/ / Regionlarda elektrik enerjisi istehsalı obyektlərinin dayanıqlılığının artırılması müsbət nəticələr verir
Regionlarda elektrik enerjisi istehsalı obyektlərinin dayanıqlılığının artırılması müsbət nəticələr verir
05.05.2021 [08:16]
2021-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,8 mln. kVt·st artaraq 2364,3 mln. kVt·st təşkil edib
Son 17 ildə regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrası çərçivəsində Azərbaycanın bütün bölgələrində müasir infrastruktur quruculuğu geniş vüsət alıb. Bunun da nəticəsi olaraq hazırda respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasında yer alır. Böyük həcmlərdə dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan müxtəlif təyinatlı infrastruktur obyektləri bundan sonra onilliklər boyu dövlətimizə və xalqımıza xidmət göstərəcək.
Qeyd edək ki, yüksək standartlar səviyyəsində qurulan infrastruktur obyektləri Azərbaycanın müasir simasını səciyyələndirməklə yanaşı, ölkənin bütün bölgələrində iqtisadi fəallığın artmasına da müsbət təsir göstərib. Eyni zamanda, bütün ölkə üzrə yaradılan müasir infrastruktur sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Həyat şəraiti yaxşılaşan, kommunal xidmətlərlə təchizatı iri şəhərlərdəkindən fərqlənməyən, məşğulluq imkanları artan insanlar, ələlxüsus da gənclər öz həyatlarını regionlarda doğma yurd yerlərində qurmağa üstünlük verirlər.
Azərbaycanın özünün enerji müstəqilliyini tam təmin etməsi böyük nailiyyətdir
Son 17 ildə ayrı-ayrı bölgələrdə yeni generasiya güclərinin yaradılması ölkəmizdə müasir infrastruktur quruculuğunun mühüm istiqamətlərindən birini təşkil edib. Hazırda dünyada yanacaq-enerji balansının respublikamız qədər mükəmməl təmin olunduğu ölkələrin sayı çox azdır. Bəzi ölkələrdə yanacaq-enerji balansının bir hissəsi mövcuddur, digər hissəsi isə idxal edilir. Azərbaycan isə özünün enerji müstəqilliyini tam təmin edib ki, bu da böyük nailiyyətdir.
Respublikamızda enerji sektorunda dayanıqlılığın yüksək səviyyədə təmin olunmasının nəticəsidir ki, yeni növ koronavirus pandemiyası səbəbindən bir sıra çətinliklər yaşandığı dövrdə də bu sahədə istehsal artmaqda davam edir. 2021-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,8 mln. kVt·st artaraq 2364,3 mln. kVt·st olub. Ay ərzində elektrik enerjisinin ixracı 175,1 mln. kVt·st, idxalı isə 11,0 mln. kVt·st təşkil edib. Bütövlükdə, cari ilin yanvar-mart aylarında respublikada elektrik enerjisinin istehsalı 6924,9 mln. kVt·st olub. 2021-ci ilin ilk üç ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6257,2 mln. kVt·st, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 81,64 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 569,8 mln. kVt·st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 16,24 mln. kVt·st təşkil edib.
Bəhs olunan dövrdə elektrik enerjisinin ixracı 509,0 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9 mln. kVt·st artıb. İrana 8,3 mln. kVt·st, Türkiyəyə 12,7 mln. kVt·st, Rusiyaya 23,1 mln. kVt·st, Gürcüstana isə 464,9 mln. kVt·st elektrik enerjisi ixrac edilib.
Ölkə üzrə yarımstansiyaların yenidən qurulması davam etdirilir
Azərbaycanda elektrik enerjisi sisteminin dayanıqlılığının möhkəmləndirilməsi davamlı səciyyə daşıyır. O cümlədən ölkə üzrə yarımstansiyaların yenidən qurulması davam etdirilir. Cari ilin əvvəlindən bəri ayrı-ayrı yarımstansiyalar əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Ötən ay Prezident İlham Əliyev Bakıda yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan”, 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyalarının istifadəyə verilməsi mərasimlərinə qatıldı.
Cari ilin əvvəlindən bəri ölkənin elektrik enerjisi sistemində mühüm əhəmiyyət daşıyan yarımstansiyaların yenidən qurulması bölgələrdə də davam etdirilib. Yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyaları da bu sırada yer alır. Dövlətimizin başçısının qatıldığı açılış mərasimində məlumat verilib ki, 220/110/10 kilovoltluq “Xırdalan” yarımstansiyası istismar müddətini başa vurduğuna və artan tələbatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub. Bildirilib ki, qəzaların qarşısının alınması və istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsində bu stansiya mühüm əhəmiyyətə malikdir. Həmçinin Xırdalan şəhərində son illərdə tikilən yüzlərlə çoxmərtəbəli binanın, iqtisadi, sosial, sənaye obyektlərinin elektrik enerjisinə artan tələbatını qarşılamaq, güc qıtlığını aradan qaldırmaq üçün 110/35/10 kilovoltluq yeni “Xırdalan” yarımstansiyası da tikilib.
Regionlarda yenidən qurulan yarımstansiyalardan biri də Hacıqabulda yerləşən 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyasıdır. Bu stansiya cari il aprelin 20-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədovun məlumatına əsasən, yarımstansiyanın istismara verilməsi ilə ümumilikdə 10 mindən çox əhalinin elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılıb. Yarımstansiyada quraşdırılan müasirtipli eleqaz və vakuum açarları, mikroprosessortipli rele mühafizə sistemi, Komplekt Transformator Məntəqələri və nəzarət-avtomatika qurğularının elementləri birləşdirilərək vahid “Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzi”nə qoşulub. İdarəetmə mərkəzi sayəsində “Qarasu” yarımstansiyasından başlayaraq sayğaclara qədər elektrik şəbəkəsi onlayn rejimdə izlənilir, balansa nəzarət olunur, yarana biləcək problemlərin aradan qaldırılması üçün operativ məlumatların toplanılması, emal edilməsi, informasiya sistemlərinin monitorinqi, təhlili sayəsində qabaqlayıcı tədbirlər görülür. Tədbirdə bildirilib ki, “Qarasu” yarımstansiyası vasitəsilə Hacıqabul rayonu ərazisində yerləşən sənaye obyektlərinin, ən əsası, 250 min hektar əkin sahəsinin suvarma sistemlərinin enerji təchizatı həyata keçirilir.
“Yaşma” yarımstansiyasında müasir avadanlıqlar quraşdırılır
Hazırda “Azərenerji” tərəfindən respublikanın şimal-şərq rayonlarının, eləcə də Abşeron yarımadasının enerji təchizatında mühüm əhəmiyyət kəsb edən, Rusiya və Azərbaycanın enerji sistemləri arasında yük mübadiləsini həyata keçirən, strateji əhəmiyyətli 330, 220, 110 kilovoltluq “Yaşma” yarımstansiyası əsaslı şəkildə yenidən qurulur. “Yaşma” yarımstansiyası 50 il əvvəl tikildiyindən istismar müddətini başa vurmuşdu. Bu səbəbdən də tez-tez qısaqapanmalara, enerji sistemində qəza vəziyyətinin yaranmasına səbəb olurdu. Stansiyanın yenidən qurulması layihəsi çərçivəsində müasir tələblərə cavab verən yeni avadanlıqlar quraşdırılır, avtotransformatorlar daha güclüləri ilə əvəz edilir, açıq paylayıcı qurğular genişləndirilir. Yarımstansiyada müasir avadanlıqlarla təchiz ediləcək yeni inzibati idarəetmə binası tikilir, məsafdən idarəolunan müasir SCADA dispetçer sistemi yaradılır. Onu da qeyd edək ki, “Yaşma” yarımstansiyasına yeni tikilən “Qobu” yarımstansiyasından 42 km məsafədə 330 kilovoltluq yüksəkgərginlikli elektrik xətti çəkilir. Ən əsası isə “Yaşma” yarımstansiyasında reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirilir. Belə ki, Azərbaycanın enerji sisteminin 2 mühüm obyektində şuntlayıcı reaktorlar quraşdırılıb ki, onlardan biri 330 kilovoltluq “Yaşma” yarımstansiyasıdır. Şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləyəcək. Bu qurğuların sayəsində xətlərin ötürmə qabiliyyəti artacaq, texniki itkiləri azalacaq və bununla da keyfiyyət göstəriciləri yaxşılaşacaq, böyük həcmlərdə elektrik enerjisinə və maliyyə vəsaitinə qənaət olunacaq.
İşğaldan azad olunan torpaqlarda qurulacaq enerji obyektləri SCADA sistemi vasitəsilə məsafədən idarə olunacaq
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində üç onillik ərzində işğal altında qalan torpaqların azad edilməsi ilə Azərbaycanın alternativ və bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalını artırmaq imkanları daha da genişlənib. Bu da onunla bağlıdır ki, işğaldan azad edilən ərazilərdə elektrik enerjisi istehsalı üçün mənbələr kifayət qədər çoxdur. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev işğaldan azad edilən əraziləri “yaşıl enerji” zonası elan edib.
Qeyd edək ki, Vətən müharibəsində işğaldan azad olunan ərazilərimizdə vaxtilə bir sıra su elektrik stansiyaları fəaliyyət göstərib. Mənfur düşmən torpaqlarımızı işğal altında saxladığı üç onillik ərzində bu stansiyalardan istifadə edib. Ancaq işğalçı Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində, demək olar ki, bütün bu su elektrik stansiyalarını dağıdıb, avadanlığı buradan çıxarıb, stansiyaların binalarına da ciddi ziyan vurub. Məsələn, təkcə Laçın rayonunun ərazisində 5 su elektrik stansiyası sıradan çıxarılıb. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyasının yenidən qurulmasına ehtiyac var. Azərbaycan işğaldan azad edilən ərazilərə Böyük Qayıdış planına uyğun olaraq düşmən tərəfindən dağıdılmış stansiyaları yenidən qurmaq niyyətindədir. Artıq bu istiqamətdə ilk addımlar atılıb. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərə son səfərləri çərçivəsində Həkəri çayı üzərində yerləşən 8 meqavatt gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Azərbaycan, həmçinin “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlib və layihənin icrası yaxın vaxtlarda təmin ediləcək.
Əlamətdar haldır ki, işğaldan azad olunan torpaqlarda qurulacaq enerji obyektləri də SCADA sistemi vasitəsilə məsafədən idarə olunacaq. Qeyd edək ki, artıq respublikamızda SCADA layihəsinin birinci mərhələsi başa çatıb və sistem sınaqdan keçirilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

