2025-ci ildə Azərbaycan uğurlu xarici siyasətini davam etdirib
31.12.2025 [10:02]
2025-ci ildə beynəlxalq münasibətlər sistemində artan geosiyasi gərginliklər, qlobal təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər və qeyri-müəyyənliklər fonunda, daxili sabitlik və davamlı inkişafa arxalanan Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycan Respublikası Prezidentinin qətiyyətlə yürütdüyü müstəqil və praqmatik xarici siyasət kursunu uğurla davam etdirib. Bunu Xarici İşlər Nazirliyinin cari il üzrə mətbuat buraxılışından da görmək mümkündür.
Sülh yolunda mühüm irəliləyiş
Belə ki, Azərbaycanın milli maraqlarının təmin olunması məqsədilə ölkəmiz dəyişən geosiyasi şəraitdə çevik, məsuliyyətli və konstruktiv diplomatiya həyata keçirərək ikitərəfli və çoxtərəfli münasibətlərində əməkdaşlıq mexanizmlərini gücləndirib, beynəlxalq səviyyədə nüfuzunu və təsir imkanlarını nəzərəçarpacaq dərəcədə artırıb. Şanlı zəfərimizin, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpasının 5 illiyinin qeyd olunduğu 2025-ci ildə regionda dayanıqlı və qalıcı sülhün bərqərar edilməsi üçün yaranmış tarixi fürsətlərdən istifadə edərək, Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətlərin normallaşdırılması ölkəmizin regiondakı siyasətinin əsas istiqamətlərindən biri olub.
8 avqust 2025-ci il tarixində Azərbaycan, Amerika Birləşmiş Ştatları (ABŞ) və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutmuş Zirvə görüşündə Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamə, habelə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin paraflanması və digər razılıqlar bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verib. Vaşinqton Sammitində həmçinin Azərbaycan Respublikasının əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsini nəzərdə tutan “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə razılıq əldə edilib. Bununla yanaşı, ATƏT-in Minsk Prosesinin və əlaqədar strukturların bağlanmasına nail olunub, bununla Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin beynəlxalq gündəlikdən çıxarılmasına dair mühüm mərhələ tamamlanıb.
Azərbaycan 2026-cı ildə sülh prosesini daha da irəlilətmək məqsədilə ikitərəfli, birbaşa və prinsipial dialoqa sadiq qalacaq. Bu kontekstdə, artıq paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyasını təmin etmək üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı hələ də mövcud olan ərazi iddialarının aradan qaldırması və TRIPP layihəsi üzrə maneəsiz əlaqənin təmin edilməsi ilə bağlı öhdəliklərin tam icrası xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə Azərbaycan dünyada sülh, təhlükəsizlik və dayanıqlı inkişafın təmin olunmasına öz müsbət töhfəsini verib və bu çərçivədə müvafiq müraciətlərə uyğun olaraq bir sıra ölkələr arasında diplomatik vasitəçilik missiyalarını həyata keçirib. İl ərzində ölkəmiz çoxtərəfli əməkdaşlığın təşviqi, qlobal çağırışlara çevik və effektiv reaksiyaların verilməsi, beynəlxalq yardım fəaliyyətləri, beynəlxalq iqtisadi əməkdaşlıq və iqlim diplomatiyası istiqamətində fəaliyyətini davam etdirib.
Bundan əlavə, 2025-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü keçirilib və sədrlik Azərbaycana keçib. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyimiz, Qoşulmama Hərəkatı (QH) üzrə Troyka üzvü və milli qisimdə Hərəkat daxilində fəal işlər uğurla davam etdirilib. İqtisadi Əməkdaşlıq Təşkilatı (İqƏT) çərçivəsində Xankəndidə Zirvə görüşü zamanı uğurlu nəticələr əldə olunub. Ölkəmizdə bununla yanaşı, İqƏT Həftəsi keçirilib, Təmiz Enerji Mərkəzi təsis edilərək fəaliyyətə başlayıb. D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən D-8 Həftəsi çərçivəsində komissarların qeyrirəsmi iclası, iqlim və şəhərsalma üzrə nazirlər dialoqu, D-8 Media Forumu, eləcə də D-8 Gənclər Dialoqu təşkil olunub, təşkilatın strateji sənədlərində əks olunan prioritetlərə uyğun olaraq D-8 Enerji və İqlim Mərkəzi, D-8 Nəqliyyat Mükəmməllik Mərkəzi və D-8 Media Mərkəzinin Azərbaycanda yaradılması barədə razılıq əldə olunub.
Azərbaycanın regional sülh, təhlükəsizlik və rifah üçün əldə etdiyi bu son mühüm nəticələr qətiyyətli və uzaqgörən liderlik, diplomatiya və strateji əməkdaşlıq vasitəsilə əldə edilib. Azərbaycan regionun aparıcı dövləti, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş və sülhün təşəbbüskarı kimi qəbul olunur. Bu, dövlətçiliyimizin möhkəm əsaslarının, iqtisadi gücümüzün və xalqımızın birliyinin təntənəsidir.
Xarici dövlətlərlə ikitərəfli münasibətlər genişlənib
2025-ci ildə də Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin inkişafına xüsusi önəm verilib, Türkiyə, İran və Gürcüstandan Azərbaycana ali və yüksək səviyyəli səfərlər həyata keçirilib. Türkiyə, İran, Rusiya, Gürcüstan ilə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası və qurumlararası mexanizmlər çərçivəsində müntəzəm iclaslar təşkil olunub. Müttəfiqlik əlaqələrinə malik olduğumuz Türkiyə ilə intensiv təmaslar davam edib. 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Türkiyəyə 3 işgüzar, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ölkəmizə 4 işgüzar səfər həyata keçirilib. Ölkə Prezidenti 5 mart tarixində İğdır-Naxçıvan Qaz Boru Kəmərinin açılış mərasimində, 11-12 aprel tarixində IV Antalya Diplomatiya Forumunda, 19 iyun tarixində isə Kahramanmaraş şəhərində zəlzələdən sonra tikilmiş “Azərbaycan” məhəlləsinin açılış mərasimində iştirak edib.
Azərbaycanla Gürcüstan arasında tarixi, mədəni və iqtisadi bağlara əsaslanan strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində səylər davam etdirilib. Gürcüstan Prezidenti və xarici işlər naziri ilk xarici səfərlərini ölkəmizə həyata keçiriblər.
Son bir il ərzində “AZAL”a məxsus təyyarənin vurulmasından sonra Rusiya ilə münasibətlərdə ümumi gərginlik yaşanıb. Buna baxmayaraq, ölkələrimiz arasında dialoq və qarşılıqlı təmaslar davam edib. 9 oktyabr tarixində Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında iki ölkə prezidentləri arasında keçirilmiş görüş, Rusiya tərəfindən verilən açıqlamalar, təyyarənin məhz Rusiya silahlı qüvvələrinin səhvi nəticəsində vurulmasının etiraf olunması və üzrxahlıq edilməsi münasibətlərin normallaşması istiqamətində əhəmiyyətli addım olub.
İran ilə münasibətlər də intensiv qarşılıqlı səfərlərlə yadda qalıb. İran İslam Respublikasının Prezidenti aprel və iyul aylarında, İranın xarici işlər naziri isə dekabr ayında ölkəmizdə səfərdə olublar.
Mövcud ikitərəfli və çoxtərəfli regional əməkdaşlıq mexanizmləri çərçivəsində keçirilmiş görüşlər ölkəmizin regional əməkdaşlığa verdiyi mühüm əhəmiyyətin göstəricisidir. Bu çərçivədə, 28 may tarixində Laçın şəhərində Azərbaycan və Türkiyə prezidentləri və Pakistanın baş naziri arasında üçtərəfli əməkdaşlıq formatının Zirvə Görüşü, 22 avqust tarixində Avaza şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderləri arasında yüksək səviyyəli görüş, 29 yanvar tarixində isə Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin ikinci görüşü baş tutub.
Mərkəzi Asiya ölkələri ilə tarixi dostluq və qardaşlıq münasibətlərinin inkişafı da qarşılıqlı etimad və strateji tərəfdaşlıq əsasında ardıcıl, fəal və uğurla davam etdirilib. Qarşılıqlı səfərlərin intensivliyi münasibətlərin və əməkdaşlığın yüksək səviyyədə olmasını, Azərbaycanın xarici siyasəti çərçivəsində Mərkəzi Asiya regionuna verilən xüsusi önəmi bir daha nümayiş etdirib. İl ərzində Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə, habelə həmin ölkələrin prezidentlərinin və digər ali nümayəndələrinin Azərbaycana 14 qarşılıqlı səfəri həyata keçirilib. Ümumilikdə, son üç ildə Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə 14 səfəri, Mərkəzi Asiya ölkələri liderlərinin isə Azərbaycana 23 səfəri baş tutub. 15-16 noyabr tarixlərində Özbəkistanda keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşündə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul edilməsi, ölkələrimizin vahid geosiyasi və geoiqtisadi məkanda birləşməsi, Mərkəzi Asiyada əməkdaşlığın C5 formatından C6 formatına çevrilməsi, mühüm diplomatik nailiyyət olmaqla, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın yeni mərhələyə daxil olmasına imkan verib. Eləcə də, il ərzində Özbəkistan və Qazaxıstan ilə Ali Dövlətlərarası Şuraların ikinci iclasları, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan ilə aidiyyəti hökumətlərarası komissiyaların iclasları keçirilib.
Avropa, Asiya və Yaxın Şərqdə tərəfdaşların sayı artır
Azərbaycan və Avropa ölkələri arasında siyasi dialoq və əməkdaşlıq qarşılıqlı maraqlar əsasında inkişaf etdirilib. Cari ildə Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrə, Albaniya, Macarıstan, Danimarka və Slovakiyaya işgüzar səfərləri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri baş tutub. Eyni zamanda, Albaniya, İtaliya, Almaniya və Şimali Makedoniya dövlət və hökumət başçıları Azərbaycana səfər edib.
İl ərzində, ölkə rəhbəri Azərbaycanda və xaricdə təşkil olunmuş beynəlxalq tədbir və forumlar çərçivəsində 16 Avropa ölkəsinin dövlət və hökumət başçıları ilə 20-dən çox görüş keçirib. Həmçinin, Birləşmiş Krallıq, Latviya və Macarıstanla strateji dialoq çərçivəsində müvafiq iclaslar keçirilib. 13 oktyabr tarixində Birləşmiş Krallığın Avropa üzrə Naziri Stiven Dauti və Beynəlxalq İnkişaf və Afrika üzrə Dövlət Naziri Baronessa Çapman Parlamentin hər iki palatasında bəyanatlarla çıxış edərək, Birləşmiş Krallığın Azərbaycan ilə ikitərəfli münasibətlərinin Strateji Tərəfdaşlığa yüksəldilməsi barədə qərar qəbul etdiklərini elan ediblər.
Bu il Asiya və Sakit okean regionu ölkələri ilə də mövcud münasibətlərin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilib. İl ərzində Çin Xalq Respublikası və Vyetnam Sosialist Respublikası ilə münasibətlər yeni mərhələyə yüksəlib. Azərbaycan Prezidentinin Çin Xalq Respublikasına bir dövlət və bir işgüzar səfəri həyata keçirilib. Ölkə başçısının 22-24 aprel tarixlərində baş tutan dövlət səfəri çərçivəsində Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalanıb.
7 may tarixində Azərbaycan Prezidenti və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi tərəfindən “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” qəbul olunub.
Bundan başqa, Pakistan İslam Respublikası ilə ənənəvi müsbət dinamika davam etdirilib, Pakistan Baş nazirinin Azərbaycana bir rəsmi və iki işgüzar səfəri baş tutub.
2025-ci il Yaxın Şərq və Afrika ölkələri ilə münasibətlərin inkişafı və əməkdaşlığın gücləndirilməsi üçün mühüm il olub. Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) üç işgüzar və Misirə bir işgüzar səfəri həyata keçirilib. İl ərzində BƏƏ-nin, Somalinin, Qvineya-Bisaunun və Ruandanın ölkə başçılarının və Suriyanın keçid dövrü Prezidentinin Azərbaycana rəsmi səfərləri baş tutub. Rəsmi səfərlər və bir sıra beynəlxalq platformalar çərçivəsində Yaxın Şərq və Afrika regionunun 27 ölkəsinin xarici işlər nazirləri ilə görüşlər keçirilib. Sentyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin ölkəmizə səfəri zamanı “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” imzalanıb.
İyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın Azərbaycana ilk səfəri iki ölkənin münasibətlərində mühüm addım olub. 2 avqust tarixində Azərbaycan, Türkiyə, Suriya və Qətər arasında dördtərəfli razılaşma çərçivəsində, Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edən təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib. Bununla, Suriya Azərbaycanın qaz ixrac etdiyi 14-cü ölkə olub. Ümumilikdə, Azərbaycanla Suriya arasında əməkdaşlıq üçün geniş perspektiv mövcuddur.
Bu il Yaxın Şərqdə və Qəzzada vəziyyətlə əlaqədar ölkəmizin diplomatik təmasları davam edib. İsrail-Fələstin münaqişə zonasında baş verən hadisələr ilə bağlı bir sıra yüksək səviyyəli tədbirlərdə ölkəmiz təmsil olunub, İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyimiz diqqətə çatdırılıb. Prezident İlham Əliyevin ABŞ və Misir prezidentləri tərəfindən Qəzza üzrə Şarm əl-Şeyx sammitinə dəvət olunması Azərbaycanın qlobal səviyyədə fəal aktor kimi qəbul olunduğunun, Azərbaycanın sülh təcrübəsinə beynəlxalq etimadın göstəricisidir.
ABŞ-la əlaqələr yeni mərhələdə
2025-ci il ərzində Şimali, Mərkəzi və Cənubi Amerika dövlətləri ilə də ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyət aparılıb. Xüsusilə, ABŞ-Azərbaycan münasibətlərində müsbət irəliləyişlər əldə olunub. 7-8 avqust tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri baş tutub. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin liderləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb. Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılıb. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu məqsədlə müxtəlif istiqamətlər üzrə ikitərəfli təmaslar və görüşlər keçirilib, qarşılıqlı səfərlər baş tutub, habelə İşçi Qrupunun tam tərkibdə ilk iclası 19 dekabr tarixində təşkil olunub.
Səfər, həmçinin iki ölkə prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması rəmzi məna daşıyır.
İl ərzində 41 ölkə ilə 191 sənəd imzalanıb
Bütövlükdə, il ərzində Azərbaycan tərəfindən ikitərəfli və çoxtərəfli əsasda 41 ölkə ilə 191 sənəd imzalanıb. Eləcə də, 52 ölkənin Xarici İşlər nazirlikləri ilə siyasi məsləhətləşmələr keçirilib, 3 ölkə ilə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Protokol və Anlaşma Memorandumu imzalanıb. Azərbaycanın xarici ölkələrdə diplomatik təmsilçiliyinin genişləndirilməsi istiqamətində tədbirlər çərçivəsində, 2025-ci ildə ölkəmizin Tailand Krallığında və Oman Sultanlığındakı səfirliklərinin rəsmi açılışı baş tutub, 13 illik fasilədən sonra cari ilin fevral ayında Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib. Bundan başqa, ölkəmizin Bəhreyn Krallığında Səfirliyinin təsis edilməsi ilə bağlı qanun qəbul olunub. Beləliklə, Azərbaycanın xaricdə diplomatik missiyalarının ümumi sayı 93-ə çatıb (70 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 7 səfirlik ofisi və 1 təmsilçilik ofisi).
Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də fəal siyasət həyata keçirib. Bunların sırasında BMT, TDT, AQEM, İƏT, İqƏT, Qoşulmama Hərəkatı, ŞƏT, MDB, Aİ və s. qeyd etmək olar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
31 Dekabr 18:26
Dünya
31 Dekabr 17:30
Maraqlı
31 Dekabr 16:22
Hadisə
31 Dekabr 15:57
Dünya
31 Dekabr 15:39
Dünya
31 Dekabr 14:42
Dünya
31 Dekabr 14:18
Dünya
31 Dekabr 13:49
Dünya
31 Dekabr 13:25
Hadisə
31 Dekabr 12:41
Sosial
31 Dekabr 12:16
Dünya
31 Dekabr 12:03
Sosial
31 Dekabr 11:51
Siyasət
31 Dekabr 11:44
Siyasət
31 Dekabr 11:43
Gündəm
31 Dekabr 11:20
Siyasət
31 Dekabr 10:59
Sosial
31 Dekabr 10:35
İqtisadiyyat
31 Dekabr 10:12
Siyasət
31 Dekabr 10:02
MEDİA
31 Dekabr 09:54
Analitik
31 Dekabr 09:30
Ədəbiyyat
31 Dekabr 09:17
İqtisadiyyat
31 Dekabr 08:51
Mədəniyyət
31 Dekabr 08:26
YAP xəbərləri
30 Dekabr 22:59
Gündəm
30 Dekabr 21:45
YAP xəbərləri
30 Dekabr 21:00
YAP xəbərləri
30 Dekabr 20:30
YAP xəbərləri
30 Dekabr 20:25
YAP xəbərləri
30 Dekabr 19:29
İqtisadiyyat
30 Dekabr 19:27
Sosial
30 Dekabr 18:26
Hadisə
30 Dekabr 17:45
YAP xəbərləri
30 Dekabr 16:48
Maraqlı
30 Dekabr 16:43
Dünya
30 Dekabr 16:39
YAP xəbərləri
30 Dekabr 16:01
YAP xəbərləri
30 Dekabr 15:56
Dünya
30 Dekabr 15:27
YAP xəbərləri
30 Dekabr 15:12
Hərbi
30 Dekabr 15:02
Sosial
30 Dekabr 15:01
İqtisadiyyat
30 Dekabr 15:00
Siyasət
30 Dekabr 14:59
Sosial
30 Dekabr 14:58
Dünya
30 Dekabr 14:45
Dünya
30 Dekabr 14:16
Sosial
30 Dekabr 13:56
Dünya
30 Dekabr 13:49
Dünya
30 Dekabr 13:24
Siyasət
30 Dekabr 13:23
Sosial
30 Dekabr 13:05
Siyasət
30 Dekabr 12:54
İqtisadiyyat
30 Dekabr 12:51
Gündəm
30 Dekabr 12:30
Gündəm
30 Dekabr 12:17
Siyasət
30 Dekabr 11:53
Siyasət
30 Dekabr 11:31
İqtisadiyyat
30 Dekabr 11:18
YAP xəbərləri
30 Dekabr 11:03
İqtisadiyyat
30 Dekabr 10:58
Xəbər lenti
30 Dekabr 10:44
Analitik
30 Dekabr 10:39
İqtisadiyyat
30 Dekabr 10:15
Analitik
30 Dekabr 08:57
Analitik
30 Dekabr 08:32
Müsahibə
30 Dekabr 08:19
Dünya
30 Dekabr 07:51
Dünya
30 Dekabr 07:49

