Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / 2016-cı ilin 9 ayı Azərbaycan regionlarının həyatında müsbət irəliləyişlərlə zəngin olub

2016-cı ilin 9 ayı Azərbaycan regionlarının həyatında müsbət irəliləyişlərlə zəngin olub

25.10.2016 [09:47]

Hesabat dövründə regionlarda iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və göstərilən xidmətlərin ümumi həcmi artıb
Regionların sosial iqtisadi inkişafı üzrə Dövlət proqramlarının uğurla icrası nəticəsində Azərbaycanın hər bir rayonunda böyük nailiyyətlər qazanılmaqdadır. İstər əhalinin sosial vəziyyətinin, güzəranının yaxşılaşdırılması istiqamətində görülən işlər, istərsə də infrastrukturun yenilənməsi, müasir xidmət sahələrinin, təhsil, səhiyyə obyektlərinin tikintisi, yeni yolların çəkilməsi regionların görkəmini əsaslı şəkildə dəyişdirib, müasirləşdirib. Bunu cari ilin ötən 9 ayında görülmüş işlər və əldə olunmuş nəticələr də bir daha təsdiq edir. Rayonlarda hesabat dövrü ilə bağlı keçirilən iclaslarda səslənən fikirlərdən də aydın olur ki, 2016-cı ilin 9 ayı şəhər və rayonlarımızın həyatında müsbət irəliləyişlərlə zəngin olub. Respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2016-cı ilin doqquz ayında bir çox işlər görülüb və uğurlu nailiyyətlər əldə olunub. Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müxtəlif sahələr üzrə xeyli artıb. Rayon ərazisində bir çox təmir-tikinti, abadlıq, quruculuq işləri davam etdirilib. Quşçu həkim məntəqəsində, Zinzahal kənd klubunda və Əhmədli kənd mədəniyyət evində təmir işləri aparılıb. N.Nərimanov adına 3 saylı tam orta məktəbin dam örtüyü, Daşkəsən qəsəbə tam orta məktəbin döşəməsi yenisi ilə əvəz olunub. Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binası təmir edilib. Yeni yaradılmış Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasında son tamamlama işləri görülür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə kəndində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanılıb və hazırda həmin obyektlərdə tikinti işləri davam etdirilir. Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılıb, tezliklə həmin binanın tikintisinə başlanılacaq. Son vaxtlar rayon İcra Hakimiyyəti tərəfindən aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə də Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir-bərpa işlərinin həyata keçirilməsi, sosial layihələrin icrası nəzərdə tutulur. Daşkəsən rayonu 2016-cı ildə özünün inkişaf dövrünü yaşayır. Bu inkişaf kənd təsərrüfatı sahəsini də əhatə edir. Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları, 1 damazlıq arıçılıq və 1 damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir. Gələcəkdə toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər aparılır. 2016-cı ilin məhsulu üçün 641 ha sahədə taxıl səpilib.
Qədim Gəncə şəhəri də son dövrlər öz inkişafının parlaq mərhələsini yaşamaqdadır. Həyata keçirilən tədbirlər nəticəsində bu gün Gəncə şəhəri regionun ən inkişaf etmiş və müasir şəhərlərindən birinə çevrilib. Bu ilin ötən 9 ayı ərzində də şəhərdə bir çox nailiyyətlər əldə edilib. Belə ki, cari ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində müqayisəli qiymətlərlə 498,4 milyon manatlıq ümumi məhsul buraxılıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur. Şəhərdə adambaşına düşən ümumi məhsulun həcmi 2015-ci ilin doqquz ayına nisbətən 20,9 faiz artaraq, 1514 manata çatıb. Ümumi məhsul buraxılışının 71,3 faizi qeyri-dövlət bölməsinin payına düşüb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artım deməkdir. Ümumi məhsulun 41,5 faizi sənaye, 0,4 faizi kənd təsərrüfatı, 10,7 faizi tikinti, 7,9 faizi nəqliyyat, 0,8 faizi informasiya və rabitə, 38,7 faizi ticarət və xidmət sahələri üzrə istehsal olunub. Hesabat dövründə sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən 247 milyon 985 min manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,7 faiz çoxdur. Ümumi sənaye məhsulunun 93,7 faizini emal sənayesi təşkil edib. İstehsalın və göstərilən xidmətlərin 58,5 faizi bilavasitə qeyri-dövlət sahibkarlıq subyektləri və ev təsərrüfatları tərəfindən həyata keçirilib. İstehsal olunan məhsulun 44,4 faizi Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrə ixrac edilib. Doqquz ayda əsas kapitala 202 milyon 184 min manatlıq investisiya qoyulub. Bu sərmayənin 93 faizi və ya 187 milyon 154 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Şəhər əhalisinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq, 945 milyon 234 min manata çatıb.
Astara rayonunda isə aqrar sektora dövlət dəstəyinin artırılması nəticəsində rayonda ənənəvi sahələr olan çəltikçilik, sitrusçuluq, çayçılıq və heyvandarlığın inkişafına maraq çoxalıb. Bu il əkin sahələri artırılaraq 7225 hektara çatdırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 568 hektar çoxdur. Hesabat dövründə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq əhalinin su təchizatını yaxşılaşdırmaq məqsədilə “Xanbulançay” su anbarından Astara şəhərinə çəkilən içməli su xətti layihəsi çərçivəsində 5000 kubmetrlik 2 su anbarının tikintisi başa çatdırılıb. Doqquz ayda rayonun yaşayış məntəqələrində 441 evin qazlaşdırılması həyata keçirilib. Astara şəhər 2 nömrəli tam orta məktəb binasının əsaslı təmiri, Sım kənd tam orta məktəb üçün yeni binanın tikintisi başa çatdırılıb, rayon Kənd Təsərrüfatı İdarəsi üçün inzibati binanın tikintisi yekunlaşıb. Ələt-Astara-İran sərhədi avtomobil yolunun Astara rayonu ərazisindən keçən hissəsində tikinti işləri davam edir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Astara rayonunun ərazisindən keçən 8,3 kilometrlik dəmir yolu xəttində torpaq-bünövrə işləri yekunlaşıb, hazırda dəmir-beton konstruksiyaların quraşdırılması işləri görülür. Hesabat dövründə Astara şəhərinin Xəzər dənizi sahili boyu bulvar və çimərlik ərazisində tikinti-abadlıq işləri davam etdirilib. Rayona gələn turistlərin və qonaqların mənalı istirahətini təşkil etmək məqsədilə üçmərtəbəli hotel və 12 ikimərtəbəli kottec tikilir. Bulvar ərazisində “ləm” tipli (dörd tərəfi açıq olan sütunlar üstündə ikimərtəbəli yay istirahət yeri) kafe-çay evinin inşası davam etdirilir. Ötən müddətdə rayonda 4 şəhid ailəsi üçün ev tikilib və istifadəyə verilib.
Qeyd olunan inkişaf tendensiyaları Göygöl rayonu üçün də xarakterikdir. Belə ki, Göygöl rayonunda 2016-cı ilin doqquz ayında iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi 104 milyon 403,3 min manat təşkil edib. Bunun da 58,8 faizi istehsal, 41,2 faizi isə xidmət sahələrinin payına düşüb. Hesabat dövründə rayonda 1043-ü daimi olmaqla, 1172 yeni iş yeri açılıb. Bu ilin doqquz ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 232,5 min manat çox olmaqla, 44 milyon 362,5 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bunun da 99,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. Heyvandarlıq inkişaf edərək iribuynuzlu mal-qaranın sayı 20 min 652 başa, xırdabuynuzlu mal-qaranın sayı isə 167 min 613 başa çatıb. Keçən ilin eyni dövrü ilə müqayisədə süd istehsalı 55,4 ton, ət istehsalı 8,9 ton, yun istehsalı 1,4 ton, yumurta istehsalı 8 min 300 ədəd artıb. Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 192 subartezian quyusu, qapalı boru şəbəkəsinin 2 kilometr hissəsində, beton kanalların isə 7 kilometr hissəsində təmir işləri aparılıb. Çaylı kəndində əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə 4 kilometr məsafədən yeni boru xəttinin çəkilişinə başlanılıb. Rayonda fəaliyyət göstərən 22 sənaye müəssisəsi tərəfindən ümumilikdə 14 milyon 984 min manat dəyərində sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi yüksələrək 53,3 faizə çatıb. Sahibkarlığın inkişafına yaradılan münbit şərait nəticəsində rayonda hüquqi şəxslərin sayı 532 nəfər olub. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 27 sahibkara 244,5 min manat dəyərində güzəştli kredit verilib. Hesabat dövründə əsas kapitala 2 milyon 136,2 min manat investisiya qoyulub ki, bunun da 2 milyon 30,9 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib.
2016-cı ilin doqquz ayı ərzində Zaqatala rayonunda isə bütün maliyyə mənbələri hesabına 7 milyon 390 min manatlıq tikinti, təmir və abadlıq işləri görülüb. Ötən müddətdə rayonda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Məhəllədə hər biri 45 mənzildən ibarət 3 yaşayış binası, 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, həmçinin klub binası, tibb məntəqəsi, ATS və digər qurğular tikilib.
Bundan əlavə, ötən dövrdə rayon məhkəməsinin yeni inzibati binasının tikintisi davam etdirilib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə rayon ərazisində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 13 fərdi ev tikilərək istifadəyə verilib. Zaqatala şəhərindəki çoxmənzilli yaşayış binalarının fasad hissələrində və dam örtüklərində əsaslı təmir işləri aparılıb, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 901 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31