Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

13.05.2026 [10:39]

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib

Mayın 12-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 8 məsələ daxil edilib. Əvvəlcə çıxış edən spiker Sahibə Qafarova mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünün respublikamızda böyük təntənə ilə keçirildiyini söyləyib. S.Qafarova  bildirib ki, tariximizin ən mürəkkəb və taleyüklü dövründə məhz Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi, qətiyyəti və fədakarlığı sayəsində dövlət müstəqilliyimizi qoruyub saxlamaq mümkün oldu. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müasir milli dövlətçilik konsepsiyası formalaşdırılıb və həyata keçirilib: “Müstəqil dövlətimizin Konstitusiyası hazırlanıb qəbul olunub, xalqımızın maraqlarına cavab verən daxili və xarici siyasətin strateji istiqamətləri müəyyən edilib. Ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf modeli yaradılıb. Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvünə çevrilib”.

Spiker qeyd edib ki, Ümummilli Liderin başlatdığı möhtəşəm işlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Son 23 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük və qürurverici uğurlar əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bu isə xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı olan ən mühüm problemi həll etməyə imkan verib. “Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələri təmin etdi. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, dövlətimizin ərazi bütövlüyü və suverenliyi, tarixi ədalət bərpa olundu. Ümummilli Lider Heydər Əliyev tərəfindən başladılmış tarixi missiya şərəflə başa çatdırıldı”,-deyə S.Qafarova vurğulayıb.

Spiker, həmçinin bugünlərdə Monteneqroya etdiyi işgüzar səfəri barədə də məlumat verib.

İclasda ilk olaraq İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı müzakirəyə çıxarılıb. Məlumatı daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edib. İllik məlumatda insan alverinə qarşı mübarizə fəaliyyəti ilə bağlı qanunvericilik, profilaktika, maarifləndirmə, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş, qarşıda duran vəzifələr kimi istiqamətlər öz əksini tapıb. Məlumata əsasən, 2025-ci ildə xarici ölkələrdə 46 Azərbaycan vətəndaşı insan alverinin qurbanı olub. Onlardan 33-ü Türkiyə, 10-u Birləşmiş Ərəb Əmirlikləri, 3-ü isə Pakistanda cinsi istismara məruz qalıb.

Hesabatda qeyd edilib ki, qurbanlardan 4-ü 18-25 yaş arası, 28-i 25-35 yaş arası, 14-ü 35 yaşdan yuxarı yaş həddində olub. İllik məlumata əsasən, ötən il ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan 936 uşaq və buna şərait yaradan 511 valideyn aşkarlanıb.

Sənəddə vurğulanıb ki, hesabat dövründə məhkəmələr tərəfindən 14 insan alverçisi (2-si keçmiş illərdən olmaqla) azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkumlardan 4-ü kişi, 10-u qadındır. Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 şəxsin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.

Milli Koordinatorun məlumatına görə, 2025-ci ildə şəxsiyyət vəsiqəsi olmayan 9 uşağa doğum haqqında şəhadətnamə verilib. Həmin uşaqlara məhkəmə qərarları əsasında doğum haqqında şəhadətnamələr verilərək müvafiq məlumatlar Azərbaycan Əhalisinin Dövlət Reyestrinə daxil edilib. Bundan başqa, ötən il bir nəfər Azərbaycan vətəndaşının Monteneqroda tikinti sektorunda istismar edildiyi aşkarlanıb. İxtisaslaşmış xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin məcburi əmək faktı müəyyən edilərək cinayət işi başlanılıb.

Müzakirələrdən sonra illik məlumat qəbul olunub.

Sonra Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan bəzi  yaşayış məntəqələrinin adları dəyişdirilib. “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsinə əsasən, rayonun Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının dəyişdirilərək müvafiq olaraq, “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması təklif olunub. Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Deputatlar iclasın gündəliyində olan digər qanun layihələrini də qəbul ediblər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31