Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistana layiq olduğu münasibət göstərilməlidir

Ermənistana layiq olduğu münasibət göstərilməlidir

27.11.2014 [09:45]

Türkiyə işğalçı ölkə ilə sərhədlərini açmamaqda tam haqlıdır
Məlum olduğu kimi, son vaxtlar bəzi maraqlı dairələr tərəfindən Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən gündəmə gətirilir. Bir neçə gün öncə Türkiyədə Ankara Universiteti ilə “Hrant Dink Vəqfi”nin birgə keçirdiyi “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi” adlı beynəlxalq konfransın keçirilməsi buna sübutdur. Həmin konfransda sərhədlərin açılmasına dair çağırışlar səslənib. Konfransa Türkiyə, Ermənistan, ABŞ və Fransanın müxtəlif universitetlərindən nümayəndələr qatılıb.
Təbii ki, bu məsələ, Azərbaycan cəmiyyətində haqlı olaraq etirazla qarşılanır. Eyni zamanda, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız azad edilməyincə, Türkiyə dövləti tərəfindən sərhədlərin açılmayacağına inam ifadə olunur. Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Türkiyə böyük dövlətdir və demokratik cəmiyyətdən ibarətdir. Ona görə də, bu cəmiyyətdə fərqli fikirlər ola bilər. Bununla belə, M.İbrahimqızı hesab edir ki, Türkiyə işğalçı dövlət olan Ermənistanla sərhədləri açmamıldır. O xatırladıb ki, 1993-cü ildə Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal etdiyinə görə Türkiyə bu ölkə ilə sərhədləri bağlayıb, diplomatik münasibətlər dayandırılıb. Sərhədlərin indiki şəraitdə açılmasının mümkün olmadığını deyən YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Ermənistan hər fürsətdə Türkiyənin beynəlxalq imicinə zərbə vurmağa çalışır: “Ermənilər qondarma erməni “soyqırımı” iddiaları ilə bağlı Türkiyənin imicinə zərbə vurmaqla məşğuldurlar, ona böhtan atırlar, diplomatik hücum edirlər. Ayrı-ayrı ölkələrdə bu yöndə iş aparılır ki, bəzi dövlətlər uydurma “erməni soyqırımı”nı tanıyıb. Bundan əlavə, Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları var, işğalçı ölkənin gerbində Türkiyənin ərazisində olan Ağrıdağın fotosu əksini tapır. Bu günə qədər də etirazlar olsa da, Ermənistan öz mövqeyində heç bir dəyişikliklər etməyib. 2015-ci ildə Ermənistan saxta “soyqırımı”nın 100 illiyi ilə bağlı böyük tədbirlər keçirməyi nəzərdə tutur. Hətta müxtəlif dövlətlərin rəhbərlərini də həmin tədbirlərə dəvət edirlər. Ermənistan türkləri soyqırımı törədən millət kimi təqdim etməyə çalışır. Bu, çox məkrli məqsəddir”.
M.İbrahimqızı hesab edir ki, Türkiyənin mütərəqqi ziyalıları da sərhədlərin açılmasının tərəfdarı deyillər. Onun fikrincə, “Hrant Dink Vəqfi”nin erməniləri dəstəkləməsi aydın məsələdir: “Kaş ki orada türk xalqlarını da dəstəkləyən vəqflər daha çox olsun. Vaxtilə Hrant Dink öldürüləndə “hamımız erməniyik” deyən türkləri qınayıram. Kaş ki bunu deməyəydilər. Biz ermənilər kimi kin, düşmənçilik mövqeyi saxlayan millət deyilik”.
YAP Siyasi Şurasının üzvü qeyd edib ki, torpaqlarımızı işğal edən, dinc insanları girov götürən, qocaları, uşaqları, qadınları qətlə yetirən Ermənistana layiq olduğu münasibət göstərilməlidir. Onun fikrincə, Türkiyə dövləti işğalçı ölkə ilə sərhədləri açmayacaq: “Bilirik ki, bu məsələyə görə Türkiyəyə təzyiqlər çoxdur. Amma bu günlərdə Baş nazir Əhməd Davudoğlu deyib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün regional layihələrdən kənarda qalıb. Hesab edirəm ki, torpaqlarımız işğal altındadırsa, Türkiyəyə qarşı uydurma “soyqırımı” iddiası varsa, bu ölkə Ermənistanla sərhədləri açmayacaq. Mən indiki şəraitdə Türkiyə-Ermənistan sərhədlərinin açılacağına inanmıram və bunu qəbul edə bilmirəm”.
Milli Məclisin deputatı Sahib Alıyev isə Qərbin Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün çoxdandır cəhdlər göstərdiyini bildirib. Onun fikrincə, Türkiyənin içərisində də bunu istəyənlər var. S.Alıyev xatırladıb ki, hələ 2009-cu ildə bu barədə Türkiyənin bir sıra diplomatik nümayəndələri də fikir bildiriblər: “Məsələn, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviköz 2009-cu ildə bir məqaləsində sərhədlərin açılmamasından dərin təəssüf hissi keçirdiyini yazmışdı. Təbii ki, hər bir dövlətin öz maraqları var və bu maraqlar öndə durmalıdır. Bu cəhətdən, Türkiyənin qərarlarına hörmətlə yanaşırıq. Lakin kimlərsə fikirləşirsə ki, sərhədlərin açılması ilə ermənilər uydurma “soyqırımı” iddialarından əl çəkəcəklər, onlar yanılırlar. Ermənilər buna getsələr belə, bu gün onların arxalarında durub sərhədlərin açılmasını istəyənlərin özləri bununla razılaşmayacaqlar. Çünki uydurma “erməni soyqırımı” məsələsi Türkiyəyə qarşı bir təzyiq vasitəsidir”.
Millət vəkili daha bir xatırlatma edərək bildirib ki, ötən həftə Cənubi Kiprin parlamentariləri Ermənistanda səfərdə idilər və onlar bir çox məsələləri müzakirə edərək, həm Azərbaycan, həm də Türkiyə haqqında tənqidi fikirlər səsləndiriblər: “Həmin görüş əsnasında Yunan Kipri ilə ermənilər arasında Türkiyəyə qarşı birgə fəaliyyət haqqında razılığa gəlinib. Bu, bir daha onu göstərir ki, sərhədlərin açılması ilə Türkiyə heç nəyə nail ola bilməyəcək. Yeganə dövlət Azərbaycandır ki, bu məsələdə Türkiyə ilə çiyin-çiyinə çalışır. Bu baxımdan, Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın maraqlarına nə qədər cavab vermirsə, Türkiyənin maraqlarına da o qədər cavab vermir”.
Milli Məclisin deputatı Rauf Əliyev də deyib ki, 1993-cü ildə Ermənistan Kəlbəcər rayonunu işğal etdikdən sonra haqlı olaraq Türkiyə işğalçı dövlətlə sərhədlərini bağlayıb. Türkiyənin Azərbaycanın təbii müttəfiqi, strateji tərəfdaşı və dost-qardaş ölkə olduğunu xatırladan R.Əliyevin sözlərinə görə, sərhədlərin bağlanmasının səbəbi Ermənistanın təcavüzkarlığıdır: “Ermənistanın təcavüzkarlığının həddi-hüdudu yoxdur. Bu təcavüzkarlıq yalnız Azərbaycana qarşı deyil, Ermənistan hazırda faktiki olaraq Gürcüstana və Türkiyəyə qarşı da ərazi iddiaları ilə çıxış edən ölkədir. Ermənilər harada varsa, orada Ermənistanın iddialarını təmin etməyə çalışırlar. Demək istəyirəm ki, Türkiyə təcavüzkara qarşı BMT-nin Nizamnaməsi çərçivəsində addım ataraq sərhədləri bağlayıb, diplomatik əlaqələri dayandırıb. Türkiyə ilə yanaşı Pakistan, Özbəkistan kimi ölkələr də Ermənistanla əlaqələr qurmadılar. Çox təəssüf ki, bir çox dövlətlər işğalçı dövlətlə əməkdaşlıq edir. Əgər digər ölkələr də təcavüzkara qarşı çıxış etsəydilər, təcavüzkar yerində oturdulardı. Amma işğalçının şirnikləndirilməsini, ona havadarlıq edilməsini görürük. Bu cür addımlar bölgə üçün böyük təhlükə yaradır”.
Millət vəkili deyib ki, müəyyən beynəlxalq qüvvələr Ermənistana himayədarlıq edərək onun Türkiyə ilə sərhədlərinin açılmasına və Ermənistana iqtisadi baxımdan yeni nəfəs verilməsinə çalışır. Onun sözlərinə görə, sərhədlərin açılması ilə bağlı tədbirlərin keçirilməsi də bu məqsədə xidmət edir: “İnanırıq ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmayınca Türkiyə dövləti sərhədləri açmayacaq”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 761 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31