Kuba bu gün əldə etdiyi nailiyyətlərə görə həm də Azərbaycana minnətdardır
15.02.2014 [10:56]
Səfir Omar Medina Quintero: Vaxtilə Azərbaycanda təhsil alan kubalı tələbələr bu gün ölkənin inkişafında müvəffəqiyyətlə iştirak edirlər
“Yeni Azərbaycan” qəzeti yeni ildən bir çox yeni layihələrlə oxucuların görüşünə gəlir. Belə layihələrdən biri də “Bizim qonaq” rubrikasıdır. Layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri təmsil etdikləri ölkələrlə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin hazırkı durumu, perspektiv planlar barədə öz fikirlərini oxucularla bölüşürlər. Bu qəbildən növbəti müsahibimiz Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Omar Medina Quinterodur.
- Cənab səfir, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk Latın Amerikası dövlətlərindən biri də Kubadır. Ötən 23 il ərzində ölkələrimiz arasındakı münasibətlərə nəzər salsaq, hansı göstəriciləri sadalamaq istərdiniz?
- Öncə qeyd edim ki, rəsmi sənədlərdə Kubanın Azərbaycan Respublikasının dövlət müstəqilliyini 26 dekabr 1991-ci il tarixində tanıması qeyd olunsa da, ikitərəfli münasibətlərimizin tarixi daha əvvələ gedib çıxır. 1959-cu ildə Kubada sosialist inqilabı qələbə çaldıqdan sonra, ölkə gəncləri keçmiş SSRİ-nin bir sıra respublikalarında təhsil almağa göndərildi. Onlardan bir qismi də Azərbaycanda təhsil alırdılar. Təkcə Azərbaycan Neft-Kimya İnstitutunda (indiki Neft Akademiyası) hər il Kubadan 250 tələbə təhsil alırdı. Hazırda Kubadakı neft emalı sahəsində çalışan mütəxəssislərin, demək olar ki, böyük əksəriyyəti Azərbaycanda təhsil alan tələbələrdir. Həmin dövrdə Kubada neft ehtiyatlarının mövcudluğu təsdiqlənsə də, kadrların olmaması kəşfiyyat işlərinin aparılmasına imkan vermirdi. Məhz Azərbaycanda təhsil alan tələbələr vətənə döndükdən sonra Kubada neft sənayesi inkişaf etməyə başladı. Neft sahəsi üzrə Azərbaycanda artıq mütəxəssisə çevrilmiş gənclərin hesabına Kubada dənizdə və qurudakı neft yataqlarında kəşfiyyat işləri sürətləndi, neftin çıxarılması və emalına başlanıldı. Hazırda Kubada ildə 4 milyon ton neft hasil olunur. Bu mənada Kuba bu gün neft sənayesində əldə etdiyi nailiyyətlərə görə həm də Azərbaycana minnətdardır.
Əgər ötən illərə nəzər salsaq, siyasi əlaqələrimizin yüksək səviyyədə olmasının şahidi olarıq. Bu əlaqələrin təməli isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Kuba xalqının lideri Fidel Kastro tərəfindən qoyulub. Yeri gəlmişkən qeyd edim ki, Fidel Kastronun Heydər Əliyevə böyük hörməti var idi. Moskvaya səfərləri zamanı dəfələrlə görüşmüş, səmimi söhbətlər etmişdilər. Odur ki, Azərbaycan təkrar dövlət müstəqilliyinə qovuşduğu zaman gənc dövləti tanıyanlardan biri də məhz Kuba oldu. Uzun illər ölkəmiz Azərbaycanda istehsal olunan neft maşınqayırma məhsulları, məişət kondisionerləri və s. avadanlıqları idxal edirdi. SSRİ-nin dağılması iqtisadi əlaqələrə də öz təsirini göstərdi. Lakin deməzdim ki, onlar tamamilə qırıldı, sadəcə formasını dəyişdi. Müstəqillik illərində BMT çərçivəsində keçirilən tədbirlərdə liderlərimiz - Heydər Əliyev və Fidel Kastro dəfələrlə görüşüb, səmimi söhbət ediblər. Ümumiyyətlə, Kubada təkcə dövlət başçısı səviyyəsində deyil, bütün ictimaiyyətin Heydər Əliyevə həmişə böyük hörməti olub. Kubada hamı böyük maraqla və heyrətlə izləyirdi ki, Heydər Əliyev iqtisadiyyatı dağılmış bir vəziyyətdə olan kiçik bir ölkəni qısa bir zamanda necə davamlı inkişafa malik olan, qüdrətli və sülhsevər bir dövlətə çevirə bildi. Xatırladım ki, Kuba hər zaman Azərbaycanla bağlı olan məsələlərdə ölkənizə dəstək verib, Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Çünki azadlıq, müstəqillik kimi ideyalar Kubanın dövlət siyasətində qırmızı xətlə keçir, bizim üçün prioritet bir məsələdir. Bildiyiniz kimi, Kuba uzun əsrlər boyu əsarət altında olub. Lakin bu, kubalıların azadlıq arzularını tükəndirməyib. Bu arzular irsən, nəsildən-nəslə qanımızla keçib. Və nəhayət, kubalılar da öz müstəqilliyinə qovuşa bildi. Ölkə sürətli inkişaf etməyə başladı. O illərdə Kubanın Azərbaycanla olan iqtisadi əlaqələri keçmiş İttifaq vasitəsi ilə həyata keçirilirdi. Ola bilsin ki, Kubanın keçmiş SSRİ-yə ixrac etdiyi şəkərdən Azərbaycana da pay düşüb. Hesab edirəm ki, ölkələrimiz arasında siyasi əlaqələr kifayət qədər yüksəkdir. Burda bir haşiyə çıxmaq istəyirəm. Bakıya gəlməzdən əvvəl Nazirlər Kabinetində çalışırdım. Mənim kurasiyamda olan ölkələrin hansındansa nümayəndə heyəti gəlmişdi. Səfər bitdikdən sonra hava limanında qonaqları yolasalma mərasimində nümayəndə heyətinin rəhbəri dedi ki, Havanadan birbaşa Azərbaycana səfər edəcək. O zaman Prezident Raul Kastro bildirdi ki, mənim də salamlarımı dostumuz Prezident İlham Əliyevə çatdırarsınız. Təkcə bu ifadə, -hətta qonaq vasitəsilə digər ölkənin dövlət başçısına salam göndərmək,-məncə, ölkələrimiz arasında münasibətlərin səviyyəsini göstərir. Xatırladım ki, Raul Kastro vitse-prezident və müdafiə naziri olarkən Bakıya səfər edib, Prezident İlham Əliyevlə görüşüb. Bildiyim qədər, prezidentlərimiz arasında mehriban dostluq münasibətləri var. Bundan əlavə, 2011-ci ilin fevralında Kubanın xarici işlər naziri B.Rodrigez Pariya Azərbaycanda səfərdə olub. Azərbaycanın Milli Məclisində Kuba ilə Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu fəaliyyət göstərir. Azərbaycan Respublikası ilə Kuba Respublikası arasında bir neçə sənəd imzalanıb, hüquqi baza formalaşıb. Hesab edirəm ki, qarşıdakı illərdə bu münasibətlər təkcə siyasi deyil, digər sahələrdə də özünü göstərəcəkdir.
- Bəs, kubalılar Azərbaycanın ən müasir tarixi, həmçinin, Xocalı faciəsi barədə nələri bilirlər?
- Deməzdim ki, ölkələrimiz arasındakı uzaq məsafə kubalılara Azərbaycan haqda informasiya toplamağa mane olur. Məsələn, az öncə sadaladığım kimi, Kubada Azərbaycanda təhsil almış minlərlə tələbə var. Bu gün onlar müxtəlif vəzifələrdə çalışmaqla ölkənin idarə olunmasında, onun inkişafında müvəffəqiyyətlə iştirak edirlər. Keçmiş “azərbaycanlı” tələbələrin sırasında dövlət məmuru, şirkət rəhbəri var. Hətta, mənim tanıdıqlarımdan biri Havanada nüfuzlu Xalqlar Dostluğu İnstitutunun rəhbəridir. Onlardan bir çoxu, hətta, Azərbaycan dilini bilir. Bura, bir növ onların ikinci vətənləri sayılır. Sözsüz ki, onlar Azərbaycan haqda informasiyaları oxuyurlar, ölkənizlə maraqlanırlar. Kubada Xocalı soyqırımı haqda kifayət qədər məlumat vardır. Kuba Azərbaycandan çox-çox uzaqda olsa da, səmimi olaraq deyirəm ki, bu işğal faktı bizi çox məyus edir. Kuba Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, BMT TŞ-nin qəbul etdiyi qərarlara uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına tərəfdardır. Yeri gəlmişkən qeyd edim ki, iki il əvvəl Kuba Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzv seçilməsinə müsbət yanaşıb, ölkənizin namizədliyini dəstəkləyib. Bizim nümayəndə heyətimiz Azərbaycanın quruma sədrliyindən çox məmnun qalıb. Quruma sədrlik dövründə Azərbaycan dünyada sülhün qorunması səylərini nümayiş etdirdi. Məhz bu kimi müsbət keyfiyyətlərin sayəsində Azərbaycan bir vaxtlar çox məhdud dairədə tanınan bir ölkədən dünyada böyük nüfuza malik bir dövlətə çevrilə bildi. Gördüyünüz kimi, Kubada Azərbaycan haqda müsbət fikirlər çoxdur, lazımi dairələrdə kifayət qədər məlumat var.
- Ümumiyyətlə, Kuba üçün, onun iş adamları üçün Azərbaycanı maraqlı edən nədir?
- Kubada Azərbaycanla iqtisadi əməkdaşlığa maraq böyükdür. Amma təəssüflər olsun ki, ölkələrimiz arasındakı məsafə buna imkan vermir. Məsələn, Kuba ölkənin neft məhsullarına olan tələbatını tam ödəmək üçün böyük məmnuniyyətlə dost Azərbaycandan xam neft ala bilər. Lakin onun daşınma xərcləri bizim üçün maya dəyərindən baha başa gələcək. Odur ki, biz enerjiyə olan tələbatımızı Venesueladan aldığımız neftin hesabına ödəyirik, xam nefti isə ölkəmizdə emal edirik. Digər sahələrdə də əməkdaşlığa maraq var. Məsələn, indiyədək iki dəfə - Havanada və Bakıda Azərbaycan ilə Kuba arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib. İlk iclasda iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Kubada olub, növbəti dəfə isə Kubanın xarici ticarət və xarici investisiyalar nazirinin müavini Rikardo Gerrero Blankonun başçılıq etdiyi nümayəndə heyəti 2009-cu il mayın 18-19-da Bakıda səfərdə olub. İclasın yekununda imzalanan sənəddə iqtisadiyyat, ticarət və investisiya, sənaye və energetika, kənd təsərrüfatı, ekologiya və balıqçılıq, səhiyyə, təhsil, mədəniyyət və turizm, rabitə və informasiya, idman və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər əksini tapıb. Gördüyünüz kimi, kubalı iş adamlarının Azərbaycanla əməkdaşlığa marağı böyükdür. Hesab edirəm ki, qarşıdakı illərdə iqtisadi əməkdaşlığın inkişafına mane olan məsələləri həll edə biləcəyik. Eyni zamanda, Kubaya və Azərbaycana qarşılıqlı turist səfərləri təşkil etmək mümkün olacaq. Bunun üçün kifayət qədər potensial mövcuddur. Hələlik isə, biz Azərbaycanla əməkdaşlığımızı neftçi kadrların hazırlanması üzərində qururuq. Çünki, qeyd etdiyim kimi, Azərbaycanda neft sənayesi güclü inkişaf edib, ölkə dənizdə və quruda neftin hasilatı və emalında misilsiz təcrübəyə malikdir və bu, artıq dünyada qəbul olunur. Burada digər bir məsələyə toxunmaq istərdim. Azərbaycan hakimiyyəti neftdən necə səmərəli istifadə etməyin yollarını bilir. Neftdən gələn gəlirlərin bir hissəsini ölkədə kadr hazırlığına yönəldir. “Qara qızılı insan kapitalına çevirək” devizi ölkənin gələcək inkişafı üçün çox önəmli məsələdir.
- Cənab səfir, artıq ikinci ildir ki, Azərbaycandasınız. Bir diplomat olaraq, ölkəmizin inkişafını necə dəyərləndirirsiniz?
- Mənim tələbəlik illərim Sovet dönəmində Belarusda keçib. Dostlarımla tez-tez keçmiş İttifaqın şimal respublikalarında olurdum. Yolum heç cür Bakıdan düşmürdü. Sonra müxtəlif vəzifələrdə çalışdım. Amma buna baxmayaraq, Bakı, Azərbaycan haqda dostlarımdan məlumatlar alırdım. Son illər Azərbaycan daha çox diqqətimi çəkirdi. Odur ki, təyinatımı buraya istədim. Düzü, ilk gün şəhərə gələrkən, çaşıb qalmışdım, elə bilirdim ki, səhvən başqa bir təyyarəyə minmişəm və hansısa Avropa ölkəsinə uçmuşam. Burada hər şey başqadır-dostlarımın mənə anlatdıqları Bakıdan əsər-əlamət belə yoxdur. Paytaxt sanki dünyanın ən iri meqapolisləri ilə yarışa girib. Bakı inanılmaz dərəcədə gözəl bir şəhərdir. Burada olduğum müddətdə tez-tez bölgələrə də səfərlər edirəm. Azərbaycanın bütün bölgələrində tikinti-quruculuq işləri davam edir, bir sözlə, ölkə sürətli inkişaf yoluna qədəm qoyub və düşünürəm ki, bu inkişaf hələ uzun müddət davam edəcək. Çünki, neftdən gələn gəlirlərdən düzgün istifadə etmək hər bir ölkəyə nəsib olan hal deyildir. Amma Azərbaycan hakimiyyəti çox doğru yoldadır və düşünürəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəniz hələ daha böyük nailiyyətlər, uğurlar əldə edəcəkdir. Bölgədəki lider mövqeyini hələ uzun müddət saxlamaqla yanaşı, dünyanın söz sahibi olan dövlətləri sırasında öz yerini möhkəmlətmiş olacaqdır.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

