2012-ci il Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər uğurlu olub
11.01.2013 [02:57]
“Yeni Azərbaycan” qəzetinin təşkilatçılığı ilə keçirilən növbəti “dəyirmi masa”da ölkə iqtisadiyyatında 2012-ci ildə əldə olunmuş nailiyyətlər və 2013-cü ildə qarşıda duran məsələlər geniş müzakirə olunub
Yanvarın 9-da “Yeni Azərbaycan” qəzetinin təşkilatçılığı ilə növbəti “dəyirmi masa” keçirilib. Azərbaycan iqtisadiyyatında 2012-ci ildə əldə olunmuş nailiyyətlər və 2013-cü ildə qarşıda duran məsələlərə həsr olunmuş “dəyirmi masa”da millət vəkili Tahir Rzayev, Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı, İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov, iqtisadçı-ekspert Vüqar Bayramlı və politoloq Cümşüd Nuriyev iştirak ediblər.
- İlk olaraq, istərdik ki, 2012-ci ildə ölkə iqtisadiyyatında əldə olunmuş nailiyyətlər və baş vermiş mühüm hadisələr haqqında danışaq. Xanhüseyn müəllim, 2012-ci ilin nəticələrini necə qiymətləndirirsiniz?
Xanhüseyn Kazımlı: Bildiyiniz kimi, bu gün ölkəmizdə böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Şübhəsiz ki, dünyanın heç bir yerində belə qısa müddət ərzində Azərbaycanda görülən abadlıq, quruculuq işləri qədər iş görülməyib, iqtisadi inkişaf və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində bu cür böyük uğurlar əldə olunmayıb. Buraya insanların minimal əməkhaqqının artırılması və digər sosial tədbirlərin gücləndirilməsini də əlavə etsək, tam səmimiyyətlə 2012-ci ilin də ölkəmiz üçün uğurlu olduğunu söyləyə bilərik.
- Tahir müəllim, Azərbaycan hökumətinin iqtisadi prioritetlərindən biri şübhəsiz ki, regionların tarazlı inkişafını təmin etmək və bölgələrdə geniş inkişafa nail olmaqdır. Bu mənada 2012-ci ildə görülən işləri qənaətbəxş qiymətləndirə bilərikmi?
Tahir Rzayev: Ötən ilin ən uğurlu nəticələrindən biri də regionların yüksək sürətlə inkişafıdır. Mənim millət vəkili seçildiyim Ağcabədi rayonunda ötən il 40-a yaxın yeni məktəb tikilib. 2 böyük emal müəssisəsi açılıb. Gündəlik gücü 240 ton olan süd elamlı zavodu, 204 yerlik xəstəxana açılıb. Yeni asfalt yollar salınıb. Rayonda artıq işıq, su, qaz problemi yoxdur.
Ümumiyyətlə isə, 2012-ci ilin yekunlarına nəzər salanda hesab edirəm ki, məhz ötən ilə deyil daha əvvələ getmək lazımdır ki, əldə edilən nəticələri yaradan amillər hansılardır, hansı bünövrə üzərində qərar tutub. Əlbəttə ki, bu, ilk növbədə, Ulu öndər Heydər Əliyevin siyasi, iqtisadi kursuna söykənən göstəricilərdir. Əgər müstəqillik dövründə Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, ölkədə siyasi-ictimai sabitlik yaranmasa, irimiqyaslı layihələr həyata keçirilməsə, beynəlxalq aləmdə Azərbaycanın münasibətləri bərqərar olmasa idi, bu gün 2012-ci ildə əldə olunan uğurlardan danışmaq olmazdı. Digər bir amil həmin iqtisadi-siyasi kursun həyata keçirilməsi idi ki, bu da Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır. Əlbəttə, 2012-ci il uğurlu il olub. Bu, ilk növbədə, onunla əlaqədardır ki, Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olub. Bu, dövlətçiliyin möhkəmlənməsi, iqtisadiyyatın dirçəlməsi üçün olduqca vacib şərtdir. Bilirsiniz ki, hazırda dünyanın bir çox ölkələrində nəinki iqtisadi, hətta ciddi siyasi böhran yaşanır, vətəndaş qarşıdurmaları mövcuddur. Amma Azərbaycan dinamik, stabil inkişaf yolunda inamla addımlayır. Digər tərəfdən, Azərbaycan artıq beynəlxalq aləmdə dəstəklənən dövlətdir. 2012-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Bu, çox əlamətdar hadisədir. Azərbaycanda bir çox beynəlxalq konfranslar, musiqi festivalları, idman yarışları, beynəlxalq forumlar və s. keçirildi.
- Qeyd olundu ki, Azərbaycan 2012-ci ildə qarşıya qoyduğu bütün məsələləri yerinə yetirib. Cümşüd müəllim, bu reallığı təmin edən, bu fikrin bazasını təşkil edən gerçəkliklər, layihələr, işlər nədən ibarətdir?
Cümşüd Nuriyev: Biz 2012-ci ilin yekunlarına qısa nəzər saldıqda burada 3 əsas istiqaməti qeyd etməliyik: qlobal, regional və lokal. Azərbaycan 2012-ci ilin yanvar ayında “Pektim”in istiqrazlarını almaqla artıq dünyaya açılmaq məsələsini gündəmə gətirdi. Daha doğrusu, qardaş Türkiyənin bazarına birmənalı şəkildə girdi. Həm də 2012-ci ildə qlobal layihələrdən biri olan Trans-Anadolu (TANAP) boru kəməri barədə saziş imzalandı. Bu, Azərbaycanın Avropa bazarına öz enerji resursunu çıxarmaqla bərabər, həm də enerji təhlükəsizliyi baxımından qlobal bir layihədir. Üçüncüsü, “Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsi oldu. Bu, heç də sırf mədəni layihə deyildi. Azərbaycan “Eurovision-2012”yə hazırlıq mərhələsində nəinki iqtisadi məsələləri, hətta ölkəyə ilk dəfə çoxlu sayda turist cəlb etmək üçün xeyli iş gördü. Bundan başqa, 2012-ci ildə Bakı-Tbilisi-Qars (BTQ) layihəsi üzrə işlər davam edib. Bu, qeyd edək ki, yarı regional, yarı qlobal layihədir. Bu layihədə Azərbaycan həm də ən böyük donor dövlət kimi çıxış edir. 2012-ci ildə ilk dəfə Azərbaycanın brendi olan SOCAR dünya bazarında transmilli koorporasiya kimi qeydə alındı. Bu da çox böyük bir uğurdu. Eləcə də, ötən il Azərbaycanın qeyri-neft sektorundan bir brendi ilk dəfə olaraq müstəqillik tarixində 3 dəfə dünya bazarına çıxdı. Bu çox xoşdur ki, Bruklində Azərbaycana məxsus milli brendli məhsul satılır. Həmçinin, ilk dəfə olaraq Azərbaycan dünya valyutalarının problemlərini nəzərə alaraq artıq daşınmaz əmlakın alınmasına başladı. Azərbaycan London, Paris və Moskvada daşınmaz əmlak aldı.
Regional layihələrdə Azərbaycan daha çox Qafqazda öz işini gördü. Bildiyiniz kimi, Gürcüstanda SOCAR-ın xətti ilə yeni yanacaqdoldurma məntəqələrinin açılması, BTQ və BTƏ üzrə işlər davam etdirilib. Azərbaycan hərbi sənayesi ilk dəfə olaraq dünya və region səviyyəsində bazara çıxa bildi. Çünki ən azı 53 adda sata biləcəyimiz məhsullar beynəlxalq sərgilərdə nümayiş olunub. Bu, həm iqtisadi, həm müharibə aparan bir dövlətin müdafiə məsələlərini həll etməsi deməkdir.
Lokal layihələrimiz isə kifayət qədərdir. Regionların sosial-iqtisad inkişafı dövlət proqramının reallaşdırılması baxımından əldə olunan nəticələr kifayət qədər uğurludur. Ölkənin elə bir bölgəsi yoxdur ki, il ərzində orada 30-a yaxın müxtəlif istiqamətli obyektlər açılmasın. 2012-ci ilin ən böyük layihələrindən biri ASAN xidmətinin yaradılmasıdır. Bu, Qafqazda yeganədir. Və son olaraq, 2013-cü il üçün Azərbaycan dövlətinin qəbul olunan büdcəsi əvvəlkilərdən kifayət qədər güclüdür: həm sosial istiqaməti, həm gəlirləri, həm də dünyada inflyasiyanın getdiyi dönəmdə bütün bu faktorların nəzərə alınması baxımından.
- Ədalət müəllim, ötən ilin makroiqtisadi göstəriciləri barədə nə deyə bilərsiniz?
Ədalət Muradov: 2012-ci il, ilk növbədə, Prezident İlham Əliyevin iqtisadi siyasətinin növbəti uğur ili oldu. Belə ki, Azərbaycanda qurulmuş iqtisadi sistem xarici şoklara dayanıqlı olduğunu bir daha təsdiqlədi. Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanıldı. Azərbaycanda ÜDM-in artımı davam etdi. İnflyasiya tempi isə, hətta ən optimist göstəricilərdən belə aşağı oldu (1,2 faiz). Müqayisə üçün qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrində, ABŞ-da bu göstərici təqribən 2 faiz, Avropa İttifaqı ölkələrində 3, MDB məkanında isə 4 faiz qeydə alınıb. Azərbaycanın ən böyük ticarət tərəfdaşları ilə müqayisədə ölkəmizdə inflyasiya tempi təqribən 5 faiz aşağıdır. Digər ən böyük uğurlardan biri odur ki, 2012-ci ildə bütövlükdə ÜDM-in artımı qeyri-neft sektoru hesabına olub. Belə ki, 2011-ci ilədək neft sektoru ÜDM-in əsas aparıcı artım vasitəsi olmuşdusa, 2011-ci ildən etibarən qeyri-neft sektorunun ÜDM-dəki payı artmağa başlayıb. Qeyri-neft sektorunun inkişafı isə ölkə iqtisadiyyatının strukturunda da özünü göstərir. Yəni, qeyri-neft sektorunun ümumi çəkisi ÜDM-də neft sektorunu üstələyib. Sevindirici haldır ki, qeyri-neft sektorunun özünün daxilində də pozitiv dəyişikliklər baş verib. Xüsusilə, xidmətlər sektorunun payının 62 faizi üstələməsini müsbət hal kimi qiymətləndirirəm. Müsbət hallardan biri də odur ki, 2012-ci ildə gələcək dayanıqlı iqtisadi inkişafın yeni artım nöqtələri müəyyən edildi və həmin istiqamətlər üzrə bir sıra ciddi addımlar atıldı. İlk növbədə, Azərbaycanda Sumqayıt və Balaxanıda sənaye və yüksək texnologiyalar parkının yaradılması iqtisadi artımın qeyri-neft sektoru amili hesabına təmin edilməsi ilə yanaşı, həm də ölkə iqtisadiyyatının modernizasiyasının həyata keçirilməsi, ölkə iqtisadiyyatının gələcək inkişafının innovativ trayektoriyaya çıxarılması istiqamətində həyata keçirilən çox ciddi addımlardan biridir.
- Ötən il sahibkarlığın inkişafı və bu sahədə fəaliyyətin dəstəklənməsi yönündə atılan ciddi addımlar davam edib. Bu sahədə hansı nailiyyətlər əldə olunub?
Ədalət Muradov: Bəli, ölkədə bu istiqamətdə görülən işlərin məntiqi nəticəsi olaraq, Azərbaycanda özəl sektor dinamik inkişaf edir. Bu sahəyə dövlət qayğısı ilbəil artır və 2012-ci il bu baxımdan istisna olmayıb. Sahibkarlığın inkişafı üçün ilk növbədə mövcud mühit daha da yaxşılaşdırılıb və investisiyanın cəlb edilməsi istiqamətində ciddi tədbirlər həyata keçirilib. Təkcə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 2012-ci ildə 218 milyon manat güzəştli kredit verilib ki, bunun da 128 milyonu əvvəlki illərdə verilmiş kreditlərin hesabına olub. Bayaq burada da bir məsələyə toxunuldu. AZPROMO adı ilə Azərbaycan məhsullarının Bruklin bazarında görünməsi həm də ölkə qeyri-neft məhsullarının ixracı strategiyasının uğurundan xəbər verir ki, onun fəaliyyəti yüksək qiymətləndirilməlidir. AZPROMO təkcə 2012-ci ildə ölkədə və xaricdə 308 tədbir həyata keçirib. Bu tədbirlər zamanı Azərbaycanda istehsal olunan malların təşviqi, investorların Azərbaycana cəlb olunması baxımından məlumatların yayılması və s. İstiqamətində təbliğat aparılıb. Azərbaycanın investisiya şirkəti qeyri-neft sənayesinin inkişafına xidmət edir. Bütövlükdə 2012-ci ildə Azərbaycan gələcək iqtisadi artım və dayanıqlı inkişaf baxımından əvvəlki illərdə formalaşmış fundamenti möhkəmləndirib.
- Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan artıq postsovet ölkəsi deyil. Azərbaycan artıq regional güc mərkəzi deyil, qlobal miqyaslı oyunçudur və beynəlxalq proseslərə təsir etmək imkanına malikdir. Vüqar müəllim, bu fikri qüvvətləndirən, Azərbaycanı güc mərkəzi kimi xarakterizə etməyə imkan verən bir çox hadisələr də məhz 2012-ci ildə yaşandı. Bu mənada, sizin 2012-ci illə bağlı dəyərləndirmələriniz nədən ibarətdir?
Vüqar Bayramlı: 2012-ci ilin uğurlu olması təkcə öz əksini makroiqtisadi göstəricilərdə tapmır. Makroiqtisadi göstəriciləri və iqtisadiyyatın strukturundakı dəyişikliklər məhz Azərbaycan iqtisadiyyatının daha dayanıqlı inkişafından xəbər verir. Azərbaycan Avrozonada böhranın olmasına baxmayaraq ÜDM-dakı artım tempini qoruyub saxlaya bilib. Eyni zamanda, ÜDM-nin artım tempi 2012-ci ildə neft sektorunun deyil, qeyri-neft sektorunun hesabına baş verib. Bildiyiniz kimi, 2012-ci ildə neft hasilatında 2011-ci ilə nisbətən 5 faiz azalmaya baxmayaq, ÜDM həcminə təsir göstərməyib. Belə ki, qeyri-neft sektorunun 10 faizlik artımı ÜDM həcmindəki artım tempini qoruyub saxlamağa imkan verib. ÜDM-də qeyri-neft sektorunun payının artması və artımın neft sektorunun deyil, qeyri-neft sektorunun hesabına baş verməsi birmənalı şəkildə ölkə iqtisadiyyatının neft sektorundan asılılığını aradan qaldıran əsas faktordur. Cənab Prezidentin qeyd etdiyi kimi, artıq Azərbaycan bütün beynəlxalq maliyyə qurumlarının qiymətləndirmələrinə görə, orta gəlirli ölkələr sırasına daxildir. Eyni zamanda, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkəmizdə ÜDM-in 2020-ci ilədək 2 dəfə artırılması nəzərdə tutulub. Artıq İnkişaf Konsepsiyasında göstərilənlərin reallaşması nəticəsində Azərbaycan adambaşına düşən ÜDM-nin həcminə görə dünyada inkişaf etmiş ölkə statusunu qazanacaq.
Regional aspektdən 2012-ci ilin yekunlarını qiymətləndirsək, Azərbaycanın ölkə iqtisadiyyatının sığortalanması baxmından əhəmiyyətli olan dövlət rezervlərinin, eyni zamanda, xarici borcların ÜDM-dəki payıdır. Sözügedən göstəriciyə görə, Azərbaycan MDB-də ən yaxşı göstəriciyə malikdir. Belə ki, dövlət rezervlərinin ÜDM-dəki payı Azərbaycanda 74,5 faizdir. Azərbaycana bu göstəricidə ən yaxın ölkə Rusiyadır. Rusiyada bu rəqəm 28 faiz, Ermənistanda 10 faiz, Gürcüstanda 16 fazi təşkil edir. Azərbaycan dövlət rezervlərinin ÜDM-dəki payına görə birmənalı şəkildə MDB-də alternativi olmayan ölkədir.
Eyni zamanda, xarici borcların ÜDM-dəki payının az olmasına görə, Azərbaycan MDB-də liderdir. Belə ki, 2012-ci ilin yekunlarına görə, Azərbaycanın 5 mlrd dollar xarici borclarının ÜDM-dəki payı təxminən 7 faizdir. Bu göstərciyə görə, Azərbaycana yaxın ölkə Rusiyadır (28 faiz). Müqayisə üçün qeyd edək ki, Gürcüstanda bu rəqəm 82 faiz, Ermənistanda 76 faiz, Qazaxıstanda 80 faiz təşkil edir. Beləliklə də bu göstəricilərə görə, Azərbaycan iqtisadiyyatı xarici faktorlardan sığortalana bilir. Qısa müddət üçün də demək olar ki, dünyada böhranın davam etməsi belə Azərbaycana təsir göstərə bilməyəcək.
Digər məsələ, 2012-ci ildə TANAP-la bağlı konsorsiumun yaradılması, maliyyələşdirmə məsələlərinin həllini tapmasıdır. Bununla da, Azərbaycan enerji daşıyıcılarının ixracı baxımından strateji mövqeyini ortaya qoydu. Bu isə ondan ibarətdir ki, Azərbaycan enerji resurslarının ixracında digər ölkələrdən, eləcə də, bazarlardan asılı olmaq niyyətində deyil. Bunu Prezident də bəyan edib ki, Azərbaycan müstəqil enerji siyasəti həyata keçirir. Bu baxımdan, TANAP layihəsi Azərbaycanın bazarlardan eləcə də, mənbələrdən asılı olmayaraq öz enerji siyasətini həyata keçirməsinə imkan verəcək. Birinci mərhələdə TANAP-la 16 mln kub metr, 2-ci mərhələdə 30 mlrd kub metr qaz Türkiyə və Avropa bazarına nəql ediləcək.
Ölkənin strateji valyuta ehtiyatları 25 dəfə artaraq 40 milyard dolları keçib, dövlət büdcəsi 17 dəfə artaraq 25 milyard dollara çatıb, əmək haqları və orta aylıq pensiya 6 dəfə yüksəlib, yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə, işsizlik 5,4 faizə enib. Azərbaycanın tarixində ilk dəfə neft hasilatı ildə 50 milyon ton, qaz hasilatı isə 30 milyard kubmetr təşkil etmişdir. Azərbaycandakı sabitlik ölkədə uzun müddət həyata keçirilən düşünülmüş makroiqtisadi strategiya və siyasətə əsaslanır. Digər tərəfdən, böyük maliyyə ehtiyatlarına malik Azərbaycan qlobal riskləri qarşılamaq üçün kifayət qədər manevr imkanlarından yararlana bilir. Bu gün Azərbaycanın dövlət borcu ÜDM-in cəmi 8 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici dövlət borcunu 10 dəfədən çox üstələyir. 2012-ci ilin statistikası göstərir ki, əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də sosial-iqtisadi inkişaf dinamikası təmin edilib. Ölkəmiz orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirib. Qeyri-neft sektorunda sənaye istehsalı 8 faizə yaxın, kənd təsərrüfatı isə 6,5 faiz yüksəlib. 2012-ci ildə ölkənin valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşıb. Strateji ehtiyatlar ÜDM-in 70 faizinə çatır ki, bu göstərici üzrə ölkə dünyada ən qabaqcıl yerlərdədir.
2012-ci ildə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi, fikrimcə, ən mühüm hadisədir. Bu konsepsiya Azərbaycanın iqtisadi hədəflərini müəyyənləşdirir. Nəzərə alsaq ki, konsepsiyada qeyri-neft iqtisadiyyatının inkişafı və bütövlükdə iqtisadiyyatın şaxələndirilməsi məsələləri əks olunub, qeyri-neft sektoru tərkibində müqayisəli üstünlüyə malik olan sahələrin dəstəklənməsi, eləcə də, informasiya texnologiyalarının inkişafı, sənayeləşmə, texnoparkların yaradılması istiqamətində işlərin aparılması (7 il müddətində vergilərdən azad olması) məsələləri gündəmə gətirilib ki, bunlar da, qeyri-neft sektoru tərkibində şaxələndirmənin aparıldığını deməyə əsas verir. Bu özünü ÜDM-nn payında da göstərir. 2012-ci ilin yekununa görə ÜDM-də qeyri-neft sektorunun payı 57 faiz artıb. 2012-ci il yekunları göstərdi ki, Azərbaycan iqtisadiyyatının inkişaf tempi dayanıqlıdı.
Cümşüd Nuriyev: Mən digər iki iqtisadi inkişaf və davamlı inkişaf indeksinə görə, Azərbaycanın dünyada irəliləməsi məsələsinə toxunmaq istəyirəm. Çünki son 7 ildə Azərbaycan 38 pillə irəliləyib. Davamlı iqtisadi inkişafa görə, istər Azərbaycanın tədiyyə balansında, istərsə dövlət büdcəsində heç bir ciddi problem yoxdur. Əksinə, ölkənin hal-hazırda istər cari transferlərdə, istər digər əməliyyatlarda ehtiyat aktivləri o qədər çoxdur ki, onu qapatmaqda heç bir problem yoxdur. 2012-ci il Azərbaycanı nəinki regionda lider, eyni zamanda, dünya bazarında oyunçuya çevirən hadisə baş verdi ki, “Ümid” və “Şahdəniz II” yatağının kəşfi ilə yadda qaldı.
BMT-nin son 1994-cü ildəki bölgüsünə görə, Azərbaycan 2012-ci ilə qədər zəif inkişaf etməkdə olan ölkələr sırasında idi ki, adambaşına düşən ÜDM 8900 dolları keçmirdi. 2012-ci ildə isə bu rəqəmin üstündə bir göstərici ilə artıq Azərbaycan orta gəlirli və inkişaf edən ölkələr sırasındadır. Bütün beynəlxalq təşkilatlar da Azərbaycanda keçid dövrünün başa çatdığını birmənalı şəkildə qəbul etdi. Bu yeni mərhələdə Azərbaycan əvvəlki istər iqtisadi, istər siyasi nailiyyətləri qoruyub saxlamaq məcburiyyətindəyik. Əks təqdirdə Avropada gedən proses bizə də sıçraya bilər. Hələ ki, Azərbaycan həmin proseslərdən sığortalanıb çünki iqtisadi cəhətdən özünüqoruma instiktinə əməl edir.
- Vüqar müəllim, ötən ilin əsas iqtisadi hadisələrindən biri də, şübhəsiz ki, keçmiş Sovet banklarında batmış əmanətlərin vətəndaşlara geri qaytarılması idi...
Vüqar Bayramlı: Xüsusilə qeyd etmək istəyirəm ki, bu proses digər MDB ölkələrindən fərqli olaraq uğurlu oldu, hər hansı bir mübahisə və anlaşılmazlıq yaranmadı. Baxmayaraq ki, Ukraynada əmanətlərin qaytarılması prosesi 1998-ci ildə başlansa da, bu proses tamamlanmayıb. Bir sıra ölkələrdə Avropa məhkəməsinə qədər uzanmış bir məsələyə çevrilib. Azərbaycanda isə bunlar baş vermədi. İlk növbədə ona görə ki, Prezidentin müvafiq Sərəncamına uyğun olaraq əmanətlər vətəndaşlara birdəfəlik təqdim olunurdu ki, MDB ölkələrinin heç birində bu tətbiq olunmayıb. İkincisi isə, əmanətlərin qaytarılmasına məsul olan bank şəbəkəsinin geniş olması prosesin uğurla həyata keçirilməsinə imkan verdi. 2012-ci ilin yekunlarına görə, 1 milyon 500 min nəfərə yaxın vətəndaş kompensasiyaları alıb və təxminən 550 milyon manat vəsait əmanətlərin qaytarılmasına sərf olunub. 2013-cü il dövlət büdcəsində də bu istiqamətdə 500 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Ümumiyyətlə isə, bu günə qədər prosesin həyata keçirilməsində heç bir narazılıq və problem yaranmadığı üçün bu məsələnin uğurla həll olunduğunu söyləmək mümkündür.
- Bu il Azərbaycan dövlətçiliyi üçün tamamilə yeni bir mərhələnin başlanğıcıdır. Belə ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyasının icrasının ilk ilidir. Bu mənada, 2013-cü ilin iqtisadi prioritetləri və qarşıda duran məsələlər barədə nə deyə bilərsiniz?
Xanhüseyn Kazımlı: Bütün danışılanları yekunlaşdıraraq deyərdim ki, əldə etdiklərimiz 80 faiz potensialımız hesabına qazanılıb. 20 faiz ərazimiz haqsız, elan edilməmiş müharibə nəticəsində işğal altındadır. Eyni zamanda, işğal altındakı torpaqlardan çıxarılan vətəndaşlarımızın həyat şəraitini yaxşılaşdırmaq üçün dövlət büdcəsindən ayrılan vəsaitləri nəzərə alsaq, potensialımızın 80 fazinin deyil, 70 faizinin hesabına bu gün irəli getdiyimizi deyə bilərəm. Bu gün Azərbaycan müdafiə xərclərini artırır. Buna da səbəb Ermənistanın işğalıdır. Azərbaycan yeganə dövlətdir ki, ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq, belə sürətlə inkişaf etməkdə davam edir. İşğal faktı başa çatdıqdan sonra ölkəmiz daha sürətlə inkişaf edəcək. Çünki Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı parlaq gələcəyə doğru inamla aparır. Mən hesab edirəm ki, əhalinin 99,9 faizi də seçilən siyasi-iqtisadi kursun məqsədəuyğunluğunu qəbul edir.
Vüqar Bayramlı: 2013-cü il sosialyönümlü siyasətlə yadda qalacaq deyərdim. Belə ki, əmək haqqları və pensiyaların artırılması mümkün olacaq. Sosial xərclərin artılması baxımından ilkin qiymətləndirmələrə görə, 2013-cü ildə əməkhaqqı və pensiyaların 10, 15 faiz civarında artırılmasına nail olunacaq. Həmçinin, cari ildə qeyri-neft sektorunda 2 rəqəmli artımın qeydə alınması müsbət haldır. Tədiyyə balansında cari hesablar üzrə proksit 15-20 faiz ehtiyatlarında olacaq ki, bu da kifayət qədər böyük rəqəmdir. Bütün hallarda 2013-cü il iqtisadi baxımdan uğurlu il kimi praqnozlaşdırılır. Mən isə bu ili daha çox sosial il kimi qiymətləndirirəm. Çünki 2013-cü ildə həm sosial layihələrə ayrılan vəsaitin həcminin artırılması, o cümlədən, sosial ipoteka kreditləşməsinə ayrılan vəsaitin 2 dəfə artırılması, ünvanlı sosial yardımın artırılması, hətta sahibkarlara kömək milli fondu vasitəsilə bölüşdürüləcək vəsaitlərin həcminin artırılmasının proqnozlaşdırılması onu deməyə imkan verir ki, 2013-cü ildə əhali sosial baxımından Azərbaycan hökumətinin siyasətindən bəhrələnmiş olacaq.
Sevinc NUR,
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

