Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Milli Qurtuluş gənclərin gözü ilə”

“Milli Qurtuluş gənclərin gözü ilə”

15.06.2013 [09:44]

“Yeni Azərbaycan” qəzetinin redaksiyasında keçirilən növbəti “dəyirmi masa” 15 İyun - Milli Qurtuluş Gününə həsr edilib
“Yeni Azərbaycan” qəzetinin redaksiyasında “Milli Qurtuluş gənclərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa” çərçivəsində Milli Qurtuluş Gününün xalqımız və dövlətimiz üçün əhəmiyyətindən bəhs edilib, gənclərin iştirakı ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını qoymuş və Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqın nicatına yol açmış, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrilmişdir. Vurğulanıb ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Bildirilib ki, ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaratmışdır.
Tədbiri açan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 20 il keçdiyini xatırladaraq bu illərin ölkəmizin və xalqımızın həyatında böyük dəyişikliklərlə yadda qaldığını vurğulayıb: “Milli Qurtuluş Gününün tarixini bir cümlə ilə səciyyələndirmək, ona qiymət vermək istəsək, qeyd edə bilərik ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətinin vətəndaş müharibəsindən vətəndaş cəmiyyətinə transfer olunması tarixidir. Qərb araşdırmaçısı Martin Lipset qeyd edir ki, qeyri-sabitlik mənbəyi qismində çıxış edən problemlərin aradan qaldırılması siyasi sabitliyin təmin edilməsində başlıca strateji faktor kimi səciyyələndirilməlidir. Tərəddüdsüz qeyd etmək olar ki, həmin ərəfədə Azərbaycanda da qeyri-sabitlik hökm sürürdü: vətəndaş itaətsizliyi var idi, mərkəzi hakimiyyət yox idi, formal dövlət strukturları qeyri-funksional fəaliyyət mexanizminə sahib idi, nəticə etibarilə, dövlət öz funksiyalarını yerinə yetirə bilmirdi. Üstəlik, o dövrdə həyata keçirilən səriştəsiz siyasət nəticəsində vətəndaş müharibəsinin əsası qoyulmuşdu. Belə bir dövrdə Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dəvəti ilə hakimiyyətə gəldi və iyun ayının 15-də Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçildi. Bu, ən yeni Azərbaycan tarixində dönüş tarixidir, müstəqil Azərbaycan tarixinin keyfiyyətcə yeni mərhələsidir”.
Baş redaktorun sözlərinə görə, həmin dönəmdə Ulu öndərin səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətinə çağırış idi, dövlətçiliyimizin ideoloji, siyasi, sosial əsaslarını yaradırdı: “Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən dərhal sonra qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir. Məlumdur ki, 1993-cü ilə qədər Azərbaycan cəmiyyətinin müxtəlif sosio-mədəni, sosio-etnik, sosio-kulturoloji stratalarına aid olan ayrı-ayrı fərdlər dövlətimizi özünün milli sərvəti kimi qəbul etmirdi. Bu da nəticə etibarilə Azərbaycanda separatçılığa gətirib çıxarırdı. Bu mərhələdə Ümummilli liderin irəli sürdüyü tezis olduqca mühüm əhəmiyyət kəsb etdi. Bu tezisin özündə daşıdığı məzmun nədən ibarətdir? Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda müstəqil dövlət anlayışına münasibət birmənalı deyildi. Müxtəlif sosial, etnik, dini qruplar tərəfindən müstəqil Azərbaycan dövləti fərqli şəkildə mənimsənilirdi, yaxud anlaşılırdı. Ona görə də, əslində, bu, Ulu öndərin Azərbaycan xalqına göndərilmiş siyasi ismarıcı idi. Bu ismarıcda deyilirdi ki, milli dövlət sizin hamınızın milli sərvətinizdir. Azərbaycanda yaşayan bütün dini, etnik və sosial qruplar bu çağırışdan sonra, doğrudan da, müstəqil Azərbaycan dövlətini milli sərvət kimi başa düşüb, mənimsəməyə başladılar. Ulu öndərin bu çağırışı Azərbaycan vətəndaşlarını daha rasional düşünməyə sövq etdi. Cəmiyyət nümayəndələrinin bir qismi intuitiv, digər qismi isə rasional olaraq dərk etdilər ki, bu çağırışın arxasında nə dayanır. Məzmun ondan ibarət idi ki, müstəqil Azərbaycan dövləti olmasa, xalqımızın hər bir nümayəndəsi bu dövləti özünün milli sərvəti hesab etməyəcəksə, demək, bu dövlət mövcud olmayacaqdır. Sonradan Ümummilli lider Heydər Əliyev 1993-cü ildən 1995-ci ilə qədər olan dövrü xarakterizə edərkən vurğuladı ki, “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir”. Bu zaman kəsiyi isə Azərbaycan tarixində çevrilişlər dövrü idi. Azərbaycan xalqı dərhal bu fikri mənimsəyərək öz dövlətinə sahib çıxdı. Ümummilli lider kimi Heydər Əliyevin hər zaman arxalandığı güc Azərbaycan xalqı olub.
Empirik faktlarla təsbit edilmiş siyasət nəzəriyyəsində sabitlik daxili siyasət nöqteyi-nəzərindən dövlətin və iqtidarın zorakılığa və təhlükəyə məruz qaldığı zaman özünü qoruya bilmək qabiliyyəti kimi təsvir edilir. Bir sıra araşdırmaçılar isə sabitliyi effektiv fəaliyyət mexanizminə malik olan hakimiyyətin uzunmüddətli fəaliyyəti kimi səciyyələndirirlər. Politoloq Samuel Hantiqton “konstitusiya nizamı+varislik” formulu ilə ifadə etdiyi sabitliyi qanunlar tərəfindən təsbit olunan zaman və səlahiyyətlər çərçivəsində hökumətin fəaliyyəti kimi nəzərdən keçirir. Bu məsələnin Azərbaycan təcrübəsinə gəldikdə qeyd etmək olur ki, 1995-ci ildə ümumxalq səsverməsi-referendum vasitəsilə Konstitusiyanın qəbul edilməsi ölkədaxili sabitliyin hüquqi əsaslarının yaradılması demək idi.
Samuel Hantinqton varislik dedikdə siyasi, ideoloji və hüquqi varisliyin cəmini nəzərdə tutur. Ulu öndər Heydər Əliyev həmin dönəmdə ölkəmizdə varisliyi təmin etdi. Məhz bundan sonra davamlı inkişafa nail olundu. Bu gün isə gənclər başda olmaqla cəmiyyətin qarşısında duran başlıca bir vəzifə var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən qeyd etdi ki, Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir.
Bu, “Biz qara qızılı intellektual qızıla çevirməliyik” tezisinin davamı olmaq etibarilə XXI əsrin paradiqmasıdır və cəmiyyətimizin hər bir nümayəndəsinə, xüsusilə gənclərə Prezident İlham Əliyevin çağırışıdır”.
Daha sonra “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək qeyd edib ki, 15 İyun - Milli Qurtuluş Günü xalqımızın tarixində dönüş nöqtəsi olub: “Müasir Azərbaycan tarixini Milli Qurtuluş Gününə qədər olan və ondan sonrakı dövr olmaqla iki hissəyə bölmək olar. 1991-ci ilin 18 oktyabrında Azərbaycanın müstəqilliyi de-yure elan olunsa da, de-fakto müstəqil dövlət deyildi. Müstəqil dövləti xarakterizə edən nüanslardan biri də dövlət quruculuğu prosesidir. 15 İyun - Milli Qurtuluş Günü xalqımızın dövlət quruculuğu tarixində dönüş anıdır. Məhz həmin dövrdə Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdı və müstəqil dövlətçiliyimiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu. O dövrdə ölkədə Ulu öndərə alternativ olacaq lider siyasətçi yox idi. Heydər Əliyev yenidən hakimiyyətə qayıtmaqla Azərbaycanı xaosdan, qarşıdurmadan, vətəndaş müharibəsindən qurtardı. Təbii ki, Ulu öndərin arxalandığı güc hər zaman Azərbaycan xalqı olub. Ona görə də, Ümummilli lider hər zaman qalib olub”.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Samirə Quliyeva çıxışında 15 İyun-Milli Qurtuluş Gününün əhəmiyyətinə toxunub: “Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir. Bu tarix hər bir Azərbaycan vətəndaşı, bütövlükdə, dünya azərbaycanlıları üçün xüsusi əhəmiyyət kəsb edir. Əgər bu tarix olmasaydı, hesab edirəm ki, müstəqilliyimiz olmayacaqdı. Vətənini və xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün, bu, əsl qurtuluş tarixi, Azərbaycanın üz-üzə dayandığı vətəndaş müharibəsindən xilas olduğu bir tarixdir. Qurtuluş xalq, dövlət, tərəqqi, inkişaf, müstəqilliyimiz və suverenliyimiz deməkdir, qüdrətli Azərbaycan deməkdir. Mən 15 İyun-Milli Qurtuluş Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm!”
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Elməddin Əmirov qeyd edib ki, Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir: “Düşünürəm ki, müasir Azərbaycanın inkişaf tarixi məhz Milli Qurtuluşdan başlayır. Qurtuluş Azərbaycanın dövlətçilik ənənələrinə qayıdış idi. Ümummilli lider Heydər Əliyev Azərbaycanı tənəzzüldən, siyasi hərc-mərclikdən xilas etdi və inkişaf yoluna çıxardı. Müstəqil dövlətimizin bugünkü inkişafı məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirir və hər bir Azərbaycan vətəndaşı dövlət başçımızın ətrafında sıx birləşib”.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Gənclər Birliyinin üzvü Aytən Balazairova qeyd edib ki, 15 İyun, sözün əsl mənasında, Azərbaycan xalqının Milli Qurtuluş Günü oldu: “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın dövlətçilik əsaslarını və ənənələrini bərpa etdi. Müstəqilliyi sual altında olan Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu. Bu gün Azərbaycan iqtisadi inkişafın milli modelini formalaşdırmışdır və bu, Ümummilli lider Heydər Əliyev siyasətinin davam etdirilməsi sayəsində mümkün olmuşdur. Azərbaycan gəncləri gələcəyə daha inamla baxırlar və müstəqil dövlətimizlə qürur duyurlar. Mən Milli Qurtuluş Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edir, bu şanlı tariximizlə qürur duyduğumu diqqətə çatdırmaq istəyirəm”.
YAP Lənkəran rayon təşkilatının Gənclər Birliyinin üzvü Cavid Fərzullayevin sözlərinə əsasən, 1991-1993-cü illərdəki hərc-mərclik dövründə Azərbaycan bir çox şey itirib və indi görülən işlər və qazanılan uğurlar həmin dövrdə milli, mənəvi, sosial-iqtisadi məsələlərdə ölkəyə vurulan zərbəni, yaranan problemləri aradan qaldırmaqdadır: “Tibb Universitetinin tələbəsi kimi deyə bilərəm ki, Ümummilli lider Azərbaycana rəhbərlik etməyə başladığı 1969-cu ildən etibarən bu ali təhsil ocağına diqqət göstərmişdir. Hətta Ulu öndər Universitetə keçirilən qəbul imtahanlarında şəxsən iştirak edib. Son 10 ildə Universitetin korpusları təmir olunub, yeni korpus tikilib. Tikilməkdə olan cərrahiyyə korpusu dünyanın ən müasir avadanlıqları ilə təmin olunacaq. Bütün bunlar asan başa gələn məsələlər deyil. Hər bir dövlətin özünün sərvətləri vardır. Amma mövcud sərvətin xalq üçün məqsədəuyğun formada istifadə olunması çox vacib məsələdir və Ulu öndər müstəqil Azərbaycanda bu siyasətin əsasını qoydu. Cənab Prezidentimiz isə bu yolu uğurla davam etdirir. Deyərdim ki, Azərbaycanın müstəqilliyi ilə bağlı qeyd olunan bayramlar, əlamətdar günlər içərisində Qurtuluş Günü birinci yerdə dayanır”.
YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Lamiyə Cəlilova Ulu öndərin xalqımızın həyatındakı xilaskar rolundan danışıb: “Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində qürurverici bir gündür. Ümumiyyətlə, zaman-zaman hər bir xalqın tarixində milləti fəlakətlərdən qurtaran xilaskarlar olur. Düşünürəm ki, Azərbaycan xalqı ona görə çox xoşbəxtdir ki, onun taleyinə və tarixinə Heydər Əliyev kimi bir şəxsiyyət daxil oldu və bugünkü Azərbaycanı yaratdı. Ulu öndər haqqında eşitdiyim və çox xoşuma gələn bir fikri demək istəyirəm. Həmin fikirdə deyilir ki, Heydər Əliyev elə bir şəxsiyyətdir ki, O, təkcə Azərbaycanı deyil, bütün dünyanı idarə edə biləcək gücə və qüdrətə sahib idi. Mübaliğəsiz olaraq deyə bilərəm ki, O bunu edə bilərdi və müəyyən dərəcədə etdi. Ulu öndərin bir arzusu var idi ki, Azərbaycanı bütün dünyaya tanıtsın, Azərbaycanı hər bir xalq tanısın. Sevindirici haldır ki, bu gün həqiqətən də bütün dünya Azərbaycanı tanıyır. Ölkəmizdə keçirilən müxtəlif səpkili beynəlxalq tədbirləri saymaqla bitirmək olmaz. Ümummilli lider biz gənclərə azərbaycançılıq ideologiyasını miras qoydu və biz bu ideologiyanın daşıyıcılarıyıq. Sözdə və əməldə hər birimizin bir qayəsi var: müstəqil Azərbaycan, onun inkişafı və əbədiyaşarlığı. Heydər Əliyev bizə bir vaxtlar sahib olduğumuz dəyərləri bayrağımızı, gerbimizi, himnimizi, arzusunda olduğumuz hər bir şeyi bəxş etdi. Ulu öndər “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözünü deməklə hər bir azərbaycanlıda milli şüuru, yatmış hissləri oyatdı. Biz azərbaycanlı olmağımızla fəxr edirik. Biz gənclər və bütün Azərbaycan xalqı bu gün Ulu öndərin ideyalarını yaşadan, həyata keçirən Onun layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında birləşmişik. İnanıram ki, Azərbaycan lider dövlət olacaq və ölkəmizi yalnız və yalnız qələbələr gözləyir”.
YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin üzvü Amal Əsgərov qeyd edib ki, Ulu öndərin Öz həyatını təhlükəyə ataraq Gəncədəki qiyamçılarla danışıqlar aparmağa getməsi və danışıqların nəticələri barədə xalqa məlumat verməsi tarixin axarını dəyişdi: “Bu andan etibarən, Azərbaycanda hərbi güc yolu ilə hakimiyyətə gəlmək ənənəsinə son qoyuldu. Heydər Əliyev Azərbaycanda bir çox sahələrə, o cümlədən tarixçiliyin inkişafına çox böyük yardım etdi. Tarixçi olduğum üçün bu məsələyə daha çox diqqət yetirmək istəyirəm. Bildiyimiz kimi, keçmiş SSRİ tərkibində olduğu 70 il ərzində Azərbaycanın tarixi demək olar ki, tamamilə təhrif olunmuşdu, saxtalaşdırılmışdı. Ulu öndər tarixə çox böyük dəyər verirdi. O, 1995-ci ildə Azərbaycan tarixçiləri ilə görüşüb, tarixin dərindən öyrənilməsinin zəruriliyi ilə bağlı qərarlar verib. Azərbaycan tarixinin qiymətləndirilməsi prosesi indi də davam edir. Məsələn, xarici ölkələrdəki Azərbaycan xəritələrinin ölkəyə gətirilməsi çox önəm daşıyır. Məhz həmin yazılı qaynaqlar vasitəsilə qədim İrəvan xanlığının, Qarabağ ərazisinin Azərbaycanın tarixi torpaqları olması bir daha əyani şəkildə sübuta yetirilir. Hazırda Azərbaycanın bir çox regionlarında geniş arxeoloji işlər, qazıntılar aparılır, xalqımızın tarixi, mədəniyyəti ilə bağlı məlumatlar zənginləşdirilir. Bütün bunlar Ulu öndərin siyasətinin nəticəsidir və Onun xalqı qarşısında ən böyük xidmətlərindən biri də məhz tariximizi özümüzə qaytarması oldu”.
YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin üzvü Günay Xudatayeva qeyd edib ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın ən ağır günlərində xalqın çağırışı ilə ölkə rəhbərliyinə gəldi: “1980-ci illərin sonlarından başlanan hadisələr, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, ölkədə vətəndaş müharibəsi təhlükəsi və digər bu kimi proseslər Azərbaycanı məhvə aparırdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu problemlər tədricən həllini tapmağa başladı, O, Azərbaycanı yox olmaq təhlükəsindən qurtardı. Ulu öndərin əsasını qoyduğu yolun davam etdirilməsi sayəsində bu gün Azərbaycan dünyada özünü təsdiqləmiş ölkələrdən biridir. İnkişaf və tərəqqi özünü hər bir sahədə göstərir. Həmçinin, respublikada gənclərin hərtərəfli inkişafına şərait yaradılıb. Bizim üzərimizə düşən vəzifə mövcud imkanlardan yararlanıb ölkəyə layiqli vətəndaş olmaqdır”.
YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin üzvü Aysel Məmmədova Ulu öndərin təhsilə qayğısından bəhs edib: “Üç il bundan əvvəl daxil olduğum Sumqayıt Dövlət Universitetində ilk dərs günündə - Bilik günündə öyrəndim ki, bu ali təhsil ocağı Ulu öndərin Fərmanı ilə yaradılmışdır. Bu, məndə böyük fəxarət hissi yaratdı. Bundan sonra Universitetin əvvəlki dövrləri ilə bağlı arxivlərdə araşdırma apardım, onun bir vaxtlar başqa bir institutun filialı olduğunu öyrəndim, şəkillərdən ali məktəbin binasının əvvəllər çox pis vəziyyətdə olduğunu gördüm. Nəticədə, bizim Universitetimizə, təhsilimizə, gəncliyimizə göstərilən qayğı məndə heyranlıq yaratdı. Biz gənclər bu gün bir çox şeyə görə, rahat yaşamağımıza, sözümüzü azad deyə bilməyimizə görə Ümummilli liderimizə minnətdarıq. Lakin mən ən çox ona görə minnətdaram ki, Ulu öndər bizə cənab İlham Əliyev kimi bir lider ərməğan etdi. İnanıram ki, Azərbaycan bundan sonra daha da yüksək zirvələrə qalxacaq. Biz gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. Bugünkü sağlam gənclik dövlət başçımızı dəstəkləyir. Azərbaycan odlar yurdudur, onun oduna çox ölkələr isinəcək”.
YAP Xəzər rayon təşkilatının üzvü Məxmər Rüstəmova bildirib ki, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Onun əsasını qoyduğu siyasi kursun səmərəliliyindən günlərlə danışmaq olar: “Ulu öndər müstəqil Azərbaycanın ən çətin günündə xalqın köməyinə gəldi. Məhz Ümummilli liderin gərgin əməyi sayəsində ölkəmiz etibarlı inkişaf yoluna qədəm qoydu. Mən də bir Azərbaycan gənci olaraq ölkədə gedən dəyişiklikləri, inkişafı görürəm. Ölkə vətəndaşları, gənclərimiz tərəqqinin əsasında Ulu öndərin siyasi kursunun dayandığını bilir. Bu səbəbdən də, Azərbaycan gəncliyi Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin siyasətini dətəkləyir”.
YAP-ın gənc üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı Əbilxan Yolçuyev Azərbaycanda kənd təsərrüfatında aqrar islahatların aparılmasında Ümummilli lider Heydər Əliyevin rolundan danışıb: “Müstəqil Azərbaycanda aqrar islahatların əsası Ulu öndər tərəfindən qoyulub. Bildiyimiz kimi, Azərbaycanın zəngin enerji sərvətləri var. Lakin bu sərvətlərin tükənən olduğunu Ulu öndər çox yaxşı bilirdi və bu səbədən də, kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayırırdı. Ulu öndər Azərbaycanda iqlim şəraitinin rəngarəngliyini nəzərə alaraq kənd təsərrüfatına kapitalın yatırılmasını gələcəkdə əhalinin ərzaq təhlükəsizliyinin təminatı kimi qiymətləndirmişdir. Aqrar islahatlar bu gün də davam etdirilir. Bu yaxınlarda Prezident İlham Əliyev ölkədə taxılçılıq sahələrinin genişləndirilməsi ilə bağlı Sərəncam imzalamışdır. Görülən işlər əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində çox mühüm addımlardır və təsadüfi deyil ki, Azərbaycan bu gün strateji ərzaq məhsulları ilə özünü əsas etibarilə təmin edir”.
Hülya MƏMMƏDLİ
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1138 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31