlaşmır; onların işi kitabxananın canlı həyatına birbaşa toxunur. Könüllülər MEK-in struktur bölmələrinin gündəlik fəaliyyətinə dəstək verir, tədbirlərin təşkilində iştirak edir, kitabxanaya yeni gələn oxucuları qarşılayıb yönləndirir, müraciət formalarının doldurulmasına kömək edir, mütaliə və kitab seçimi ilə bağlı məlumatlandırma aparırlar.

2024-cü ildən etibarən həyata keçirilməyə başlanmış “Açıq qapı” günləri isə könüllülərin MEK-in ictimaiyyətə açıq və şəffaf təqdimatında oynadıqları rolu daha qabarıq şəkildə ortaya qoymuşdur. Bu günlər ərzində könüllülər ziyarətçilərin kitabxana məkanında ekskursiya edilməsində, fondlar, oxu zalları, elektron resurslar və xidmət istiqamətləri barədə ətraflı məlumat verilməsində yaxından iştirak etmişlər. Onların birbaşa ünsiyyəti və istiqamətləndirici fəaliyyəti sayəsində MEK yalnız elmi-informasiya mərkəzi kimi deyil, eyni zamanda açıq, canlı və cəmiyyətlə inteqrasiya olunmuş mədəni məkan kimi təqdim edilmişdir.

Könüllülərin fəal iştirakı “Açıq qapı” günlərini formal tanıtım tədbiri çərçivəsindən çıxararaq interaktiv və səmimi görüş platformasına çevirmiş, ziyarətçilərlə kitabxana arasında canlı dialoqun qurulmasına şərait yaratmışdır. Xüsusilə gənclərin və kitabxanaya ilk dəfə gələn ziyarətçilərin MEK-ə marağının artmasında bu ünsiyyət mühitinin mühüm rolu olmuşdur.

Rəqəmsal müstəvidə də könüllülərin fəaliyyətinin real nəticələri müşahidə edilmişdir. Sosial şəbəkələrin aktivləşdirilməsi istiqamətində könüllülərin təşəbbüsü ilə qısa müddət ərzində 200-dən artıq paylaşım edilmiş, yüzlərlə yeni izləyici cəlb olunmuş, səhifələrə baxış sayı 50 mini keçmişdir. Bu göstəricilər təkcə statistik rəqəmlər deyil, MEK-in auditoriya ilə əlaqələrinin genişləndiyini və kitabxananın rəqəmsal məkanda daha görünən və əlçatan olduğunu təsdiqləyən mühüm faktlardır.

Könüllülərin gündəlik fəaliyyəti üç növbə üzrə saat 10:00-13:00, 14:00-17:00 və 18:00-21:00 aralığında təşkil olunur. Bu iş qrafiki kitabxananın fəaliyyət ritminə uyğun olmaqla yanaşı, gənclərin təhsil və şəxsi planları ilə tarazlıq yaratmağa imkan verir, könüllülük fəaliyyətinin davamlı və əlçatan olmasını təmin edir.

Xüsusilə önəmli istiqamətlərdən biri yaşlı və əlilliyi olan oxuculara göstərilən diqqət və qayğıdır. Könüllülər bu kateqoriyadan olan oxucuların kitabxana xidmətlərindən daha rahat istifadə etməsinə dəstək olur, kitabxanaya gələ bilməyənlər üçün qeyri-stasionar xidmətin təşkili prosesində yardımçı rol oynayırlar. Bu yanaşma kitabxananın yalnız bilik mərkəzı deyil, eyni zamanda sosial məsuliyyət daşıyan ictimai məkan olduğunu bir daha nümayiş etdirir.

İnklüziv xidmətlərin inkişafında “MEK könüllülərı”nın rolu xüsusilə diqqətəlayiqdir. MEK-də müxtəlif kateqoriyadan olan istifadəçilər üçün bərabər informasiya əlçatanlığının təmin olunması məhz könüllülərın fəal iştirakı ilə real məzmun qazanmışdı. Audio resursların, danışan kitabların və audio-teatr formatında materialların hazırlanması və istifadəyə verilməsi prosesində könüllülər bilavasitə iştirak edərək inklüziv kitabxana mühitinin formalaşmasına əməli töhfə vermişlər. 2024-cü ildən etibarən MEK-də tətbiq olunmağa başlayan inklüziv kitabxana təşəbbüslərinın icrasında “MEK könüllüləri” hərəkatı aparıcı qüvvələrdən biri kimi çıxış etmişdir. Xüsusilə proqramın ikinci çağırışı çərçivəsində fəaliyyətə başlayan könüllülər qrupu səsləndirmə layihələrinin təşkili, audio materialların hazırlanması, onların sistemləşdirilməsi və oxuculara təqdim edilməsi mərhələlərində fəallıq göstərmişdir. Bu proses könüllülərin yalnız texniki dəstəkçi deyil, eyni zamanda sosial məsuliyyət daşıyan və inklüzivlik dəyərlərini praktik müstəvidə həyata keçirən iştirakçılar olduğunu nümayiş etdirmişdir.

Müasir kitabxana xidmətinin mərkəzində dayanan elektron resurslarla işləmək də könüllülərin fəaliyyətinin əsas istiqamətlərindəndir. Onlar oxuculara həm ənənəvi, həm də elektron kataloqdan, elektron kitabxanadan istifadə qaydalarını izah edir, praktik və əməli yardım göstərirlər. Bu proses oxucuların informasiya resurslarına daha sürətli və səmərəli çıxışını təmin edir.

Könüllülüyün əsas gücü isə çox vaxt səhnədə deyil, arxa planda görünməyən, lakin dayanıqlı əməyin içində üzə çıxır, MEK-də könüllülər fondların təşkili, sənədlərin sistemləşdirilməsi, kartoçkaların hazırlanması, biblioqrafik işlər, texniki işləmə, elektron kataloqa daxil etmə, rəqəmsallaşdırma, reproqrafiya və inklüziv səsləndirmə layihələri kimi istiqamətlərdə real iş yükünü paylaşaraq kitabxananın funksional fəaliyyətinə mühüm töhfə vermişlər. Məhz bu səssiz, lakin ardıcıl əmək kitabxananın müasir inkişafını təmin edən əsas dayaqlardan birinə çevrilmişdir.

Onların fəaliyyəti nəticəsində fondlarda inventar üzrə minlərlə kitabın sıralanması, arxiv materiallarının sistemləşdirilməsi, biblioqrafik göstərici və informasiya bülleteni üçün yüzlərlə kitab haqqında məlumatın toplanması, müxtəlif şöbələrdə kitab, jurnal və avtoreferatların texniki işlənməsi və EK-ya daxil edilməsi, rəqəmsal resursların sayt və elektron kitabxana üçün hazırlanması, yüzlərlə kitabın skan və konvertasiyası inklüziv kitabxana üçün səsləndirmə işləri, sosial və mədəni kontentin hazırlanması (slaydlar, booktrailer və videoçarxlar) kimi işlər həyata keçirildi.

Bundan əlavə, 2024-2026-cı illər ərzində “MEK könüllüləri” AMEA Mərkəzi Elmi Kitabxanasının daxili tədbirlərində, eləcə də respublika və beynəlxalq səviyyəli elmi-mədəni fəaliyyətlərdə yüzdən artıq tədbir və layihədə fəal iştirak edərək proqramın miqyasını və təsir dairəsini aydın şəkildə ortaya qoymuşlar. “Açıq mikrofon” günləri, “Biblioqrafik sorğu və sənəd sifarişinin aparılması mövzusunda videotəlimatın hazırlanması və təqdimatı, Bakı Ekspo Mərkəzində keçirilən X və XI Beynəlxalq Bakı Kitab Sərgisi, “Mütaliə insanı kamilləşdirir” adlı videoçarx layihəsi, eləcə də COP29 çərçivəsində reallaşdırılan ekoloji təşəbbüslər “Ekoloji təmizlik” aksiyası, “MEK könüllüləri”nin MEK-ə yaşıl töhfəsi aksiyası, həmçinin Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İlinə töhfə olaraq “Memarlığın zamanla ritmi”, “Bir binanın yaddaşı” və “Böyük kitabxananın mini dünyası” adlı layihələrin hazırlanması könüllülərin həm maarifləndirici, həm də sosial məsuliyyət yönümlü fəaliyyətlərdə nə qədər fəal olduqlarını nümayiş etdirmişdir.

Eyni zamanda könüllülər beynəlxalq elmi simpoziumlarda, “Açıq qapı” təşəbbüslərində, Elm Gününə həsr olunmuş tədbirlərdə, Ümumdünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə təşkil edilən sərgi və təqdimatlarda, lektoriyalarda, eləcə də MEK-in təşkilatçılığı ilə keçirilən “Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” mövzusunda respublika elmi konfransında və Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılıması və istifadəsı” adlı beynəlxalq elmi konfransda fəal iştirak etmişlər.

Bu geniş spektrli fəaliyyətlər göstərir ki, “MEK könüllüləri” elmi-mədəni mühitin formalaşmasında, biliklərin cəmiyyətə çatdırılmasında və kitabxananın ictimai rolunun gücləndirilməsində aktiv iştirak edən tərəfdaşlara çevrilmişlər. Məhz bu dinamika sübut edir ki, “MEK könüllüləri” davamlı və sistemli bir könüllülük hərəkatının adıdır.

Proqramın üçüncü qəbul mərhələsi bu marağın miqyasını daha aydın ortaya qoyur. 351 müraciət, 198 namizədin ikinci mərhələyə buraxılması və yekunda 25 gəncin seçilməsi planı “MEK könüllüləri”nin gənclər üçün nə qədər cəlbedici platformaya çevrildiyini sübut edir. Daha önəmlisi isə bu proqram yalnız kitabxanaçılıq ixtisası ilə məhdudlaşmır. Tarix, filologiya, dövlət idarəçiliyi, jurnalistika, kompüter elmləri, informasiya təhlükəsizliyi, mühəndislik, psixologiya, sosial iş və digər sahələrdən olan gənclərin bir araya gəlməsi MEK-in nə qədər interdisiplinar bir məkana çevrildiyini bir daha təsdiqləyir, onun elm, informasiya, kommunikasiya və xidmət mədəniyyətinin qovşağı olduğunu göstərir.

MEK könüllüləri hərəkatı qısa müddətdə sübut etdi ki, könüllü gənc yaradan, təşəbbüs göstərən, məsuliyyəti paylaşan və mədəniyyət daşıyan etibarlı tərəfdaşdır. Bu təşəbbüs MEK-in xidmətlərini daha geniş auditoriyaya çıxarır, elektronlaşma prosesini sürətləndirir, oxucu ilə münasibətləri möhkəmləndirir və ən əsası gəncləri elmi-informasiya mühitinin içində formalaşdırır.

AMEA-da ilk kimi başlayan bu proqram bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında artıq biliklə gənclik arasında qurulan canlı və dayanıqlı körpüyə çevrilmişdir. Bu körpü bir tərəfdən kitabxananın yüzillik elmi ənənəsini, intellektual irsini və institusional yaddaşını daşıyırsa, digər tərəfdən gənclərin enerjisini, yaradıcılığını və yeniliyə açıq baxışını birləşdirir.

“MEK könüllüləri” hərəkatı könüllülüyün davamlı inkişaf mexanizmi kimi səciyyələndirdi. Bu təşəbbüs kitabxananın xidmət modelini yeniləyir, rəqəmsal transformasiyanı sürətləndirir, oxucu ilə münasibətlərə yeni dinamika gətirir və gəncləri elmi-informasiya mühitinin fəal iştirakçısı kimi formalaşdırır.

Qeyd edək ki, MEK-in könüllülük proqramında iştirak etmiş gənclərin bir qismi sonradan Mərkəzi Elmi Kitabxanada işlə təmin olunmuş, digər bir qismi isə əldə etdikləri bilik, bacarıq və praktiki təcrübə sayəsində müxtəlif kitabxanalarda və digər müvafiq müəssisələrdə əmək fəaliyyətinə başlamışdır. Bu göstəricilər könüllülük proqramının gənclərin peşəkar inkişafına, əmək vərdişlərinin formalaşmasına və gələcək karyera imkanlarının genişləndirilməsinə mühüm töhfə verdiyini nümayiş etdirir.

Şəbnəm Rüstəmova,

AMEA Mərkəzi Elmi Kitabxanasının elmi katibi, MEK könüllüləri üzrə məsul şəxs

Paylaş:
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30