NATO-nun yeni təhlükəsizlik fəlsəfəsi
07.08.2026 [09:20]
Qərbin strategiyası necə dəyişir?
ABŞ-Türkiyə-Avropa üçbucağı: transatlantik münasibətlər yeni mərhələyə adlayır
NATO daxilində uzun müddət davam edən bir sıra ziddiyyətlər artıq taktiki mübahisələr kimi deyil, yeni geosiyasi reallığın tərkib hissəsi kimi qiymətləndirilir. Vaşinqton, Ankara və Avropa paytaxtları arasında son on ildə müxtəlif məsələlər üzrə ciddi fikir ayrılıqları yaşansa da, sammit göstərdi ki, tərəflər strateji əməkdaşlığa alternativ olmadığını qəbul edirlər. Bu, münasibətlərdə bütün problemlərin aradan qalxması demək deyil, əksinə, rəqabətlə əməkdaşlığın eyni vaxtda mövcud olduğu yeni siyasi modelin formalaşdığını göstərir.
Beynəlxalq münasibətlər nəzəriyyəsində bu cür münasibətlər “rəqabətli tərəfdaşlıq” (competitive partnership) kimi xarakterizə olunur. Dövlətlər müəyyən məsələlərdə bir-biri ilə razılaşmır, lakin onları ayıran problemlərdən daha böyük ortaq maraqlara malik olduqları üçün strateji əlaqələri qoruyur. ABŞ-Türkiyə münasibətləri də hazırda məhz bu mərhələdədir.
Soyuq müharibə dövründə ABŞ-ın Türkiyəyə yanaşması əsasən geostrateji mövqeyə əsaslanırdı. Ankara Sovet İttifaqının cənub cinahında yerləşən əsas NATO üzvü idi, bu səbəbdən Vaşinqton üçün əvəzolunmaz hesab olunurdu. SSRİ dağıldıqdan sonra isə bəzi Qərb analitikləri Türkiyənin strateji əhəmiyyətinin azalacağını düşünürdülər. Lakin son iyirmi beş ildə baş verən hadisələr tam əks mənzərə yaratdı.
Əfqanıstan əməliyyatları, İraq müharibəsi, “Ərəb baharı”, Suriya böhranı, Ukrayna müharibəsi və Qara dəniz regionunda təhlükəsizlik mühitinin dəyişməsi göstərdi ki, Türkiyə Avropa ilə Yaxın Şərq arasında yerləşən adi tranzit ölkə deyil, eyni zamanda NATO-nun cənub-şərq cinahının sabitliyini təmin edən əsas dövlətlərdən biridir. Bu reallıq Vaşinqtonun strateji planlaşdırmasında da öz əksini tapır.
Məşhur amerikalı geosiyasi analitik George Friedman uzun illərdir vurğulayır ki, ABŞ-ın Avrasiya siyasətində əsas məqsədlərdən biri Avropa, Qara dəniz və Yaxın Şərq arasında strateji balansı qorumaqdır. Onun fikrincə, bu coğrafiyada Türkiyə kimi dövlətlər yalnız regional aktor deyil, qlobal güc balansına təsir edən ölkələrdir. Friedman hesab edir ki, Türkiyənin coğrafi mövqeyi ona beynəlxalq siyasətdə iqtisadi göstəricilərindən daha böyük təsir imkanı verir.
Bu yanaşma son illərdə ABŞ-ın aparıcı analitik mərkəzlərində də geniş müzakirə olunur. “Council on Foreign Relations”-ın baş tədqiqatçılarından Steven A. Cook qeyd edir ki, ABŞ ilə Türkiyə arasında müxtəlif fikir ayrılıqları olsa da, Vaşinqton üçün Ankara ilə münasibətlərin qorunması strateji zərurətdir. Onun fikrincə, Qara dəniz təhlükəsizliyi, Yaxın Şərqdə sabitlik və NATO-nun gələcəyi Türkiyənin iştirakı olmadan effektiv şəkildə təmin edilə bilməz.
Eyni mövqeni Brookings Institution-un eksperti Amanda Sloat da bölüşür. O vurğulayır ki, ABŞ və Türkiyə arasında münasibətlər bəzən gərgin mərhələyə daxil olsa da, tərəflər təhlükəsizlik, enerji və regional sabitlik sahələrində əməkdaşlığı davam etdirmək məcburiyyətindədir. Bu qiymətləndirmələr göstərir ki, Vaşinqton-Ankara münasibətlərinə yalnız gündəlik siyasi böhranlar prizmasından baxmaq düzgün olmaz. Burada söhbət uzunmüddətli strateji maraqlardan gedir. Həm də Ankara Sammitinin yaratdığı yeni siyasi mühit yalnız ABŞ-Türkiyə münasibətləri ilə məhdudlaşmır, Avropa İttifaqı da təhlükəsizlik siyasətinə fərqli yanaşmağa başlayır. Xüsusilə Almaniya, Polşa və Baltikyanı ölkələr son illər müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb. Almaniyanın “Zeitenwende” (“dönüş nöqtəsi”) adlandırdığı təhlükəsizlik siyasəti bu dəyişikliklərin simvoluna çevrilib. Kansler Olaf Şolts 2022-ci ildə Bundestaqda çıxışı zamanı bildirmişdi ki, Avropa artıq yeni təhlükəsizlik reallığında yaşayır və buna uyğun qərarlar qəbul etməlidir. Bu qərarlar təsadüfi deyil. Avropa uzun illər iqtisadi inteqrasiyanı təhlükəsizlik zəmanəti kimi qəbul edirdi. Lakin Ukrayna müharibəsi göstərdi ki, iqtisadi əlaqələr siyasi qarşıdurmaların qarşısını həmişə ala bilmir. Bu səbəbdən Avropa İttifaqı artıq təhlükəsizlik və iqtisadi siyasəti paralel şəkildə planlaşdırmağa başlayıb. Müdafiə sənayesinə investisiyalar, enerji mənbələrinin şaxələndirilməsi, kritik xammal ehtiyatlarının artırılması və nəqliyyat dəhlizlərinin təhlükəsizliyi vahid strateji yanaşmanın elementlərinə çevrilib.
Məhz burada Azərbaycanın geosiyasi əhəmiyyəti daha aydın görünür. Azərbaycan uzun müddət əsasən enerji ixracatçısı kimi qiymətləndirilirdi. Lakin son illər ölkənin strateji rolu daha geniş məna kəsb etməyə başlayıb. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen hələ 2022-ci ildə Bakıya səfəri zamanı Azərbaycanı Avropa üçün “etibarlı, etimada layiq tərəfdaş” adlandırmış, Cənub Qaz Dəhlizinin genişləndirilməsinin Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirmişdi. Bu bəyanat təkcə enerji əməkdaşlığına yox, Azərbaycanın Avropa təhlükəsizlik arxitekturasında artan roluna verilən siyasi qiymət kimi də qəbul olundu. Bununla yanaşı, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) son üç ildə Avropa İttifaqının gündəliyində xüsusi yer tutmağa başlayıb. Çin ilə Avropa arasında alternativ logistika marşrutlarının inkişafı fonunda Azərbaycan təkcə enerji tranzit ölkəsi yox, həm də Avrasiyanın əsas nəqliyyat qovşaqlarından biri kimi çıxış edir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı da müxtəlif hesabatlarında Orta Dəhlizin yükdaşımalarının artırılması üçün infrastruktur investisiyalarının vacibliyini qeyd edib.
Bir iyul 2026-cı ildə də Ursula von der Leyen yenidən Bakıya səfər etdi. Lakin bu səfərin məqsədi 2022-ci ildə olduğu kimi yalnız enerji əməkdaşlığı deyildi. 2026-cı il səfəri daha geniş geosiyasi məzmun daşıyır, üç əsas istiqaməti əhatə edirdi:
1. Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək;
2. Avropa ilə Cənubi Qafqaz arasında nəqliyyat, enerji və rəqəmsal bağlantının inkişafı;
3. Azərbaycan-Aİ strateji tərəfdaşlığının yeni mərhələyə keçirilməsi.
Bakıda Prezident İlham Əliyevlə görüşdən sonra Ursula fon der Lyayen çıxışına bu sözlərlə başladı: “Yenidən Bakıda olmaqdan məmnunam”. Sonra isə səfərinin əsas məqsədini açıq şəkildə ifadə etdi: “Bu gün mən Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edən tərəfdaşlığı daha da dərinləşdirmək üçün buradayam”. Bu cümlə təsadüfi deyildi. Çünki 2022-ci ildə əsas diqqət enerji təhlükəsizliyinə yönəlmişdisə, 2026-cı ildə Avropa Komissiyası Azərbaycanı artıq yalnız qaz tədarükçüsü kimi deyil, daha geniş regional tərəfdaş kimi təqdim edirdi. Səfərin əsas səbəbi nə idi? Von der Leyen çıxışında ilk növbədə regionda sülh prosesinə toxundu və dedi: “Bu regionda son onilliklərin ən mühüm hadisəsi sülhdür”. O vurğuladı ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülhün yalnız siyasi sənəd olaraq qalmasını deyil, iqtisadi əməkdaşlıq və regional inteqrasiya vasitəsilə möhkəmlənməsini istəyir. Bu məqsədlə Avropa Komissiyası “Peace through Connectivity Package” (“Bağlantı vasitəsilə sülh paketi”) adlı yeni təşəbbüsü elan etdi. Paket çərçivəsində: 200 milyon avro həcmində qrant ayrılması planlaşdırıldı; bu vəsait hesabına 2 milyard avroya qədər dövlət və özəl investisiyanın cəlb olunması hədəfləndi; əsas diqqət nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişafına yönəldildi; əlavə olaraq 20 milyon avro yerli icmalar, minatəmizləmə, səhiyyə, bacarıqların inkişafı və kiçik biznes layihələrinə ayrıldı. Enerji ilə bağlı mesajlar da verildi. Von der Leyen Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu bir daha vurğulayıb xatırlatdı ki, Rusiya enerji resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə etdiyi dövrdə Azərbaycan Avropa üçün etibarlı enerji mənbəyi rolunu oynayıb. O, Cənub Qaz Dəhlizini Avropa enerji təhlükəsizliyinin uğurlu layihələrindən biri kimi qiymətləndirdi və bu əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğuladı. 2026-cı ildə əməkdaşlıq enerji ilə məhdudlaşdırılmadı. 2026-cı il səfərinin ən mühüm yeniliklərindən biri Orta Dəhliz idi. Avropa Komissiyası açıq şəkildə bildirdi ki, Avropa üçün etibarlı ticarət, enerji və rəqəmsal əlaqələrin inkişafında Cənubi Qafqaz və Azərbaycan əsas rol oynayır. Bu siyasət xüsusilə son regional gərginliklər və qlobal logistika marşrutlarında yaranan risklər fonunda daha böyük əhəmiyyət qazanıb.
Proses Türkiyə ilə Azərbaycanın strateji əməkdaşlığını daha da əhəmiyyətli edir. Əgər Türkiyə NATO-nun təhlükəsizlik sistemində cənub-şərq cinahının əsas dayağıdırsa, Azərbaycan Xəzər hövzəsi ilə Avropa arasında enerji və logistika əlaqələrinin əsas həlqələrindən biridir. Bu iki xətt birləşdikdə Qara dənizdən Mərkəzi Asiyaya qədər uzanan yeni geoiqtisadi məkan formalaşır. Ankara Sammitinin ən mühüm geosiyasi nəticələrindən biri də məhz budur: təhlükəsizlik anlayışı artıq hərbi alyansların sərhədlərini aşır. Enerji kəmərləri, dəmir yolları, dəniz limanları, rəqəmsal rabitə xətləri və kritik infrastruktur beynəlxalq təhlükəsizlik sisteminin ayrılmaz elementinə çevrilir. Bu səbəbdən ABŞ, Türkiyə və Avropa arasında formalaşan yeni əməkdaşlıq modeli yalnız müdafiə sahəsini yox, enerji, logistika, sənaye və texnologiyanı da əhatə edir.
Azərbaycanın qarşısında duran əsas vəzifə isə bu dəyişən geosiyasi mühitdə öz üstünlüklərini uzunmüddətli strateji üstünlüyə çevirməkdir. Bunun üçün enerji ixracı ilə yanaşı, nəqliyyat infrastrukturu, rəqəmsal dəhlizlər, yaşıl enerji layihələri və regional iqtisadi inteqrasiya istiqamətində ardıcıl siyasətin davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Gələcəyin geosiyasi üstünlüyünü hərbi güclə yanaşı enerji təhlükəsizliyi, texnoloji potensial, etibarlı logistika və dayanıqlı tərəfdaşlıq müəyyən edəcək. ABŞ, Türkiyə, Avropa və Azərbaycan arasındakı münasibətlərin gələcək inkişafı da məhz bu çoxşaxəli təhlükəsizlik modelinin necə formalaşacağından asılı olacaq.
Ankara Sammiti dünya siyasətini dəyişəcəkmi?
Ankara NATO Sammiti başa çatdı, yekun bəyannamə qəbul olundu, müdafiə xərcləri ilə bağlı yeni öhdəliklər təsdiqləndi, növbəti illərin təhlükəsizlik prioritetləri müəyyənləşdirildi. Lakin beynəlxalq münasibətlər tarixini öyrənənlər yaxşı bilirlər ki, böyük sammitlərin əsl nəticəsi onların keçirildiyi günlərdə yox, illər sonra qiymətləndirilir. Çünki sammitlər müharibələri dərhal dayandırmır, yeni ittifaqlar yaratmır və ya geosiyasi rəqabəti bir anda aradan qaldırmır. Onlar dövlətlərin hansı istiqamətdə hərəkət edəcəyini göstərən siyasi kompas rolunu oynayır.
Ankara Sammiti də belə sammitlərdən biridir. Bu toplantının ən mühüm nəticəsi NATO-nun daha çox silah alması və ya üzv dövlətlərin müdafiə büdcələrini artırması deyil; əsas nəticə ondan ibarətdir ki, Qərb dünyası uzunmüddətli geosiyasi rəqabət dövrünün başlandığını rəsmən qəbul etdi. Bu qəbul yalnız siyasi bəyanatlarda yox, müdafiə sənayesinə ayrılan milyardlarla avroluq investisiyalarda, istehsal güclərinin artırılmasında, yeni hərbi texnologiyaların hazırlanmasında və təhlükəsizlik strategiyalarının yenilənməsində də özünü göstərir.
Bu isə o deməkdir ki, yaxın onilliklərdə beynəlxalq münasibətlərdə əsas anlayış “böhranların aradan qaldırılması” deyil, “böhranların idarə olunması” olacaq. Bu reallıq yalnız NATO üçün yox, onun rəqibləri üçün də keçərlidir. Rusiya hərbi-sənaye potensialını genişləndirir, Çin yüksək texnologiyalar və dəniz qüvvələri sahəsində investisiyalarını artırır, Hindistan regional və qlobal güc kimi mövqeyini möhkəmləndirməyə çalışır. Başqa sözlə, XXI əsrin beynəlxalq sistemi tədricən yeni güc balansı üzərində qurulur. Bu balansın əsas xüsusiyyəti isə odur ki, artıq heç bir dövlət təkbaşına qlobal təhlükəsizlik arxitekturasını formalaşdıra bilmir.
Türkiyənin NATO daxilində artan rolu Azərbaycan üçün də əlavə strateji üstünlük yaradır. Şuşa Bəyannaməsi ilə hüquqi əsasları möhkəmləndirilmiş müttəfiqlik münasibətləri təkcə iki dövlət arasında əməkdaşlıq modeli deyil, həm də Cənubi Qafqazda yeni təhlükəsizlik və iqtisadi inteqrasiya arxitekturasının əsas sütunlarından biridir. Bu tərəfdaşlıq enerji, nəqliyyat, müdafiə sənayesi, rəqəmsal infrastruktur və regional kommunikasiya layihələri ilə daha da dərinləşdikcə Azərbaycanın beynəlxalq əhəmiyyəti də artacaq.
Tarix göstərir ki, silahlanma sülhün zəmanəti deyil, çəkindirmə vasitəsidir. Güclü ordular müharibənin qarşısını ala bilər, lakin davamlı sülh yalnız diplomatiya, qarşılıqlı etimad və beynəlxalq hüququn effektiv işlədiyi şəraitdə mümkündür. Bu gün dünyanın üzləşdiyi əsas problem silah çatışmazlığı deyil, etimad çatışmazlığıdır. Dövlətlər daha çox silah istehsal edə bilir, lakin daha çox etimad yarada bilmir. Beynəlxalq münasibətlərin gələcəyi də məhz bu ziddiyyətin necə həll olunacağından asılı olacaq.
Ankara Sammiti bir daha göstərdi ki, dünya yeni geosiyasi dövrə qədəm qoyub. Bu dövrün əsas xüsusiyyəti ideoloji qarşıdurmadan çox strateji rəqabət, hərbi üstünlükdən çox texnoloji üstünlük, regional münaqişələrdən çox qlobal qarşılıqlı asılılıq olacaq. Yeni dünya nizamı artıq formalaşır, bu prosesdə yalnız böyük hərbi büdcəyə malik olan ölkələr yox, güclü iqtisadiyyatı, innovasiya potensialı, dayanıqlı dövlət institutları, çevik diplomatiyası və etibarlı tərəfdaşlıq şəbəkəsi olan dövlətlər uğur qazanacaq. XXI əsrin təhlükəsizlik sistemi qurulmaqdadır, bu sistemdə passiv müşahidəçi ölkələr yox, dəyişən reallığa vaxtında uyğunlaşan, strateji düşünən və uzunmüddətli plan quran dövlətlər qalib gələcək. Bütün bunlar həm Qərb, həm Şərq, həm də Cənubi Qafqaz üçün yeni geosiyasi mərhələnin başlanğıcıdır.
Kəramət QƏNBƏROV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının müəllimi,
beynəlxalq hüquq üzrə ekspert
Xəbər lenti
Hamısına baxSiyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20

