Kamal Abdulla: Ümumiyyətlə danışmaqla Azərbaycan dilində danışmaq eyni şey deyil
07.07.2012 [11:42]
- Kamal müəllim, bu Sərəncam hamımızın ürəyindən oldu. Bununla bağlı konkret hansı işlər görülür?
- Bir daha cənab Prezidentə dilimiz, dilçiliyimizlə bağlı belə bir dərin məzmunlu qərar üçün təşəkkür etmək istəyirəm. Onu da qeyd etmək lazımdır ki, bu Sərəncamda Azərbaycan dili ilə yanaşı, Azərbaycan dilçiliyinin, tərcümə fəaliyyətinin, terminologiyanın da inkişafına diqqət verilir və məsələ kompleks şəkildə öz həllini tapır.
İndi bizim vəzifəmiz həmin siyasi sənəddən irəli gələn məsələləri Dövlət Proqramı müstəvisinə keçirməkdir. Bununla əlaqədar AMEA-nın İctimai və Humanitar elmlər bölməsində işçi qrupu yaradılmışdır və artıq fəaliyyət göstərir. İşçi qrupuna ölkənin aparıcı dilçiləri ilə yanaşı, Akademiyanın, ali məktəblərin, müxtəlif əlaqədar nazirliklərin, Mətbuat Şurasının, Teleradio Şurasının, Bakı İcra Hakimiyyətinin, Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin və başqa qurumların nümayəndələri daxildirlər.
Mən bunu dəfələrlə demişəm, bir daha təkrar edirəm. Dil ancaq dilçilərin inhisarı deyildir. Ancaq dil məsələlərini dilçilər olmadan nəzərdən keçirmək də olmaz. Ona görə də dillə, dilçiliklə bağlı Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupuna təkcə akademiyanın deyil, həmçinin ali məktəblərin dilçiləri, filoloqları da daxildir. Eyni zamanda, işçi qrupu öz fəaliyyətini AMEA-nın adı çəkilən bölməsi ilə sıx əlaqədə qurur. Bizim bölmədə dilçilərlə yanaşı, tarixçilər, ədəbiyyatçılar, filosoflar, iqtisadçılar, şərqşünaslar, psixoloqlar, hüquqşünaslar və bir sıra digər elmlərin nümayəndələri var. Yaxın gələcəkdə işçi qrupunun üzvləri ilə AMEA Rəyasət Heyəti üzvlərinin görüşünü təşkil etməyi düşünürük. Bu görüş, ola bilsin daha geniş elm sahələrinin nümayəndələrinin də iştirakını ehtiva etsin. İndiki mərhələdə isə biz işçi qrupu olaraq irəli sürülən təklifləri müzakirə edib, ümumiləşdirməklə məşğuluq. Dövlət Proqramı layihəsinin ayrı-ayrı hissələrini müəyyənləşdiririk. Planımızda deputatlarla, yaradıcı təşkilatlarla, regionlarda ictimaiyyət nümayəndələri ilə görüşlər nəzərdə tutulub. Onu da xüsusi qeyd etmək istərdim ki, təkcə alimlər deyil, cəmiyyətimizin hər bir üzvü öz təkliflərini irəli sürə bilər və biz bütün təklifləri nəzərdən keçirməyə hazırıq. Hətta belə bir fikrimiz var ki, küçədə, bazarda işləyənlərin, taksi sürücülərinin, mənzil-istismar idarələrinin nümayəndələri ilə də görüş keçirək.
- Küçədə, bazarda işləyənlər də təklif verəcəklər?
- Bəli, niyə də yox? Küçədəki dil çox əhəmiyyətlidir. Bilən bilir, yeni italyan dili məhz küçə və bazar latıncasından yarandı. “İlahi komediya” bu dildə yazılıb. Bir sözlə, hamı təklif verə bilər.
- Dövlət Proqramı layihəsində hansı tərkib hissələr nəzərdə tutulur?
- Bu tərkib hissələrin adı, bölmə üzvlərinin və işçi qrupunun razılığına əsasən, ilk olaraq Azərbaycan dilinin ən müxtəlif durum və fəaliyyət sahələrinin müəyyən edilməsi ilə bağlıdır. Dilimizin fəaliyyət və durumunu geniş panoramda göz önünə gətirsək, görərik ki, ayrılan istiqamət və şaxələr çoxdur. Azərbaycan dili ali məktəbdə, orta məktəbdə, ailədə, cəmiyyətdə, dövlət qurumları, idarə və təşkilatlarda, küçədə, xaricdə, KİV-lərdə, informasiya texnologiyaları müstəvisində ... saymaqla, bəlkə də qurtarmaz.
- Bəzən deyirlər ki, biz bir-birimizlə başqa dildə danışsaq dilimiz əldən gedər...
- Bəli, belə deyənlər var. Amma onlar dilçiliyin əzəli prinsiplərindən çox vacib olan birini - dil-nitq qarşılaşdırılmasını unudurlar. Ya da bilmirlər. Dilimiz kimlərinsə küçədə bir-biri ilə rus, ingilis, fransız... eskimos dilində danışmaları ilə əldən gedəcəksə, belə dil, elə əldən getsə yaxşıdır. Əzizi-mən, bu şəkildə dil əldən getməz, gedə bilməz. Olsa-olsa bu şəkildə başqa dildə danışanlar öz nitqlərini korlamış olarlar. Yel qayadan daş aparmaz. Nitqin dilə belə “faciəli” təsiri yağan yağışın okeanı məcrasından çıxarması kimi bir şeydir. Bu məsələlərlə bağlı istiqamət də, yəni, cəmiyyət və dil istiqaməti Dövlət Proqramında əksini tapacaqdır.
- çox zaman deyirlər ki, biz başqa dildə düşünüb öz dilimizdə danışmağa cəhd edirik...
- Bu cür deyənlər də bayaqkılardan, dil barədə qeyri-peşəkar fikir yürüdənlərdən fərqlənmir. Heç kim başqa dildə (!) düşünə bilməz. Bu, mümkün deyil. Bizim beynimizdə genetik dil strukturu (qəlibi) var. Bu qəlib ümumi, beynəlmiləldir. Hamı - azərbaycanlı da, ingilis də, rus da, adını yuxarıda çəkdiyim eskimos da ümumi məntiq “dilində”, qəlibində düşünür. O başqadır ki, adamlar həm də daxili nitqə malikdirlər. Səslənən, şifahi nitqdən əvvəl kim isə daxili nitqini başqa “dil”də qura bilər, qurmaq istəyər, “ürəyində” öz-özünə pıçıldaya bilər. Amma bu, başqa dildə düşünmək deyil.
Görürsünüzmü, dilçilik elə özül prinsiplərə malikdir ki, onları bilmədən dillə, onun hətta sosial statusu ilə bağlı fikirlər yürüdərkən çox zaman gülünc situasiyalar yaranır.
- Dediniz ki, Dövlət Proqramında Azərbaycan dilinin Milli Elmlər Akademiyasında, ali məktəbdə, orta məktəbdə, ailədə fəaliyyəti məsələləri ayrıca bölmələr kimi öz əksini tapacaqdır.
- Bu istiqamətləri “Azərbaycan dili və onun tədrisi” adı altında birləşdirə bilərik. Dövlət Proqramının layihəsində bu bölüm əsas yerlərdən birini tutacaq. Cəmiyyətdə ali məktəb, orta məktəb və digər tədris müəssisələrində Azərbaycan dilinin mövqeyi ilə bağlı ciddi narahatlıqlar vardır. Biz dərsliklərin dili və üslubu (dil təqdimatı), tərcümələrin keyfiyyəti, dərs saatlarının həcmi, bölünməsi və s. məsələləri dövlət başçısının Sərəncamına arxalanaraq daha optimal və keyfiyyətli həll edə bilərik. Məsələn, belə bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Ali məktəbdə Azərbaycan dilinin saatlarını artırmaqdan söz düşəndə bunu, adətən, filoloji yönümlü istiqamətlərə tətbiq etməyi nəzərdə tuturlar. Əslində isə, Azərbaycan dili saatlarının filoloqlardan daha çox riyaziyyatçılar, fiziklər, bioloqlar, həkimlər, iqtisadçılar üçün artırılması mexanizmini işləmək lazımdır. Belə olarsa, bu elm sahələri ilə bağlı tərcümə və terminologiya problemlərini də gənc ixtisas sahibinə hələ bakalavr səviyyəsində bütün “boy-buxunu” ilə göstərmək mümkün olar.
Azərbaycan dilinin fundamental tədqiqi probleminin aparıcı təşkilatçısı Elmlər Akademiyası, Dilçilik İnstitutudur. Burada da köklü yeniliklər etmək lazımdır. Azərbaycan dilini öyrənən mütəxəssislərimizlə yanaşı, Hind-Avropa dillərini, Afrika dillərini, Qafqaz dillərini, Monqol dillərini, dilin fəlsəfəsini, psixolinqvistikanı, sosiolinqvistikanı, dil və dövlət münasibətlərini, qədim, ölü dilləri, onlarla yanaşı, uyğun sivilizasiyaları tədqiq edən mütəxəssislərimiz formalaşmalıdır. Prezidentin Sərəncamı bu fikirləri və arzuları həyata keçirmək üçün güclü əsas və imkan verir.
- Sərəncamın dilin inkişafına təsiri necə olacaq?
- Prezident Sərəncamının öz-özlüyündə böyük əhəmiyyəti vardır. Dil sahəsi digər ictimai, mənəvi, intellektual sahələrlə sıx əlaqədə olduğundan həddindən artıq həssas sahədir. Obyektiv cəhətdən “pərakəndə” sahədir. Sərəncam bu “pərakəndəliyi” sahmana salmağa kömək edəcəkdir. Həyatımız, onsuz da informasiya ilə entropiyanın müxtəlif nisbəti, tənasübü üzərində qurulub. Sərəncamın dilimizlə, cəmiyyətimizlə, dövlətimizlə bağlı məsələlərə informativlik gətirəcəyinə əminəm.
Amma bu məsələnin o biri tərəfi də var. Dil elə bir fenomenal hadisədir ki, heç bir zaman göstərişlə, arzuyla, qərarla yaşamır. Onun öz həyatı var, öz gizli, tənzimolunma qanunları var. Sadəcə, dillə bağlı dövlətin hər bir münasibəti dilin öz daxili qanun-qaydalarının cilalı olmasına, təsadüfi məqamlardan uzaq, adekvat şəkildə işlənməsinə real şərait yaradır.
- Azərbaycan bədii dilinin inkişafı üçün konkret nələr edilməlidir?
- Haqqında danışdığımız mövzu ilə bağlı nələri etməməliyik! Edəcəklərimiz onsuz da bəllidir. Etməli olmadığımız bir məsələni isə dəqiq bilirəm. Hər hansı bədii əsəri oxuyub orada alışmadığımız cümlə quruluşu və ya sözlər görəndə şivən qaldırmamalıyıq ki, dilimizi korladılar, ay aman! “Bu, azərbaycanca deyil” təfəkkürünə son qoymaq lazımdır. Belə düşüncə tərzi bütövlükdə dil inkişafının qarşısına sədd çəkir. Əsərin dilində, əlbəttə ki, müəllif tərəfindən dərk edilmiş müəyyən “icazəli” pərakəndəlik, “hərc-mərclik” olmalıdır. Əlbəttə ki, “azərbaycanca deyil”, özünə yer tapmasa, “azərbaycanca” dərinləşə, genişlənə bilməz. ütülü, sığallı bədii dil XX əsrin 30-40-50-ci illərində qaldı. İnkişaf nəyisə “qırmaq”, nədənsə vaz keçmək, oxucunu təkcə təəccübləndirmək yox, ona alternativ quruluşlar təqdim və təlqin etməkdir. Dil müstəvisində bu alternativlər əvvəlcə variantlara, sonra isə, kim nə bilir, invariantlara çevrilə bilər.
- Ən ağır məsələlərdən biri dilimizin KİV-lərdə işlənməsidir...
- Bəli, əsas məsələlərdən biri də KİV-lərdə dilimizin vəziyyətidir. Bu barədə işçi qrupun, bölmənin üzvlərinin ümumi fikri var. Müəyyən mexanizmlər işləyib Dövlət Proqramı layihəsinə daxil etmək lazımdır. Dili yanlış yola düşməkdən qoruyan mexanizmlər. Bir az əvvəl dedim ki, dilin öz daxili həyatı var, biz ona təsir edə bilmərik. Amma bu normal situasiyalar üçündür. Qeyri-normal situasiyalarda isə dilə təzyiq edilir. Onu sanki “zorlayır”, öz təbii yolundan itələyib çıxarmağa çalışırlar. Məsələn, götürək televiziya şirkətlərini. Dillə bağlı arzuedilməz məqamlar burada geniş sistem şəklindədir. Nə aparıcılar, nə şoumenlər, nə müğənnilər, nə də çox zaman dəvət olunanlar düz-əməlli Azərbaycan dilində danışa bilmirlər. Bu dediklərimlə onlar, əlbəttə ki, özləri razılaşmayacaqlar, bilirəm. Amma istəyirəm, bir məsələni bilsinlər. ümumiyyətlə danışmaqla Azərbaycan dilində danışmaq eyni şey deyil. TV güzgüdür. Bir tədqiqatçı yaxşı yazıb: danışan güzgü. Həqiqətən də güzgü elə danışmalıdır ki, biz “ağzımızı açıb” qulaq asaq. öyrənək! Bu isə indilik belə deyil. Bizim işçi qrupunda belə bir fikir formalaşıb ki, TV-lərdə dillə bağlı problemləri çözən “bədii şura” deyilən mexanizmi yaratmaq və ya bərpa etmək lazımdır. Bizi “senzuranı bərpa edirlər” deyə günahlandırmağa tələsənlər isə - açıq deyəcəyəm, dilimizin bədxahlarıdır. Bunu sübut etmək çətin deyil.
- Dövlət Proqramında dilimizin xaricdə işlənməsi problemləri əksini tapacaqmı?
- Xaricdə Azərbaycan dilinin vəziyyəti ilə bağlı məsələnin dərindən və hərtərəfli öyrənilməsinə ehtiyac vardır. Aydın məsələdir ki, Azərbaycan dili xaricdə ölkəmizin get-gedə artan beynəlxalq nüfuzuna işləməlidir. Xaricdə Azərbaycan dilində qəzetlər çıxarmaq, məktəblər (ən azı, yay məktəbləri) açmaq, dilöyrədən dərsliklər yazmaq və yaymaq, TV-lərin xarici ölkəyə yayımlarını həmin ölkələrə görə lokallaşdırmaq, bir sözlə, həm diaspor üçün, həm də ölkəmizin dostları, dilimizi, mədəniyyətimizi öyrənmək istəyənlər üçün geniş spektrli fəaliyyət proqramı işləmək lazımdır.
Mən deyəndə ki, dillə bağlı məsələlər sistem kimidir, bir-biri ilə qarşılıqlı əlaqədədir, nəzərdə tuturam ki, baxın, xaricdə Azərbaycan dili dərslərinin təşkil edilməsi məsələsini götürək. Bu dərslər vacibdirmi? Vacibdir! Amma bu dərsləri kim deyəcək?! Bu dərsləri tədris edən xarici ölkənin özünü yaxşı bilən, Azərbaycanı yaxşı bilən (təkcə dilini yox, tarixini, ədəbiyyatını, mədəniyyətini, coğrafiyasını ...) mütəxəssis olmalıdır. Bizdə bu gün beləsi varmı? çox az. Bu xəttə kömək üçün ali məktəblərdə “azərbaycanşünaslıq” ixtisası açmaq lazımdır. Bu da sistemin bir-biri ilə əlaqəli həlqələri.
- Hansısa universitetdə “Azərbaycanşünaslıq” ixtisası varmı?
- Bəli, Bakı Slavyan Universitetində bu ixtisas var.
- Dövlət Proqramı layihəsi nə zamansa fəaliyyət proqramına çevriləcək. Bir müddət sonra onun müddəa və maddələrinin unudulma qorxusu ola bilərmi?
- Biz proqrama özünümüdafiə “məqamı” daxil edəcəyik. Onun uzunömürlüyü və effektivliyi xüsusi nəzarət qrupu vasitəsilə tənzim ediləcək.
- İşiniz asan deyil. Ən azı, ona görə ki, dil sahəsində hamı özünü mütəxəssis sayır.
- Elədir. Elm sahələri var ki, diletanta görə o, asanlıqla onlarla məşğul ola bilər. Hətta nəinki məşğul, o sahələrin - dilçiliyin, tarixin, fəlsəfənin peşəkarlarına “dərs” də verə bilər. Bəzən bu “dərs” əsassız əda ilə müşayiət olunur. Nə etməli, belə bir cəmiyyətdə yaşayırıq. Allah bizi öz sahəsindən başqa hər şeyi, xüsusilə, tarixi, dilçiliyi, fəlsəfəni “bilən”lərdən qorusun, biz isə öhdəmizə düşən məsuliyyəti anlayaraq öz işimizi görməyə davam edəcəyik.
- çox sağ olun. Uğurlar arzulayırıq.
- Təşəkkür edirəm.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

